ORIYENTIR ULDUZU Zaur USTAC

Y - копия - копия (12) - копия - копия

 

birinci fəsil

 

17.06.2010-cu il saat 21:00  “TG”  istiqamətində təmas xətti

 

 

-Seyid,  indi ANS-in xəbəri başlayacaq, televizoru açaq? -əsgərlərdən biri soruşdu.

-Aç. Aç, görək nə deyirlər…

Elə bil, televizor da hazır dayanmışdı, qoşulan kimi 21 xəbərinin başlandığını bildirən çarx getməyə başladı.

-Bax, o, çiynində kamera olan oğlan var ha, onu tanıyıram, adı Azərdi… Köhnə məhəllədə qonşu idik! — əsgərlərdən biri dilləndi.

-Ayə sən də elə hər xəbər başlayanda onu deyirsən…- yerdən  söz atdılar.

— Neyniyim e…

— Sakit durun, görək nə deyirlər! — axır ki, Seyid dilləndi.

Bilindaja ani bir sükut çökdü. Düzü, bura bilindaj deməyə adamın dili də gəlmir. Sizdə təxmini təsəvvür yaratmaq üçün deyə bilərəm ki, adi tələbə yataqxanasındakı otağın şəraitindən qat-qat yaxşı şəraiti var; həftədə bir dəfə dəyişdirilən yataq ağları, əl, ayaq dəsmalları, bayırda ayrıca hamamı, fasiləsiz elektirik enerjisi. Qəza halları üçün nəzərdə

 

 

tutulan, əsgərlərin öz aralarında “divijok” adlandırdığı, benzinlə  işləyən elektirik generatoru və s. Bütün bunlardan əlavə, kütləvi qırqın silahlarının tətbiqinin nəticələri də nəzərə alınmaqla müdafiə məqsədi ilə möhkəmləndirilmiş bir otaqdan söhbət gedir. Yəni bilindaj dediyimiz otaq, döyüş üçün əsil topdağıtmaz qala olmaqla bərabər, istirahət üçün də üç ulduz bir otel nömrəsindən geri qalmır.

-“Ağdamın Yusifcanlı, Tərtərin Qızıloba kəndləri istiqamətində ermənilər atəşkəsi pozmuşlar. Düşmən cavab atəşi ilə susdurulmuşdu…”- aparıcının səsi eşidildi.

— Pozmadıqları gün olur ki???- Seyid ayağa durdu.

Zərblə əlini stolun üstünə elə vurdu ki, nə yaxşı dəftər-kitabdan başqa heç nə yox idi… Az qala bütün bilindaj silkələndi.

-Pozublar, pozublar… Qurban olum, ay ALLAH, sən özün mənə səbr ver… — deyə-deyə Seyid bayıra çıxdı, tranşeylə lap ön müşahidə nöqtəsinə gəldi. Üzü dağlara tərəf baxdı, baxdı, baxdıqca göz dağına çevrilmiş bu dağlar ağırlığında suallar sıxmağa başladı onu. Görəsən, “HÜCUM” əmrini çoxmu gözləyəcəyik???  Qurban olum , ay ALLAH, Ali Baş  Komandan bircə, bu “HÜCUM” ƏMRİNİ VERSƏYDİ!!!  Bəs, bu torpaqları kim azad edəcək? Bəs, bu dağlardakı səngərlədə neçə illərdir torpağa tapşırılacağı günü gözləyən igid-ər şəhidlərimizin sümüklərini nə vaxt yığıb mənzilinə çatdıracağıq??? Düşünə- düşünə dərə boyu daglara baxdı. İndi onun baxışları dağlara zillənsə də, dağların arxasında da nə olduğunu gün kimi aydın görürdü… Halbuki, o, heç Çaylıda da olmamışdı, amma postdakı bütün əsgərlər kimi o, da bilirdi ki, dərədə, daşı daş üstə qalmayan, bu, kənd Çaylıdı. Adından da göründüyü kimi vaxtında çox səfalı, axarlı-baxarlı kənd olub. Dərə boyunca dağlara — Talışa tətəf — qalxanda, Gülüstan, birinci görünən dağı aşdıqdan sonra Madagiz, sonra hər yerdə gölqırağı, çayqırağı üzü Günbatana sağ tayla, dağ cığırı ilə gedib çıxırsan yol ayrıcına, ayrıc dərədədi, köhnə ferma binası da var dərədə. Fermanın yanında dağ yolu ilə təxminən iki saat dolama yollarla sağ tərəfə qalxsan, Dəstəgüldü. Dəstəgüldə qışda qar dizdən olsa da dərədəki bulağın başında artıq Fevral ayının ortalarında qarın, buzun içində bənövşələr açır. O, bənövşələrin qurusu indidi də postdakı köhnə dəftər- kitabların arasında durur, təzələrini dərməyincə uşaqlar atmaq istəmirlər. Necə olsa da bu quru bənövşələr də VƏTƏN   TORPAĞININ bir nemətidir axı, bundan əlavə hər quru bənövşənin öz tarixçəşi var, hər  quru bənövşə bir əsgər yadigarıdır… Dəstəgüldən sonra üzü Günbatana aşırımlar aşsan Keçəldağ, sonra Murova qədər gedib çıxarsan… Fermanın yanından  dolamalarla sol tərəfə qalxsan, Tonaşen -1, Tonaşen-2, Tonaşen-3… Əgər ermənilər dağıtmayıbsa, yolqırağı kilsə də olmalıdı- kəşfiyatçılarımız yolüstü həmişə orda dayanıb dincələr, siqatet çəkmək istəyənlər siqaret çəkərmiş ya da oranı görüş yeri təyin edib döyüş tapşırığın yerinə yetirdikdən sonra orda görüşüb, birlikdə qayıdarlarmış…

İndi, Seyid Çaylıya baxır, baxır  baxdıqca da nəzərləri ölü bir nöqtədə ilişib qalır, fikir-xəyalında isə İrəvana dogru yol başlayırdı bu Çaylıdan, gözünü çəkə bilmirdi bu Çaylıdan, göz dağına çevrilmişdi bu ÇAYLI… Düşünürdü; lap qoy olsun bu kəndə bir tabor, taborun dayaq məntəqəsi. Qoy olsun bu şərəfsizlərin adam tapıb doldura bilmədikləri ala-yarımçıq ştatla 100-120 nəfər. Aləm bir-birinə qarışsa, qoy bu şərəfsizlərə 20-30 şərəfsiz də köməyə gəlsin. O da gəlib çata bilsə… Ayə Vallahi heç nə yoxdu, bu 150-160 kölgəsindən qorxan dığa nədiki, bir əmr ola lap İravana qədər gedərəm…

Seyid fikirləşə-fikirləşə özünə o qədər arxayın olurdu ki, xəyalında canlandırdığı Çaylıdakı tabor indi onun gözündə uşaq vaxtı hardasa qarşılaşdığı ən zəif, ən çəlimsiz uşaqdan da zəif görsənirdi. Bir sözlə Seyidin gözü bu taboru çoxdan yemişdi…

  • Seyid yenə nə fikirləşirsən?– bu səs Seyidi sanki

yuxudan oyatdı.

— Nə bilim e Vallah,bir şeyi başa düşə bilmirəm ki,

bu şərəfsizlərin oyunbazlıqlarına nə qədər dözəcəyik? “Qrajdaniski”-də dözmək olmur, deyirsən gedim orduya. Orduda  dözmək olmur, deyirsən gedim ön cəbhəyə. Burda heç durmaq olmur- şərəfsizlər hər gün gözünün qabağında min hoqqadan çıxırlar… Lap dəli oluram. Ya  Allah sən özün mənə səbr ver…

Seyid blindaja  keçdi,  yerində oturub bir çay içdi.

Elə bil, nəsə ürəyinə dammışdı, ancaq  yenə sabah bu vaxt nələr olacağından əsla xəbəri yox idi… Ola bilsin bəlkə də seyid fəhmı ilə nəsə duymuşdu…

Xüsusən, son vaxtlar  onda belə bir fikir yaranmışdı ki, Uca Tanrı istədiyi bəndəsinə lazımi məqamda, haqq işi üçün elə bir güc verər ki, böyük bir ordu da bu gücün qarşısında aciz qalar. Necə ki, uzaq keçmişimizdə Həzrəti Əli Allahin iradəsiylə düşmən ordusu ilə dəfələrlə təkbaşına döyüşə girmiş, həmişə də onun köməkliyi ilə qalib olmuşdu. Seyidin diqqətini çəkən yaxın keçmişimizdə, Çanaqqala döyüşlərinin əfsanəvi qəhrəmanlarından biri olan topçu əri Mehmet oğlu Seyit Çavuşun başına gələnlər idi — həmin qanlı döyüşdə Seyit Çavuşun atdığı bir mərmi döyüşün taleyini həll edən amillərdən biri olmuşdu, ancaq burada Seyidin diqqətini çəkən Seyit Çavuşun mərmini necə atması idi. Deməli, növbəti düşmən mərmisi partlayandan sonra Seyit Çavuş görür ki, top, Əli adlı başqa bir əsgər yoldaşı ilə onun ümidinə qalıb. Düşmən gəmiləri də sahilə yaxınlaşır, yəni əsgər şərəfinin, vətən torpağının bundan ağır və çıxılmaz vəziyyəti ola bilməz. Əsgər yoldaşı Əli ilə bu müşkülü dartışırkən, Seyit Çavuş özündə elə bir güc hiss edir ki, təxminən 300 kg-a yaxın mərmini təkbaşına bir neçə dəfə topa qoyub, atəş edir axır ki, düşmənin ən ünlü gəmilərindən birin vurur… Ağır, sürüşkən mərmiləri götürmək, bir neçə pilləkən qaldırıb, topun lüləsinə yeritməkdən əlavə  burda iki maraqlı məqam Seyidi düşündürürdü; birincisi, nə Seyit Çavuş, nə də yoldaşı Əli tuşlayıcı, nişançı deyildi, sadəcə heyət nəfəri idi, ikincisi isə, bu hadisə məşhur olandan sonra komandiri fotoqrafçı gətirdir istəyir ki, mərmini qaldıran vəziyyətdə Seyit Çavuşun şəklini çəkdirsin, ancaq Seyit mərmini qaldıra bilmir ki, bilmir… Düşünə-düşünə Seyid özü üçün yəqinləşdirdi ki, Cənabi- Haqq istədiyi məqamda istədiyi adama elə bir güc verər ki, uca dağlar belə insanın qarşısında duruş gətirə bilməz. Necə ki, Fərhad Şirin eşqi ilə Bisütunu yerlə bir etmişdi…

— Allahım, mənə də belə bir güc ver!!! Əllərini Haqqın dərgahına uzatdı Seyid. Nə fikirləşdisə, qələm-dəftər götürüb, yazmağa başladı:

-“Canım, atam və anam, məndən sarı darıxmayın.

İnşallah cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin.Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam- ağlamayın, əksinə sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin.”

 

Ya Allah, sən özün mənə səbr ver. Sən özün kömək ol deyib, dəftəri örtdü. Artıq, gecədən xeyli keçmişdi. Seyid qalxıb, bilindajdan çıxdı. Yenə lap ön müşahidə nöqtəsinə getdi. Postdakı əsgərlə bir az söhbət etdi.  Ayıq ol! — tapşırdı. Atışma olsa nə edəcəyi barədə bir də soruşdu. Qayıdıb, bilindaja gəldi, öz yerinə uzandı. Baxışları qeyri-iradi tavandakı xırda bir nöqtəyə zillənmişdi. Tavana baxsa da dərə boyunca, dağların arxasında uzanan yollarla İrəvana qədər gün kimi aydın görürdü….

 

ardı burada;

https://zaurustacinkitablari.wordpress.com/oriyentir-ulduzu/

 

 

 

 

 

 

 

 

 

 

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma