QABİL NƏBİYEV (DƏRDLİ) Dünənin geri dönərmi?

1496275_951793764905865_6418892537802561016_o

QABİL NƏBİYEV (DƏRDLİ)

 

 

Dünənin geri dönərmi?

Fürsəti buraxdın, uçub gedəcək,
Sanma qismət daim üzə güləcək.
Ən uzaq gələcək gələ biləcək,
Bəs dünənin necə, donüb gələrmi?

 

Elmi olmayanlar deyillər zəngin,
Tənəsin götürər zəyif nəhəngin.
Ha güldür, sevindir olanı qəmgin,
İçi qan ağlayan gülə bilərmi?

 

Yar oduna çox Kərəmlər yanacaq,
Sevən gozlər acı yaşla dolacaq.
Şeirlərim sənsiz ağlar qalacaq,
Sən olmasan Dərdli Qabil gülərmi?

13.10.2015

 

 

ATANIN KİÇİK OĞLUNA CAVABI

 

Ona parça demə, bayraqdır o, bil,
Ona şəhid qanı axdı, ey oğul.
Keçsə uzun illər, dəyişsə nəsil,
Ondan da ötəsi yoxdu, ey oğul.

 

O, hədiyyə deyil, pay deyil, oğul.
Adi ulduz deyil, ay deyil, oğul
Bayraq adilərə tay deyil, oğul
Ondan da ötəsi yoxdu, ey oğul

 

Min bayraq içindən seçməyə dəyər,
O müqəddəsdir , and içməyə dəyər.
Onunçün canından keçməyə dəyər,
Ondan da ötəsi yoxdu, ey oğul.

 

Bil, oğul, o bizim vüqarımızdır,
Vətənlə bağlanmış ilqarımızdır.
Babalardan qalan bayrağımızdır,
Ondan da ötəsi yoxdu, ey oğul.

 

Sən də bayrağını daim uca tut,
Onu, etiramla hər yerdə tanıt.
Bayrağı unutma, özünü unut,
Ondan da ötəsi yoxdu, ey oğul!

09.02.2016

 

 

GETDİ, GƏLMƏDİ.

 

İlk gündən ağlımı əlimdən aldı
Heyranı olduğum getdi, gəlmədi.
Bir baxmaqla məni odlara saldı,
Qurbanı olduğum getdi, gəlmədi.

 

Yaz ola, çiçəklər, gülllər solmaya,
Olarmı, yar yarı yada salmaya?
Görməyə fürsətim ola, olmaya,
O, yola saldığım getdi, gəlmədi.

 

O bağ nəyə gərək çiçəksiz, barsız,
Zirvəni neylərəm dumansız, qarsız.
Bir quru daş olar ürək damarsız,
Min fərəh aldığım getdi, gəlmədi.

 

Bir sözümdən inciyərdi, küsərdi,
Min işvə verərdi, min naz verərdi.
Canımı ağrıdan bu ağır dərdin
Dərmanı sandığım getdi, gəlmədi.

 

Dərdlinin yox olub kefi, nəşəsi,
Ürəyi ağradır hicranın səsi.
O, yanar şəm idi, mən pərvanəsi,
Oduna yandığım getdi, gəlmədi.

24-28.10.2015

 

 

12118736_888470594571516_6848379348094678961_n

QOLUMUN SƏN TUTAN YERİ

 

Gülüm, söylə neyçün mənə,
Rəva gördün ayrılığı.
Necə qıydın sevdiyinə,
Sənsizliyi, tənhalığı?

 

Sənsiz zaman da keçməyir,
Darıxır bu cığırlar da.
Küsüb, bahar da gəlməyir,
Sular donub çuxurlarda.

 

Diqqətsiz olmuşam mən də,
Baxmıram ki, ilişərsən.
Qorxmuram ki, qarda, buzda,
Büdrəyərsən, sürüşərsən.

 

Səninlə getdiyim yollar
Keçilməzə dönüb indi.
Bir birinə keçən qollar,
Tək tək yana düşüb indi…

 

Gözüm baxır, görmür yeri,
Bir sən çatışmırsan məndə.
Qolumun sən tutan yeri,
Üşüyür mən yol gedəndə…

 

20.02.2016

 

 

 

 

Advertisements