Zaur USTAC YAXŞIDIR

535054_766472206819254_8088820981136410430_n

YAXŞIDIR

(Dostum Vüsala)

Yaradan, fitrətə qoyub mayanı,

Yaradanım sayıb, onu sayanı,

Hamı ondan alıb sevgi payını,

Çayın axımıyla  axmaq yaxşıdır….

*         *         *

Dünyanın təməli sevgi içində,

Dahilər hamısı işin içində,

Sevgisiz bir dünya yox biçimində,

Gedilmiş çığırla getmək yaxşıdır……..

*         *         *

Ustac da çox vurub, daşa-divara,

Sonunda gəlibdi yetkin qərara,

Müşküllər möhtacdır tək bu açara,

Yamana yaxşılıq etmək yaxşıdır….

22..08.2016.  12:21 (12’).     Bakı.

Müəllif: Zaur USTAC

 © Zaur USTAC,2016.
Advertisements

Zaur USTAC MƏNCƏ

1461221544_6154662_IMG-20140812-WA0001 - копия

MƏNCƏ

                             (Səfər Səfərliyə)

Həyat yolu, arzularla  səs-səsə,

O, fürsətdir, aman verməz heç kəsə,

Dünya malı bu dünyada gərəksə,

O dünyaya keçməsində  nə fayda…

*      *      *

O, Anadır  bala  üçün həp  yanar,

Gecə-gündüz dövrəsində  fırlanar,

Vədə sonu sıralanan  yuvalar,

Nişan qalar balaları uçanda…

*      *      *

O, çevrədir,  həm hərifdi, həm rəqəm

Tüm mövcudat məlum olar “O”, desəm,

Cavab budur, gərək yoxdu,  düşünəm

Çün tərifi çox açıqdı hesabda…

*      *      *

O, tüfəngdir, boşu minin qorxudar,

O, gecədir, səhər gəlsə yox olar,

O, ağıldır, insanlığı  ucaldar,

Burda deyim, rəhmət düşür ustada…

*      *      *

Ustac üçün ən asan bu sualdı,

Tək  YARADAN  tüm suala  cavabdı,

Ən yaxşı dost həmsöhbətin olandı,

Söz, söz olar  deyildiyi  məqamda…

                                       15.08.2014   Bakı.

Müəllif: Zaur USTAC

 © Zaur USTAC,2016.

Zaur USTAC PARTAM

11160009_796949733733981_3648300848173419380_n - копия

PARTAM

Yoldaşım, sirdaşım, ey mənim partam,
Sən bu sözlərdəki hikmətə bir, bax!
Mənə çox köməklər etmisən, partam…
Çox heyif, səndən ayrılıram ax!!!
* * *
Yoldaşım olmusan, demək dostumsan,
Bacı da olmusan, qardaş da mənə…
Çox çətin günlərdə kömək olmusan,
İndi son sözümü deyirəm sənə….
* * *
Ayrılıram səndən, unudulmazsan,
On il yol yoldaşı unudularmı?!
İki istəklini qovuşduransan,
Xeyirxah bir yoldaş unudularmı???
* * *
Ən zərif duyğuları qorumusan, sən…
Çətin anlarda dayaq olmusan!!!
Sözü ünvanına yetirmisən, sən…
Mənə vasitəçi, mayak olmusan!!!
* * *
Ayrılıram səndən, yaman qəmliyəm….
Ayrılırıqsa, görüşməyəcəyik???!!!
Demək, səni heç vaxt görməyəcəyəm?!
Bəs, sənsiz görən, biz neyləyəcəyik?!

20.04.1990. Yusifcanlı (Ağdam)

Müəllif: Zaur USTAC

 © Zaur USTAC,2016.

Dünya Zaur USTAC

535054_766472206819254_8088820981136410430_n

DÜNYA

 

Ey dünyaya yaman dünya deyənlər,

Halva deyib, ağız şirin edənlər,

Ayaq üstə min yuxuya gedənlər,

Dünya həmən, həm də gözəl dünyadı….

 

*         *          *

 

 

O, bizik ki, dondan-dona düşərik,

Motal kimi şorlu-şorsuz şişərik,

Ocağımız köz tutmamış bişərik,

Dünya həmən, həm də gözəl dünyadı….

 

*         *          *

 

Ustac deyər, us ilk gündən qayıbdı,

İnsan oğlu, insanlığa ayıbdı,

“O” neynəsin,  kim yolundan cayıbdı????

Dünya həmən, həm də gözəl dünyadı…….

 

14.08.2016.  09:44 (14’).     Bakı.

Müəllif: Zaur USTAC

 © Zaur USTAC,2016.

Söz və kitab haqqında Zaur USTAC

12524273_790992947700513_234013689348489767_n

Zaur  USTAC

SÖZ  VƏ  KİTAB  HAQQINDA

ÜÇÜNCÜ  YAZI

Salam dəyərli oxucum. Şeirlər toplusu olan bir kitabın girişində yazdığım bu kiçik haşiyənin yaranmasının iki əsas səbəbi var. Birinci ən əsas səbəb ailəmdən başlamış və müxtəlif təhsil müəssisələrində müəllimlərimdən aldığım mühüm nəsihətlər vardır ki, onları başqalarının da faydalanması üçün əlçatan etməkdir. İkinci səbəb istər dost-tanışların, istərsə də çoxsaylı oxucu məktublarının daim maraq obyekti olmuş “şeir necə yaranır, bu şeirləri necə yazırsız, müxtəlif  sözləri necə bir-birinin yanına belə düzürsüz” və s.  bu  kimi sualları cavablandırmağı  özümə borc bildim.

Ona görə hesabat xarakterli deyirəm ki, artıq əsrin dördə biri arxada qaldı. İlk yazım 24 May 1988 – ci il, Ağdamda nəşr olunan “Lenin yolu” (sonralar “Ağdam”) qəzetinin 62-ci (7194) sayında, 4-cü səhifədə nəşr olunanda  adi məktəbli idim. Bu cümləni indi adi sözlər kimi bura yazsam da həmin günün təəssüratları tamam başqa idi. Hələ onu demirəm ki, heç gözləmədiyin anda (əlbətdə, birinci dəfə  mənim heç bu barədə anlayışım yox idi) səni poçta çağırıb pul verirlər və deyirlər ki, bunun adı qonorardır…   Bu sətirləri qeyd etməkdə məqsədim ondan ibarətdir ki, az müddət deyil, necə deyərlər – “bir igidin  ömrüdür”. O vaxtdan gör nələr keçib. Qurululuş tamam dəyişdi. Dostlar dönüb düşmən, düşmənlər dönüb dost oldular. Bir sözlə çox əhvalatlar oldu, çox. Sadəcə mövzuya aidiyyatı olmadığına görə biz onların üstündən sükutla keçirik. Bu xırda giriş – məlumatı ona görə verirəm ki, aşağıdakı fikirləri söyləməkdə özümü tam haqlı sayıram. Eyni zamanda onu da bildirmək istəyirəm ki, aşağıda qeyd edəcəyim fikirləri bəyan etmək üçün uzun müddət yaşımın 40-ın üzərinə gəlməsini gözləmişəm. Daha əvvəl ona görə bəyan etməmişəm ki, birdən səhvə yol verərəm. Əgər 35-də bir söz deyib 40 –da özüm bilsəydim ki,  heç də belə deyil, bu çox dözülməz bir hal olardı mənım üçün. İndi tam məsuliyyətlə deyirəm ki, bəli bu belədir. Əgər desəm ki, ilk şeiri yazanda 5 yaşım var idi və ya 10 yaşım var idi bu yalan olar. Bu barədə sadəcə onu deyə bilərəm ki, erkən yaşlarda şeir yazmağa başlamışam. Yəni, yazı yazmaq üçün ən azı hərifləri tanımaq vacib idi. Deməli hərifləri tanıyandan sonra yazmağa başladım. Ancaq bu yerdə tam səmimi bir etiraf da etmək istəyirəm. Hələ heç hərifləri tanımayanda da dəftəri qabağıma qoyub, nəsə  yazırmış  kimi  sətirləri  ziq-zaqla  axıra  qədər səliqə ilə doldurur, sonra aşağı sətirə keçirdim. Beləcə vərəqləri, dəftərləri doldururdum.  Məhz bu səbəbdən mən yazmağı və oxumağı məktəbə getməzdən çox əvvəl əmimdən evdə öyrəndim. Beləliklə, ilk müəllimimin – mənə yazmağı və oxumağı öyrədən adamın adını açıqlayıram. Bu şəxs mənim əmim Yaməndir. Bu səbəbdən nə qədər qələm əlimdədir ona bir ömür boyu minnətdarlıq borcum var. Burada ilk müəllimimdən gördüyüm və sizə edəcəyim ilk tövsiyyə gəlir, çalışın ki, uşaq məktəbə getməmiş hələ evdə olanda (normal uşaq 4-5 yaşlarında buna qadirdir) ən azından doğma ana dilində yazmağı və oxumağı bacarsın. Deyərdim ki, bu olduqca vacib və mühüm məsələ olub, uşağın bütün gələcək təhsil həyatı üçün qoyulan ən böyük sərmayədir. Bu bünövrə olmasa sonrakı mərtəbələri dayaq söykəməklə çox çətinliklə qaldıracaqsız. İkinci artıq oxumağı bacaran kimi, kiçik həcimli uşaq kitabları alıb oxumaq vərdişləri formalaşdırmaq lazımdır. Bunun üçün heç də uşağın məktəbə gedib, dərslik oxumasını gözləmək vacib deyil. İndi o qədər maraqlı uşaq kitabları var ki… Bu arada mənim oxuduğum ilk uşaq kitabı “Qızıl şamdan” adlanırdı. İndi də yadımdadır. Atam mənim üçün üç balaca uşaq kitabı almışdı, “Qızıl şamdan” – ı birinci oxuduğuma görə, ya  mənə çox təsir etdiyindən yadımda qalıb. Təəssüfki, o biri ikisinin adını xatırlamıram.

Nəhayət məktəb həyatı başladı. Onu qeyd edim ki, göründüyü kimi məktəbə tam hazır getdiyimdən demək olar ki, hazırlıqdan birbaşa birinci sinfə keçirdiklərin nəzərə almasaq  ibtidai siniflər heç nə ilə yadda qalmayıb.

O vaxtlar ibtidai siniflər üçüncü sinifdə bitirdi. Dördüncü sinif biologiya müəllimi Rövşən müəllimin çox dəyərli bir məsləhəti ilə yadımda qalıb. Onu qeyd edim ki, oxumaq, mütaliyə etmək bacarıqlarımın formalaşmasında bu müəllimin əməyi böyük olmuşdur. Bu müəllimimə də bir ömür boyu minnətdarlıq borcluyam. O, bizə vaxtdan necə istifadə etməyi öyrətməyə çalışırdı. Onun bu vaxt bölgüsü məsələsinin necə ciddi-cəhdlə vacib olduğunu bizə anlatdığı yadıma düşdükcə əsl müəllimin obrazı gözüm önündə canlanır. Yaradana şükür edirəm ki, məni həmişə lazım olan məqamlarda lazımi insanlarla – müəllimlərlə rastlaşdırıb. Rövşən müəllim bizə belə anladırdı. Hamının evində  başının üstündə (divarda), stolun üstündə, cibində, çantasında vaxt bölgüsü cədvəli olmalıdı.  Vaxtı elə – belə, başdı – başına buraxmaq olmaz. Vaxta nəzarət etmək lazımdır. Vaxtı bölüşdürmək lazımdır. Rövşən müəllimin dördüncü sinifdə verdiyi bu məsləhətə hələ də əməl edirəm. Ziyan görməmişəm. Dördüncü sinifdə daha bir gözəl insan bizə müəllimlik  etməyə başladı. Bu Rus dili müəllimi Asif müəllim idi. Onun tövsiyyəsinin Rus dili ilə heç bir əlaqəsi olmasa da mənim üçün çox dəyərli bir məsləhət oldu. Bu gün də bu  məsləhətə əməl edirəm. Bəlkə də Asif müəllim elə birinci dərs günü bu sözü bizə demişdi. Yəqin ki, bu belədir. O, belə demişdi: -“ Bax, elə bu gün evə gedən kimi hərə özünə bir qalın dəftər tutsun, hər gün maraqlı nə baş versə axşam, günün sonunda ora qeyd edin. Bu dəftərə gündəlik deyirlər. İllər keçəcək 10 ildən, 20-ildən sonra nə qədər xeyirli bir iş tutduğunuzu özünüz görəcəksiz…”, “kim istəyir tutsun, bunu mən sizin üçün deyirəm, yoxlamayacam, dərsimizə aid deyil, sizin inkişafınız üçün vacibdir…” Həqiqətən də Asif müəllim sonralar nə bir dəfə də olsun o mövzuya toxundu, nə də kimin gündəlik tutub-tutmadığını yoxladı. Bu bizə lazım idi. O da bir dəfə deyib vəzifə borcunu yerinə yetirmişdi…  Keçdik beşinci sinfə birinci  dərsdəcə Ədəbiyyat müəllimimiz Həsən müəllim  belə bir sual verdi: – “Kimin evdə kitabxanası var?” – bu bizim ilk  Ədəbiyyat dərsinin  lap sonları idi. O vaxt kitabxana anlayışın tamam fərqli  şəkildə qavradığımıza  görə,  heç kimin dillənmədiyini görəndə Həsən müəllim bir də soruşdu: -“ Kimin evdə dərsliklərdən əlavə kitabları var, şeir, nağıl və s. ?” – bu vaxt o sıradan, bu sıradan əllər qalxmağa başladı. “Əllərinizi salın aşağı, ola bilsin bəlkə də kiminsə bu gün heç bir dənə də kitabı yoxdur. Sizə bir söz deyim, kim şəhərə gedəndə, atanız, əminiz, dayınız, böyük qardaşınız tapşırın sizə bir kitab alıb gətirsin. Bugün, sabah özünüz də böyüyüb tez-tez şəhərə gedəcəksiz, hər gedəndə bircə kitab alıb gətirsəz,  məktəbi bitirəndə görəcəksiz ki, böyük bir kitabxananız var.” – bu Həsən müəlimin  birinci Ədəbiyyat dərsində növbəti beş il üçün evə verdiyi tapşırıq idi. Ruhu şad olsun. Burada daha vacib bir məqama toxunmaq istəyirəm. Deməli, bu hadisə məktəbə getməmiş baş verib. Yayda. Yəni həmin yaydan sonra Sentyabrda dərs açılanda birinci sinfə gedəcəkdim. Nənəm uşaqbağçasında aşbaz işləyirdi. Arada anam icazə verəndə nənəmin yanına gedib, orada uşaqlarla oynayırdıq. Bura kəndin mərkəzində nisbətən böyük, qapalı həyəti olan bir yer idi. Uşaqbağçası, kəndin kitabxanası, həkimxana və kənd klubu bir – birinin yanında yerləşirdi. Biz içəridə, otaqda nənəmin yanında oynayırdıq. Bağçanın müəlliməsi dedi ki, gedim bir kitab götürüm oxuyum, mən dedim ki, məndə götürmək istəyirəm, təəccüblənsə də məni də apardı. Yadımdadır ki, müəllimə Salam Qədirzadənin o vaxt xüsusilə gənclərin çox oxuduğu, demək olar ki, əldən – ələ gəzən (indi adı yadımda deyil) bir kitabını götürdü. Mən də kitabxanaçıya dedim ki, Adil dayı mənə də bir kitab ver oxuyum. O isə cavabında dedi: – “Adil dayı yox, Adil müəllim deyərlər”- və getdi mənə kitab gətirməyə. Çox keçmədi, əlində jurnal şəklində olan bir qırmızı kitabla qayıtdı. Səhv eləmirəmsə adı “İliçin uşaqlığı” idi – dəqiq yadımda deyil. Onu bilirəm ki, Lenin uşaqlıq vaxtından bəhs edən bir kitab idi. Sonralar o kitabı bəlkə də on dəfə təkrar-təkrar oxudum. Nəsə, Adil müəllim kitabı gətirdi, mənim adıma abunəçi vərəqi açdı, yazdı-pozdu və kitabı mənə verib dedi: – “Get oxu, gedəndə gətirib təhvil verərsən. Cırma, pozma, ləkələmə.” Mən də – “oldu” – deyib getdim oxumağa. Elə kitabxanadan çıxan kimi həyətdə aşmış böyük qoz ağacının  kötüyünün üstündə oynayan uşaqlar məni də çağırdılar oynamağa. Təbii ki, mən də kitabı qoyub kötüyün üstünə qoşuldum onlara. Başladıq oynamağa. Bir vaxt ayıldıq ki, artıq axşamdı. Belə olanda adətən nənəmiz deyərdi: – “Bala, bala yenə şeytan sizi kirayə tutmuşdu???” – mənasını anlamasam da bu sözün mayasında bizim gördüyümüz nəsə qəbahət bir işin dayandığın anlayırdım. Sən demə, Adil müəllim də əvvəlcədən göz qoyurmuş, görüb ki, mən heç kitabı açmadan necə kötüyün üstünə qoydumsa, eləcə də götürüb gəlirəm təhvil verməyə…. Əlimdə kitab yaxınlaşdım Adil müəllimə, kitabxananın qarşısındakı hündür talvarın altında stul qoyub oturmuşdu. Kitabı verib, getmək istəyirdim ki, Adil müəllim soruşdu: – “Oxudun?” Mən də ani olaraq cavab verdim ki, bəli. Adil müəllim kitabı açıb ordan-burdan suallar verməyə başladı. Təbii ki, cavab verə bilməzdim. Çünki, kitabı apardığım kimi də gətirmişdim. Adil müəllim də bunu yaxşı bilirdi. O gün Adil müəllim “Oxudun?” – sualından başqa mənə heç bir söz demədi… Ancaq mənim o günkü pərtliyim bu gün də hər yadıma düşəndə məni narahat edir… (Burada kiçik bir haşiyəyə çıxmaq istəyirəm. Kim üçünsə əhəmiyyətli və ya maraqlı ola bilər düşüncəsi ilə bunları da qeyd etməyi özümə borc bilidim.  Oxuduğum ilk iri həcmli kitab üçüncü siniflə dördüncü sinfin arasındakı yay tətilində “Koroğlu” dastanı olub.  Xatırlayanlar varsa, üstündə qalxan şəkli olan göy üzlü qalın kitab idi. İlk çoxcildli kitab isə “Min bir gecə” nağıllar oldu. Bu kitabı da təxminən həmin illərdə oxudum. O da göy üzlü üstündə ay ulduz olan bir kitab idi. İlk xarici ədəbiyyat nümunəsi ilə tanışlığım isə beşinci sinifdə Coğrafiya müəllimimiz  Yusif müəllimin tövsiyyəsi üzərə Jül Vernin  “Kapitan Qrantın uşaqları” – Azərbaycan dilində – kitabı oldu. İndi düşündükcə bir hal mənə çox qəribə gəlir. Müəllimlərimiz hansı kitabı tövsiyyə etsə və ya özümüz hardansa adını eşidib axtarsaq,  o kitabı adi kənd kitabxanasında tapıb oxuya bilirdik. Bir də dərs oxuyan da oxumayan da bədii ədəbiyyatı hamı oxuyurdu. Hətta dərs oxumayanlar vaxtları çox olduğuna görə bədii ədəbiyyatı daha çox oxuyurdular. Yadımdadır, qızlar dərsliklərin cildini qopardıb, oxuduqları kitabı üzləyər, dərs boyu da ayrıla bilmədikləri romanı və ya povesti oxuyardılar…)  Bu kitab mənim kitabxanadan götürdüyüm ilk kitab kimi yadımda elə qaldı ki, bu hadisədən sonra nəin ki, kitabxandan götürdüyüm,  dost-tanışdan aldığım kitabları hətta hardasa gördüyüm bir elanı, afişanı mütləq oxumalıyam…

Beləcə maraqlı məktəb həyatı başa çatdı. Orta məktəbi bitirəndə Həsən müəllimin dedikləri düz çıxmışdı. Artıq təxminən 450-500 kitabdan ibarət özümə görə zəngin bir kitabxanam var idi. Düzdü, kitabların çoxunu atam almışdı, ancaq bu mənim kitabxanam idi. Həm də birinci şəxsi  kitabxanam. Bakı Dövlət Universitetinin tələbəsi oldum. Bu məktəb o vaxtlar prorektor olmuş Rasim müəllimlə bir-iki maraqlı söhbətdən bir də birinci kursda uşaqlarla çəkdirdiyim  fotodan başqa heç nə ilə yadda qalmadı. Bircə, o vaxtlar əsas binanın girişində asılmış Birinci Qarabağ Müharibəsində şəhid olan tələbələrin portretləri hələ də gözümün önündən getmir. Hamısa da yuxarı kurs tələbələri idi… Sonralar nədənsə o portretləri oradan yığışdırdılar.  Elə oldu ki, mən də orduya qoşuldum. Birinci Qarabağ Müharibəsində iştirak etdim. Ancaq, harda olsam da ən azı yanımda bir-iki kitab, cibimdə isə mütləq qələm və dəftərçə var idi. Bunu məni yaxından tanıyanların hamısı təsdiq edə bilər. Bütün əsgərlik boyu mənim dolabım olduğum bölüyün kitabxanası olub. Bu gün də həmin kitablardan ən azı ikisi mənim kitabxanamda qalmaqdadır. Beləcə atəşkəs oldu. Daha bir il də ötdü. Komandirlərin təşəbbüsü  və əsgər yoldaşlarımın təkidi ilə təhsili davam etdirmək qərarına gəldim. Hərbi hissədən beş günlük məzuniyyət verdilər ki, sənədlərimi toplayım. Sənədlərimi topladım, hərbi hissəyə qayıtdım. Yenidən müddətsiz məzuniyyət verib oxumağa göndərdilər. Sənədlər qovluqda gəldim Bakı Dövlət Universitetinə. Rasim müəllimlə elə onun kabinetində xeyli söhbət etdikdən sonra bir az onun məsləhəti, bir az da xeyir duası ilə sənədlərimi verdim Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə və təhsilimi orada davam etdirdim. Beləliklə kursant həyatı başladı onu qeyd edim ki, oxumaq, öz üzərində məşğul olmaq üçün kursantın imkanı, vaxtı tələbəninkindən qat-qat çox olur. Bu vaxtlar mən artıq üçüncü böyük kitabxanamı yaratmışdım. Bu məktəbdə çox yaxşı müəllimlərim olub. Ancaq burada mövzuya aid olduğuna görə, dörd il bizə “Atış və döyüş işi” – fənnindən dərs demiş Loğman müəllimin adını çəkməyi özümə borc bilirəm. Yadımdadır, dördüncü kursun son günləri idi. Loğman müəllimin fənnindən dövlət imtahanlarına hazırlaşırdıq. Loğman müəllim bu imkandan istifadə edib bizə öz tövsiyyələrini   verirdi. Sizcə birinci məsləhət nə ola bilərdi? Onun  dediyi sözbəsöz yadımdadır: – “ Harda olursuz olun başınızın üstündə kitab qoymağa heç olmasa bir gözlü rəfiniz olsun” Loğman müəllimin bu tövsiyyəsinə bütün xidmətim boyu əməl etdim. Rəf olmayanda kitablarımı mərmi qutularında saxladım. Dördüncü kitabxanamın kitabları sözün əsl mənasında barıt qoxulu kitablar idi. Ordu həyatı da başa çatdı. Unutma ki, dünyada daimi heç nə yoxdur. Zaman ən iti dağ çayından belə sürətlə axır. Elə ki, mülki həyata başladım, gördüm ki, oxumadan olmur. Lap elə bu gün də maraqlı bir kurs diqqətimi cəlb edən kimi tez ora yazılib iştirak edirəm, öyrənirəm. Belə kursların birində Mustafa Ünlü adlı müəllimimin kitab haqqında növbəti bir tövsiyyəsini eşitdim: – “İçimizdən birisini hansısa bir mövzu narahat edirsə və ya kimsə hiss edirsə ki, onun deməyə, kimlərəsə çatdırmağa sözü var mütləq bunu kitab kimi yazmalı özündən sonra gələcək nəsillərə ötürməlidir” İnanın ki, bu məqama qədər heç vaxt kitab yazmaq xəyalında olmamışdım. Onu qeyd edim ki, bu hadisədən heç bir il keçməmış “Oriyentir Ulduzu” çapdan çıxan kimi dərhal birini yazıb dəyərli müəllimim Mustafa Ünlüyə göndərdim. Düzü, indi bu sətirləri yazarkən düşünürəm, niyə “Oriyentir Ulduzu” – ndan əvvəl çapdan çıxmış üç şeir kitabların deyil məhz onu göndərmişəm müəllimimə??? Ümumiyyətlə, nə qədər araşdırsaq da, dəqiq olmağa çalışsaq da  həyatımız suallarla doludur. Mövzunun  sonunda  nəzərinizə çatdırmaq istəyirəm ki, bu gün həyatımın müxtəlif dövürlərində mövcud olmuş beş fərqli kitabxanamın  hamısından (zabitlik dövrü istisna olmaqla, çünki, bu kitablar çətin tapılan sırf ixtisas kitabları olduğuna görə bütün  kitabxanamı elə ağzı bağlı – böyük mərmi qutusunda xidmətdə qalan zabit yoldaşlarıma hədiyyə etdim) heç olmasa bir – iki nümunə olmaqla təxminən min kitabdan ibarət olan, zəngin bir kitabxanaya  sahibəm.  Daha maraqlısı odur ki, bu kitabların içərisində ondan artıq kitabın müəllifi mən özüməm. İndi mən də düşünürəm və eyni zamanda sizə də sual edirəm, əgər müəllimlərimin məsləhət və tövsiyyələrinə əməl etməsəydim bu nəticəyə nail ola bilərdimmi? – Sizin nə cavab  verəcəyinizi gözləmədən öz qənaətimi sizinlə bölüşmək istəyirəm. Bu günə qədər qazandığım bütün naliyyətlərimə görə əvvəl müəllimlərimə  sonra isə kitablara borcluyam….

İndi gələk, ikinci məsələyə. İlk əvvəl onu qeyd edim ki, (mən bunu dəfələrlə qeyd etmişəm) sözü kimin deməyindən, qələmə almağından asılı olmayaraq mənbəyi təkdir, ancaq zaman və məkan şərtdir. Buradan məntiqi olaraq belə nəticəyə gəlmək olar ki, eyni məzmunlu sözü müxtəlif insanlar, başqa-başqa zamanlarda, dünyanın dəyişik yerlərində bir –birindən xəbərsiz şəkildə deyə və ya qələmə ala bilər. Əlbətdə, bu mənim subyektiv fikrimdir. Hamı azad düşüncə haqqına sahib olduğuna görə əksini  də  iddia  edə və ya sadəcə  razılaşmaya bilər. Məncə, söz yaradıcılığı (fərqi yoxdur nəsr və ya nəzm) üç əsas şərtə söykənir. Birinci bu genlə, nəsillə bağlıdır. İkinci mühitlə, yəni gələcək yazarı əhatə edən, təbiət, insanlar və yaşam tərzi, həyat şəraiti. Üçüncü isə daha maraqlı şərti ruhdur. Gələcək yazarın ruhu. Mən tam məsuliyyətlə deyirəm ki, 4 yaşlı Zaurun ruhu ilə 40 yaşlı Zaurun ruhunun arasında heç bir fərq yoxdur. Zaur  14 yaşında yazdığı şeirlərdə işlətdiyi sözləri 41 yaşında da işlədir. O vaxt da şeirdə ard-arda muncuq sapa düzülən kimi sözləri yazanda çoxunun mənasın bilmirdim. İndi də belə olur. Onu qeyd edim ki, mənim bütün bu dediklərim söz gələndə kağız – qələm axtaran və ya indiki  müasir dövürdə telefona, planşetə yazan adamlara aiddir. Yoxsa, kağız – qələmi qabağına qoyub söz axtaran adamlara deyil. Mən hətta bir az irəli gedib söz yaradıcılığının  reinkarnasiya hadisəsini sübut edən tutarlı dəlillərdən biri olduğunu iddia edərdim. Çünki, yenə qeyd edirəm, istər nəsr, istər nəzm söz yazılanda bir-birinin ardınca elə gəlir ki, sanki, kimsə sözbəsöz diktə edir. Yazanın boynuna sadəcə vaxt tapıb bu sözləri qəbul etdiyi kimi qeyd etmək qalır. Məhz buna görə də ilk vaxtda anlamını bilmədiyimiz sözü yazmağımız məntiqi cəhətdən doğrudur. Mən yazıları müxtəlif adlarla növlərə bölməyi xoşlamıram. Bəlkə də bacarmıram. Mənim üçün bütün yazılar iki qrupa bölünür. Tamlar və natamamlar. Əgər söz gələn məqamda imkanın olub onu olduğu kimi qeyd edirsənsə, bu olur tam. Yox əgər həmin məqamda yazmaq alınmırsa, sonradan onu yadında qalan kimi yazırsansa bax bu olur natamam. Bu yazlar ilk oxunuşdaca seçilir. Şeirləri hansısa başqa dilə tərcümə etməyin əleyhinəyəm. Uzaqbaşı bir şeiri eyni köklü ana dilin başqa-başqa qruplarına, şivələrinə, ləhcələrinə uyğunlaşdırmaq olar. Məsələn biz ana dilmizdə yazdıqlarımızı Osmanlı türkcəsinə, türkmən ləhcəsinə  və ya özbəkcəyə uyğunlaşdırmaq olar. Yoxsa, sən bunu çevir rus dilinə, ingilis dilinə, fars dilinə və s. Bu yol verilməz bir haldır. Yəni bu vaxt sən yazdığın qalır bir kənarda, ortaya tamam qondarma bir məhsul çıxır. Bu barədə sözümü öz başıma gələn bir misalla yekunlaşdırmaq istəyirəm. Demək “Tuncaya” şeiri  bəlkə də 10-15 dəqiqə ərzində gəlib:

TUNCAYA

Tanrı tutub, ağ torpaqdan mayanı,

Gündoğandan Günbatana  sənindi!

Nişan verib, yeddi günlük Ayını

Əksi düşən tüm torpaqlar sənindi

*      *      *

Xəzəri ortaya düz qoyub nişan,

Boynuna dolanan Hilal sənindi!

Ən uca zirvələr, ən dərin göllər

Ormanlar, dəryalar, düzlər sənindi!

*      *      *

Tanrının payıdı, lütf edib sənə,

Tanrıya sarsılmaz inam sənindi!

Ataya, Anaya, qocaya hörmət

Sirdaşa  sədaqət, güvən sənindi!

*      *      *

Zamanla hökm etdin tüm yer üzünə

Hakimiyyət sənin, höküm sənindi!

Aman istəyəni  kəsmədin heç vaxt,

Ən böyük ədalət, güzəşt sənindi!

*      *      *

Ata-baban, zaman-zaman qıymadı,

Güzəşt etdi, yazıq-yuzuq, yesirdi…

Xilas etdi, bağışladı ənamlar,

Yamana yaxşılıq,  ancaq sənindi!

*      *      *

Döyüşdə, düşməni alnından vuran,

Süngüsü əlində ərlər sənindi!

Savaşda, uçağı kəməndlə  tutan,

Qüvvəsi qolunda nərlər sənindi!

*      *      *

Dəli-dolu Türk oğullar cahana

Bəxş etdiyi şərəfli ad sənindi!

Adı gəlsə, yeri-göyü titrədən

Qorxu bilməz,  şanlı əsgər sənindi!

*      *      *

Çöldə simgə etdin Qurdu sancağa,

Kəhər Atın ən yaxşısı sənindi!

Ay-yıldızı nişan tikdin Bayrağa,

Zəkalar, dühalar tümü  sənindi!

*      *      *

Tutduğun yol tək Tanrının yoludu,

Aydın zəka, tər düşüncə sənindi!

Çoxu deyir, tay dünyanın sonudu,

Fəqət  bilməz, yeni dünya sənindi!!!

10.10.2011. Bakı.

Yazandan sonra oturub bu şeiri oxuyuram;

“Döyüşdə, düşməni alnından vuran,

Süngüsü əlində ərlər sənindi!

Savaşda, uçağı kəməndlə  tutan,

Qüvvəsi qolunda nərlər sənindi!”

bu bəndə çatanda dayandım. Özüm-özümə deyirəm, bu lap ağ oldu ki, “Savaşda, uçağı kəməndlə  tutan,”

bu boyda şişirtmə olmaz. Bu bəndi sildim. Gördüm nəsə əlaqə pozulur bir –neçə bənd sildim. Şeir oldu heç. Qoydum kənara. Bu hadisədən bir müddət keçəndən sonra kitab dükanlarının birində almaq üçün kitab seçirəm. Birdən əlimdəki göyüzlü, hələ kimdən, nədən bəhs etdiyi mənə məlum olmayan kitabın üzqabığına çıxarılmış bir cümləyə sataşdı. O cümləni olduğu kimi yazıram: -“Osman Baturun 11 yıla sığdırdığı əfsanəvi milli mücadiləsi dildən-dilə anlatıla-anlatıla gəlmişdir. Kəməndlə uçaq düşürən, düşmənə aman verməz cəsarəti və nişançılığı ilə dolu həyat mücadiləsi….” bu kəlmələri oxuyan kimi tez kitabı alıb dükandan çıxdım. İndi yol boyu şeirdəki sözü düşünür onun da təxminən bu məzmunda olduğunu xatırlayır, ancaq dəqiqiq necə olduğunu yadıma sala  bilmirdim. Gəlib evə çatdım. Şeiri yazdığım dəftəri uzun axtarışdan  sonra  tapdım. Qaraladığım bəndləri oxudum və heyrətə gəldim. Bu hadisədən sonra heç bir sözə – şeirə dəyişiklik etməyəcəyimə mümkün qədər olduğu kimi vaxtında və dəqiq qeyd edəcəyimə söz verdim.

İndi qayıdaq birinci şərtə gen – nəsil barədə bir balaca açıqlama verim. Burada onu qeyd edim ki, bu yazdıqlarımı  psixoloqlar, ədəbiyyatçılar, tədqiqatçılar və ümumiyyətlə araşdırmaya həvəsli hamı üçün birinci mənbəədən maraqlı qaynaq hesab edirəm. Deməli mənim atam da uşaqlıq və gənclik illərində şeir yazıb, indi yazırsa da mənə məlum deyil. Mən yuxarıda da qeyd etdiyim kimi vaxtını dəqiq bilməsəm də erkən yaşlardan şeir, hekayə, məqalə yazıram. İndi isə hamısı gözümün qabağında olan, rahat araşdıra bildiyim qızımın yazdıqlarıdır. Deməli, Gülü 5 yaşından etibarən gözümün qabağında şeir yazmağa başlayıb. Özü  də çox səliqəsizdi. Evdə, özünün nə qədər dəftəri olsa da görürdün əzik-üzük bir vərəğə iki sətir ya dörd sətir yazıb gətirib. Ata bax  “şeir”  yazmışam.  Ancaq onu qeyd edim ki, onun artıq 9-10 yaşında yazdıqlarına şeir demək olar. Yəqin ki, o məndən çox qabaqdadır.

Əziz və dəyərli oxucum bu uzun – uzadı,  nala – mıxa vurmalarla səni yorsam da, yeganə məqsədim çox uzun zaman ərzində böyük çək–çevirlərlə yəqinləşdirdiyim  cüzi mətləbləri sənə çatdırmaq oldu. Yuxarıda oxuduqlarının hamısı real həyat hadisələridir. Ya gərək bu və ya buna oxşar mülahizələri qəbul edək, ya da söz məsələsin də dünyanın bizim üçün hələ də qaranlıq qalan digər sirləri sırasına qoşaq. Seçim sənindir. Bu işdə hamımız özgürük. Sən bir başqa cür düşünə bilərsən. Mən bir başqa fikirdəyəm. Mənim sənə çatdırmaq istədiyim bunlardan  ibarət idi.

21.08.2016.  Bakı.

Zaur USTAC.

© Zaur USTAC,2016.

QÖNÇƏLƏR Zaur USTAC

250158_205613683129603_5996318596624840516_n

QÖNÇƏLƏR

 

Yenə də duyğular hər şeydən təmiz,

Necə görmüşdünsə, elə qalıbdır…

Ən zərif hisslərin  ünvanı sənsən,

Arzular qəlbimdə cığır salıbdır…

*      *      *

Zəriflik içində zəriflik gəzən,

Ən incə duyğular qəlbimdə yaşar.

Müdhiş gözəlliyə məftun olaraq,

Ürək cəmalına nəğmələr qoşar…

*      *      *

Ən ali hissləri qoruyub  inan,

Gündə neçə kərə süzdüm qəlbimdən…

Nələr düşünmüşəm, nələr çəkmişəm,

Bilməyirsən, nələr keçir qəlbimdən???

*      *      *

Arzular içində arzu yaşayır,

Səfinə düzülmüş durnalar kimi.

İçimdən neçə min SABAH boylanır,

Əsən mehə təşnə qönçələr kimi..

02.04.1996. Bakı.

 

Müəllif: Zaur  USTAC

 

 

YAŞIL Zaur USTAC

13920607_1641568339505094_8542849426903964901_n

Yaşıl

 

Mənim ürəyimin rəngi yşıldı,

Qolumda saatın rəngi də yaşıl…..

Yolumda işığın rəngi yaşıldı,

Əynimdə köynəyin rəngi də yaşıl….

 

*    *    *

 

Yamyaşıl bu dünyam solmaya barı,

Bu yaşıl dünyamda çəhrayısan sən….

Yamyaşıl dünyamın  çəhrayı barı,

Yaşıllıq içində solmayasan sən….

 

*     *     *

 

Hələ dərilməmiş zərif çiçəksən….

Budağın yaşıldı, yaşıl yatağın,

Ləçəyi çəhrayı tuaf çiçəksən…..

Çoxmu gözləyəcək yaşıl qonağın???

 

13.08.2016.  10:40 (20’) Bakı.

 

Müəllif: Zaur USTAC

 © Zaur USTAC,2016.

OĞLANSIZ AĞ AT Zaur USTAC

12651291_145832779130864_133148170044849935_n

OĞLANSIZ   AĞ   AT

De, harda salıbsan bəs igidimi?

Gəlmisən yenə də yəhər, yüyənsiz…

Harda itirmisən son ümidimi?

Heç səni bilməzdim, belə güvənsiz….

*     *      *

Nalın qızılsa da, dişin mirvari,

Lap, bəşər görməyib belə kəhəri,

Düzü inanmıram hansısa pəri,

Ağ atı gözləsin üstü ərənsiz…

*     *      *

Ay Ustac dədənə, babana rəhmət,

Qanana, bu dünya mükəmməl ibrət,

Viranə qalıbdır saysız imarət,

Saraylar xaraba  olar kimsəsiz….

 

04.08.2016. 09:57 (27′)  Bakı.

 

Müəllif: Zaur USTAC

 © Zaur USTAC,2016.

Zaur USTAC ANA şeirləri

ANALAR

ANA

Sönməz bir od kimi, adın qövr edər,
İçimdən atəşlə boylanar, ANA!
O, hansı duyğudur, hər şeydən uca,
Qəlbimin yağıyla qovrular, ANA?!

* * *

Nə qədər cismimdə dövr edər qanın,
Nə qədər yaşayar, bir para canın,
Özünün əmridir, Cənabi-haqqın,
Borcluyam, qarşında daima, ANA!

* * *

Ümidim, təsəllim sənin duandır,
Həmişə çin olan yuxularındır,
Ən yüksək mərtəbə analarındır,
De, səni unutmaq olarmı, ANA?!

13.04.1997. Bakı.

 

ANA

Beşiyim üstündə layla çalanım,
Gözümün işığı, dirəyim, ANA!
Dünyalar durduqca, yaşayasan sən,
Düşünən beyinim, ürəyim, ANA!

* * *

Dünya yaranışdan Həvva anamız,
Anadır, bacıdır qol-qanadımız,
Özün demişdin ki, deyil babımız,
Gör, nəyin dərdini çəkirsən , ANA!

* * *

Heç fikir eləmə oğul sarıdan,
Oğlunu bəxş etdi ulu Yaradan,
Mərdlərə təsəlli olmaz nigardan,
Vətənçün böyütdün oğlunu, ANA!

* * *

Vaxt olar; baharda, açanda güllər,
Yaxud da qocalar dadanda nübar,
Sənin də üzünə təbəssüm qonar,
Qayıdacaq oğlun, cəbhədən, ANA!

22.04.1995. Marağa.
ANA

Sənsən xəyalların tuşlandığı yer,
Ümdə arzuların məkanı, ANA!
Nə qədər, möcüzəli, sirli bir dünya,
Kəşf olunmamış dünyamsan, ANA!

* * *

Nə deyim, nə yazım yaraşsın sənə,
Yüksələ biləydim kaş mənsəbinə,
Dünyalar sığınar mərhəmətinə,
Özün boyda böyük dünyamsan, ANA!

* * *

Bir, şirin kəlməni eşidəydim kaş,
Kipriyim islanıb, oldu yenə yaş,
Olaydım, ayağın altda qalan daş,
Biləydim, başımın üstəsən, ANA!

* * *

Elə, kövrəlmişəm, körpə uşaq tək,
Qəlbimi yandırır odlu bir, istək,
Ay Ana, saçıma yüngül sığal çək,
Ən böyük dövlətim, qayğındır, ANA!!!

28.08.1995. Bakı.

 

ANA

Ey ilk sözüm, əzəl cümləm, dastanım, Ana!
İnsanların gözəli, mehribanım, Ana!
* * *
Ana, borcludur hər bir kəs önündə sənin
Səcdəyə layiqsən, ey səcdəgahım,Ana!
* * *
İlahi bəxş etmiş səni xoş günlər üçün
Ey azadə günüm, xoşbəxt dövranım, Ana!
* * *
Bil, ülviyyətin ilə sən geniş cahansan
Mənim həyat məktəbim, ilk cahanım, Ana!
* * *
Hamı istinad üçün öncə səni görür
Hər sözün mənbəyi, istinadgahım, Ana!
* * *
Dünyada sənin tək uca varlıq de hanı?
Ey müqəddəsliyin rəmzi, paklığım, Ana!
* * *
Zaurun bildiyi bu idi, bunu dedi
Bilmədiyim ucalıq, cənnəti-sultanım, Ana!

29.12.1991. Yusifcanlı.

 

ANA

Ana, ən ülvi insan
Çox əziz, çox mehriban.
Övladına qayğılı,
Övlad ananın balı.
Ana balasın sevər,
Hərdən tənbeh də edər.
Bu danlamaq deyildir,
Ana nəvazişidir….
Övlad üçün şalışır,
Hər zəhmətə qatlaşır.
Övladı gümrah olsun,
Paltarı təmiz olsun.
Hamıdan yaxşı geysin,
Ən ləziz yemək yesin.
Bala pis iş görəndə,
Ana bunu biləndə….
Çox da ki, kötəkləyir….
Ana məhəbbətidir.
O, övladın çox sevir.
Pis əməlin istəmir….
İstəyir yaxşı olsun,
Ləyaqətli böyüsün….
Fərsiz övlad olmasın,
Adın təmiz saxlasın.
Ana tənbeh edəndə,
Hərdən kötəkləyəndə….
O, balasın döyməyir,
Xətadan hifz eləyir.
Deyirəm, bir haləti,
Qədim bir rəvayəti;
Rəvayətdə deyilir,
Bir Ana vəfat edir….
Vəfat edərkən Ana
Deyir öz yoldaşına:
-“Sən kəs əlimi saxla,
Sonra yoldaşın olsa….
Bu əllə uşaqları,
Vursun, vuranda barı….
Mənim əlim ağtıtmaz,
Öz balamı sızlatmaz….
Axı, ananınkıdır,
Ana əli AĞRITMIR….

08.03.1990. Ağdam-Yusifcanlı.

 

* * *

Ay ana, adına vurğunam sənin,
Durduğun ucalıq xəyalə gəlməz…
Dünya xalqlarının lüğətlərində,
“ANA” sözünə tay söz ola bilməz!!!

08.01.1997. Bakı.

Müəllif: Zaur Ustac

SƏNDƏN ASILIDIR Zaur USTAC

deniz2

SƏNDƏN  ASILIDIR

Daşıya bilmirəm, qəlbimin yükün,

Çiynimdə dünyanın yükü var mənim,

Heç bir ölçüylə ölçülə bilməz,

Dünyanın özündən ağırdır yüküm!

*      *      *

Araya ayrılıq düşdü, neyləyim?

Elə bil, sinəmdə od qaladılar,

Bəxtimə qaranlıq düşəndə mənim,

Kaş sənin bəxtinə nur yazaydılar!

*      *      *

Artıq qəlb dözməyir, bunca həsrətə,

Qəlbin həsrət yükü yaman ağırdır.

Təlatüm eyləyir, köksə sığmayır,

İndi can evimin ağır çağıdır…

*      *      *

Kaş, bu namələrin bir tacir olub,

Səfərə çıxaydı, eşq bazarına.

Alaydı qəlbimin intizar yükün,

Qəlbin son qoyaydı, dərd azarına…

17.04.1995.  Marağa.

 

Müəllif: Zaur USTAC

 © Zaur USTAC,2016.