Zaur USTAC : TUTQU şeiri

zulum

TUTQU
(Qurbaninin ruhu şad olsun…)
Qönçə dodaqların bal süzür indi,
Kişmişin yaxşısı quşa qalan tək….
Taclı tər çiçəyin, məs gəzir indi,
Aranın al narı Muşa varan tək….
* * *
Qırmızı, gündöyən yeri almanın,
Dümağdı, gündəyməz zehi heyvanın,
Paçalı, bütövdən şirindi narın,
Şərabın köhnəsi nuşa yatan tək….
* * *
Ustacın bir mərrə ağlı qalmayıb,
Nə çox, dağlar yarıb, səhra dolanıb,
Armudun yaxşısı ayıya qalıb,
Naşının xırmanı qışa qalan tək….
21-23.04.2016. (11:25) . Bakı.

Zaur Ustac “NİŞANGAH” kitabından
© Zaur USTAC,2016. Bakı.
Əlavə olaraq videolar burada:
https://www.youtube.com/zaurustac

Müəllif: Zaur Ustac

Advertisements

Zaur USTAC : USUBCAN ƏFSANƏSİ

 

agdam_ay

İKİNCİ  YAZI

Zaur USTAC : USUBCAN  ƏFSANƏSİ

Salam, dəyərli oxucum bu yazını həm Gülünün xahişi üzərinə, həm də bir növ onun mənə xatırlatdığı borc kimi dəyərləndirərək, qələmə aldım. Yazım Azərbaycanın, Qarabağın, dilbər guşələrindən olan qədim tarixə malik Yusifcanlı (Sufcalı, Usubcanlı) kəndi, onun tarixi, yerləşdiyi ərazi,adət-ənənələri, insanları haqqındadır. Yusifcanlı kəndinin yerləşdiyi ərazinin lap qədimdən, yəni Miladdan öncədən də yaşayış məntəqəsi olması müzakirə mövzusu belə ola bilməz – bunu kədinöz ərazisi daxilində yaşayış üçün əlverişli olmasına baxmayaraq, dəfələrlə yer dəyişməsi, ən qədim inancların 1993-cü ilin yayına kimi ilk günlərdə (ibtidai dövrlərdə – Adəm oğullarının indiki Təbriz şəhərinin olduğu ərazidən  Ağrı  dağı istiqamətində hərəkətə başladığı ilk vaxtlarda – hansı fikrə inanmağımızdan asılı olmayaraq) olduğu kimi təzə-tər qutsal şəkildə yaşaması, qədim “Elçi yolu” adlanan karvan yolunun üzərində yerləşməsi, bu günümüzdə də demek olar ki, bütün ərazidən addımbaşı müxtəlif dövrlərə aid maddi-mədəniyyət nümunələrinin tapilmasıdır. Əsasən 1950-60-cı illərdə kəndin ətraf ərazilərində eləcə də daxilində qazıntılar zamanı tapılmış küplərin dəqiq İslamdan qabaqkı dövrə aid olduğu sübut olunmuşdur. Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnsitutunun əməkdaşlarının 1950-də “Kültəpə”, 1960-da isə “Çalağantəpə”də bir çox qədim maddi-mədəniyyət nümunələri tapılmışdır ki, bunların içərisində 7 – min illik tarixi olan daşlaşmış. kömürləşmiş buğda dənələri olmuşdur. Yusifcanlı kəndinin zəngin və olduqca qədim özünəməxsus tarixinə bir də inancalr bölməsində sadə xalqın təbii, tərəfsiz və qatqısız baxışları fonunda nəzər salacağıq. Bu bölmədə qısaca deyə bilərik ki, dövrümüzdə də hamı Nüşiravanlığı, Şah İsmayılı, Şah Abbası, Nikolayı, Lenini, Müsavatı- Hürriyətçiliyi, Stalini bütün gavur(kafir)-müsəlman, sünni-şiə, erməni-müsəlman(türk), dünya müharibələrin dildən-dilə, ağızdan-ağıza yaxşı xatırlayır və bütün bu tarixi hadisələr Azərbaycanın bütün torpaqları kimi həmişə Yusifcanlını da ətkiləmişdir. Özəllik ondadır ki, həmişə bütün hadisələrin tam ortasında qalmağına baxmayaraq, xüsusi ilə 1970 – ci ildən sonra – bu fakt olaraq belədir – böyük siyasətçi Heydər Əliyev 1969-da hakimiyyətə gələndən sonra Yusifcanlı böyük bir sıçrayışla inkişaf etmiş, 1990-cı illərdə sözün əsil mənasında ən parlaq – briliyant dövrünü yaaşamışdır, məhz briliyant- bunu ancaq və ancaq belə adlandırmaq olar. Bütün dörlərdə göstərici iqtisadi vəziyyətdir: tam əminliklə qeyd edirəm ki, öz təmiz əməyi, zəhməti ilə yaşayan Yusifcanlı kəndində 1993-cü ilin yayında bir ailəni belə kasıb adlandırmaq olmazdı. Məsələn, orta statistik ailə hərbi xidmətdə olan varsa var, yoxsa hamı ailədə- kəndədir. Hamı işləyir. Həyətin meyvəsi, mal-qaraya da baxmaq lazımdır. Əsgərə nişanlanıb gedir, gələn kimi heç bir problemsiz ev tikilir toy edilir. Bütün aillələrin ən azı bir minik avtomobili və bir-neçə kənd təsərrüfatı texnikası var idi(adı savxozun olsa da). İnsanlar lap qədimdən bu tarixə qədər- 1993- cü ilin yayının o gününə səhər saat 10:00 – a qədər qurub yaratdılar. Hətda o gün də hamı səhər-səhər adö qaydada durub işə getmişdi, ancaq daha heş kim işdən öz evinə qayıda bilmədi. Bu sətirləri sözlə yazmaq çox asandır, ancaq dərk etməyə baş lazımdı – bir anın için də əsrlərdən bəri ata- babaların qurub yaratdıqlar bir göz qırpımında məhv olur yerində bir quru sözlər(hələ şükür, min şükür ki, biz Azərbaycan kimi bir ölkədə yaşayırıq) bir də nə vaxtsa mütləq bu torpaqlara qayıtmaq  ümidi  qalır…

agdam-nagorno-karabakh-1

Yusifcanlı kəndinin böyük bir hissəsi 1994-cü il aprelin 12-də Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur, kiçik bir hissəsi isə ordumuzun nəzarəti altındadır.

Tez-tez Ermənistan silahlı qüvvələri Yusifcanlı kəndinin işğal olunmuş hissəsindən Azərbaycan ordusunun üzbəüz mövqelərini atəşə tutur. Bütün hallarda  Azərbaycan Silahlı Qüvvələri  cavab atəşi ilə qarşı tərəfi susdurur.

Usubcan əfsanəsi

Əfsanənin kökləri Şah İsmayılın zamanından şox əvvəllərə gedib çıxır; deyilənə görə çox-çox qədimlərdə yəni, Şah İsmayıl  toy-büsatla bu yerlərdən keçib Təbrizə getməmişdən çox əvvəl Qarqarçayla Qobu arasındakı qalın olduqca sıx, keçilməz meşənin ortasında yerləşən bu kənddə Usubcan adlı çox güclü bir gənc yaşayırmış bir ucu Ərdəbildə, Təbrizdə bir ucu Bərdədə, Gəncədə, İrəvanda, Makuda bu ətrafda bunun kürəyini yerə vuran yox imış. Usubcandan əvvəl kəndin yəqin ki, hansısa adı olub, ya bəlkə də heç olmayıb. Nəsə əfsanəyə görə Usubcanın şöhrəti artdıqca kənd də tanınmağa başlayıb. Şah İsmayılın padşahlığı başlayandan sonra kənd Təbrizdən gəlib Gəncədən keçib gedən “Elçi yolu”-nun üstündə qalması ilə sonralar ətraf şəhərlərdən belə adamların köçüb gəlməsi(Qaladan zaman-zaman daha çox köçüb gələn olub- bu da yenə köç yolunun üzərində olması ilə əlaqəli olub yəqin) ilə daha da böyüyən kənddən ətrafa gediş- gəliş artıb; hardan gəlmisən sualının cavabı sözsüz ki, həmişə Usubcanın kəndindən olub. Bu minvalla sonralar aşağı (Təbrizə, Araza tərəf), yuxarı (Gəncəyə, Kürə tərəf) sülh vaxtı tacirlər, müharibə vaxtı əsgərlər yolüstü kəndin adın “Usubcanlı”, “Sufcanlı” deyə yaymağa başlamışlar. Günümüzdə də “Yusifcanlı” ancaq sənədlərdə yazılır, yəni siz bu kənddən olan bir nəfərdən soruşsaz ki, hardansan cavab ” Sufcanlı” olacaq.

 

Kəndin sayılıb seçilən ağsaqqalları olub:

  • Hacı İsmayıl,
  • Hüseyin Qara ,
  • Abış Kişi ,
  • Məşədi Mustafa ,
  • Vəli Kişi ,
  • Talış Kişi,
  • Məşədi Əzim ,
  • Cümşüd Kişi ,
  • Molla Mürşüd,
  • Alagöz Kişi və başqaları bu kənddə həmişə ağsaqqal sözü eşidilib, hörməti saxlanılıb. Bu yerdə özümün şəxsən müşahidə etdiyim  maraqlı bir məqamı diqqətinizə çatdırmağı özümə borc bildim. Deməli, son günlərədək, yəni şəhid xəbərləri, yas mərasimləri toyları səsiz edənə qədər heç kim cürət edib toy-düyün və digər şadyanalıq  şölənlərində süfrəyə sipirtli içki qoya bilməzdi. Cavanlar (içmək istəyənlə) gizlin bir yolun tapıb içərdilər. Ümumiyyətlə kənd camaatı çox dindar və adət -ənənələrə sadiq idi. Əsrlərdən bəri süzülüb gələn Şiəlik mövcud olmuş  atribut və tədbirləri  ilə bütün dönəmlərdə fasiləsiz şəkildə nəsildən nəsilə (babadan – nəvəyə)  ötürülmüşdür. Novruz bayramı “Qarqara çıxılan gün” , “Çilə günü”, “Çilə bayramı” (“Novruz”-dan başqa çox adlarla) çox zəngin adət və tədbirlərlə, oyunlarla həmişə,  bütün dövrlərdə fasiləsiz olaraq qeyd olunmuşdur. Qarqara çıxılan gün (21 mart)  bütün ətraf bölgələrin camaatı da “Sufcanlı”-ya bayramı qeyd etməyə, bəlkə də daha çox Kəndirbaza baxmağa, Dirədöymə oynamağa yığışardılar. Kəndə bayram tədbirləri fevralın axırında yanan yalançı çərşənbə ilə başlayar, qalan dörd gerçəkci  çərşənbələrin hamısı yelləncək günü kimi qeyd olunardı. Bu günlər  (dörd çərşənbə boyunca) evdə heç kim qalmaz hamı kəndin kənarında yellənck ağaclarında  (iki-üç yerdə) qurulmuş yelləncəklərin  ətrafına toplaşar, yumurta döyüşər, dirədöymə oynayardılar. Bayram şöləni hava tam qaralana qədər yelləncəklərin ətrafında, sonra məhlələrdə ki, çərşənbələrin başında, çox vaxt səhərə qədər evlərdə davam edərdi. Axırıncı çərçənbə məxsusi olaraq “Çilə gecəsi” adı ilə qeyd olunar, sübhə qədər hamı oyaq qalardı. Bütün yaş qrupunda olan insanlar dəstə-dəstə toplanar əvvəcədən hazırlıq görüb, seçilmiş evlərdə Çilə keçirərdilər. Bu gecələr çox maraqlı idi. Ən birinci hamı bu gecəni ilboyu səbirsizliklə gözləyərdi ki, Dağdağan ağacının altında niyyət edib, budağından gözmuncuğu düzəltmək üçün kəsəcək.  Kosa gedilər, torba atılar, cavalar niyət tutub dinləməyə gedərdilər. Maraqlı oyunlar oynanılırdı. Sübh olanda sonucu tonqal qalanar. (Sübhdən.) Kəhriz üstə gedilər, yol boyu arxların üstündən hoppanır, tənəyin altından keçərdilər. Qayıdanbaş kəhrizdən su gətirərdilər. Həmin gün martın neçəsinə düşürdüsə, o gündən 21-i matra (Qarqara çıxılan günə) qədər hər gün bayram olardı. Adamlar bir-birlərinə gedib gələrdi. Bu gün nə qədər çox olsa uşaqlar o qədər də sevinirdi. Kəndimiz adından əlavə Çöpçülər (boğazda qalan çöpü çıxardan türkə-çara təbiblər), Mollalar, Seyidlər adları ilə də tanınmışdı. Günü bu gün də (14 mart 2014) baxmayaraq ki, bütün kənd camaatı  bütün dünyaya səpələniblər, baş tutan məclislərdə – adətən toylarda ilk söz mütləq seyidlərə verilir.

7149

 

 

Seyidlər:

  • Seyid Məmməd,
  • Seyid Əhməd,
  • Seyid Həşim ,
  • Seyid Mirəliş (Seyid Əliş) və başqaları gənclər…

Mollalar:

  • Molla Məmmədbağır ,
  • Molla Fərrux,
  • Molla Qulu ,
  • Molla Məhərrəm ,
  • Molla Məmməd və başqaları gənclər…

Sənətkarlar:

  • Təlifçi Pöhrüz ,
  • Dəllək Fəqan ,
  • Dəllək Allahyar ,
  • Usta Hümbətalı ,
  • Usta Fazil ,
  • Usta Şahin ,
  • Usta Yamən və başqaları gənclər… Deməli təlifçilər xeyir və şər mərasimlərində atın belində məhlə-məhlə gəzərək, bütün evləri bir-bir sabahkı və ya bir-neçə gündən sonra olacaq tədbirə (toy-düyün, yas məclisi;3,7, 40, il) dəvət edərdi. Təlifçinin mətni təxminən belə idi: “ Məhəmməd, Məhəmməd sabah Əhməd oğluna toy edir, ora dəvətlisiz…”  Dəlləklər həm təraş həm də sünnət işinə baxırdılar. Digər ustalar ev tikmədən tutmuş, müxtəlif xirda işlərə qədər bütün məsələri həll edərdilər.

İnanclar:

Yuxarıda qeyd etdik ki, Yusifcanlı kəndinin ərazisində lap qədimlərdən yaşayış olmuşdur. Təbiidir ki, mədəniyyət də müxtəlif və zəngin olacaqdır. Günümüzdə kəndin əhalisi bir mənalı olaraq şiə-müsəlman Azərbaycan-Türklərindən ibarət olub, bir dildə Azərbaycan Turkcəsində danışırlar. Bu tərkib Şah İsmayılın zamanından bəri belə formalaşıb və illər ötdükcə daha da möhkəmlənib, yekcinsləşib. Ancaq bunula belə ən qədim Totemizmdən üzü bəri Atəşpərəstlik-oda sitayiş və xristianlıq İslamla(Şiəlik) birlikdə yaşamış, hamısının varlığı sübut olunmuşdur. Zamanla demək olar ki, Xristianlıq öz izlərini qoyub tam ərimişdir, yəni Albaniya dövründən sonra, xüsusi ilə də İslamın qəbulundan sonra həm də kənd camaatının qatı dindar olması səbəbindən Xristianlıq öz izlərini bir neçə məsəldə və islamdan əvvəlki dövrə aid küplərin dibindən tapılmış şərab, üzüm çəyirdəyi qalıqlarında qoyub bir dəfəlik zamanın arxivinə keçmişdir.

Günümüzədək ağaca inam Totemizmi özünü qoruyub saxlamış və onu qeyd edim ki, Dağdağan ağacı müqəddəs sayılmaqla bərabər kəndin ərazisindəki xüsusi bir Dağdağan ağacı var ki, onun hörməti son günlərə qədər kənd məscidinin hörmətindən çox olub ki, az olmayıb. Bu ağacla bağlı rituallarda kifayət qədər Şamanizm əlamətləri də olub.

Atəşpərəstlik-Oda sitayiş də həmişə İslamla qoşa addımlayıb. Belə ki, sadə insanlar, yəni xalq, əsas elektarat bir dəfə Allaha and içəndə beş dəfə də Oda, Günəşə and içib həmişə: “o, Gün haqqı”, “o, İşıq haqqı”, “o, isti zindan haqqı” hətta daha müasir formada, “o, peç haqqı” od-ocaq həmişə müqəddəs sayılıb.

Adətlər:

  • Yellənçək (bayram adəti) ,
  • Çilə çıxartmaq (bayram adəti) ,
  • Qarqara çıxmaq (bayram adəti) ,
  • Ciyar axşamı (toy adəti) ,
  • Kəmləşmək (toy adəti) ,
  • Kosa getmək (bayram adəti) və başqa unutduqlarım ola bilər, baxmayaraq ki, çalışmışam heç nə yaddan çıxmasın..

Bayramlar- bir bayram var idi o da bahar bayramı;

  • Qarqara çıxılan gün

Oyunlar:

  • “Topaldıqaç”,
  • “Huydurma ağac”,
  • “Dirədöymə”,
  • “Mətə-mətə”,
  • “Ənzəli”,
  • “Çilikağac” və başqa unutduqlarım ola bilər…

Şəhidləri- bu qanlı- qadalı ilər bizim kəndən də yan keçmədi, əksinə tam ortasında qaldı, ən anlaşılmaz (bu gün-14 mart 2014, cavabsız suallar çoxdur…) məqamlar yaşadı. Canlar aldı və hələ də almaqda davam edir….

“Ustaclıyam, əlim ərşi – əlada,

Bu nə sitəm, Millətim nə bəlada???!!!…”

  • Vahid Abbasov Muxtar oğlu
  • Knyaz Abbasov Əliqulu oğlu
  • Əliyev Zəfər Düşgar oğlu
  • Tağıyev Həmzə Tağı oğlu
  • Hüseyinov Hüseyin Əkbər oğlu
  • Mejdunov Etiraz Oruc oğlu
  • Xəlilov Elbar Eldəniz oğlu
  • Seyidov Abuzər Rəsul oğlu
  • Rüstəmov Sərdar Böyükkişi oğlu bu siyahının bitməsini daha uzanmamasını arzu edirəm….

İtginlər – şəhidlərimizdən əlavə səsi-sorağı olmayan oğullarımız da var:

  • Quliyev Heydər Qurban oğlu,
  • Rüstəmov Azad Həsənqulu oğlu,
  • Əliyev Kamil Hidayət oğlu,
  • Quliyev Mübariz Ramiz oğlu, bitsin bu siyahılar…..

Tarixi abidələri:

  • Yataq təpəsi ,
  • Cənnətalı məscidi,
  • Mahmudun körpüsü ,
  • Hacı İsmayıl məscidi ,
  • Su dəyirmanı ,
  • Hacılar Od dəyirmanı (motorla işləyən) ,
  • Qayabaşı Od dəyirmanı (motorla işləyən) , çalışmışam heç nə yaddan çıxmasın, ola bilər mənə məlum olmayanlar da ola bilər…

Meydan və küçələr:

  • Həbibin evinin dalı (baş meydan) ,
  • Dükanın qabağı ,
  • Poçtun qabağı ,
  • Daş yol (əsas yol ),
  • Dar yol (aralıq yol da deyilir), çalışmışam heç nə yaddan çıxmasın, ola bilər mənə məlum olmayanlar da ola bilər…

 

Toponimlər:

  • “Elçi yolu” ,
  • “Köhnə Qarqar” ,
  • “Təzə Qarqar” ,
  • “Qışlaq arxı” ,
  • “Təzə arx” ,
  • “Yataq təpəsi” ,
  • “Təpə-təpələr” ,
  • “Üzərlik təpəsi”,
  • “Öküzçü” ,
  • “Daşlıq aralığı” ,
  • “Kərpicli” ,
  • “Quzeydən” , çalışmışam heç nə yaddan çıxmasın, ola bilər mənə məlum olmayanlar da ola bilər…

 

Bağları:

  • Vəlinin narlığı ,
  • Hərifin palıdlığı ,
  • Mahmudun bağı ,
  • Böyük bağ ,
  • Kiçik bağ ,
  • Saqqızlq ,
  • Şıx Həsən,
  • Hacılar qırması, çalışmışam heç nə yaddan çıxmasın, ola bilər mənə məlum olmayanlar da ola bilər…

 

Məhəllələr:

  • “Sivişdili” ,
  • “Ənbərdə” ,
  • “Hacılar” (Hajılar) ,
  • “24-lər” ,
  • “Şəhrili” ,
  • “Təzə məhlə” ,
  • “Aşağı məhlə” ,
  • “Yuxarı məhlə” , çalışmışam heç nə yaddan çıxmasın, ola bilər mənə məlum olmayanlar da ola bilər…

 

Aydınları:

  • Kərbəlayi Əşrəf (1895 – 1959) -din alimi ,
  • Sadıqov Hümbət (1922) – tanınmış müharibə veteranı, şair,
  • Zeynalov Qurban (1926 – 1941) – publisist, müəllim,
  • Əhməd Qasımov (1927 – 1998) – ictimai xadim, jurnalist,
  • Şahnəzər Hüseyinov(… – 2004) – alim,
  • Abbasov Zeynal (… – …) – alim,
  • Xəlilov Allahqulu(… ) – hərbiçi, polkovnik,
  • Əmirov Həsən (….) – hərbiçi, polkovnik,
  • Salam İbrahimoğlu (1950) – rəssam, şair,
  • Şahin Qasımov (1951) – mədəniyyət işçisi ictimai xadim və başqa digər onlarla gənclə bu siyahını uzatmaq olar…

Coğrafiyası və iqlimi:

Bu kənd Ağdam  şəhərindən 12 km cənub şərqdə, Qarqarçayın  sağ sahilindəki ərazidə yerləşir. Əslində, kəndin özü indiki Qarqarın yox, çayın ən qədim yatağı olan Köhnə Qarqarın sağ sahilində yerləşir. Ərazi çox da böyük olmayan yastıdüzənlik olan Qarqarçayın Kaynozoy erasının dördüncü dövr gətirmə süxurlarından ibarətdir. Üzəri isə qalın gil-torpaq qatı ilə örtülmüşdür. Bu qat suvarma əkinçiliyi üçün çox əlverişli olub, məhsuldardır. Ərazinin əsas problemi su məsələsidir (yerin 120-150 metr dərinliklərində keyfiyyətli sular kifayət qədərdir). Kəndin suya olan təlabatı bir kəhriz, bir neçə arteizan, həyətlərdəki çoxlu sayda fərdi su quyuları, mövsümdə sel olarsa Qarqarçaydan  götürülən sular və Tərtərçaydan,  Mərzili çölünəqədər çəkilmiş Ağdam kanalından götürülən suların hesabına ödənilir.

Kəndin torpaq sahəsi Qarqarçayın  sağ sahili boyunca qərbdən şərqə doğru 4 km, şimaldan cənuba isə 4 km-dən az uzanır. Göstərilən bu ölçülər daxilində kəndin ümumi sahəsi 15 kvadratkilometrə qədərdir ki, bu da 1500 hektara qədər torpaq sahəsi deməkdir. Bu qədər sahənin 700-800 hektarı əkin üçün yararlı, o cümlədən 450-500 hektarı isı üzümlüklərdir.

Kənd ərazisinin şimal hissəsində Qarqarçay  özü təbii sərhəd təşkil edir. Qərbdə Novruzlu kəndi ilə Yusifcanlı arasından “Qobu” deyilən “Quru çay” dərəsi keçir ki, o da öz suyunu Qarqarçaydan götürüb. Qobudan əlavə “Qışlaq arxı” (Qışdı arxı) və “Köndələn arxı” da suvarmada istifadə olunub. “Köndələn arx” qonşu Mərzili kəndi ilə təbii sərhəd təşkil etməklə uzanıb şərq qonşumuz Ağcabədi rayonunun Qiyaməddinli kəndinin ərazisinə qədər gedir. Şərqdən Ağcabədi  rayonunun Qiyaməddinli kəndi ilə sərhəd təşkil edir ki, o isə başqa kəndlərə nisbətən daha yaxında yerləşir. Qarqarın sol sahilində Əfətli və Acarlı kəndləri ilə qonşudur. Yusifcanlı kəndininbir hissəsi olan “Quzeydən” massivi Mərzili tərəfdədir. “Qızlar” arxı da buradadır. Yusifcanlı-nın coğrafi kordinatları aşağıdakı kimidir: 39 dərəcə, 58 dəqiqə, şimal enliyi isə 47 dərəcə, şərq uzunluğu, yəni, kənd Bakıdan 3 dərəcəlik məsafədədir. Bu da hava xətti ilə 256 km edir.3 dərəcəlik məsafə isə 12 dəqiqə vaxta bərabərdir. yəni Bakıda 8 tamam olanda kənddə 8 – ə hələ 12 dəqiqəqalır. Günəş Yusifcanlı-da Bakıdan 12 dəqiqə sonra çıxır.

Digər məsafə və ölçülər: Yusifcanlı-dan İran sərhəddinə,Araz çayına qədər olan məsafə hava xətti ilə 110 km-dir.Kənddən ekvatora qədər olan məsafə 4450km, şimal qütbünə qədər isə 5565 km-dir. Coğrafi kordinatlardan da göründüyü kimi Yusifcanlı nəinki Azərbaycanın, habelə dünyanın ən gözəl və mənzərəli yerinin düz ortasında yerləşir. İqlimi mülayim, quru subtropik iqlimə malikdir. İllik maksimum temperatur 39-40 dərəcə, minimum temperatur isə 10-13 dərəcə təşkil edir. İllik yağıntının miqdarı minimum 250-300 mm, maksimum isə 550 – 600 mm miqdarında olur. Buxarlanma çox olduğundan süni suvarmaya ehtiyac var.

Flora və faunası:

Kəndin əsas təbii sərvətləri – gözəl ( olduqca mülayim ) iqlim şəraiti, münbit torpaqları, bu torpaqların dərinliyindəki subartezian suları, illik günəşli günlərin çox olması, kəndətrafı ucaboylu bağların varlığı, palıd meşəsinin yayılması ola bilər. Bu bağlar və palıdlıqlar hələ çox qədimlərdə təbii meşəliklər olub. Bitki örtüyü zəngindir. Onlardan palıdı, qaraağacı, qozu, qovağı, tut ağacını, yabanı nar, saqqız ağacı, dağdağan, habelə cır üzüm, böyürtkan və qaratikan kollarının dibində bənövşə və qulançarı göstərə bilərik. Çollər xüsusi əhəmiyyətli biyan – la başdan-başa örtülür.

14656413_245641719183854_122288930104648622_n

Bu zəngin bitki aləminin içərisində heyvanlardan canavar, çaqqal, tülkü, meşə pişiyi, vaşaq, köstəbək, kirpi, porsuq, ilanlar, tısbaöa, qurbaöa, quşlardan – çalağan, qaraquş, qara qarğa, boz qarğa, saxsağan, qaratoyuq, göyərçin, sərçə, alabaxta, köç vaxtı vağlar və digərləri də yaşayır.

Əziz və çox dəyərli oxucum, əgər bu sicilləmə baş alıb gedən – tam səmimi olaraq onu qeyd edim ki, bir təhər qısa-qısa danışıb güclə yekunlaşdırdım…. Yazdıqca yada düşür və səndə yazmaq istəyirsən. Ancaq əvvəldədə qeyd etdim yazının bəlli bir nəqsədi var və Gülü xanımın istəyi, tələbi. Onun qoyduğu çərçivə daxilində yazmağa çalışdım. Yazı zamanı, əsasən gördüklərimə və eşitdiklərimə ( dədə – babadan, tarix müəllimim  Əbdüləli müəllimdən – ruhu şad olsun…) əsaslandım.  Bəzi yerlərdə -əsasən coğrafi məlumatlarda dəqiqliyi gözləmək xatirinə öz coğrafiya müəllim Yusif müəllimin  və yuxarıda qeyd etdiyim kimi,  hamımızın fəxri olan    Şahin müəllimin həmmüəllif olduqları  kitabdan

(Yusif Əkbərov, Şahin Qasımov “Qarabağda bir kənd var – Yusifcanlı”. Bakı. 2004)

İstifadə etdim. Qızıldan qiymətli vaxtınızı ayırıb bu yazını oxuduğunuza görə təşəkkür edirəm… Həqiqətən də belə getsə,  gücümüz  ancaq “Qarabağda bir kənd vardı…” deməyə çatacaq… Bu məsələ çox uzandı… Torpaqlara qayitmaq vaxtı çoxdan çatıb….. Kimsə ümid edir ki, vaxt ötdükcə  torpaqlar  unudulacaq  yanılır. Bu yazı elə bunun ən bariz sübutudur, Bakıda doğulmuş Ağdamı, Yusifcanlını söhbətlərdən tanıyan Gülü belə bir yazı tələb edirsə, yenə Bakıda anadan olmuş heç söhbətlərdən də bir şey anlaya bilməyən 5 yaşlı Tuncaydan soruşanda ki, “ə, sən haralısan?” – Xüsusi bir ədayla, şəstlə cavab verirsə ki, – “Ağdamlıyam” –  demək bu söhbət bitməyib… Sadəcə biz böyüklər çalışmalıyıq  ki, atalardan bizə miras qalan bu problemlər indiki “Ağdamlıyam”, “Qarabağlıyam”  deyən körpələrin çiyinlərinə yükləməyək… Görürsənmi, dəyərli oxucum sağollaşandan sonra da söhbət bitmir ki, bitmir……

14.03.2014. Bakı.

Zaur USTAC.

© Zaur USTAC,2016.

Müəllif: Zaur Ustac

 

Allahşükür AĞA Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olundu.

14117907_520941311424779_3502726956428732283_n

“….Poetik-bədii cəzbetmə ruhun əks cazibəsidir; belə halda bədii fikrin oxucu yaddaşına göstərdiyi təsir ya qabarıq ədəbi zərurətə yol açır, ya da kosmoloji hissi-düşüncəyə bədii elastiklik verir. Açığı, bəzi şairlərdə poetik ruh məhz bu zəminə əsasən şaquli yuxarı yönəlmiş şəkildə olur. Səmimi etiraf edək ki, istedadlı şair Allahşükür Ağanın poeziya nisbətində də şaquli yönəlmə poetik səmt və effektiv-vizual əhatə tapır, yaddaşa əlavə yüklənmə yaradır. Əslində, o, fikri çox vaxt vektorial vəziyyətə bükür deyə, onun ədədi qiymətini təyin etməyi bacarır. Ümumiyətlə, Allahşükür Ağanın bədii fikirlərinin çoxunun tətbiq nöqtəsi poetik ruha təsirin yerləşmə xəttində fəlsəfi təcəlla yaradır. Qələmə aldıqlarına nəzər saldıqca belə qənaətə gəlirik ki, o, dolğun ədəbi hissi ilə bədii-fəlsəfi fikrin mümkün əhatəsini tapa bilir. Belə deyək, Allahşükürün mənada məntiq doğuran əksər şeirlərində bu əhatə var. Çox vaxt bu əhatədə ciddi ağrı-acı faktları sərgilənir: lakin dünyagörüşlü şair ağrının ictimai və ədəbi ovqatında bir toxtaqlıq üzə çıxarır, bu ovqatın sistem parametrində həyatı həm də mübarizlik faktı kimi əks etdirir…”

Bu sətirlər  Azərbaycan Yazıçılar Birliyinin üzvü, Hikmət Məlikzadənin”Eyhamın ovqat xarakteri…” adlı yazısındandır  və Allahşükür Ağa haqqında deyilib.

Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinə üzv olan Allahşükür Ağa yazarlarımızın sırasında öz yerini rəsmi  addımla bir az da möhkəmlətmiş oldu. Çox sevinirik ki, yazarların sırasında belə bir istedadlı gənc  var! Gənc yazara yeni-yeni yaradıcılıq uğurları arzu edirik!!!

Aşağıda  Allahşükür Ağadan bir-neçə şeir təqdim edirik:

Xəbərin varmı?

Xəbərin varmı,
Buludlar əvvəl külək olublar
Küləklər də min il əvvəl ürək
imiş.
Ürəyi küləyə döndərən qızlar,
Sonra da dönük çıxıblar
sevdiklərinə.
Küləklər min ildi əsir
Buludlar min ildi yağır.

İndi sən küləyi saxlaya
bilərsənmi
Saçında,
Barmağının ucunda?
inanıram saxlayarsan
Körpənin əlindən
Tutduğun vaxt,
Ya da belə,
zivədən düşən uşaq corabı
Özgə həyətə uçmasın
deyə
külək dayanar,
Tək corabın xətrinə.
Axı o corabı sən asmışdın
zivədən…


QADIN

Gərək biz qadınları bağışlaya biləydik
Vaxtında.
Biz neylədik,
Hələ onlara həbsxanalar tikdik
Ilin günün bu vaxtında.
Doldurduq sevgiləri dar otaqlara,
Yazdığımız sevgi şeirləri
Gəlmədi kara.
Ya biz sevgi şeirlərini
Zəif yazmışdıq,
Ya da tor qurmuşduq
Zərif, qəşəng qadınlara.
Amma gəlin etiraf edək,
hər bir qadının məhkumluğunda
Biz kişilərin əli var.
Doldurduq dar otaqlara
Anaları,
Bacıları,
Laylaları.
Hər kişinin həbsxanada yatan
Unudulan “bir gözəli” var.


TƏZAD

Gözümdə ildırım çaxır,
Ürəyimdə günəş doğur.
Təzad deyilmi?.
olum və ölüm kimi.

Və yaxud

Əlil arabasında əyləşən qızın
ayaqqabı hirsi,

harasa çıxıb gedən ayaqlarının
yaddaşını yandırır indi.
Bəzi adamlar bilmir,
əlil arabası ilə qolboyun olan həyatın şirinliyini.
Ayaqları olanla yerimir həyat,
Amma şikəst ayaqları ilə
Dördnala çapır həyat.
Nə qəribə təzad.


Hardasa bir qız…
Hardasa, uzaq bir kənddə,
O kəndin ucqar dar daxmasında
Bir qız var,
Başını dizinə qoyub ağlar.
Əlində üz qabığı cırılmış
bir kitab…
Külək kitabı vərəqləyir
Şap – şap.
Anası pambıq yığan,
Atası mal otaran.
Gözünə bax,
Büsbütün qan – yaşdı.
O qızı ölmüş bir şairin
Sevgi şeirləri
Aldatmışdı.


ÜRƏYİM

Ürəyim bir dənizdi,
Dalğalananda
Gedib sənə dəyir
Bir ləpəsi.
O saat bilirsən,
fikirlərim sındırıb
bir dar qəfəsi.

Yazarlar.az olaraq gənc yazarımızı bir daha təbrik edir, yeni-yeni yaradıcılıq nümunələri gözləyirik!!!!  Uğurlar!!!! Yolun açıq olsun, Allahşükür Ağa!!!!
Yazarlar.az

Leyla HƏSƏNOVA : ŞİŞ PAPAQ

 

 

14925525_1287112994693523_5906085212854968764_n

 

Şiş papaq – konusvari formada olub, həmçinin, “Zərnəva papağı”, “Molla papağı”, “Qəbələ papağı”, “Züllə papaq” da adlanırdı.
El içində, ümumən isə Azərbaycan xalqını səciyyələndirən mərdlik, igidlik və sədaqətlilik və b. müsbət keyfiyyətlərin məcmusunu yaradan papaq barədə bəhs etdiyimiz təsadüfi deyil. Bu haqda ətraflı danışmaq xalqımızı, el-obanı daha dərindən tanımağa və tanıtmağa. Mənəvi tariximizin, məişətimizin, tarixi keçmişimizi öyrənməyə xidmət edərdi, elə həm də ellərimizin, başqa xalqlar arasında özümlü yerini sanballı görməyə, göstərməyə kömək edir.
Papağın şərqdə, xüsusən də Azərbaycan xalqı arasında böyük rəmzi mənası olmuşdur. Papaq sözü ana dilimizdə «kişilik», «namus», «qeyrət» kimi məfhumları ifadə edir.
«Papaq» məfhumu ilə əsasən müsbət məzmunlu ifadələr, atalar sözləri özünü qoruyub saxlamışdır. Məsələn: «Papaq başda yırtılar, başmaq ayaqda», «Papaq isti, soyuq üçün deyil, namus üçündür», «Papaq altda oğlanlar yatır», «Papağı günorta yerindədir», «Doğru danışanın papağı yırtıq olar», «Qızı otaqlıya yox, papaqlıya ver», «Papağını hərləsən, il gəlib keçər», «Papaq elə, işimizi bilək», «Papağını qabağına qoyub fikirləşmək». Bu ifadə müəyyən məsələ barədə qəti qərara gəlmək, xeyli düşünüb- daşınmaq mənasında işlədilir. Fikirləşən adam tək deyil, onun məsləhətçi yoldaşı- papağı da var. «Papaq» kişinin namusu, mənliyi sayıldığı üçün o bu məsuliyyəti duyaraq necə deyərlər, tək də olsa papağı ilə məsləhətləşir. Çünki onun çıxaracağı qərar, verəcəyi hökm onun papağını, adını həm qaldıra, həm də batıra bilər.

Müəllif: Leyla Hesenova

Leyla HƏSƏNOVA : ÇAPMA PAPAQ

14657275_1287115181359971_8665207676570465338_n

Çapma papaq – qiymətli (qıvrım tüklü) sür dəridən tikilərmiş. Bu papağın ortası uzunsov şəkildə çökək hala salınırdı. Papağın bu növü «Sür papaq» da adlanırdı.
VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILARDI…
Bir zamanlar Azərbaycan kişisinin papağı onun qeyrət simvolu hesab olunurdu, analarımız öz böyükləri ilə üzləşəndə yaşmaq tutardılar, qadın-kişi, böyük-kiçik arasında iffət və hörmət pərdəsi var idi.
Bəzən Azərbaycanın tarixinə, keçmişi və bu gününə nəzər salanda bir çox ziddiyətlərlə üzləşirik. Problem bundadır ki, bilinmir o vaxt azərbaycanlıydıq, yoxsa indi. Axı bu gün hamı deyir avropalıyıq…
Avropalısansa, deməli avropalıya da oxşamalısan. Ancaq hansı cəhətdən avropalıya oxşamalı və hansı cəhətdən azərbaycanlı olmağımızı ayırd edən heç bir tezis mövcud deyil. Əslində, belə bir çaşqınlıq içərisində çabalamağımız, həm avropa və qərblilərin marağına cavab verir, həm də Azərbaycanın bir sıra asılı və müəyyən dairələrinin mənafeyinə uyğundur. Onlar bu çaşqınlıqdan istifadə edərək, insanları istədikləri istiqamətə sürükləyə bilirlər.
Əgər diqqət yetirsək görərik ki, biz avropalıların elmi-texniki inkişafından deyil, məhz “mədəniyyət”indən yararlanaraq, yalnız bu sahədə inteqrasiya edirik. Sanki Azərbaycanın öz keçmişi, mədəniyyəti o qədər zəif və kasaddır ki, başqalarından dilənirik.
Bəzən müasirlik kəlməsini elə tərzdə işlədirik ki, keçmişimiz deyəndə xəcalət çəkirik. Amma anlamırıq ki, bizim də öz mədəniyyətimiz və bağlı olduğumuz dəyərlərimiz olub. Bu dəyərlər əsas etibarilə zamandan asılı deyil, daim dəyişməz və sabitdir. Oğurluq o zaman da pis idi, indi də pisdir. Namussuzluq o zaman da pis idi, indi də pisdir. Amma bu gün biz bir çox dəyərlərimizi, özümüzün də düzgün anlamadığımız “inteqrasiya” və “müasirlik” kimi ifadələrə qurban vermişik. Keçmişdə insanlar öz dəyər və mədəniyyətlərini cəmiyyətin insani keyfiyyətlərindən süzülüb gələn həqiqətdən əldə edirdilər. Ancaq müasir dövürdə bizim dəyərlərimiz, mədəniyyətimiz və hansı tərzdə yaşamağımızı hansısa maraqlı dairələrin apardığı təbliğatla müəyyənləşdirilir.

Müəllif: Leyla Hesenova

Leyla HƏSƏNOVA : ŞƏLƏ PAPAQ

14925360_1287116411359848_4813687988562946997_n

Şələ papaq – əsasən kənd əhalisinin yoxsul təbəqələri taxırdı. Uzuntüklü qoyun dərisindən hazırlayırdılar.
Ənənəvi kişi baş geyiminin ən vacib elementi sayılan papaq keçmişdə əməli vəzifə daşımaqla yanaşı, həm də qeyrət, namus, şərəf və igidlik rəmzinə çevrilmişdi. Xüsusilə sür dəridən tikilmiş börk geyən kişilər nəinki ədalətsiz bir iş görməyi özlərinə rəva bilməz, hətta başqalarının haqsız əməlinə dözməyib, onu cəzasız buraxmağı öz qeyrətlərinə sığışdırmazdılar. Məhz bu səbəbdən də keçmiş məişətdə qeyrət və hünər rəmzi sayılan papaq (börk) səhər tezdən gecə yatana qədər kişilərin başında qalardı. Hətta süfrə ətrafında çörək yeyən zaman kişilər onu başlarından çıxarıb kənara qoymazmışlar. Tarix boyu davam edən ənənəyə görə, yalnız gecə yatağa girib yatan zaman papaq başdan çıxarılardı. Hətta ahıl və qoca kişilər gecələr yatan zaman başlarına papağı əvəz edən təsək və ya külah (şəbkülah) qoyardılar. Dəri papaqlar formasına və geyilmə tərzinə görə məhəlli və zümrə xüsusiyyəti daşıyırdı. Papağın formasına əsasən onun sahibinin hansı zümrəyə mənsub olmasını və hansı bölgədə yaşadığını bilmək olurdu. Dəri papaqlar habelə rənginə görə də fərqləndirilirdi.

Müəllif:Leyla Hesenova

Leyla HƏSƏNOVA : MOTAL PAPAQ

 

 

14572972_1287117308026425_3559789581901762453_n

Motal papaq – əsasən kənd əhalisinin yoxsul təbəqələri istifadə edərdi. Uzuntüklü qoyun dərisindən hazırlayırdılar, konus formasında olurdu.
Qədimlərdən üzü bəri hər kişinin başında börk olması əsas şərt idi. Kişidə böyük (papaq), arvadda isə ləçək (çərqəd) şərafət nişanəsi sayılırdı. Papağa və ləçəyə hörmətsizlik müqəddəslərə və namusa hörmətsizlik sayılırdı. Buna görə də heç vaxt kişinin papağı başından əskik olmazdı. Hətta oğlan uşaqlarının da özünəməxsus papaqları olurdu. Bu papaqlara “tərlik” deyərdilər. Ancaq tərlik papaq qədər qalın olmazdı, bir qat toxunmuş açıq qırmızı forması olardı və bu papaq formasının Səfəvi hökmdarlarının “qızılbaş” ordusundan qalması zənn edilir.

Müəllif: Leyla Hesenova