Təvəkkül Goruslu – BİLİN, MƏN BELƏYƏM.

11241617_676012729197109_2760167283180963671_n

 

BİLİN, MƏN BELƏYƏM. . .

Bir ömür yaşadım, oldum səmimi,
Saxta şübhələrlə yormayın məni.
Pozmayın sevinci, şadlıq dəmimi,
Çırpmayın daşlara, qırmayın məni!

Sevgi göz yaşları, ağlamaqdırsa,
Ay belə məhəbbət, keç, istəmirəm.
Könülü, ürəyi dağlamaqdırsa,
Mən belə sevdanı heç istəmirəm.

Bir görüş, vüsalçün çırpınıramsa,
Bir eşqin məhvinə səbəbkarmıyam?
Həsrətdən, hicrandan yıpranıramsa,
Söyləyin, ay ellər, günahkarmıyam?

Məşuq aşiqinin gülü olmalı,
Yalnız ətirini ona saçmalı.
Aşiq məşuqunun qulu olmalı,
Bir ömür sevməkçün qucaq açmalı!

Bilin mən beləyəm, bilin mən buyam,
Çətin sevdiyimdən, sevgimdən doyam.
Olarsa sevgidə anlayış, inam,
Ol sevgi Quranım, ol sevgi ayəm!

28. 06 2017

 

 

SÖYLƏRLƏR

Talelər taxtada atılan zərmiş,
Biri güllə yemiş, biri gül dərmiş,
Birin fələk sərmiş, birin fel sərmiş,
Söylərlər, bunların hamsı qədərmiş,
Tanrım, dünya səndən uzaqmı yermiş !

Yarı gecəymişsə, yarı səhərmiş,
Azı sevinc imiş, çoxu qəhərmiş,
Kiminə şərbətmiş, kimə zəhərmiş,
Söylərlər, səbr elə, bunlar qədərmiş,
Tanrım, dünya səndən uzaqmı yermiş!

Zalım peyda olsa, yurd, yuva yıxsa,
Cahanı, bəşəri alovda yaxsa,
Qan töksə, göz yaşı sel kimi axsa,
Söylərlər, səbr elə, qəza qədərmiş,
Tanrım, dünya səndən uzaqmı yermiş!

Yağsa, leysan olsa, sellərə düşsən,
Külək, tufan olsa, yellərə düşsən,
Günahın olmasa dillərə düşsən,
Söylərlər, səbr elə, qəza – qədərmiş,
Tanrım, dünya səndən uzaqmı yermiş!

Tanrıda, Allahda yox belə bir ad,
İnsanlar ” şeytan”dan umduqca imdad,
“Şeytan ” da “qədər “i eyləmiş icad,
Bəndələr, imanlı, inamlı olun,
Şeytana tapşırmaz Tanrı öz qulun!

27. 06. 2017

 

 

GÖZLƏRİM YOL ÇƏKİR. ..

Gözlərim yolların ağına düşüb,
Solunu izləyib, sağına düşüb,
Sevdanın bir payız çağına düşüb,
Gözlərim yol çəkir, yollara çıxsan!

Yox olub uyğusu, yuxusu qaçıb,
Səhəri yollarda, izlərdə açıb,
Sən gələn yollara nurunu saçıb,
Gözlərim yol çəkir, yollara çıxsan!

Bu könlüm gözümdən yolunu salıb,
Nisgilli həsrətlə xəyala dalıb,
Sonsuz, nəhayətsiz yollarda qalıb,
Gözlərim yol çəkir, yollara çıxsan!

Yolların kələfin götür əlinə,
“Ya Allah ” kəlməsi gəlsin dilinə,
Uyma əğyarların fitnə – felinə,
Gözlərim yol çəkir, yollara çıxsan!

26. 06. 2017

 

Müəllif:  Təvəkkül Goruslu Məmmədov

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma