Adil CƏFAKEŞ – HƏR KƏS İLƏ ÖZ DİLİNDƏ DANIŞDIM…

ad

Adil CƏFAKEŞ  – ƏSRİMİZİN  VİDADİSİNDƏN BİR NEÇƏ YARPAQ….

 

HƏR KƏS İLƏ ÖZ DİLİNDƏ DANIŞDIM

Danışdırdım hər kəsi öz dilində,
Hər bir kəslə öz dilində danışdım.
Çoban ilə etdim çoban söhbəti, 
Şair ilə söz dilində danışdım.

Şaxta dilim, kəskin qırov dilim var,
Həm ağıllı, həm dəlisov dilim var.
Ocaq dilim, mənim alov dilim var,
Üşüyənlə köz dilində danışdım.

Şirindiləm, incitmirəm heç kimi
Mən “du” – “biri” anladıram “şeş” kimi.
Cəfakeşəm, cananıma eşqimi,
Baxmaq ilə göz dilində danışdım.


BİR QURBANLIQ ŞEİRİM VAR! ! !

Mən bir sevda küləyiyəm, 
İcazə ver əsim sənə.
Qoy lap zildən oxuyum mən
Xoş gəlmirsə pəsim sənə.

Misri, cəngi verə bilməz,
Gecik, ləngi, verə bilməz.
Bu ahəngi verə bilməz,
Nə bir pərdə, nə sim sənə.

Sevgi adlı günahım ol,
Son fəryadım, son ahım ol.
Bir qəribəm, pənahım ol,
Deyim doğma kəsim sənə.

Açılmayan bir sirrim var,
Zərərim var, xeyirim var.
Bir qurbanlıq şeirim var,
Gəl, başını kəsim sənə.


BİŞMİŞİK

Taleyimiz bir – birinə bənzəyir,
Elə bil ki, bir qazanda bişmişik.
Öz şerimiz özümüzü yandırıb, 
Həm yazanda, həm pozanda bişmişik.

Nəymiş biznən axı görən qərəzi,
Bəxt istədik, bizə verdi mərəzi.
Satıb bizi zaman adlı tərəzi,
Gah pərsəngdə, gah mizanda bişmişik.

Bu taleyə boylanıram bayaqdan,
Rənglənibdi o qapqara boyaqdan.
İçimizdə buzlamışıq soyuqdan,
Qovrulmuşuq, gün qızanda bişmişik.

Cəfakeşəm, çox ustayıq, usta biz,
Tez uyuruq təriflə biz, tosta biz.
Dinsiz sanıb özümüzü Rusda biz,
Ərəbdəsə, biz əzanda bişmişik.


MƏKTUB

Üzünü görmürəm illərdi sənin,
Ay SALAMƏLEYKÜM, elli necəsən ?
Ta mən də sən görən cavan deyiləm, 
Artıq yaş olubdu əlli, necəsən ?

Kim bağladı o eşq adlı kitabı ?
Kimə günah yazaq, kimə savabı ?
Nə tapıldı bu sualın cavabı,
Nə də bu misalın həlli, necəsən ?

Gecə – gündüz yalvarıram Allaha,
Ki, son qoysun bu naləyə, bu aha.
Qorxuram biz görüşməyəcək bir daha,
Ömür yaman gedir yelli, necəsən ?

Gah boşaldım bulud kimi, gah doldum,
Haldan saldı hicran məni, yoruldum.
O vaxt Adil idim, Cəfakeş oldum,
Olmuşam ölkədə bəlli, necəsən ?
Ay elli necəsən, elli necəsən ?

Müəllif:  Adil Cefakes

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma