“DÖRD SUAL” – ın NOYABR QONAĞI

m

NOYABR  QONAĞIMIZ MƏMMƏD MÜƏLLİM OLDU:

 

Allah

Gözlərim qamaşır eşq atəşindən,
Nə nurdu vermisən danıma, Allah!
Həyatım qızınır od-atəşindən, 
Ruh kimi işləyib qanıma, Allah!

Hər gün ayağında ölmək rəvadı,
Acısı şəkərdi, dərdi şəfadı,
Bu necə azardı, bu nə dəvadı,
Min can calayıbdır canıma, Allah!

Özün bəxş elədin süuru mənə,
Səbiri, imanı, qüruru mənə,
Axı sən vermisən bu nuru mənə,
Nura səcdə etsəm, qınama, Allah!

Sənə diz çökməkdən dizimi çıxar,
Sıxıb ürəyimi sözümü çıxar,
Dilimi lal eylə, gözümü çıxar,
Məni ayrılıqla sınama, Allah!

Bu aşiq bəndənə kin, nifrət vermə,
Səbrinlə sınama, xəcalət vermə,
Bir də Əzrayıla əziyyət vermə,
Qoy sevgilim çıxsın sonuma, Allah!


 

 

Sarası məni

Bir nərgiz gülünün sehrinə düşdüm,
Üzdü yaşılının sarısı məni.
Həsrəti saralıb gözümdən damdı, 
Yuyub apardı kı, sarı su məni!

Hüsnünü sevməmək Tanrıya şəkdi,
Ağlımı apardı, ahıma çökdü,
Tutub ürəyimdən ruhuna çəkdı,
Gülünün cərgəsi, sırası məni.

Off, necə titrətdi o sarı simi,
Gül açdı könlümdə bahar nəsimi,
Uçuram şamına pərvanə kimi,
Yandıra od məni, sara su məni.

Eh, daha keçmişəm hasarı, çiçək,
Ruhuma eşq sızır, ha sarı, çiçək,
Ah, hardan biləydim bu sarı çiçək,
Bürüyüb ətrinə sarası məni …

Sehrində saraldım, gül tək büzüşdüm,
Dayaza üzdükcə dərinə düşdüm,
Bir dəli sevdanın nəhrinə düşdüm,
Qərq etdi sevginin Sarası məni!!!

———————————————————————————–

Bürüyüb gedər

Bir qığılcım yetər şair könlünə,
Min ilin buzları əriyib gedər.
Ağlaya-ağlaya qocalan ümid, 
Körpə uşaq kimi kiriyib gedər.

İlahi bir nurun düşər toxumu,
Cücərdər könlümü, çəkər ruhumu,
Bənövşə qoxusu tutar yuxumu,
Həsrəti qar kimi kürüyüb gedər.

Duyğular çalxanar ümman yerinə,
Tutub ürəyimdən çəkər dərinə,
Gün düşər könlümün quzeylərinə,
Duman ətəyini sürüyüb gedər.

Bilmədim röyada nə idi dərdim,
Dərdim də, yedikcə dərdimə ərdim,
Daha saqqalından utanar dərdim,
Vurub qırmancını yürüyüb gedər.

Bax, göy ulduz – ulduz, buludu lay – lay,
İlahi bir sükut, nə səs, nə haray…
Alnımda yazıya möhürlənər Ay,
Ruhumu işığa bürüyüb gedər!


Qul kimi gəlir

Əzabım içimə yağır, İlahi,
Sənsizlik ruhuma sel kimi gəlir.
Bahar ürəyimdə qış tüğyan edir, 
Fırtına qoparır, yel kimi gəlir.

Qəm aman vermir ki, bitişə canım,
Çilik-çilik olur bu şüşə canım,
Gör necə qısılıb bənövşə canım,
Xatirən ən isti kol kimi gəlir.

Nə ölüm ovutmur məni, nə röya,
Sinəmi ah dəlir, ruhumu qıyya,
Məcnun ürəyimə sığışmır dünya,
Mənə gülüstan da çöl kimi gəlir.

Neçə can qoparmış bu bircə candan,
Gündə yüz can alır canımdan hicran,
Dilənçi payı tək söylədiyin “can”,
Mənə “gorbagor ol, öl” kimi gəlir.

Həsrətə bölündüm, dərddi qalığım,
Sənsizlik zindanmış, son ümid lağım,
Bax, sənə yönəlmiş bütün varlığım,
Cığıra çevrilir, yol kimi gəlir.

Qıyma dağ çatlayıb, uçsun ahımdan,
Günahım yoxsa da keç “günahımdan”,
Aman diləyirəm eşq “Allahim”dan, –
Məmməd hüzuruna qul kimi gəlir!

YAZARLAR.AZ OLARAQ MƏMMƏD MÜƏLLİMƏ YENİ-YENİ YARADICILIQ UĞURLARI ARZU EDİRİK. UĞURLARINIZ BOL OLSUN, MƏMMƏD MÜƏLLİM…

YAZARLAR.AZ

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma