ÇƏTİNDİR
Hərə düşüb bir çığıra yol gedir,
Özgə yolda gözün varsa çətindir.
Qismət yerdə,qismət yazan göydədir,
İstədiyin dövlət-varsa çətindir.
Kaman yoxsa silah deyil,çöpdü ox,
Təpər varsa qorunmağa daş da çox.
Şaxta vursa gülü kolda,eybi yox,
Gül bitirən kolu vursa çətindir.
Dünya malı dəyməz adi bir daşa,
Qardaş onu qıymasa da qardaşa.
Xoş etdinsə bir könülü min yaşa,
Qananına könül qırsa çətindir.
Ay İldırım,öz ağılın,öz əlin,
İş gör, işin, şanı olsun hər ilin.
Köçüb getdin bu dünyadan,əməlin,
Ürəklərdə yaşamasa çətindir.
Müəllif: Ildırım Akberoğlu
Advertisements