Rahim Ucoglanli – AĞDAMNAMƏ

10338724_1503294469955187_8656631993359454308_n

Rahim Ucoglanli

AĞDAMNAMƏ
(Ağdamın işğalının 4-illiyinə ürək ağrısı ilə Ağdamlılar və Ağdamsevərlər üçün)

Deyim dərlərindən xəbərin olsun,
Qalmayıb əvvəlki çağların Ağdam!
Düşmən ağlar qalsın gözü kor olsun,
Çəkibdir dağ üstən dağların Ağdam.
**
Məscidin göylərə qalxıb naləsi,
Qəmdən əyilibdir cüt minarəsi,
Boş qalıb minbəri yox azan səsi,
Quran ayələri oxunmur Ağdam!
**
Batıb muğamatın səsi xəstədir,
Çahargah süst qalıb,Şur qəfəsdədir,
Zabulla,Mirzəhüseyn son nəfəsdədir,
Kamança inləmir,tar susub Ağdam!
**
Gülablıda Damcı Bulaq qan damır,
Daşların üstünü basıb çil,mamır.
Səxavət məzarda rahatlıq tapmır,
Ruhu vətən mülkün dolanır Ağdam!
**
Ərşə qalxıb Beşbulağın harayı,
İçən yoxdur suyu axır havayı.
Pozulubdur Nənə-qızlar halayı,
Yallıya daha rəqs edilmir Ağdam!
**
Daha Qozlu Bağ,qoz da gətirmir,
Şelli bağlarında meyvə bitirmir.
Kötəl incik düşüb elsiz dözəmmir,
Qurudub suyunu axmayır Ağdam!
**
Lazım Ağa Çəmənliyə gəlibdir,
Şıxbabalı pir seyidsiz qalıbdır.
Yusfcanlı çiçək kimi solubdur,
Bağbanlar xəyala dalıbdır Ağdam!
**
Novruzlunun tor gəlibdir gözünə,
Yalqız qalıb baxan yoxdur üzünə,
Mərzili köç edib Ergi düzünə,
Talanıb sərvəti qalmayıb Ağdam!
**
Xeyli vaxtdır gələn yoxdur Qullara,
Qəm səpilib,dərd əkilib yollara,
Sarcalı yurd olub tikan,kollara,
Ağdamkənd bələnib qanlara Ağdam!
**
Yoxdur Seyidlinin üzüm bağları,
Xıdırlının quruyubdur tağları.
Dəvəbatranın pendir,qaymaq,yagları,
Daha bazarında satılmır Ağdam!
**
Qıyaslının yoxdur əzəl çağları,
Çox şəhid olubdur mərd oğulları.
Sarhacılının qəlbini düşmən oxları,
Deşib parçalayıb,qan gedir Ağdam!
**
Əhmədavar düşmənlərlə yan-yana,
Əsir düşüb qəsd eləyibdir cana.
Qaracıda ruhlar qalxıb üsyana,
Qohum,qardaş deyib gəzirlər Ağdam!
**
Ətyeməzli dözə bilmir dərdlərə,
Həsrət qalıb ətrafdakı kəndlərə,
Öz yolunu bağlayıb Uzun dərə,
Qoynundan bir kəs də keçməyir Ağdam!
**
Göytəpənin bitməz olub otları,
Konzavodun köçüb gedib atları.
Güllücənin mələs şirin narları,
Dərdlərə dərman tək dadılmır Ağdam!
**
Qərvənddə torpaqlar yanıb.əkilmir,
Sarı buğda xırmanlara tökülmür.
Nəmirlinin köçən elləri dönmür,
Ot alaq basıbdır yolların Ağdam!
**
Şah Bulaq ağ başa qara bağlayır,
Koroğlu Qalası qəmdən ağlayır,
Maqsudlu,Kəngərli matəm saxlayır,
Sönüb ocaqları,yanmayır Ağdam!
**
Papravəndin ağ daşları qaralıb,
Qartal yuvasını gəlib sar alıb.!
Qaraman dağı da dərddən saralıb,
Solub çiçəkləri,gülləri Ağdam!
**
Kolanıya gələn yoxdur şəhərdən,
Bağ bostanı solub düşüb bəhərdən.
Əliağalının gözləri dolub qəhərdən,
Kimsə yox göz yaşın silməyə Ağdam!
**
Əlimədədli,Çinli kəndi yanıbdır,
Boyəhmədli dərd içində qalıbdır.
Qabartı çay göz yaşıyla dolubdur,
Qəm axır suyuyla düzlərə Ağdam!
**
Tərnefiyin qalmayıbdır təzəsi,
Kül olubdur hər bir meyi,məzəsi.
Kim görsə qol atıb olar üzəsi,
Xaçının “dərd” adlı gölündə Ağdam!
**
Mindim xəyal atım keçdim sədləri,
Qarqardan-Xaçına gəzdim kəndləri.
Kaman tək inlədi könlüm telləri,
Baxdıqca kimsəsiz yurdlara Ağdam!
**
Səbrim Üçoğlanda tutmayır qərar,
Qəlbim həsrətindən eyləyir qübar,
De nə vaxt dadacam sevincdən nübar?
Çoxdandır ürəkdən gülmürəm Ağdam!
**
Rahiməm,dərdlərin dilə gətirdim,
Yazdım bu şerimlə Sənə yetirdim.
Suvardım göz yaşlarımla bitirdim,
Məni sarmaşıq tək aldılar Ağdam!
Kök atıb qəlbimdə qaldılar Ağdam!
Rahim Üçoğlanlı.(Rzayev)
23.07.1997.