TOFİQ QƏBUL: – “İşıqdan yoğruİlmuş kəlmələr…”

 

13912499_103015143478878_8023942242719031226_n

ŞAGİRDLƏRİMƏ. 

 

Şagirdim, bilirsən, qəlbimdə od var
Bu odu səninlə bölmək istərəm.

İşıqdan yoğruİlmuş hər bir kəlməmi

Sənin gözlərində görmək istərəm.

Unutma, bu yurdun övladısan sən.
Havası sənindir, suyu sənindir.
Üstündə gəzdiyin bu torpaq, bu yer,
Bu əsgər qayalar bil, Vətənindir.

Boylan bu dünyaya, aç gözlərini,
Millətlər yarışır Yer kürəsində.
Geriyə qalanı atlar əzəcək,
Dünya əridəcək öz kürəsində.

Öyrən keçmişini, türk oğlu türk ol.
Öyrən Atilla, kim Cavanşir kimdir.
Sən söykən hər zaman qan yaddaşına,
Dünyada gurlayan sənin səsindir.

Araza çay deyil, xəncər kimi bax.
Onu kim sıyırıb, tanı, şagirdim.
”Gülüstan” yadların sülh sazişidir,
”Türkmənçay” azəri qanı, şagirdim.

Tanı düşmənini, pusquda durub.
Adı ermənidir, şər oğlu şərdir.
O, səni uyquda görmək istəyir,
Onun nəfəsi də, bil ki, zəhərdir.

Əyil kitablara, nicatımız o.
Öyrən addım-addım, bil addım-addım.
Qoy döyüş silahın biliyin olsun,
Çalış, boş keçməsin hər bir saatın.

Milli məhəbbəti köksünə hopdur.
Sev qanı qanından olan soydaşı.
Üçrəngli bayrağı ürəyinə sıx,
Bil ki, azadlıqdır ucaldan başı.

Bir də ki, Təbrizi unutma, bala.
Min il paytaxt olub Azərbaycana.
O, bir Ərk qalası, Babək qalası,
O, sevgi duyğulu kövrək bir ana.

Şagirdim, bilirsən, qəlbimdə od var.
Bu odu səninlə bölmək istərəm.
İşıqdan yoğrulmuş hər bir kəlməmi
Sənin gözlərində görmək istərəm.

12 03.2006.

============================================================================

 

SÖZ 

 

Sözü tanrı verib, bilsən də bunu,
Onu yerli-yersiz dara çəkirsən.
Söz də dən kimidir, onu əkəndə
Gərək biləsən ki, hara əkirsən.

Söz bir gülüstandır, qoru tikandan.
Ürək sındıran söz dəyərsiz olar.
Sözü hara gəldi fırlatma, axı
Yerinə düşməsə bəhərsiz olar.

Söz bəzən fırtına qoparmalıdır.
Döyüşən əsgərin nərəsi sözdür.
Qarabağ ! Zəngəzur ! Təbriz ! Həmədan !
Hər biri qəlb çarpan kəsərli sözdür.

Hər söz xalı üstə açan butadır,
Hər buta mənadır, sirli dənizdir.
Gəl sözü heç zaman ucuz tutmayaq.
Söz də kimliyimiz, mənliyimizdir.
15.04.2006.

===========================================================================

 

‘HARALISAN?”-SÖYLƏMƏ 

 

Gözündə alov görüm, ürəyində məhəbbət.
-”Haralısan?”- sözünü gəl söyləmə, qardaşım.
Milli qürur, milli eşq səadətdir, səadət.
-”Haralısan?”- sözünü gəl söyləmə, qardaşım !

Qüzeydə yaşasan da, Güneydədir gözlərin,
Kəpəzdə od-ocağın, Savalanda izlərin,
Arazın o tayında dost-doğma əzizlərin.
-”Haralısan?”-sözünü gəl söyləmə, qardaşım !

Dədə Qorqud babamız, hər öyüdü andımız,
Coşsun türkün adı tək damarlarda qanımız..
Dilimiz bal-şəkərdir, dinimiz- imanımız..
-”Haralısan?”-sözünü gəl söyləmə, qardaşım !

İstərəm, danışanda ağzından dürr tökülsün,
İstərəm, biliyinlə düşmən beli bükülsün,
İstərəm, baxışların zirvələrə dikilsin.
”-Haralısan?”-sözünü gəl söyləmə, qardaşım !

Zəfərini bölüşdür doğmaca soydaşınla,
Kədərini bölüşdür bacınla, qardaşınla.
Bağlan Azərbaycana ulu qan yaddaşınla.
-”Haralısan?”- sözünü gəl söyləmə, qardaşım !

Daim bütövlük istə, Qarabağı tələb et !
Dön yumruğa, dön kürzə, silahını sipər et !.
Şuşada keyf edənə bu dünyanı zəhər et !
-”Haralısan?”-sözünü gəl söyləmə, qardaşım !

Bizim uca taxtımız Üçrəngli bayrağımız,
Arazla Kür qolumuz, yurdumuz ocağımız
Vətənin qucağına sığınsın qucağımız.
-”Haralısan?”-sözünü gəl söyləmə, qardaşım !
-”Haralısan?”-sözünü gəl söyləmə, qardaşım !
20.05.2006.

============================================================================

DINDIRIR ƏSR BİZİ… 

 

Bu daş nədir axı, atıblar yola?
Yanından keçirik dərdlə, məlalla.
Bu daş başımıza olubdur bəla.
Nədən tapammırıq buna çarə biz?
”Dindirir əsr bizi, dinməyiriz”.

Əyilib bu daşı götürəmmirik,
Atıb girdablarda itirəmmirik,
Yoxsa başqa xalqdan kəsirik, kəmik?
İlişdik bu daşa neçə kərə biz
”Dindirir əsr bizi, dinməyiriz”

Gözümüz yanmadı atəşlə, odla.
Yaxınlıq elədik düşmənlə, yadla.
Biz hara uçurduq bu qol-qanadla?
İnandıq hər saxta sevgilərə biz.
”Dindirir əsr bizi, dinməyiriz”

Verdik Qarabağı bu daşa qurban,
Çökdü Xankəndimin başına duman,
Deyirəm, dünyada əlli milyonam.
Bu boyda milyonlar qalıb çarəsiz.
”Dindirir əsr bizi, dinməyiriz”.

Qondarma daş bitib torpağımızda,
Yallanır, şellənir ocağımızda.
Kütdür, kəsə bilmir bıçağımız da.
Düşmənin gözündə ən biçarə biz.
”Dindirir əsr bizi dinməyiriz”.

Bu daşı üyüdən dəyirman hanı?
Nədən qovammırıq yağı duşmanı?
Heyrətdə qoymuşuq bütün dünyanı.
Tikə-parça yurd tək təkik hələ biz
”Dindirir əsr bizi dinməyiriz”.

Ölkəm aşıb -daşır sərvətlə, pulla,
Ölkəm cilvələnir zərlə, qızılla.
Bu cah-cəlal ilə dönəkmi qula?
Bu yolla gedirik axı hara biz?
”Dindirir əsr bizi, dinməyiriz”.

Vaxtdır, ey millətim, döyüşə atıl,
Söykən öz kökünə, ocaq tək çatıl.
Sənin damarında türk nəbzi atır.
Zəfər bayrağına gərək dönək biz.
Dindirir əsr bizi, gərək dinək biz.
12.01.2008.

Müəllif:  Tofiq Qəbul

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma