Sekulyarizasiya nədir?

15027787_943084145824725_6516646943584642547_n

müəllif: s.f.d. Asəf Qənbərov

Sekulyarizasiya nədir?

Sekulyarizasiya, “institusional, ictimai və mədəni müstəvidə dinin əhəmiyyətini itirməsi və ya zəifləməsi” prosesini ifadə etmək üçün sosioloqlar tərəfindən irəli sürülən tezisdir [1, s. 11; 2, s. 302]. Sekulyarizasiya terminini “dünyəviləşmə” kəlməsi ilə əvəz etmək mümkündür. Dünyəviləşmə ilə qəsd edilən məna dini norma və dəyərlərin yerinə rasional, ağıla və təcrübəyə istinad edən, ümumi mənafeyi nəzərə alan dünyəvi dəyərlərin inkişaf etməsidir. Bu tezisə görə, cəmiyyətdə modernləşmə prosesi getdikcə dinin ictimai və mədəni rolu azalır. Nəticədə dini qurumlar çox məhdud sahədə fəaliyyət göstərirlər. Lakin daha sonra görəcəyimiz kimi, bu qanunauyğunluq, əsasən, Qərbi Avropa ölkələri üçün keçərlidir. Modernləşmə baxımından yüksək səviyyədə olan ABŞ-da din ictimai əhəmiyyətini və rolunu itirməmişdir. Bu səbəbdən də sekulyarizasiya tezisini müdafiə edənlər ABŞ-ın və müsəlman ölkələrin bir çoxunun istisna təşkil etdiyini vurğulayırlar [3, s. 22-23].

Mövzu ilə yaxından əlaqəli olan və tez-tez dünyəviləşmə prosesi ilə qarışdırılan başqa bir termin də sekulyarizmdir. Sekulyarizmi dilimizdə “dünyəvilik” termini tam qarşılayır və onu sekulyarizasiya (dünyəviləşmə) ilə qarışdırmaq doğru deyildir. Sekulyarizm dinin dövlətdən ayrı olduğunu və qanunvericiliyin dini doqmalara əsaslanmadığını ifadə edir. Azərbaycan Respublikasının Konstitusiyasında “dövlətin dünyəviliyi” [4, m. 7.1., 18.1.; 5] və “təhsilin dünyəvi xarakter daşıması” [4, m. 18.3.; 5] maddələri sekulyarizmin mənasını dəqiq təyin etmişdir. Burada işlədilən dünyəvilik, normativ termin olub siyasi-hüquqi mənaları ehtiva edir; sekulyarizasiya prosesi isə ictimai durumu təsvir edən deskriptiv (red.təsviredici anlayış) termindir.

Sekulyarizmin nəzəri əsaslarını ilk dəfə l873-cü ildə fransız mütəfəkkiri Ferdinand Buisson (1841-1932) irəli sürmüşdür. Həmçinin o, 1903-1905-ci illərdə Fransada kilsə və dövlət işlərinin bir-birindən ayrılması vəzifəsini yerinə yetirən parlament komissiyasının sədri olmuş və dövlət məktəblərinin dünyəviləşdirilməsi prosesində mühüm xidmətlər göstərmişdir [6, s. 6-7].  Buissona görə din və dövlət işlərinin ayrılması mənasında işlədilən  dünyəvilik,  dünyəviləşmənin  nəticəsidir.  Onun  fikrincə,  fransız  cəmiyyəti Avropanın yüksək səviyyədə dünyəviləşmiş cəmiyyəti olmuşdur [6, s. 9]. Buna görə də din və dövlət işlərinin ayrılması ilk dəfə Fransada həyata keçirilmişdir.

Dinin  ictimai  əhəmiyyətinin  azalması  modernləşmənin  üç  xüsusiyyəti  ilə əlaqələndirilir. Bunlar sosial fərqliləşmə, sosiallaşma və rasionallaşma prosesləridir [1, s. 9]. Modernləşmə isə dünyəviləşmənin əsas hərəkətverici amili hesab edilir. Sekulyarizasiya nəzəriyyəsinin tarixi inkişafı Sekulyarlaşma, yaxud dünyəviləşmə tezisi XIX və XX əsr sosioloji düşüncənin mərkəzi və eyni zamanda ən çox mübahisə doğuran mövzusudur. Lakin bu terminin kökləri klassik sosiologiyanın baniləri hesab edilən Ogüst Kont (red.Auguste Comte) və Emil Durkheymin (red.Émile Durkheim) çalışmalarına, Karl Marks və Maks Veberin sosial dəyişmə nəzəriyyələrinə qədər gedib çıxır.

O.Kontun (1789-1857) üç mərhələ qanununa görə insan düşüncəsi bir-birini izləyən üç mərhələdən keçir. O, teoloji dövrdə hadisələri fövqəlbəşər varlıqlara istinadən izah edir. Metafizik dövrdə mücərrəd fəlsəfi ideyalara müraciət olunur. Sonuncu pozitiv dövrdə isə insan hadisələri müşahidə edərək və aralarında sabit qanunauyğunluqları müəyyənləşdirərək onların izahına çalışır [7, s. 69]. Teoloji dövrdən metafizik dövrə, sonra da pozitiv dövrə keçid əslində cəmiyyətin getdikcə dünyəviləşdiyini ifadə etmənin başqa bir yoludur.

Maks Veber dinin tənəzzülünü “dünyanın sehrinin pozulması” şəklində ifadə edir, amma dünyəvi biliyin dinin yerini heç zaman doldura bilməyəcəyini də vurğulayır. Veberə görə din və dini dəyərlərin formalaşdırdığı davranış tiplərinin yerini ağıla və məqsədə yönəlmiş davranış tipləri almışdır. O bu davranış dəyişkənliyini kapitalizm və sənayeləşmənin ortaya çıxması ilə və ictimai institutlarda hakim vəziyyətə gəlmiş rasionallıq və bürokratiya ilə əlaqələndirir. Veber “Protestant əxlaqı və kapitalizmin ruhu” adlı klassik əsərində bu mövzunu detallı şəkildə izah edir. Protestantlığın Kalvinizm qolunun “ilahi qədər” haqqındakı təlimləri iqtisadi həyatda kapitalist münasibətlərin yaranmasında öz təsirini göstərmişdir [8, s. 85-87]. Veber “dünyanın sehrinin pozulmasını” narahatlıqla qarşılayır. Bürokratiyaya əsaslanan idarəçiləri “ruhsuz mütəxəssislərə”, rasionallığı isə “dəmir qəfəsə” bənzədir [9, s. 159].

Müasir  sosioloqlardan  Bryan  Vilson  (1926-2004)  sekulyarizasiyanı  “dini düşüncələr, praktikalar və dini institutların əhəmiyyətini itirməsi” kimi tərif edir. B.Vilson düşünür ki,, cəmiyyətlər sənayeləşərkən daha rasional, elmi və ixtisaslaşmış cəmiyyət halına gəlir. Buna görə də ənənəvi dəyərlər və praktikalar zəifləyir. Nəticədə həm dini həyatda zəifləmə olur, həm də dini müəssisələrin yerinə yetirdiyi vəzifə və rollar (təhsil, siyasət, ictimai asayiş və s.) başqa ixtisaslaşmış ictimai-siyasi institutlara həvalə edilir [2, s. 301].

Peter Bergerin(red.Peter Ludwig Berger) sekulyarizasiya tezisi ilə əlaqədar çalışmaları iki qismə ayrılır. Gənclik dövrlərində Berger sekulyarizasiya tezisini müdafiə edən ən əhəmiyyətli din sosioloqu olmuşdur. Xüsusilə, “The Sacred Canopy: Elements of a Sociological Theory of Religion (1967)” adlı kitabında sekulyarizasiya prosesinin başlanğıcını Yəhudi-Xristian dinlərinin köklərində axtarır. Qədim yəhudi dininin dünyəviləşməni öz içində ehtiva etdiyini belə ifadə edir: “Əhdi-Ətiq, özü yaratdığı, amma heç bir şəkildə ona nüfuz etmədiyi kainatın xaricində duran bir Tanrı anlayışını irəli sürür” [10, s. 211].Bergerin fikrincə, yəhudilərin tanrı anlayışını dünyadan uzaq və ayrı təsəvvür etmələri, dünyanı profan, yəni müqəddəslikdən uzaq hala gətirmişdir.Bergerin  çalışmalarının bir hissəsi isə bu tezisin tənqidinə həsr edilmişdir. O, “The Desecularization of the World” və “Secularizm in Retreat” adlı məqalələrində bu tezisin dünyanın əksər yerində özünü doğrultmadığını, əksinə dinin getdikçə gücləndiyini etiraf etmişdir [3, s. 11-32].

İLKİN MƏNBƏ:

https://rezonanss.com/arxivl%C9%99r/5243

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma