QƏLBİN SƏSİNİ QƏLƏMƏ ALANDA…

Əgər yazar qəlbinin səsini olduğu kimi dinləyib, eşitdiyi kimi vaxtında qələmə alırsa, (heç bir kənar təsirə məruz qalmadan) yazdıqları ilk əvvəl gözəl – ruhu oxşayan, yadda qalan, sonra isə səmimi, axıcı və şirin olur…. Yəqin mənimlə razılaşarsız ki, bu yuxarıda sadaladığım keyfiyyətlərin hamısı aşağıda tanış olacağınız nümunələrdə var… Uğurlarınız bol olsun Firuzə xanım. Yazın, yaradın….

41804868_527277887737375_948513342291443712_n

“…Getmişdim bir payız durna köçündə,
Durnalar qayıtdı, mən də qayıtdım.”

“DƏLİDAĞ” Ədəbi Birliyi Firuzə Məmmədlinin şeirlərini təqdim edir: 

NƏ VARDI

Bu dünyanın yalanı da düz idi,
Düzüb-qoşan, özümüzdük, biz idik.
Aralıqda hər nə idi, söz idi,
Sözdən-sözə calanmağa nə vardı?!

Bir məhəbbət nəğməsiydi hər bulaq,
Ömür – nağıl, igidimiz – Nərbala.
Yolumuzun dərd satanı – dərd alan,
O vaxt dərdə qalanmağa nə vardı?!

Ürək dolu arzulara yar idik,
Abır idik, həya idik, ar idik.
Ağıl-kamal bağçasında bar idik,
Baxışlarda talamağa nə vardı?!

Ümidlərə yol kəsəydi yüz kərə,
Can-ciyərdi əyri gedən, düz gələn.
Qəlbimizdə xəzinəydi söz-kəlam,
Bircə sözlə can almağa nə vardı?!

BAHAR

Bax, indi gündüzə kim qonaq gedir,
Gecədən nə qalıb şeh yanağında.
Bir qönçə qızılgül alyanaq gedir,
Öpür incə-incə meh yanağından.

Nəfəsi kəsilən ilkindi çağı,
Gündüzü küçədən yığammır daha.
Yağsa, yağışlar da çiçəkdən yağır, –
Göylər təndirlənib, yağammır daha.

Təpələr dərəyə axır ətəkdən,
Qaratikan belə ağ gül gətirib.
Arı zümzüməsi daşır pətəkdən,
Bağlar budaq-budaq bülbül gətirib.

Baxıb təbiətin cavanlığına,
Əli qələm gəzir qoca şairin.
Yazdıqca ayağı yerdən üzülür,
Xəyalı göylərdən uca şairin.

DURNALAR QAYITDI

Baharda oyanan xatirələrin
Qoluna girib də kəndə qayıtdım.
Getmişdim bir payız durna köçündə,
Durnalar qayıtdı, mən də qayıtdım.

Bir dəstə bənövşə, bir qom kol dibi,
Baxırdı torpaqdan, dərim, dərməyim?!
Ruhumu oyadan yaşıl yol oldu
Kəndə qayıtmağım, kəndə gəlməyim.

Çox şey dəyişmişdi o vaxtdan, çox şey,
Qalan nə idi bəs?.. Vallahi, heç nə.
Nə kənd həmin kənddi, nə qonum-qonşu,
Dəyişən nə imiş, İlahi? Heç nə!

Bu adlar, soyadlar tanış gəlsə də,
O vaxtkı deyildir kənd adamları.
Oğlanlar – şortikdə, qızlarsa – cinsdə,
Həm kənd başqalaşıb, həm adamları.

Uşaqlar ağlını test ilə ölçür,
Qadınlar danışır kişi səsilə.
Cavanlar üzbəüz gəlsələr belə,
Salam-kəlam edir esemes ilə.

Daban-dabanadı hər qapı hər tin,
Bu evin o evə həniri yetməz.
Mağar da qurula, toy da vurula,
Qonşudan-qonşuya səmiri yetməz.

Dəyişib… Yazdığım şeirin belə
Üzündə təbəssüm sətri qaçıb.
Təkcə çiçəklərdi öz mizanımda, –
Nə rəngi dəyişib, nə ətri qaçıb.

Bənövşə rəngini gözümdə gördü,
Çəmən yaşılını geydim əynimə.
Şəftəli budağı tərpənişilə
Çəhrayı şalını saldı çiynimə…

Getmişdim bir payız durna köçündə,
Durnalar qayıtdı, mən də qayıtdım.
***
Sudur, elə şır-şır axır,
Quma, gilə qarışır, axır.
Ömrü mənə qarşı axır,
Mən hara axıb gedirəm?

Başımda-pirlik havası,
Yox ta “əl-ətək” həvəsi.
Gözümə eynək əvəzi,
Canımı taxıb gedirəm.

Səbrimdən dözümü sıxıb,
Şeirdən sözümü sıxıb,
Buluddan gözümü sıxıb,
Şimşəkdən çaxıb gedirəm.

NIYƏ

Bu ocağın odu sönmüşdü çoxdan,
Bu can bir cəsədə dönmüşdü çoxdan.
Bu ruh yaşamırdı, ölmüşdü çoxdan,
Onu bu uyğudan oyatdın niyə?

At üstündə çapan qara gün idi,
Vaxt sürüydü, çoban qaragün idi.
İtirən mən… Tapan qara gün idi,
Qara gün içindən boy atdım niyə?

Bir az sünbül idim taxıl baxtıma,
Dedilər, iməklə, yıxıl baxtına.
Allah, məni də yaz paxıl baxtına,
Ömrümə sığmasın həyatım niyə?

Eylə dərdlərinə mükafat məni,
Qəlbinin küncündə ocaq çat məni.
Cənnət də – biz bazar; apar sat məni,
Mən kimi bir səhvə qayıtdım niyə?

Çökdü vicdanına nəfsim, ağrıdı,
Dilləşdim şerimlə, səsim ağrıdı.
Oldu bu taleyə təslim, ağrıdı,
Susdu qoşmam niyə, bayatım niyə?

***
Gün asılıb yaxasından,
Göylər gündüzə çəkilib.
Batıb gül-çiçək içində –
Dərələr düzə çəkilib.

Gənclik – anın gözəlliyi,
Ömür, hanı gözəlliyin?
Düz dünyanın gözəlliyi
Bircə bu qıza çəkilib.

Sevmə ağılsız sevgini,
Ağla ağrısız sevgini.
Dilsiz-ağızsız sevginin
Ağrısı gözə çəkilir.

Firuze Memmedli

“DƏLİDAĞ” Ədəbi Birliyi bildirir ki, şeirlər müzakirəyə açıqdır. Təhlil, tənqid, fikir və rəylər üçün söz sizindi.

İLKİN MƏNBƏ:

 

 

YAZARLAR.AZ

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma