GÖZLƏRİN
Sanki, yoğurulubdur imandan, dindən,
Qoyma şux baxışdan bezə gözlərin.
Nə üçün qaçırır özünü məndən,
Yoxsa verir mənə cəza gözlərin?
Bəli, gah güldürür məni, gah yaxır,
Bəzən eşq doldurur, bəzən buz taxır,
Bircə mən baxanda aşağı baxır,
Yoxsa qorxur gələ gözə, gözlərin.
Elə bax görəsən düzünü, canım,
Elə bax, qurd görmə quzunu, canım,
Elə ağ eyləsin üzünü, canım,
Şor suyu süzməsin üzə gözlərin.
Tək can almağıyla qoyma öyünsün,
Nifrətdən gen dursun, mehrə bürünsün,
Qoy sənin gözündə ürək döyünsün,
Əli döydürməsin dizə, gözlərin.
Budur, oturubdur yenə də taxtda,
Nə süni baxış var onda, nə şaxta,
Sanki qələm gəzir məhəbbət haqqda,
Eşq haqqda arayış yaza, gözlərin.
Qoy deyim, qalmasın söz düyün kimi,
Ülvinin sirrini çöz düyün kimi,
Tezliklə,kaş məni süzdüyün kimi,
Əsir torpaqları süzə gözlərin.
07.10.2018.
Müəllif: Ebulfez Eliev