16 yaşlı məktəb direktoru – Alıfuad Qurbanov

afad

 

Adı sonralar sənədlərdə Afad kimi yazılacaq Alıfuad Məhəmməd oğlu Qurbanov 1929-cu il yanvarın 10-da Qərbi Azərbaycanın Kalinino rayonunun əvvəllər Cuci, sonralar isə Qızıl Şəfəq adlanan kəndində yüksək rütbəli hərbçi ailəsində anadan olmuşdur. Cucikənd kəndindən dünyaya boylanan uşaq, sonra Azərbaycan adlı böyük bir məmləkətin, daha sonra isə türk dünyasının görkəmli aliminə çevriləcəkdir.

 

Afad Qurbanova Alıfuad adını babası Alı kişi vermiş, bu adla yaxın dostu və silahdaşı Fuadla aralarında olan dostluğu rəmziləşdirmişdi. Sonralar Alıfuad adı tələffüzdə və çağırışda Afad şəklinə düşərək rəsmiləşmiş və gələcəyin böyük elm xadimi dünyaya Afad Qurbanov kimi tanınmışdır.

 

Atası Məhəmməd Qurbanov 1937-ci il repressiyasının qurbanı olmuş, anası Aişəbalı isə elə həmin il həyat yoldaşının müsibətinə və ayrılığına dözmədən dünyasını dəyişmişdir. Beləliklə, Afad Qurbanov lap kiçik yaşlarından böyük məhrumiyyət və faciələrlə qarşılaşmış, 8 yaşında ikən valideynlərini itirmiş və həyatın keşməkeşli yollarını təkbaşına aşmaq məcburiyyəti ilə üzləşmişdir.

Belə bir halda böyük qardaşı Səlimxan ailənin bütün ağırlığını öz çiyninə götürərək özündən kiçik bacı və qardaşlarının hamisinə çevrilmiş, onların təlim-tərbiyəsi ilə məşğul olmuşdur. O, bir ata qayğısı ilə kiçik qardaşı Afadı sıxıntılardan çıxarmağa çalışmış, təhsilinə ciddi fikir vermişdir. Afad qardaşının ona qarşı olan qayğısını həmişə yüksək qiymətləndirmiş, ömrü boyu onu böyük gözündə görmüş və hörmətini saxlamışdır.

 

Afad Qurbanov orta təhsilini Ermənistanın Qızıl Şəfəq və İlməzli məktəblərində almışdır. Müharibə illərindəki kadr qıtlığı, habelə onun savadı və təşkilatçılıq bacarığı nəzərə alınaraq 1945-ci ildə 16 yaşlı yeniyetmə Qızıl Şəfəq yeddiillik məktəbinin direktoru və Azərbaycan dili müəllimi təyin edilmişdir. Məhz həmin ildən Afad Qurbanov pedaqoji fəaliyyətə başlamışdır.

 

Gənc yaşında həm məktəb direktoru, həm də müəllim kimi gərgin fəaliyyət göstərən Afad Qurbanov 1946-cı ildə arxa cəbhədəki fədakar əməyinə görə İkinci Dünya Müharibəsinin veteranı medalı ilə təltif edilmişdir. Lakin gənc Afadın ən böyük arzusu ali təhsil almaq olmuşdur. Məhz bu arzu ilə də o, bir il direktor işlədikdən sonra öz xahişi ilə işdən çıxaraq Gürcüstanın paytaxtı Tiflis şəhərinə üz tutmuşdur. Onun bu şəhərə üz tutması da təsadüfi olmamışdır. Gürcüstanın tanınmış ziyalılarından olan dayısı Mahmud Şərifli Tiflisdə yaşayırdı.

 

1946-cı ildə Gürcüstan Müəllimlər İnstitutuna qəbul olunan Afad Qurbanov dayısının evində yaşamış, dayısı Mahmud kişi onu bir ata qayğısı ilə əhatə etmiş və beləliklə, Afad Qurbanov diqqətini bütünlüklə oxuyub-oyrənməyə yönəltmişdir.

 

1948-ci ildə Gürcüstan Müəllimlər İnstitutunu fərqlənmə diplomu ilə bitirən Afad Qurbanovu Başkeçid rayonundakı Oruzman yeddiillik kənd məktəbinə direktor və Azərbaycan dili və ədəbiyyatı müəllimi təyin etmişlər. Lakin yenə də təhsilini davam etdirmək və elmlərin əsaslarına daha dərindən yiyələnmək istəyi onu burada da rahat qoymamışdır. O, öz xahişi ilə vəzifədən azad olunaraq elə həmin il Bakıya gəlmiş və V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsinə daxil olmuşdur.

 

1951-ci ildə təhsilini fərqlənmə diplomu ilə başa vuran Afad Qurbanovun dərin bilik və bacarığına bələd olan Azərbaycan dilçiliyi kafedrasının müdiri professor Əbdüləzəl Dəmirçizadə institutda saxlanılması üçün rektorluğa müraciət etmişdir. Elmi sahədə hər şeyə ehtiyatla yanaşan, son dərəcə tələbkar şəxs olan Ə.Dəmirçizadə müraciətində yazırdı: «APİ-nin builki məzunlarından Qurbanov Afad Məhəmməd oğlunun Azərbaycan dilçiliyi üzrə aspiranturada saxlanılması nəzərdə tutulduğundan onu Maarif Nazirliyinin sərəncamına verməməyinizi xahiş edirəm. Qurbanov Afad oxuduğu müddətdə istər yazmış olduğu kurs işlərində, istərsə də tələbə elmi dərnəklərindəki çıxış və məruzələrində özünün dilçilik elminə həvəskar olduğunu göstərmişdir. O, bu sahədə işləyərsə, gələcəkdə yaxşı bir mütəxəssis ola biləcəyi ümidini verməkdədir. Buna görə də güman edirəm ki, Qurbanov Afadı Azərbaycan dilçiliyi kafedrası üzrə aspiranturada saxlaya bilərik». Hazırda universitetin arxivində saxlanılan bu müraciətə o zaman heç bir əhəmiyyət verilməmiş, dilçilik üzrə aspiranturaya yer ayrılmamış və Afad Qurbanov bir müddət orta məktəbdə fəaliyyət göstərməli olmuşdur.

 

Afad Qurbanov savadına, təşkilatçılıq və quruculuq bacarığına görə Gürcüstan Maarif Nazirliyi tərəfindən azərbaycanlıların ən böyük təhsil ocağı olan – Başkeçid rayonundakı Hamamlı kənd orta məktəbinin direktoru vəzifəsinə təyin edilmişdir. İyirmi iki yaşlı gəncin iki mindən artıq şagirdi, onlarla müəllimi olan böyük təhsil ocağına rəhbərlik etməsi nadir hadisə olmuşdur. Afad Qurbanov ona göstərilən etimadı ləyaqətlə doğrultmuş və direktor işlədiyi dörd il ərzində Hamamlı orta məktəbini qabaqcıl təhsil ocaqları sırasına çıxarmışdır.

 

Bununla kifayətlənməyən Afad Qurbanov yenə təhsilini davam etdirmək və elmin açılmamış qatlarını araşdırmaq üçün elm-təhsil yolunu seçmiş, A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunda qısa müddətli müəllimlik fəaliyyətindən sonra 1956-cı ildə Bakıya qayıtmış və elə həmin il Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dilçiliyi kafedrasında aspiranturaya daxil olmuşdur.

 

Eyni zamanda, Afad Qurbanov həmin ali təhsil ocağında, Bakı Ali Partiya Məktəbində və Azərbaycan Dövlət Dillər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasında müəllimlik fəaliyyətini davam etdirmişdir.

 

Həyatının ən unudulmaz hadisələrindən biri də məhz 1956-cı ildə baş vermişdir: Gürcüstan Ali Məhkəməsi atası Məhəmməd Alı oğlu Qurbanov barədə bəraət hökmü çıxarmışdır.

 

Aspiranturada oxuyarkən Afad Qurbanov Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, professor Ə.Dəmirçizadənin elmi rəhbərliyi altında Səməd Vurğunun dramaturgiyasının dili üzərində tədqiqat işləri aparmış, elmi işini vaxtından əvvəl yazıb qurtardığı üçün rektorluq tərəfindən mükafatlandırılmış və institutda saxlanılmışdır.

 

Afad Qurbanov 1962-ci ildə «S.Vurğunun «Vaqif» pyesinin dili və üslubu» mövzusunda namizədlik, çox keçmədən 1968-ci ildə Azərbaycan Elmlər Akademiyasının İctimai elmlər bölməsində «Müasir Azərbaycan ədəbi dili» mövzusunda doktorluq dissertasiyalarını uğurla müdafiə etmişdir. 1970-ci ildə Ali Attestasiya Komissiyası Afad Qurbanovu professor vəzifəsinə layiq görmüşdür.

 

Afad Qurbanov 1959-cu ildən Azərbaycan dilçiliyi kafedrasında assistent, müəllim, 1965-ci ildən dosent vəzifələrində çalışmışdır. Dərin elmi biliyə və yüksək təşkilatçılıq qabiliyyətinə görə Afad Qurbanova həmişə etimad göstərilmişdir. O, 1967-1981-ci illərdə bir il Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinin dekan müavini, 13 il dekanı işləmiş, 1981-1989-cu illərdə institutun rektoru vəzifəsində çalışmış, həmin dövrdə də Filologiya Elmləri üzrə Müdafiə Şurasının və Pedaqogika Elmləri üzrə Müdafiə Şurasının sədri olmuşdur. 1979-cu ildən həyatının sonuna kimi (30 il) Afad Qurbanov Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müdiri işləmişdir.

 

Bundan başqa, Afad Qurbanov 1969-cu ildən Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin və Maarif Nazirliyinin Azərbaycan dili üzrə Tədris-Metodiki Şuralarının sədr müavini, sonralar Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının və Təhsil Problemləri üzrə Elmi-Metodik Mərkəzinin və bir çox komissiyalarının fəal üzvü olmuşdur.

 

Afad Qurbanov 1979-cu ildən «Azərbaycan toponimlər lüğəti» ensiklopedik nəşrinin, «Dil və ədəbiyyat» məcmuəsinin, «Elm və həyat» curnalının, «Təhsil» və «Türkologiya» curnallarının redaksiya heyətinin üzvü, «Dilçilik» elmi-linqvistik və «Onomastika» elmi-onomastik curnallarının təsisçisi, baş redaktoru olmuşdur. O, 1980-ci ildən bir çox komissiyaların, o cümlədən Azərbaycan Əlifba Komissiyasının sədri, Azərbaycan Milli Elmlər Akademiyasının Terminologiya Komitəsinin, Adlar və Soyadlar üzrə Xüsusi Komissiyanın, Dövlət dili haqqında qanun layihəsinin hazırlanması üzrə Komissiyanın, Əlaqələndirmə Şurasının, Nəsimi adına Dilçilik İnstitutunda Elmi və Müdafiə Şuralarının, Azərbaycan Yazıçılar Birliyinin fəal üzvü kimi gərgin və səmərəli fəaliyyət göstərmişdir.

 

1970-ci ildən başlayaraq Afad Qurbanov Azərbaycan elminin inkişafında və yüksək ixtisaslı elmi və pedaqoji kadrların hazırlanmasındakı xidmətlərinə görə dəfələrlə həm ölkə başçısı, həm də Ali Sovetin Rəyasət Heyəti, Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və Təhsil Nazirliyi tərəfindən fəxri fərmanlara, təltiflərə layiq görülmüşdür.

 

Afad Qurbanov 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmiş, 1988-ci ildə isə namizədliyi SSRİ Elmlər Akademiyası tərəfindən Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvlüyünə irəli sürülmüşdür.

 

1983-1989-cu illərdə Afad Qurbanov Azərbaycan Respublikası «Bilik» cəmiyyətinin natiqlik və mühazirəçilik məharəti komissiyasının sədri və Azərbaycan Ali Məktəbləri Rektorlar Şurasının Rəyasət Heyətinin üzvü olmuşdur. 1992-2009-cu illərdə A.Qurbanov Azərbaycan dilinin onomalogiyası problemləri laboratoriyasının müdiri vəzifəsində çalışmışdır.

 

Eyni zamanda, Afad Qurbanovun 90-cı illərdə ölkədə özəl təhsil müəssisələrinin yaradılmasında xidmətləri olmuş və onun başçılıq etdiyi xüsusi komissiya tərəfindən bugün uğurla təhsil sistemimizdə fəaliyyət göstərən bir sıra özəl institut və universitetlərin (Qərb Universiteti və s.) fəaliyyətinə icazə verilmişdir.

 

Afad Qurbanov ölkədən kənarda da geniş yaradıcılıq fəaliyyəti göstərmişdir. O, 1984-1989-cu illərdə SSRİ Elmlər Akademiyasının Sovet Türkoloqları Komitəsinin üzvü, Tədris-metodiki bölməsinin sədri, Türk onomastikası bölməsi bürosunun üzvü, sonralar həmin komitənin sədr müavini vəzifələrində çalışmışdır.

 

1992-2000-ci illərdə görkəmli alim Azərbaycan Milli Yaradıcılıq Akademiyasının, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının, Nyu-York Akademiyasının akademiki, Türk Dil Qurumunun şərəfli üzvü, Sürəkli Türk Dili Məclisinin həqiqi üzvü, Belçika Onomastika cəmiyyətinin, Finlandiyanın Fin-Uqor cəmiyyətinin və digər təşkilatların həqiqi və ya fəxri üzvü seçilmişdir.

 

Böyük alimin 1987-ci ildə ABŞ-ın İndiana Universitetində keçirilən Türk Tədqiqatları üzrə İkinci Beynəlxalq Konfransında «Azərbaycan onomastikası sahəsində elmi tədqiqatlar» mövzusunda məruzəsi, 1989-cu ildə isə Norveçin Ural-Altay İnstitutu tərəfindən Oslo şəhərində keçirilən Daimi Beynəlxalq Altayşünaslıq Konfransının 32-ci iclasında «Kutianlar və onların şəxsi adları» adlı məruzəsi dinlənilmişdir.

 

Afad Qurbanov 1981 və 1987-ci illərdə Bakı şəhər Sovetinin deputatı, 1990-1995-ci illərdə isə Azərbaycan Parlamentinin deputatı (millət vəkili) olmuşdur.

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma