ZAUR USTAC “TUNCAYA” ŞEİRİ ŞAİRƏ TELLİ SƏNƏM BORÇALININ İFASINDA

ZAUR USTAC “TUNCAYA” ŞEİRİ ŞAİRƏ TELLİ SƏNƏM BORÇALININ İFASINDA:

16603101_1007351236064682_5282971167637880071_n

 

YAZARLAR.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Advertisements

“ÜÇ KÖLGƏNİN MÜBARİZƏSİ”- Xocalı Şəhidlərinə İtihaf olunur- Sadiq Qarayev.

xocali

B.ü.f.d, dosent.,   AYB və Rusiya Yazıçılar İttifaqının üzvü Sadıq  Qurban oğlu  Qarayev

ÜÇ KÖGƏNİN MÜBARİZƏSİ.

Xocalı Şəhidlərinə İtihaf olunur

Kresloda əyləşib, televizora baxırdı. Əlindəki pultla kanalları teztez dəyişirdi. Görünən o idi ki, fikri başqa yerdədir. Odur ki, heç bir veriliş

diqqətini cəlb edə bilmirdi. Üzbəüz divanda əyləşmiş, dolu bədənli, keçəl,

göygöz, badımcan burun şəxsə üzünü tutub dedi:

– Vaçiq, səncə, Andrey Şvats Süleymanı tapa biləcək?

Qarşısında oturan, səksənə yaxın yaşı olan, qalın, tüklü qaşları, girdə,

çuxura düşmüş hiyləgər gözləri, almacıq sümükləri və burnu donqar, seyrək saçını və uzun saqqalını qara rəngləmiş şəxsin, neçənci dəfəydi verdiyi

eyni sualdan bezmişdi. Ancaq qorxudan və tamahdan həmişə inandırıcı

arqumentlərlə, fərziyyələrlə onu sakitləşdirməyə çalışırdı. Bu dəfə də elə

etdi. Özünü sakit, əmin göstərərək, gülümsəyib dedi:

– Cənab Davudyan, Şvatsın başqa çıxış yolu yoxdur. O, bacısını tapmaq üçün mütləq Süleymanla görüşməlidir. Ancaq Süleymanı tapmaq

üçün mütləq ona yaxın birini ələ almalıdır.

Davudyan özünə toxtaxlıq verərək, gülümsədi:

– Bunun üçün Andrey Şvatsa nə etməli olduğunu izah etmişəm. O, çox

peşəkar yetişib. Əminəm ki, Süleymanın axırına çıxacaq. Necə ki, Sergeyi

öldürdü, anasına olan haqsızlıqları ona bağışlamadı. Bacısının oğurlanıb,

uzun illər ondan ayrı qalmasını və istifadə edilməsini də Süleymana bağışlamayacaq. Mən Şvatsa inanıram.

Vaçiq bic-bic gülərək dedi:

– Bəzən tüklərin geri qatlanıb ətə batması çox pis olur. Süleyman hiyləgərdir, eyni zamanda qarşılaşdığı insanlara çox güclü təsir etmək, ələ

almaq qabiliyyəti var. Etiraf edək ki, o, insanların “mən”ini ələ almaqda

ustadır. Ən vacibi də odur ki, son qarşılaşmada heç bir itki verməyib. Sergeyi mat edib, siz isə pat vəziyyətindəsiz.

Onun bu sözləri Davudyanın xoşuna gəlmədi. Noranı çağırıb çay istədi. Sonra üz-gözünü turşudub, əlini saqqalına çəkib dedi:

– Əsl şahlar pat olmağı deyil, ölməyi seçərlər. Mən hələ məğlub olmamışam. Markosla Orantı nəzərdə tutursansa, biri şöhrətpərəstliyin, digəri

isə tamahın deşik gəmilərində boğuldular. Şöhrət və tamah insanın əcəl

beşiyidir. Mən bunu onların hər ikisinə dəfələrlə demişdim.

Vaçiq Arsen Davudyana qulaq asdıqca az qala gülməyi tuturdu. Öz

adını başqasına qoymaq qabiliyyəti vardı Davudyanda. Ancaq Vaçiqi qoca

Davudyanın fikirləri deyil, pulları, qara ticarət əlaqələri maraqlandırırdı.

O, söhbəti dəyişdi:

– Sizə qulaq asmayanlar uduzarlar. Sizin böyük təcrübəniz həmişə öz

sözünü deyir. Həm də sizdə uzaqgörənlik və hadisələrin gedişini düzgün

proqnozlaşdırmaq qabiliyyəti var.

Arsenin kefi yenə açıldı. Özü haqqında deyilən təriflər həmişə onun

xoşuna gəlmişdi. Bəzən özünə də qəribə gəlirdi ki, nə üçün tərifdən belə

zövq alır. Arsen Davudyan bu söhbətin uzadılmasını istəmədi:

– Nə etdiz? Uşaqları tapa bildiz? Mən fransızlara söz vermişəm, pullarını da almışam. İki gün vaxtımız qalıb.

Nora çayları gətirdi. Arsen çaydan bir qurtum içib, gülümsəyərək Noraya dedi:

– Həmişəki kimi, ətirli, gözəl çay dəmləmisən. Tanrı dərgahında xoşbəxtlik qanadları ilə Cənnətə gedəcəksən. Sən pak qəlblisən.

Arsenin bu cür nəvazişli, dindarsayağı sözlərinə qulaqları alışmış Nora

qızardı, gülümsəyərək razılıq əlaməti kimi başını yelləyib dedi:

– Tanrı sizi qorusun. Sizin sayənizdə çox şeylər dərk etdim. İnancıma,

əqidəmə və biliklərimə görə sizə borcluyam.

Arsen yenə saqqalına tumar çəkdi:

– Tanrı bəndəsinə ürəkdən xidmət etmək, ən şirin dualar qədər dəyərlidir. Biz hamımız Tanrının aciz və dəyişkən bəndələriyik. Tanrı isə dəyişməzdir. Onun qüdrəti sabitliyində və dəyişməzliyindədir. Gedin dincəlin,

istəsəz, yatın. Lazım olsa, Karapet qulluq edər. O, yenə kitab oxuyur?

– Bəli, mətbəxdə oturub oxuyur. – Nora cavab verdi.

– Saat birdir. Siz gedin dincəlin. Bu gün də çox yorulmusuz – Arsen

Davudyan qayğıkeş və mülayim səslə dedi.

Nora gülümsədi, Arsenə Tanrıdan dua edə-edə otaqdan çıxdı.

– Hə, danışmışıq, sabah həll edəcəyik. – Vaçiq də çayından bir qurtum

içdi. – Ancaq işlər getdikcə çətinləşir. Orqan tapmaq müşkülə çevrilib. İnsanlar, elə bil, dəyişilib. Qəzada və ya başqa səbəbdən ölən sağlam adamların yaxınları onların orqanlarını vermək istəmirlər. Dilə tutmaq, pul təklifi və s. metodlar işə yaramır. Ümid qalır kasıblara. Onlar könüllü satırlar.

Bir də əsgərlər əsas mənbədir. Bəzən özünü vuran, ya ağır xəstələnən əsgər

olanda bizim şəbəkənin həkimləri sevinirlər. Uşaq orqanı əldə etmək isə

lap çətinləşib. Düzdür, satmaq istəyən kasıblar çoxdur. Ancaq ər arvaddan,

arvad da ərdən qorxur. Ya da hər ikisi bu işin üstünün açılmasından qorxurlar. Əksəriyyəti xaricə getmək, orada şərait qurmaq, digər övladlarını xoşbəxt etmək üçün birini qurban verirlər. Necə ki, qağayılar nəsli saxlamaq

üçün bir neçə balanı sinələri ilə yerə sıxaraq öldürürlər. Uşaq orqanları

üçün əsas mənbəmiz internatlar, uşaq evləri və Dağlıq Qarabağda yaşayan

sakinlərdir. Heyif deyildi müharibə vaxtı? Azərbaycanlı əsirlərdən hər cür

yaşda olan, istənilən orqanı havayı əldə edirdik. Öz yaralı, yeni ölmüş əsgərlərimizdən də həmçinin.

– Bacarıqlı insanlar pul qazanan vaxtlar, sən azərbaycanlı əsirləri bişirtdirib öz həmyerlilərinə yedirdirdin. – Vaçiqə diqqətlə qulaq asan Davudyan istehza ilə ona baxdı. – Təsəvvür edirsən, nə qədər pul itirirdin?

Bir sağlam insanın daxili orqanlarını satmaqla bir naxır dana alıb, o əsirləri

aylarla yedizdirə bilərdin.

Vaçiq təəssüf ifadə edən, insanlıq cizgilərindən uzaq mahiyyətli simasını bir az da turşudub, öz-özünü danlayırmış kimi gileyləndi:

– Doğrudan, müharibələr insanların ağlını, gələcəyə baxışlarını və

səbr durnalarını çaşdırıb, qarışdırır. Mən sizi, daha doğrusu, Orant Harutunyanı tanıyana qədər nadan olmuşam. Əlimdəki əsirlərin necə dəyərli

olduğunu qanmamışam. Sanki, dollarları yandırıb, ocaq qalamışam. Çox

heyif. Ancaq qisas düşünmüşəm. Siz təsəvvür edirsiz, neçə gün ac qalan

ata doyunca ət yeyir, hətta ona siqaret də veririk, zarafatlaşırıq. Elə zənn

edir ki, daha dostlaşdıq, işgəncələrə son qoyuldu. Onun gözlərindəki ümid

xortlamış meyit kimi həyata yenidən atılmaq istəyir. Bu vaxt yediyi ətin,

yeniyetmə oğlunun əzalarından hazırlandığını bilir. Xortlamış ümidlərin

yenidən məzara cumub, öz üstünü sürətlə torpaqlaması səhnəsini özünə

nifrət və ağlın ruhdan kənar yas rəqsləri əvəz edir. Bunları o gözlərdə,

simalarda müşahidə etmək necə də müdhiş zövq verir insana. Ancaq bu

zövqlər keçicidir. O yeniyetmənin sağlam orqanları vardı. İnsanlarda təsadüfən rast gəlinən dörd keyfiyyətli böyrəyi də vardı. Kaş ki, yenidən

müharibə olaydı.

Arsen Davudyan gülümsədi:

– Burada və dünyanın başqa yerlərində, xüsusilə Yaxın Şərqdə, Əfqanıstanda, Hindistanda, Şərqi Asiyada, Afrikada, Cənubi Amerikada müharibələr labüddür. Əvvəla, dünyanın, bəşəriyyətin müharibə enerjisinə ehtiyacı var. Azərbaycanlı alim Tusinin Orantla Markosun faciələrinə səbəb

olmuş elmi nəzəriyyəsində müharibələrin qaçılmaz olduğu düzgün izah

edilmişdi. Sən, yəqin ki, onu oxumamısan?

Vaçiq başını bulayıb, “Xeyr”, – dedi.

– Bilirəm oxumamısan. Sənə həmişə deyirəm oxu, boş vaxtlarını

əylənəcələrə sərf etmə. Bekarçılıq, avaraçılıq əqli və ruhu xəstələndirir.

Nə isə, o gənc alim müharibələr haqqında danışarkən bir neçə məsələni

unudub.

Vaçiq acıqla dedi:

– Yəqin, uşaqdır, nə dediyini özü də qanmayıb. Həm də müsəlmandır.

Onlar söz güləşdirməkdən, mənaları yelləncəyə mindirib, başları hərlənənə

qədər yelləməkdən başqa bir şey bilmirlər. Ya da ki, min ildən çoxdur ki,

namazı necə qılmaq haqda hamılıqla razılığa gələ bilməyiblər.

Arsen Davudyan qaşqabağını tökdü, saqqalını sağ əlinin barmaqları

ilə darayaraq dedi:

– Dayan! Mən sənə bir-iki şey deyim, həmişə yadında saxla: Birinci,

heç bir xalqın gerçək milli lideri yoxdur. Olsa da, onu yaşatmazlar. Hər

şey kapital qazanmağa hesablanıb. Bizimkilər Qarabağda tanka minib, şəkil çəkdirib, nə etdilər? Hakimiyyətə gəldilər. Heç başqa yolları da yox

idi. Onlara bu işdə rol verənlər, əvvəl piyada kimi cərgəyə düzüb, sonra

vəzir etdilər. İkinci, maddi zənginlik mənəvi çəkisizlik mahiyyətli olduğu üçün kasıb kütlənin başına fırlanmağa məhkumdur. Yəni zəngin olmaq

istəyirsənsə, mənəvi çəkisizliyi qəbul etməli, kütlələrin başına hər hansı

mələk donunda fırlanmalısan. Üçüncü, tarix boyu həqiqəti tapmağa zəka,

söyləməyə cəsarət lazım olub. Doğrunu söyləmək, ədalətin yanında olub

gücə qarşı çıxmaq deməkdir. Çünki güc həmişə ədalətsiz olub. Gücün nüvəsində hakimiyyət və mülkiyyət dayandığından ədalətli toplana bilməz.

Toplananlar da heç vaxt cəmə bərabər olmur. Çünki toplananlar çoxluğa

aid olub, ayrılıqda ədalət məzmunludur. Məsələn, topladığın o böyrəklər

öz sahiblərində olanda ədalətli, səndə cəmləşəndə başqa məzmunda olurlar. Bizim dövlət kimi də ən böyük problemimiz, torpaq toplamaq arzusudur. Başa düşmürük ki, cəm ədalətsiz olacaq, dünya qəbul etməyəcək. Sən

özün zəkalı və cəsarətli olacaqsansa, güclü olmaqdan əl çəkməlisən. Vəzir

olmaq istəyirsənsə, piyada kimi cərgəyə düzül, güclünün əli ilə addım-addım irəlilə və indiki vəzirin vurulmasını gözlə. Çalış piyada ol ki, çox şeyə

çevrilmək şansın olsun. Dördüncü, hər bir xalqın nüvəsini, mahiyyətini,

mənəvi çəkisini kasıb kütlə təşkil edir. Maddi zənginlər reallıqdan uzaqlaşmış, çəkisiz, mənfi azlıqlardır. Əslində, zənginlərin xalq mənsubiyyəti

yoxdur. Sən zəngin olmaq istəsən, xalqı, mənəviyyatı, reallığı unutmalısan. Tam sərbəst, çəkisiz, boş qayğılardan uzaq olmalısan. Millət, qeyrət, dövlət və sairə kimi mənasız, tikanlı çəpərlər təbiətən azad ruhunu əsir kimi saxlayarsa, sərvət və hakimiyyət səndən uzaq düşər. Nəhayət, beşinci, Azərbaycanda olan hadisələrin inkişaf dinamikasını, gələcək

mənzərəsini dəqiq görməlisən. Azərbaycanlıları yaxşı tanımalısan. Bunu

edə bilməsən, Ermənistanda hakimiyət və mülkiyyət yiyəsi ola bilməyəcəksən. Sənin azərbaycanlılar və türklər haqqında təsəvvürlərin yanlışdır.

Türklər vaxtında Şərqdən Qərbə gəlməsəydilər, İslam dayaqları təkcə ərəb

xarakterində və davranış tərzinin mahiyyətində qalsaydı, tez çürüyəcəkdi.

Mən Misirdə çox şeylər görmüşəm. İslamı qəbul edən hər bir xalqın, bu

dinin yaşamasında öz töhvəsi var. Ancaq türklərin xarakteri, milli, psixoloji, əqli, başlıcası isə insani və cəsurluq xüsusiyyətləri İslama uzunömürlü

və sarsılmaz sütunlar yaradıb. Türklərin ən qorxulu cəhəti hökm etmək,

özlərini üstün bilib əyilməmək xüsusiyyətləridir ki, bu da onların böyük

imperiyalar qurucuları olmasından irəli gəlir. Dünyanın gözü qarşısında

Konstontinopolu İstanbul edib, gerçəklik kimi yaşadırlar. İstanbul türklərin əbədi qələbə bayrağıdır. Keçək Azərbaycana. Azərbaycanlılar regionda, deyərdim ki, dünyada çox fərqli və unikal xalqdırlar. Onlar da türkdilli

xalqdırlar. Ancaq zaman-zaman məxsusiləşmiş, bir sıra yeni xüsusiyyətlər

qazanmışlar.

– Azərbaycanlı, türk – bunlar eyni millət deyil? – Arsenə diqqətlə qulaq asan Vaçiq soruşdu.

Arsen Davudyan televizoru söndürüb, pultu kənara qoydu:

– Həm hə, həm də yox. Xalqların indiki tarixindən geriyə getməyə

başlasaq, birləşmələr meydana çıxacaq. Yaxın xalqlar daha tez birləşəcək,

iki qardaş bir atada birləşən kimi. Sonra nisbətən uzaq qohum xalqlar bir-

ləşəcək, əmioğlular babada birləşən kimi. Nəhayət, bütün xalqlar ya meymunda, ya da Adəm və Həvvada birləşəcəklər. Azərbaycanlılar və türklər

atada birləşən xalqlardır, yəni qardaşdırlar və ya eyni gövdədə birləşən budaqdırlar. Bir nəhəng ağac xatırla, budaqları nə qədər oxşar və fərqlidirsə,

azərbaycanlı və türk də elədir.

Vaçiq sağ əlinin şəhadət barmağını gicgahına dayayıb, düşüncəli halda

dedi:

– Dünya qloballaşır. Kompüter əsri, televiziya və sairə, xalqları, millətləri yenidən birləşdirmir? Belə getsə və ya bu proses sürətlənsə, xalqlar ayrıldıqları kimi, yenidən birləşib Adəm və Həvvaya çatmayacaq? Və

yaxud meymunlaşmayacaq?

Arsen Davudyan astadan güldü, sonra zarafatlaşdı:

– Sən cavansan, bəlkə, meymunlaşdın. Mənim vaxtıma az qalıb,

o günləri görmərəm. Qulaq as, azərbaycanlılardan danışım sənə. Onları gözündə heç vaxt kiçiltmə. Azərbaycanlıların proqnozlaşdırıla bilinməyən milli həmrəylik, bir yumruq olub gözlənilməz zərbə vurmaq

kimi möhtəşəm gücləri var. Bunun qorxusundan rusdan əl çəkə bilmirik. Türklərdə olan bütün keyfiyyətlər, demək olar ki, azərbaycanlılarda

da var. Ancaq bunlar daha təhlükəlidirlər. Təbiətləri onları ağır, müdrik

və zəkalı yetişdirib. Azərbaycanlılarda olan təmkin və tükü tükdən seçmək bacarığına yəhudilər, kombinasiyalar qurmağa ingilislər, cəsarətə

ruslar, dəqiqliyə almanlar, ağla yaponlar, işgüzarlığa isə çinlilər həsəd

apara bilərlər…

– Torpaqlarına isə biz həsəd aparırıq – Vaçiq seyrək dişlərini ağardıb,

gülərək dedi.

– Biz yox, bizim dar düşüncəli piyada vəzirlərimiz. – Arsen Davudyan

da gülməyə başladı. – Bax bu azərbaycanlılar bu cür xalqdılar. Onlarda elə

potensial, sıxılmış çoxrəngli enerji var ki, regionun elm mərkəzi, türkçülüyün və İslam dəyərlərinin paytaxtı olacaqlar. Bunun üçün təbii sərvətləri,

müasir və dinamik dövlətləri də var. Bizim bədbəxtlər onlarla dost olmaq,

neftindən, qazından istifadə etmək əvəzinə, gedib dağı-daşı tutub, ac qarına çiçək qoxlayırlar. Bağırsaqlarının qurultusundan qürur quşları bir yerdə

qonub qala bilmir. Gürcüstan bizdən ağıllıdır. Qardaş deyib, kəmərləri qucaqlayıb. O kəmərlərə görə nə qədər pul alacaqdıq. Bakıda mağazalarımız,

restoranlarımız, evlərimiz olacaqdı. Adam balası kimi yaşayacaqdıq. Bir-iki piyada vəzirlərdən ötrü, erməni xalqı Bakıda öz restoranlarında, obyektlərində gecə pul sayıb, evə aparmaq əvəzinə, səngərdə qorxudan əsə-əsə

guya torpaq qoruyur. Bakıdakı torpaq qiymətlidir, yoxsa o dağlardakı? Nə

qədər uduzmuşuq, o qədər gələcək nəsildən tüpürcək yeyəcəyik…

– Bütün bunların şəxsən bizim işə dəxli var? – Vaçiq soruşdu.

– Mən xalqın keşişi kimi belə düşünürəm. Həm də bu, sənə bir vəsiyyətdir, etdim. Yadında saxlayıb nəzərə alsan, faydası olar. O ki, qaldı

işimizə, bir az əvvəl dedim, dünyada qlobal iqtisadi böhranlar dövrüdür.

İqtisadi böhranlar orqan, insan alveri, narkotik və silah satışlarında yaranan çətinliklərdən, problemlərdən başlayır. Sonra ədəbaz və sözəbaxan

siyasətçilər səhər quşları kimi oxumağa başlayır. Daha sonra görünməz,

ağır kapital yiyələri qoç döyüşdürməyə – müharibəyə başlamaq üçün siyasətçilərə tapşırıq verirlər. Müharibələr silah satışını, narkotik ticarəti,

orqan alverini və sairə böhrana səbəb olmuş qara bazarı dirçəldir. Kapital

sahiblərinin işi xod gedir. Enerji resursları və təbii sərvətlərə nəzarətdə

ziddiyyətlər, narazılıqlar isə çox dinamikdir, hər an dəyişir və böhran yaratmağa səbəb olur. Əgər qara bazarda böhran və təbii sərvətlərə nəzarətdə narazılıqlar üst-üstə düşərsə, rezonans yaranır, müharibələr, üsyanlar,

vətəndaş müharibələri, dövlət cevrilişləri qaçılmaz olur. Təbii ki, böyük və

oturuşmuş dövlətlər, mütərəqqi xalqlar zərurət kimi ortaya çıxan müharibələri digər zəif dövlətlərin üstünə itələyir. Elə bil, yağış yağırsa, çətiri öz

başlarına tuturlar. Ya da göydən düşən daşın altına bizim kimi xalqların

başını verirlər.

Nora otağa daxil oldu. Gözlərini ovuşdura-ovuşdura soruşdu:

– Çay gətirim?

– Niyə yatmadın, qızım? Baxıram rəngin qaçıb. Xəstəsən, yoxsa nədənsə narahatsan? – Arsen Davudyan nəvazişlə soruşdu.

Nora Terizyan çəkinə-çəkinə dedi:

– Yatmışdım. Yuxu gördüm, oyandım.

– Yəqin, yuxuda qorxmusan. Söylə görüm, nə görmüsən? Düzdür, mən

yuxulara inanmıram, amma maraqlıdır. Həm də söyləsən, rahatlaşarsan.

Nora asta səslə yuxusunu danışmağa başladı:

– Gördüm ki, bir dəstə uşaq gəlir. Hamısının da qucağında ağ ayı

oyuncaqlar var. Sizin ətrafınızda dövrə vururlar. Siz də gülümsəyib, onların başlarına sığal çəkirsiz. Onlara öyüd verir, dua edirsiz. Uşaqlar bir

anda böyüyürlər, hamısı da kasıb, cır-cındır paltarlarda. Sonra onların

müxtəlif yerlərindən qan axmağa başlayır. Onlar buna məhəl qoymadan dəli kimi gülür, sevinir, oynayırlar. Siz isə əksinə cavanlaşıb, onlara

müdrikcəsinə baxırsız.

Arsen fikrə getmişdi. Heç nə demirdi. Vaçiq tez soruşdu:

– Daha nə gördüz? Məni görmədiz?

Nora Terizyan köks ötürdü:

– Sizi də gördüm. Pəncərədən bir işıq düşüb, ətrafınıza sarıldı. Sonra o

işıq geri qaçdı və sizi də aparmaq istədi. Siz də məəttəl qalmışdız. Danışmırdız, elə oynayan adamlara baxırdız. Bu evdə, elə bil, ruhlar var. Nahaq

bura gəldik.

– Çox yorulmusan, yuxuların qarışıb. Get yat, qızım. – Arsen Davudyan soyuqqanlı və nəvazişli səslə dedi.

Nora heç nə deməyib, öz otağına keçdi. Vaçiq yalançı gülümsəməyə

başladı:

– Əslində, Noranın yuxusu sizin uşaqlara qayğınızın, onları böyütməyinizin savab iş olduğuna işarədir. Siz çoxlu sayda ailələrə kömək etmisiz.

Nə olsun ki, bəzilərinin orqanlarını satın almısız? Siz almasaydız, başqalarına satacaqdılar. Onlar isə pul verəcəkdilər, ya bu bədbəxtləri aldadacaqdılar, məlum deyil. Amma siz həmişə təmiz olmusuz. Heç kimi aldatmamısız. Sizin sayənizdə çox ailələr xaricə gedib rahat, firavan yaşayırlar.

Arsen Davudyan mənalı-mənalı gülüb dedi:

– Bəs sənə sarmaşan işıq nədir? Olmaya müqəddəsləşmisən?

Vaçiq bir az tutuldu, özünü toplayıb cavab verdi:

– İşıq sabahkı işlərimizin uğurlu alınacağına işarədir. Stepanakertdən

iki ailə ilə danışmışam. Sabah uşaqlarını bizim buradakı xəstəxanaya gətirəcəklər. Birinin dörd uşağı var, əri Mardakert uğrunda döyüşlərdə həlak

olub. Üçüncü sinifdə oxuyan qızının bir böyrəyini satmağa razılaşıb. Etibarlı və kübar qadına oxşayır. Digərinin isə ərindən xəbəri yoxdur. On il

olar ki, Rusiyadadır. Nə gəlir, nə də gedir. O qadının da bir oğlu xəstədir.

Müalicəsinə pul lazımdır. O da öz böyrəyini satmağa hazırdı. Bizim millət

böyük millətdir. O ana gör nə qədər möhtəşəm əqidəyə malikdir ki, oğlu

üçün hər şeyi edir.

Arsen Davudyan saqqalını tumarlayıb dedi:

– Kasıblığın və dəliliyin səbəbləri çox rəngarəngdir. Ancaq çox vaxt

bənzərdirlər. Nəticələri isə doğrudan da oxşardır. Get, o Karapeti çağır bura.

Vaçiq heç nə deməyib ayağa durdu. Bir azdan Karapetlə qayıtdı. Karapetin gözlərindən yuxu tökülürdü. O da Nora kimi gözlərini

ova-ova, əsnəyərək otağa girib, ayaq üstə durdu. Arsen hər ikisini müraciətlə, “Əyləşin!” – dedi. Onlar yanaşı kreslolarda əyləşdilər. Arsen

bir az düşünüb dedi:

– Karapet, oğlum, bu gün və ya dünən Nora ilə mağazaya gedəndə

haradasa ağ ayı oyuncağı görmüsüz?

Karapet əlini ağzına tutub əsnədi, sonra ayağını aşırıb o biri ayağı üstə

qoydü:

– Bu gün liftə minəndə qonşunun əlində böyük ağ ayı var idi…

Arsen dərhal soruşdu:

– Neçənci mərtəbəyə qalxdı, öyrənə bildiz?

Karapet fikirləşib cavab verdi:

– Doqquzuncu düyməni basmışdı. Biz düşdük, o qalxdı.

– Dəqiq doqquza qalxdı? – Arsen yenə soruşdu.

– Hə, doqquzuncu mərtəbəyə qalxdı. Mən ehtiyat üçün liftin önündə

durub baxırdım. Lift birbaşa doqquza qalxdı. Sonra enib yeddidə dayandı.

Mən düyməni basmışdım ki, lift bizim mərtəbədə dayansın. Dayandı və

içində bir qadın, iki azyaşlı uşaq gördüm.

– Afərin, Karapet! Sən əsl dedektivsən – Vaçiq dedi.

Karapet gülümsəyərək dedi:

– Əslində, biz qapıya çatmışdıq, ancaq mən hər şeyi nəzərə alıb, geri

qayıdıb lifti kontrol etdim. Nora ayıya baxırdı deyə diqqətimi cəlb etdi.

Vaçiq üzünü Arsenə tutdu:

– Görünür, Nora həmin ağ ayını görüb, özünə xəyal qurub ki, ailəsi,

uşağı olsaydı, bu oyuncaqdan alardı və bu da yuxusuna girib.

– İstəyirsiz gedim doqquzuncu mərtəbədəki qonşulardan soruşum. –

Karpet ayağa qalxıb dedi.

Arsen Davudyan etiraz etdi:

– Saat ikiyə qalır, hamı yatıb. Bir də ki, hər mərtəbədə üç ailə qalır…

– Nə olar, – Karpet dedi, – üçünün də qapısını döyüb, üzr istəyib deyəcəm ki, uşaq həyətdə sizin əlinizdəki ağ ayını görüb, dayanmır, ağlayıb

istəyir. Zəhmət olmasa, yerini deyin, səhər biz də alaq.

Arsen Davudyan acıqlandı:

– Boş-boş danışma. Sənə öyrədə bilmədim ki, danışacaqlarını, planlarını

əməliyyatlarını əvvəl fikrində canlandır, sonra söhbət aç. Tutaq ki, şəxs düşmənimizdir. Sənə deyər ki, ayı məndə idi? Qalan ikisi də təbii ki, “yox” deyəcək. Üç evə girib, ayı axtaracaqsan? İkincisi, adama deyərlər, bu boyda şəhərdə ağ ayı tapmadız, gecənin bu vaxtı bizi narahat edirsiz? Nəhayət, o ağ ayı ilə

gəzmək, düşmənimizin nəyinə lazımdır? Bizi ayı ilə vuracaq? Bax, Karapet,

beş ildir, sənə məntiqlə əməlin vəhdət rəqsini öyrədə bilmirəm, “ilk düşündüyünü də danışma” – prinsipini qəbul etdirə bilmirəm. Hələ diplomatlar kimi,

“hər şeyin öz adını da demə”, qaydasını da öyrənməmisən. Tiqranla çox məşq

et. Heyif deyil Tiqran?! Nə söz deyirsən, göydə tutur. Özü də çox danışmağı

sevmir. İndi isə yuxun gəlir, get yat. Səhər tezdən kilsəyə gedəcəyik. Axşam

da yola düşəcəyik, Stepanakertə tərəf.

Karapet heç nə demədən ayağa qalxıb, otaqdan çıxdı. Vaçiq onun

arxasınca baxa-baxa dedi:

– Kaş ki, Andrey Şvats Süleymanın işini bitirib, bura qayıtsın. Biz də

onun işini bitirək. Üçlüyün mübarizəsi sizin qələbənizlə başa çatsın, rahat

nəfəs alaq.

Arsen Davudyan ona baxa-baxa fikirləşirdi: “Bu çaqqala bax, adam

əti bişirməklə mənim varisim olacağını, illərlə qurduğum sistemin başına

keçəcəyini, milyonlara sahib çıxacağını düşünür. Anlamır ki, çox kötüklər üzərində cavan budaqlar doğranıb. Ömrünün sonuna çox qalmadığını bilmir. İndi bilsə ki, Şvatsdan sonra cəmi bir gün ömrü var, ürəyi

partlayar”. Xəyalında düşündüklərindən gülməyi gəldi. Özünü ələ alıb,

gülümsədi və dedi:

– Afərin, Vaçiq. Adam bişirə-bişirə özün də bişməyə başlamısan. Ancaq sən fərqlisən. Yaşı keçmiş qoçun əti gec bişsə də, səndə belə deyil. Sən

hər şeyi tez anlayırsan və operativsən. Bir sözlə, öləndə rahat olacam ki,

yerimdə sənin kimi yetişdirməm qalır.

O, danışdıqca Vaçiqin ət görən pişik kimi gözləri parlayırdı. Milyonlara sahib çıxacağı günü səbirsizliklə gözləyirdi. Ancaq öz planını qurmuşdu

ki, qocanı zəhərləsin. Lakin hələ tez idi. Andrey Şvats sağ idi. O, qara

kabus kimi rahatlıq verməzdi. Andreyin aradan qalxması üçün Arsenin

təcrübəsinə, gücünə və nüfuzuna ehtiyac var idi. Andreydən sonra növbə

Tiqranın olmalı idi. Çünki Tiqran real rəqib idi. Əslində, Vaçiq həmişə

Arsenin onu aldatdığını, öz yerinə Tiqranı keçirəcəyini düşünürdü. Odur

ki, Tiqranı aradan götürməyi birinci və təxirəsalınmaz vəzifəsi hesab edirdi. Lakin Andrey Şvats məsələsi ortaya çıxandan hər şey dəyişmişdi. İndi

Tiqran əvəzsiz qoruyucu mələk rolunda idi. Vaçiqin plan sırası belə idi.

Andrey Şvatsı Tiqran öldürür, sonra Tiqranı aradan götüzdürür. Nora ilə

evlənir. Sonda Arseni zəhərləyir. Ancaq axırıncı iki detalın hansının birinci

olması barədə çox düşünmüşdü.

Vaçiq sifət əzələlərini xudbin və yalançı duyğuların təsiri altında rəqs

etdirib, dişlərini ağardaraq nə isə demək istəyirdi ki, işıqlar söndü. O ayağa durub pəncərəyə yaxınlaşdı, qonşu binalara baxdı. Eləcə də qaldıqları

binanın digər pəncərələrinə baxıb dedi:

– Hər yerdə işıqlar yanır. Üzbəüz binanın işıqları və bizim binada bəzi

mənzillərin işıqları keçib.

– Karapeti çağır, getsin sayğaca baxsın. Ola bilsin ki, sayğacdandır.

Tapşır ki, ehtiyatlı olsun. Şvats bu tezliklə qayıtmaz.

Karapet Arsen Davudyanın göstərişindən sonra, qapını açıb bayıra

çıxdı. Nora otağa daxil olub, əlindəki şamı masanın üzərinə qoydu. Vaçiq dedi:

– Bəlkə, mən də gedim. Karapet sayğacın yerini bilir?

– Lazım deyil, Karapeti danlamağıma baxma. – Arsen Davudyan cavab verdi. – O, nəzəriyyədən və plan qurmaqdan zəif olsa da, çox bacarıqlı

icraçıdır. Həm də, elə bil, iy bilir. Yaxınlaşan ağcaqanadı belə hiss edir.

Yoxsa onu yanımda saxlamazdım. Narahat olmayın, mənzilin işıqları sayğacdan tez-tez sönür.

– Məncə, bu Karapetdən heç nə çıxmaz. – Vaçiq gülümsədi. – Kitab

çox oxuyan adamlar real həyatda zəif olurlar. Elə bil yarı hissləri keçmişə

və gələcəyə gedir. Bu dünyada zəif düşmüş yarıları qalır. Bu da hər gün

kitab oxuyur. Nə oxuyur, heç bilmirik.

– Onsuz da saat ikiyə qalıb, – Nora Terizyan yuxulu-yuxulu danışmağa başladı, – yatırdıq, işığı neynirdiz?

– Televizora baxacam, mənim yuxum gəlmir. – Arsen Noraya cavab

verdi.

Vaçiq gülərək dedi:

– Karapet işığı yandırana qədər sabah açılar.

Elə bu zaman işıqlar yandı. Arsenin keyfi yerinə gəldi. Saqqalını tumarlayıb dedi:

– İnsanlar haqqında bədgüman olma, Vaçiq. Həmişə yaxşı tərəfləri görməyə çalış və mənə inan. Dedim axı o, yaxşı icraçıdır. Bilirdim

ki, necə olsa, işıqları yandıracaq. Ola bilməzdi ki, o, işıq yanmamış evə

dönəydi. Lazım gəlsə, işıq idarəsinə gedib, növbətçini bura gətirəcəkdi.

Hələ elə olmayıb ki, o, mənim hansısa tapşırığımı sona kimi yerinə yetirməsin. Sən də gələcəkdə belə ol. Bəhanələri qəbul etmə. Gözünü aç,

qulaqlarını yum, tapşırığın sona çatmasını tələb et. İndi isə qalx o şamı

söndür, hisi evə dolur.

Vaçiq masaya tərəf gəlib, şamı üfürüb keçirmək üçün əyildi. Şam

işığı onun üzünü bir az da işıqlandırdı. Ona diqqətlə baxan Nora düşündü ki, neçə vaxtdır evlənmək təklifi edən bu insanın siması necə də

eybəcərdir. İnsana xoş gələn bir cizgi tapmaq mümkün deyil. Keçəl başı,

elə bil, alnı ilə bütövləşmişdi və şam işığında parlayırdı. Noranın bir

az əvvəl gördüyü yuxu yadına düşdü. Əti ürpəşdi, tüklərinin biz-biz olduğunu hiss etdi. Bu vaxt pəncərə şüşəsindən cingilti səs gəldi və eyni

anda Vaçiqin parıldayan alnının başı ilə birləşən hissəsi qızardı. O, ağzı

üstə masaya tərəf düşdü. Ətli sifətinin altında qalan şam söndü. Vaçiqin

hərəkətsiz bədəni əyilib böyrü üstə döşəməyə düşdü. Arsen yaşına uyğun olmayan cəldliklə yerindən sıçrayıb, Vaçiqə tərəf əyildi. Qoca çekist

iki barmağını onun boynunun yan tərəfindəki arteriya damarının üstünə

qoydu və öldüyünü başa düşdü. Elə bu zaman Vaçiqin cəsədindən bir az

irəlidə kiminsə tutqun kölgəsini gördü. Çevrilib başının üstündəki insana

baxmaq istəyirdi ki, boynunun dalına dirənən dəmirin soyuqluğunu hiss

etdi. Boğuq və hiyləgər, istehzalı səslə:

– Kölgəndən tanıdım, – dedi.

– Mən də tanıdım. Ağ ayı bunun əlində idi. Yuxarıdakı qonşudur. –

Nora Terizyan qorxmuş halda divara qısılıb, dili topuq vura-vura dedi.

Çoban Zalov ona tərəf çevrilib qəzəblə bağırdı:

– Tez üzü üstə uzan!

Nora qorxu ilə ona baxıb, nə edəcəyini bilmədi, sonra gözlərini sağa-sola gəzdirdi.

Çoban Zalov bir də təkrar etdi:

– Axırıncı dəfə deyirəm, uzan döşəməyə. Əllərini də boynunun arxasına qoy! Yoxsa vuracam səni!

Noranın qorxudan ayaqları əsirdi. Daha heç nə fikirləşməyib, sakitcə

döşəməyə uzandı.

– Necə tanıdın, keşiş? – Çoban üzünü Arsenə tutdu.

Arsen Davudyan dəli kimi qəhqəhə çəkib güldü:

– Sənin kölgən özünə yox, Süleymana oxşadı. Yəni mən sahibsiz

kölgə gördüm. Əslində, sən özün yox kimisən, Süleymanın planlarının,

niyyətlərinin insanlaşmış formasısan. Odur ki, sənin kölgən də özün kimi

sahibsizdir. Mən onu görən kimi tanıdım. Sahibsiz kölgələr bir-birinə çox

bənzəyirlər.

Çoban Zalov tapançasının lüləsi ilə onun peysərini dürtmələyib dedi:

– Qulaq as, qoca, insanın əsl sahibi Allahdır, sonra əqidəsi, vicdanı.

Bunların heç biri səndə yoxdur. Əsl sahibsiz kölgə sənsən. Keşiş cildində

cəlladsan!

Əlləri boynunun arxasında yerə uzanmış Nora sağ yanağını yerə dayayıb, dəhşətli qorxu və təəccüblə gah Vaçiqin cəsədinə, gah da gözlənilməz

qonağa və Arsenə baxırdı. Bir neçə dəqiqədən sonra öldürüləcəyini fikirləşib, dəhşətə gəlirdi. Ancaq çığırmağa da qorxurdu ki, belə olan halda

həmin adam onu dərhal vurardı. Odur ki, sakit durmağı üstün tuturdu. Bununla belə, onların dialoquna maraq və diqqətlə qulaq asmağa başlamışdı.

Arsen Davudyan istehza ilə dedi:

– Süleymandan öyrəndin əqidə, vicdan nağıllarını? O, sizə öz vicdanının rənglərindən danışdı?

– Madam ki, onu bu qədər yaxından tanıyırsan, o rənglərdən sən danış.

– Çoban Zalov nə düşündüsə, onu dinləmək qərarına gəldi. – Unutma ki,

vaxtımız azdır. Həm də danışdıqlarından və verəcəyim suallara cavablarından asılı olaraq, sağ qalmaq şansın var.

Arsen Davudyan güldü. Sonra bir az fikirləşib dedi:

– Məkan və zamanın mövcud olduğu yerdə həqiqət olmaz. Mütləq

həqiqət məkan və zaman çevrəsində də ola bilməz. Həqiqət – varlığı mahiyyətinə bərabər olan, bütün hallarda sabit mövcudluğunu saxlayandır.

Həm də məkan və zamanı aşa biləndir. Süleymanın sizə həqiqət adı ilə yeritdiyi zəhər isə hər məkan və zamana görə dəyişəndir. Əslində, siz həqiqi

Süleymanı görə bilmədiz. Onun vicdanı hələ bahar çağında zəhərli çiçəklər açdı. Dostu Sergey Petroviçin qızını qaçırıb, sahibsiz kölgə etdi. Bir

ailəni dağıtdı. Fəridənin atası onun bacanağı idi. Həm də içki düşkünü

idi. Onu yol qəzasında öldürdüb, sonra qızını və oğlunu sahibsiz kölgə

etdi. Ürəyi soyumadı, Fəridənin ərini Sankt-Peterburqda öldürtdü. Siz elə

bilirdiz, orada hər şeyə nəzarət edirdiz? Əsla yox. Süleymanın həmişə iki

kölgəsi olub. Biri siz idiz. O biriləri başqaları. Burada da sizin dəstə tək

deyil. Mütləq ikinci qrup kölgələri var ki, siz onların nəzarətindəsiz. O,

bunu yaratmaqda, etiraf edirəm ki, peşəkardır.

– O nə edir, sənə dəxli yoxdur! Elə zənn edirsən ki, bu nağıllarınla

vaxtı yubadacaqsan, beynimi qarışdıracaqsan? Bu cür davam etsən, çətin

ölümdən can qurtarasan.

– Bu, Süleymanın kölgəsi ilə final görüşümüzdür. Hər şey deyilməlidir.

Çoban Zalov soyuqqanlı, sakit səslə dedi:

– Mənə lazım olan şeylərdən danış, qoca! Bilirsən, nə istəyirəm.

– Mənim ömrümə az qalıb. Ya sən, ya da Əzrail yaxınlarda öldürəcək.

Qulaq as, bu dediklərim sənə lazım olacaq. Süleyman iki alman sevgilisinin, bir də öz yoldaşının da axırına çıxdı. Onların ölümünü də Tatyana

Aleksandrovnanın üstünə atdı. Sonda isə qadını da, digərlərini də evi ilə

qarışıq yandırdı. Bunu Süleymanın oradakı ikinci kölgələri etdi. Əlbəttə,

onda siz o evi tərk etmişdiz. Tatyana Aleksandrovnaya son vəfa borcu bu

oldu. Bu əməli də onun üstünə atdı.

Çoban Zalovun səbri tükəndi, əsəbi və uca bağırdı:

– Bu cür axmaq və primitiv taktika ilə məni çaşdırmaq və öz böyüyümə qarşı nifrət yaratmaq istəyirsən? – O, əsəbindən yenə tapançanın

lüləsi ilə Arsenin peysərini dürtmələdi.

Sovet DTK-sının peşəkar və hiyləgər yetişdirməsi olan qoca keşiş,

boynunun dalı möhkəm ağrısa da, hər an ölə biləcəyini hiss etsə də, gözlərini yumub açdı. Düşündüyü xilas yolu ilə qətiyyətlə getmək fikrindən

dönmədi. Neçə gün idi ki, təhlükəni gözləyir və hiss edirdi. Bilirdi ki, Andrey Şvats Süleymanı öldürsə, geri qayıdıb onu da öldürməyə cəhd edəcək.

Həm də bilirdi ki, Andreyin Bakıda görünməyi ilə Süleyman cavab atəşi

açacaq. Ancaq onu da qəti bilirdi ki, Şvats bu tezliklə məsələni həll edib,

geri qayıda bilməzdi. Vaçiqin pəncərədən daxil olan güllə ilə öldürülməsindən dərhal anlamışdı ki, üzbəüz beşmərtəbə binanın damında snayper

var. Odur ki, o binanın da işığını keçirmişdilər. Burada isə iki nəfərdən

birini bayıra çıxartmaq üçün işığı keçirmiş, işini bitirəndən sonra işığı

yandırmışdılar ki, içəri aydın görünsün, snayper rahat işləsin. O, özünü

danlayırdı ki, nə üçün işıq keçəndə şübhələnməyib. Həm də Süleymanın

növbəti və final qələbəsinə paxıllığı tuturdu. Tez bir zamanda baş verən

hadisələrdə Süleymanın həmişə həsəd apardığı ağlının işığını görürdü. Arsen bu işığı min işıq içindən tanıyırdı. Odur ki, kölgəsini gördüyü şəxsin

Süleymanın adamı olduğunu dərhal başa düşmüşdü. Ancaq həsəd və gəncliyindən aldığı “sonuncu nəfəsin çıxana qədər təslim olma” təlimi özünü

danlamağın yaratdığı əsəb fonunda onu mübarizəyə səsləyirdi. Bəlkə də

başqa bir insan olsaydı, təslim olub, ölümünü gözləyərdi. Ancaq o, Süleymanın qələbə çalmaması üçün ölmək istəmirdi. Bu an yeganə arzu və

istəyi Süleymanın qələbə sevinci yaşamaması idi. Bu həsəd və kin onu

ölməyə qoymurdu.

– Ey, qoca keşiş, lal oldun? – Çoban Zalovun təkrar müraciəti də onu

fikirdən ayırmadı.

O, bilirdi ki, Çoban onu dərhal öldürməz. Mütləq onun öyrənmək istədiyi məsələ var. Həm də vaxt nə qədər gecikərsə, çox az ehtimal olsa da,

Tiqran gəlib çıxa bilər. İndi o, ürəyində Tiqranı gəlmədiyi üçün həm söyür,

həm ümidlə onu xilaskar mələk kimi gözləyir, həm də onun peşəkarlığı

ilə fəxr edib, özünə təsəlli verirdi. Bu dəqiqə Arsen Davudyanın mənə-

vi dayaq nöqtəsi Çoban Zalovun fikirlərini qarışdıra bilməyə inam, necə

ki, Şvatsın öldürmək planının qarşısını almışdı, Tiqranın gəlib çıxmağına

ümid, çox az da azərbaycanlılara məxsus ürəyiyumşaqlığa, Çobanın onu

bağışlamağına olan dilənçi gözləntisi idi. Ancaq sonuncuya çox cüzi inanırdı. Dəqiq bilirdi ki, sahibsiz kölgələrdə əfv səlahiyyəti yoxdur. Ondan

da yaxşı bilirdi ki, Süleyman heç vaxt bağışlamır.

Çoban Zalovun danışmağa başlaması bu dəfə onu fikirlərdən ayırdı.

Zalov hakimlərin hökm oxunmasında olan səs aurası ilə dedi:

– Ey, qoca iblis, öz mahiyyətindəki satqınlıq, cəlladlıq rənglərindən

niyə danışmırsan? Heç vaxt işıq düşməyəcəyini zənn etdiyin, üfunətli

sirr otaqlarında neçə-neçə insan talelərini dəfn etdiklərindən, bədbəxtlik

gətirən sifət dəyişmələrindən heç danışmırsan. Sən doğruları danış, keşiş cildinə girmiş kölgə! Fransızlara satılmağından, Zeydin evini yandırmağından, özünü və ailəsini öldürməyindən, Sergeyin uşaqlarını oğurlamağından, Orantı Markosa qoşub ortadakı pulları oğurlamaq cəhdindən

danış! Susma!!! Sən susanda daha da iblisləşirsən! Azərbaycanlı əsirlərin, uşaqların meyitləri, orqanları ilə alver edib pul qazanmağından, öz

millətinin uşaqlarına canlı kapital kimi baxmağından danış. Keşiş rolunda

kasıb, səfil erməni ailələrinin inamını qazanıb, əslində, kimin satlıq orqanı

olduğunu müəyyənləşdirməyindən danış. Xocalı əsirlərinin ətini bişirtdirib öz yaxınlarına yedirdən Vaçiqlə birlikdə, kilsəyə dua etməyə gələn on

iki yaşlı yetim qızın başına gətirdiyin oyunlardan danış!

Çoban Zalov danışdıqca heyrətdən göz həlqələri böyüyən Nora keşiş

Arsenə elə baxırdı ki, sanki, gözləri önündə bu insanın bədheybət varlığa

çevrildiyinin şahidi olurdu. O, həmişə keşişin yanındakı bəzi adamlarla gizli

söhbət etdiyini, onu görəndə mövzunu dəyişdiyini hiss edirdi. Axır vaxtlar

da sifət cizgilərinin də tez-tez dəyişib xoşagəlməz görkəm aldığını hiss etmişdi. Ancaq bütün bunlara ciddi fikir verməmişdi. Keşişi güdməyin, ondan

şübhələnməyin, gizli söhbətlərinə qulaq asmağın etikadan kənar olduğunu,

günah sayıldığını düşünmüşdü. İndi eşitdiklərinə beş-on faiz inanırdı. Ancaq

bu da onu dəhşətə gətirirdi. Doğrudanmı bu deyilənlər düzdür? Bəs onda

Allah haradadır? O nə üçün keşişi nəzarətsiz buraxmışdı? Bəlkə, bu keşiş

hamıya yalan danışdığı kimi, Allahı da aldada bilmişdi?! Bütün bu fikirlər

Noranın ağlından sürətlə keçirdi. O, ətraflı düşünməyə zaman və enerji xərcləmək istəmirdi. Diqqətini Çobanın və Arsenin danışdıqlarına yönəltmişdi.

Arsen Davudyan yenə təslim olmaq istəmirdi. O, gözlərini qıyıb qarşıdakı binaya bax-baxa dedi:

– Dediklərin hamısı Süleymanın yalan dünyasının susuz səhralarında

bitən, heç bir ağlın kəsməyəcəyi, kötükləşmiş iftira tikanlarıdır. Onları ac

dəvələr yeməz, kölgəsində ilanlar belə yatmazlar. Süleyman özünü quş dili

bilən hesab edir. Əslində isə özü-özünü çoxdan itirib. Həqiqi sahibsiz kölgə odur! O, Sovet DTK-sı ilə birlikdə dəfn olunub. Həqiqətdə biz bir yox,

çox insanıq. Ətraf və situasiya dəyişəndə biz köhnə olaraq ölürük, yeni

şərtlərə görə yenidən doğulub, ayrı insan oluruq. Heç kəsin cəsarəti çatmır ki, həqiqi özünü hər zaman hər yerdə bəyan etsin. Hələ heç bir bəşər

övladı həqiqi özünü insanlara olduğu kimi göstərməyib. Beləsi olarsa, onu

qiyamətdə sorğu-sual etməzlər.

– Kəs səsini, qoca!!! Qiyamətdə sənin kimiləri tövlələrdən çıxarıb, ortaya gətirəcəklər…

Arsen Davudyan gülümsəyib dedi:

– Sən uşaqsan, çox şeyi dərk etmirsən. Diqqətlə düşün, dünyanın gedişatına fikir ver. İnsan mağaradan çıxandan sonra çox şey dəyişsə də, ağlın

hisslərin qulu olmağı dəyişməyib. Süleyman da hisslərinin əsiridir. Əsl

həqiqətdə sovetlər dağılandan sonra insanların ağıllarını lap çaşdırdılar.

Çaşmış ağıl isə hisslərə daha tez təslim olur. Bütün keçmiş sovet xalqları

sahibsiz qaldılar. Hansı ki, o dövlət ağlı, zəkanı müdafiə edib, hisslərin

qurbanı, qulu olmağa qoymurdu.

– Sən sovetlərə də, indiki vətəninə, dövlətinə, ümumiyyətlə, hər şeyə

tüpürüb, zaman uzunluqda xəyanətkar, məkan formasında iblis olmusan –

Çoban Zalov hirslə dedi.

– Səhv edirsən. – Arsen Davudyan səsinə inandırıcılıq və nostalji sədaqət çalarları verməyə çalışırdı. – O dövlətə heç zaman xəyanət etməmişəm. Çünki onu sevirdim. O dövlət ağılla və “biz” təfəkkürü ilə yaşayıb,

idarə olunurdu. İndiki müstəqil dövlətlər isə hiss və “mən” müstəvisindədirlər. Hamı işsiz, avara, özünü düşünən olub. Hərbi xidmət və cinayət

törədən zaman dövlət peyda olur. Qalan vaxtlar səninlə kim maraqlanır?

Nə işlə məşğul olmağın, banklarda girov qalmağın, xəstəliyin, problemlərin və sairə, kimin vecinədir? Sovet xalqları indi sahibsiz kölgələrdir.

Dövlətin sahib çıxmadıqları ac, tərbiyəsizləşmiş, avara səfillərdir. İnan ki,

bu, belədir. Süleyman isə əbədi mənəviyyat səfilidir…

Çoban Zalov əsəbi şəkildə Arsenin sözünü kəsib dedi:

– Bir də Süleyman adını çəksən, həmin dəqiqə güllələyəcəm səni. Özündən danış… İndi mən xatırlayıram. Noranı kiməsə bənzədirdim, ancaq tapa

bilmirdim. Sən onları da uşaq vaxtı ayırmısan. Bu xanım isə kimsəsiz oldu-

ğunu hər zaman qəbul edib. Əslində isə… Əslini sən danışsan, daha yaxşı

olar. Noranın kimin bacısı olduğunu söylə. Qoy bu insan övladı, neçə vaxtdır sənin kimi şeytanı zəhərləyib öldürmədiyi üçün peşman olsun!

Nora Terizyanın eşitdiklərindən az qala ürəyi partlayacaqdı. Sadəcə

olaraq, bütün bunların yuxu ola biləcəyinə inamı ona təsəlli verirdi. Nəfəs

almadan Arsen Davudyanın nə cavab verəcəyinə diqqət kəsilmişdi.

Öz səbri və soyuqqanlığı ilə Çoban Zalovu belə təəccübləndirmiş keşiş təmkinlə dilləndi:

– Məntiqi nəticələr və qurduğun planlardan sənin Çoban Zalov olduğuna qətiyyən şübhəm yoxdur. Məni öldürməklə ədalətli iş tutacağını zənn

edirsənsə, yanılırsan. Ədalət və dürüstlük zəiflərin təxəyyül məhsulu, hiyləgərlərin torundakı yem, güclülərin isə qulaq asmaqdan bezdikləri melodiyalardır. Sən məni özüm istəmədən öldürə bilməzsən. Çünki istədiklərini

öyrənməmisən. Özünü sındırıb, büruzə verməsən də, Süleymanın əsl üzünü bilmək istəyirsən.

– Suallarıma qısa və konkret cavab ver! Daha təkrarlamayacam. Birinci de görüm, Nora kimin bacısıdır? – Çoban Zalov soruşdu.

Arsen Davudyan azca başını sağa döndərib, Noraya tərəf gözucu

baxıb dedi:

– Zalov, bu anların qədrini bil. Öldürməyə tələsmə. Əvvəla, məndən

çox şeylər öyrənəcəksən. İkincisi isə bu görüş qoca aslanla gənc aslanın

rəqiblər görüşüdür. Belə görüşlər hər adama qismət olmur. Cəsarətin və

qələbənin şərabından bihuş olma ki, ayılanda təəssüf hisslərin başını ağrıtmasın. Bir sözüm var, onu deyim sonra kimin bacı-qardaş, ata-bala olduğunu deyəcəm.

– De sözünü, ancaq aydın və qısa.

– Bütün münaqişə ocaqları Süleyman kimi keçmiş DTK agentlərinin fəaliyyətlərinin nəticələridir. Mən cəllad, orqan alverçisi və sairə ola

bilərəm, bu, dar çərçivədə insanlara ziyan vurur. Onu da deyim ki, mən

bunları öz istəyimlə etmirəm, necə ki, Süleyman da öz istəyi ilə etmir. İndi

gələk Süleyman kimilərin fəaliyyətinə, hansı ki, onların sayəsində daha

çox insanlar əziyyət çəkir və məhv olurlar.

Çoban Zalov başını bulayıb, soruşdu:

– Sizləri və onları keçmiş DTK-nın indiki varisi, yoxsa xaricdəki

mərkəzlər bir yerə bağlayır?

– Onu sənə deməyəcəm. İstəsəm də, deyə bilmərəm. Ancaq bir şeyi

deyə bilərəm. Heyif sovet dövlətinə, çox heyif. Canlı və cansız təbiətinin,

insanın, hətta insanların mənəviyyatının, ruhunun, arzu və ümidlərinin də

sahibi idi. Təsəvvür edin ki, SSRİ dağılan kimi, çobanı ölmüş sürünü necə

parçalayıb öz aralarında bölürlər, xalqları da din, millətçilik, demokratiya,

vətənpərvərlik hissləri və maddiyyat həvəsilə aldadıb öz tərəflərinə çəkmişdilər. Yaxşı ki, sistem tam dağılmayıb. İndi keçmiş sovet respublikalarındakı kövrək sabitlik də o sistemin fəaliyyətidir.

– O, hansı sistemdir? – Çoban Zalov maraqla soruşdu.

Arsen Davudyan köks ötürüb dedi:

– SSRİ dövründə bütün qurumların, müəssisə və nazirliklərin ikinci şəxsləri DTK-nın əməkdaşları idilər. Bütün respublikaların ikinci

şəxsləri də Mərkəzi Komitədən əvvəl DTK-ya tebe idilər. Yəni Moskvadan, Kremldən idarə olunurdular. İndi də bu sistem işləyir. Üstəlik

yeni qurumlar, məsələn, ən güclü müxalifət partiyaları da Kremlə tabedirlər. Üçüncü və sonrakı yerdə gələnlər isə digər xarici dövlətlərdən

idarə olunur. Xalq hakimiyyəti, müstəqillik, milli həmrəylik-filanlar boş

söhbətlərdir. Rusların böyük güclərlə əvvəlcədən razılığı belə olub. Öz

ölkənizə diqqət edin. İlk baxışdan hər şey normaldır. Ancaq cəmiyyət

neçə hissəyə parçalanıb? İqtidar, müxalifət, təriqətlər, turançılar, irançılar və bir də hər şeyə laqeyd kütlə. Bunlar düşünülmüş şeylərdir. Bütün

keçmiş sovet respublikaları belədir. Əgər əksinə olsaydı, yenə SSRİ zamanında olduğu kimi, xalqların inam, mənəvi dayaq nöqtəsi, gələcəyə,

eyni istiqamətə yolu olsaydı, parçalanma baş verməsəydi, qısa zamanda

SSRİ bərpa olunardı. Hələ ki, bu, Rusiyaya lazım deyil. Böyük güclərə,

xüsusilə qonşu dövlətlərə qətiyyən lazım deyil. Ancaq əminəm ki, nə

vaxtsa Rusiyanın dövlət mənafeyi, gerçək SSRİ-nin bərpasını tələb edəcək. Bu o zaman baş verəcək ki, Qərb Rusiyanın sərhədlərinə gəlib çatacaq. Bax, bəhs etdiyim ölməz sistem də Rusiyanın gələcək təhlükəsizliyi

üçün Kreml tərəfindən göz bəbəyi kimi qorunur və çox məxfi saxlanılır.

Qorunma çoxqatlıdır. Sovet xalqlarının təhlükəsizliyi və sabitlik o sistemin fəaliyyətidirsə, münaqişələr, tökülən qanlar isə Süleyman kimilərin

satqınlıq vəzifəsidir. Bu dediklərim həqiqətdir.

Çoban Zalov gülüb dedi:

– Ey qoca tülkü, bəsdir çərənlədin. İndi səni göndərəcəm o dünyaya,

Süleymandan Stalinə şikayət edərsən. Öz ölkənlə başqa dövlətləri bir tutma. Tülkülər qurdların da yuvasını özlərininki kimi pinti və əyri-üyrü hesab edərlər. Çaqqallar isə heç vaxt aslan ruhunun cəsarət və azadlıq eşqini

duya bilməzlər. Sənin kimi insanlar nəinki başqa xalqların, heç öz soydaş-

larının da mənafeyi ilə maraqlanmazlar. Vaxtın bitir. Üçə kimi sayıram,

Noranın qardaşının adını söylə. Bir…

– Bura yalnız ondan ötəri gəlmisən? – Arsen soruşdu.

– İki! – Çoban Zalov saymaqda davam etdi.

– Əsl marağını niyə gizlədirsən? Bəlkə oradan başlayaq? – Arsen Davudyan hələ də dirənirdi.

– Üç…

Arsen Davudyan işin sona gəldiyini görüb, gözlərini yumub dərhal

cavab verdi:

– Nora Terizyan Orant Harutunyanın bacısıdır.

Nora bu sözləri eşidəndən sonra hönkürtü ilə ağlamağa başladı:

– Bəs mənim heç kimim yox idi? Siz indiyə qədər deyirdiz məni uşaq

evindən götürmüsüz? Allah lənət etsin sizə… Mənim inamımdan istifadə

etdiz. Neçə illərdir, qul kimi işlətdiz. Mən isə müqəddəs bir insana xidmət

etdiyimi düşündüm. – Nora bunları deyib, gözlənilmədən ayağa qalxdı.

– Yaxın gəlmə! – Çoban Zalov ona tərəf baxıb, əsəbi şəkildə bağırdı.

– Xəbərdarlıq edirəm. Vuraram səni!

Nora Terizyan tərs-tərs ona baxıb kinli və inamsız səs tonu ilə:

– Mən daha ölümdən qorxmuram, – dedi. – Onsuz da öldürəcəksən

məni. Sən azərbaycanlısan, düşmənsən. Sənə də nifrət edirəm. Anladın,

Çoban Zalov! Siz hər zaman bizim düşmənimiz olmusuz. Səni gözümü

qırpmadan öldürərəm. Ancaq birinci bu iblisin üzünə, o insanları aldadan

saqqalına tüpürmək istəyirəm. Özünü azərbaycanlı kişisi sayırsansa, buna

imkan ver. Sonra öldür məni…

Çoban Zalov heyrətə gəlmişdi. Nataşanın dediklərindən, otağa daxil

olandan görüb-hiss etdiklərindən Nora Terizyanın məzlum, günahsız fağır

bir insan hesab edirdi. Arsenin iç üzünü gördükdən sonra qadında, elə bil,

vəhşiləşmə baş vermişdi. Ancaq o da məlum olmuşdu ki, Nora da əksər

ermənilər kimi azərbaycanlıları düşmən bilir, hər an istənilən pislik edə

bilər. Hətta imkan düşərsə, öldürər də…

O, diqqətlə Noraya baxıb dedi:

– Sakitcə yaxınlaş!

Nora Terizyan gəlib Arsenin böyründə dayanıb, hirslə, alçaq

səslə dedi:

– Qardaşımı məndən gizlədən, iblis. Mənə tərəf bax!

Arsen Davudyan pəncərədən qarşı binaya baxırdı. O susmuşdu. Çoban

Zalov onu Noraya tərəf döndərdi. Nora əvvəl Arsenin saqqalına, sonra isə

gözlərinə tüpürdü.

– Sənin dediyinə şərait yaratdım. İndi çəkil kənara.

Nora arxaya gedib, divara söykəndi və onlara tərəf baxmağa başladı.

– Nora Terizyan, qoca keşiş səni yenə aldatdı. Doğrudur, qardaşın var,

ancaq o, Orant Harutunyan deyil. Orantı mən öldürdüm. O, quldurun, qaniçənin biri idi. Bu qoca iblislə, bu qaniçən Vaçiqlə birləşib azərbaycanlı

uşaqların başına min oyun açırdılar. Kasıb erməni uşaqlarının da orqanlarını çıxarıb satırdılar. Səni aldatmaq bu qocanın ən yüngül günahıdır və

sənin qardaşını mən əsir götürmüşdüm. Amma indi sağdır və Arsenin ən

yaxın adamıdır. Sənin qardaşın Tiqrandır.

– Hansı Tiqran? Bizim Tiqran? – Nora heyrətlə soruşdu.

– Bəli, bəli sizin Tiqran. Hər gün gördüyün Tiqran. Bunlar belə dəhşətli iblislərdir. Bacı və qardaşı bir-birlərini tanımadan, eyni məkanda işlədərlər. Necə ki, Roza ilə Andrey Şvatsı Əfqanıstanda bir yerdə döyüşdürürdülər – Çoban Zalov hirslə dedi.

Arsen Davudyan da sakit durmadı:

– Fəridə ilə qardaşını bir-birindən xəbərsiz özlərinə işlədirdilər. Fəridəni tapşırıqla sən qəhrəmana sevgili edirdilər.

Çoban eşitdiklərindən az qalırdı beyni partlasın. Nə qədər özünü soyuqqanlı tutsa da, Arsenin sözləri, açdığı sirrlər ona təsir edirdi. Əsəbi

şəkildə yenə tapançanın lüləsi ilə Arsenin boynunun dalına dürtmələdi.

Bu zaman Nora gözlənilmədən onlara tərəf atıldı. Bilmək olmadı ki, o nə

məqsədlə bu hərəkəti etdi. Çoban Zalov özünü itirmədi. Dərhal anladı ki,

bu cür hərəkətlilik, növbəti snayper gülləsinə səbəb olacaqdı. Odur ki, var

gücü ilə Noranı sinəsindən geri itələdi. Arseni isə özü ilə bərabər sol tərəfə

yıxdı. Düşündüyü kimi olmuşdu. Snayper atəş açmışdı. Çoban Zalovun

cəldliyi Noranı ölümdən qurtarsa da, o, çiynindən yaralanmışdı.

Nora üzü üstə yerə düşüb, ağrıdan zarıyırdı. Çoban Zalov onun çiyninin qana bulaşdığını görürdü. Tapançanın arxa hissəsi ilə Arsenin çiyinlərindən vura-vura soruşdu:

– Tez ol, bizim adamın yerini de.

– Hansı adamın? – Arsen zarıyaraq dedi.

Çoban Zalov onu arxası üstə yerə yıxıb, sinəsində oturdu. Sol əli ilə

saqqalından tutub, tapançanın lüləsinin ağzına dayadı və dedi:

– Axırıncı dəfə soruşuram! Harada saxlayırsız onu?

– O qarpızsatanı deyirsənsə, onu tuta bilmədik, qaçıb gizləndi. Tanrı

bilir ki, düz deyirəm. Kaş ki, onu tuta biləydik. Valeri Mərdanoviç çox

peşəkardır. Arxayın ol ki, o azadlıqdadır. Sadəcə olaraq, dəniz atı kimi

haradasa yosunlar arasında gizlənib. Ancaq onu tapacağıq.

Çoban Zalov gülümsəyib dedi:

– Elə isə sənin yaşamağına səbəb qalmadı.

– Dayan! Öldürə bilməzsən məni. Sistem səni aradan götürər. İnan

mənə.

Çoban Zalov hirslə cavab verdi:

– Tüpürüm sənin sisteminə, şərəfsiz qoca. Neçə vaxtdır səni öldürmək,

günahsız insanların heyfini çıxmaq, Xocalıda öldürdüyünüz, əsir aldığınız

azərbaycanlıların qisasını almaq eşqi ilə yaşayıram. Səni öldürmək mənə

əmr olunmayıb. Bəlkə də Süleyman baba sənin sağ qalmağını, ömrü boyu

səni “pat” edərək xar olmağını görüb, zövq almaq istəyir. Ancaq bil ki,

bu səbr Azərbaycan gəncliyində yoxdur. Bizim amalımız düşməni dərhal

gəbərtməkdir!

Arsen Davudyan özünü cəmliyib, son və ən qiymətli hesab etdiyi sirrini açdı:

– Gülər, Mərcan və Şəms… Kimdir bunlar?

– Yaramaz iblis!!! Onlar mənim bibilərimdir. – Çoban heyrət və qəzəblə ona baxdı.

Arsen Davudyan, Çobanda maraq oyatmasına və ömrünün az da olsa,

uzanmasına sevindi. Tez dilləndi:

– Süleymanın arvadı Mərcan, Fəridənin anası Gülər, atası ölən Fərizənin nənəsi Şəms… Bəs bunlar kimdirlər? O üçlük və bu üçlük? Eyniliklər. Bu sirri bilsən, hər şeyi biləcəksən. İndi öldür məni. Öldürsən

də, demərəm. Sənə belə sirri verib, xoşbəxt etmərəm. O qaranlıq baban

Süleyman isə heç deməz. Bu sirri Süleymanla məndən başqa, qara qız

bilirdi.

Çoban Zalovun beyni qarışmışdı. Noranı qan aparırdı. Keşişlə söhbətin çox uzun çəkdiyini anlayırdı, hər an təhlükə yarana biləcəyini hiss

edirdi. Eyni zamanda Arsen Davudyanı öldürə bilmirdi. Onun dediklərinə

inandı-inanmadı, qulaq asmaq istəyirdi. Hər bir insanın, xüsusilə peşəkar çekistlərin sirr hesab edilən informasiyalara marağı olur. Qoca keşiş

ölümqabağı vaxt qazanmaq üçün elə sirrlər açıb tökürdü ki, Çoban Zalov

qulaq asmağa məcbur olurdu. Bu vəziyyəti hər ikisi də anlayırdılar. Arsen

Çobanın susduğunu görüb dedi:

– Tələs! Öldür məni! Noraya yardım et, onu ölməyə qoyma. Nora məsum və günahsızdır. O, pak insandır. Çirkablara bulaşmayıb.

Çoban Zalov əsəbindən bilmirdi ki, nə etsin. Keşişin saqqalını buraxıb, var gücü ilə üzünə bir şillə çəkib dedi:

– İndi də alicənab, xeyirxah insan cildinə girmisən? Mənim ürəyimdə

öz mərhəmətli obrazını yaradıb, vaxt uzatmaq istəyirsən? Qoca iblis, sonun çatıb. Tez ol de görüm qara qız kimdir? Şəms, Gülər və Mərcan haqda

nə bilirsən?

Ağzı qanla dolmuş Arsen güldü. Sanki qələbə çalırmış kimi sevindi:

– Banu Daşdəmirova, yəni qara qız artıq həyatda yoxdur. Çox təəssüf ki, o, restoranda zəhərləndi. Gözlədiyi insan çox peşəkar çekistiymiş. Nədənsə şübhələnib, yarı yoldan səmtini dəyişib. Bax biz hamını,

hətta səni də əlimizin içi kimi tanıyırıq, amma onu tanıya bilmədik.

Bizimkilər onun gəlməyəcəyindən əmin olub, gözləyən qara qızı tutmağa cəhd ediblər. Amma o özünü öldürməyə imkan tapdı. Bax, Zalov,

Banu sirləri də özü ilə bir neçə saat əvvəl apardı. Süleymandan nə isə

öyrənməyi ağlına gətirmə. O, susmaqla qalib gəlməyi sevir. O, susanda

döyüşür.

Çoban Zalov Banu Daşdəmirovanın ölümünü eşidəndə kövrəldi. Onu

ora göndərməkdə özünü qınadı. Eyni zamanda şükür etdi ki, sağ ələ keçməyib və Qorqud aradan çıxa bilib. O, dərindən nəfəs alıb dedi:

– Süleyman baba deyirdi ki, heç vaxt son an olmur. Yəni son özü xəbərsiz gəlir, insan bunu hiss etmir. Bir də deyirdi ki, çaqqal kimi yaranan

aslan kimi nərildəyə bilməz. Sənin ən inandığın, peşəkar yetirmən Tiqran

da ölümdən qorxdu. Mən ona ölümü təklif etdim, o isə əsir olmağı seçdi.

İndi sən də ölümdən qorxub çərənləyirsən.

Arsen Davudyan ağır-ağır nəfəs alaraq dedi:

– Sən gəncsən, həyatı anlamırsan. Bax burada Vaçiq öldü, orada isə

qara qız. Burada məni sən öldürmək istəyirsən, orada Süleymanı Andrey

Şvats öldürəcək. Hər şey kainatda olduğu kimi, periodikdir. Ölənləri doğulanlar əvəzləyəcək. Bir gün sənin özünü də öldürəcəklər. Həm də daha

ağır ittihamlarla. İndi isə sənə deyim Süleymanın ustadı kim idi. Sənin

baban. Hansı ki, müharibədən əvvəl həbs edilmişdi. Sonra da öldü-qaldı

xəbəri bilinməmişdi. Onu Qara çağırsalar da, əsl adı Əli idi. Atan, Şəms,

Gülər və Mərcan qeyri-müəyyən yetim, Səriyyə nənən dul qalmışdı. Mən

sizin evdə olmuşam. Usta kimi balkonunuza şüşəbənd vurmuşam. Təbii

ki, nənənlə və Şəms bibinlə söhbət etmək məqsədilə. Mərcan bibin isə

o vaxt xəstə idi. Səriyyə və Şəms baban haqda ehtiram və sevgi ilə danışırdılar. Fəqət keçmiş zamanda, ölmüş insan haqqında danışılan kimi.

Ancaq o məsum, zəhmətkeş insanlar bilmirdilər ki, baban həbsdən tez

çıxıb və yeni ailə qurub. Özü də iki arvad alıb. Birindən Gülərlə Mərcan,

digərindən isə Şəms dünyaya gəlib. Yəni baban əvvəlki qızları həmişə

xatırlasın deyə, bu uşaqlara onların adını qoyub. Təbii ki, Süleyman o üç

qızı babana görə tanıyıb. Çünki Süleyman ondan dərs alıb. Ancaq baban

o qadınlara da sahib çıxmayıb. Biri müəmmalı surətdə dünyasını dəyişib,

ondan olan uşaqları baban internata qoyub. Şəmsin anasını isə boşayıb.

Babanı biz Misirə getməzdən əvvəl Süleyman öldürüb. Sonra isə qızı

Mərcanla evlənib. Sonrasını isə artıq sənə danışmışam. Ancaq sənin bibin Mərcanın gözəl xalları var idi.

Çoban Zalova elə gəldi ki, ev başına fırlanır. Arsenin danışdıqları

yoxluqdan varlığa keçid idi. Çoban eşitdiklərinə nə inana, nə də inanmaya bilirdi. Düşünürdü ki, bu qoca haradan bilirdi ki, Mərcan bibisinin

xalları var.

– Bizim həyətdə hansı ağac yadında qalıb? – Çoban soruşdu.

Arsen gözlərini qıyıb dedi:

– Möhtəşəm tut ağacı vardı. Səriyyə arvad bizə onun kölgəsində samovar çayı dəmləmişdi. Mərcan isə uzaqdan süfrəmizə kəsək atmışdı.

Çoban Zalov var gücünü toplayıb dedi:

– Süleymanın ustadı mənim babam Əli olubsa, bununla fəxr edirəm.

Onu da bilirəm ki, sən müharibə illərində faşist Almaniyasının xüsusi

cəsus təşkilatı olan “Abver”in ələ aldığı Sovet zabiti – Seyran Vazgenyanın tələbəsi olmusan. Bunu Süleyman baba deyib. Süleyman baba bir

də deyib ki, düşməninə qulaq as axıra qədər, ancaq əvvəldən inanma.

Atanı gözünün qarşısında canlandırsa belə, inanma. İnanmaq kölgələrin

birinci məğlubiyyətidir. İnanmaq ruhun ölməyi, əsarətə düşməyi deməkdir. İnanmaq günəşə gülümsəyən, yox olan kölgə deməkdir. Süleyman

baba deyib ki, inanma, inanma, sıx getsin!!! – Çoban Zalov tətiyi çəkdi,

dalbadal iki atəş açdı. Bir xeyli keşişin simasına baxdıqdan sonra ayağa

qalxıb, ev telefonuna yaxınlaşdı. Təcili yardıma zəng etdi və cəld mənzili tərk etdi.

Иki tin o tərəfdə, sözləşdikləri yerdə görüşdülər. Demək olar ki, ikisi

də eyni vaxtda ora çatdılar. Nataşa Smirnova həyəcanlı idi. O, Çoban Zalovu görən kimi dedi:

– Niyə orada çox yubandın?

– Keşiş ölmək istəmirdi. Mənə deyirdi ki, tələsmə, belə görüşlər çox

nadir hallarda olur. Söhbət edirdik.

Görüşdükləri yer çox qaranlıq olsa da, Nataşa yan-yörəyə baxıb dedi:

– Yadımdan çıxmışdı sənə deyim ki, onunla çox söhbət etmə. Arsen

Davudyanla söhbət çox təhlükəlidir. Necə ki, onu öldürməyə gələn Andrey

Şvats söhbətdən sonra onunla dostlaşmışdı, qorxurdum ki, sənin də beynini zəhərləyə, onu öldürməkdən vaz keçəsən.

– Çox qorxurdun? – Çoban Zalov zarafatla soruşdu.

– Hə, lap çox. – Nataşa dedi.

– Amma əllərin əsmirdi. Vaçiqi dəqiq nişan almışdın. Başı qarpız kimi

partlamışdı. Noranı niyə vurdun, anlamadım? Onu kənara itələməsəydim,

öləcəkdi. Çiynindən yaralandı.

Nataşa Smirnova təəccüb və həyəcanla soruşdu:

– Nora ölmədi? O ölməliydi!

– Xeyr, yaralı idi. Nə üçün ölməliydi? Mən sənə tapşırmamışdım ki,

hətta erkək və dişi ağcaqanadları bir-birindən seç? – Çoban soruşdu.

Nataşa irəli atıldı və dedi:

– Onu yaralı buraxmaq olmaz! Mən işimi sona çatdırmalıyam.

Çoban Zalov cəld onun qolundan yapışıb möhkəm sıxdı:

– Günahsızlar ölmürlər! O, günahsız və bədbəxt insandır.

Nataşa Smirnova qolundan yapışmış möhkəm əllərə, sonra isə qaranlıqda mənasını gizlətmiş bir cüt gözə baxıb, əsəbi səslə dedi:

– Yoldaş Zalov, Noranın günahı İsa kimi atasız yaranıb. O, özü istəmədən şahidə çevrilib, səni tanıyıb, bəlkə də adını da bilib. Keşişin çərənləmələrindən, sirləri satmaqla canını qurtarmaq cəhdlərindən, Nora, mənim günahsız bacım çox şeylər öyrənib. Nəticədə, öyrəndikləri və şahidi

olduğu hadisələr, onun ölüm mələyinə çevrilib.

Çoban Zalov köks ötürüb dedi:

– Dediklərin doğrudur. O, çox şey bildi: mənim adımı, Süleyman babanı, hər şeyi bildi.

– Elə isə mütləq ölməlidir, mütləq!!! – Nataşa dartındı.

Çoban Zalov onun qolunu daha bərk sıxıb dedi:

– Heç vaxt qoymaram ki, günahsız insanı kimsə öldürsün. Hər nə bilirsə, qoy bilsin.

Müəllif: SADIQ QARAYEV

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

KƏMALƏDDİN QƏDİM : – ÜÇ YARPAQ…

1394145_274833009366232_2413214000078266013_n

 

GÖYNƏMƏKDƏ BİR BAŞ YERİ…

Xoş halına bu ocağın,
Ətrafında bardaş yeri…
Vətən deyib sevdiribdi
Sevdirənlər bu daş yeri…

Mənim də bürcümə düşüb,
Həftədə bir cümə düşüb.
Nə fərqi var kimə düşüb
İpək yeri, qumaş yeri…

Yavaş-yavaş azalmışam,
Gözümdə yaş azalmışam.
Qardaş-qardaş azalmışam,
Boş qalıbdı qardaş yeri…

Pir deyilmiş pir dediyim,
Aşıikarmış sirr dediyim.
Neynim, mənim yer dediyim
Nə barış, nə savaş yeri…

Əmr gəlib əmrim üstdən,
Yellər əsib səbrim üstdən.
Yolçu qardaş, qəbrim üstdən
Astaca keç, yavaş yeri…

Sağım cəllad, solum cəllad,
Yox geriyə yolum, cəllad…
Bir kötükdə zalım cəllad,
Göynəməkdə bir baş yeri…

TANRI YAXASINDAN ƏLİ ÇIXANIN…

Yerinə bir qara daş ola keşkə,
Dünyaya sağ gəlib, ölü çıxanın.
Nədi aqibəti, nədi ki, eşqə
Ağıllı girənin, dəli çıxanın?..

Göylərdən gələnə butam deyilir,
Başqadı bu ləzzət, bu tam, deyilir.
Adına bir ömür adam deyilir,
Sonunda qansoran zəli çıxanın…

Yaşayır dövləti, sərvəti sanı,
Götürür hər yanı şöhrəti, şanı.
Özündən güclünün uğrunda canı,
Gücsüzün üstündə dili çıxanın…

Bir az da uzatsam bəhsi çıxacaq,
Kim kimin nəsinin nəsi çıxacaq…
Canım, ha gözlə ki səsi çıxacaq,
Elə ayaqüstə ili çıxanın…

Gedən gedir, yolu, üsulu qalır,
Boynunda günahı, qüsulu qalır.
Adam yaxasından asılı qalır,
Tanrı yaxasından əli çıxanın…

DÜNYA

Yolumuzda nə duzaqlar,
Tələlər qurdu dağılmış…
Nə yaxınlar, nə uzaqlar,
Gəzdirib yordu dağılmış…

Yaxdı gündüz, gecə bizi,
Nə vaxt aldı vecə bizi?
Necə görsün, necə, bizi,
Görmürsən kordu dağılmış?…

Harası xoşuna gəlir,
Nəyi var tuşuna gəlir.
Dərd dönüb qoşuna gəlir,
Ordudu, ordu, dağılmış…

Örtüb duman, çən ki, bunu,
Tanımırsan sanki bunu…
Ölüsüsən sən ki, bunun,
Qəbirdi, gordu dağılmış…

Meylini salıb qalmısan,
Axı kim qalıb, qalmısan?
Nəyinə dalıb qalmısan,
Dur gedək, yurdu dağılmış…

Müəllif: KEMALEDDİN QEDİM

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Zaur Ustac: Günaydın, Ağçiçəyim!

ga

AĞ  ÇİÇƏYİM

Qış tüğyan edirdi ömür bağında,

Hamı süst yatırdı ağ yorğanında,

Qəfil gördüm səni bar budağında,

Xoş gördük, GÜN AYDIN, ay Ağ  çiçəyim!

====================

Dümağsan, qar sənin yanında qara,

Tanrım rüsxət verib, baxmayıb qara,

Bu, qarlı qış hara, tər çiçək hara,

Xoş gördük, GÜN AYDIN, ay Ağ  çiçəyim!

====================

Əllərim pak deyil oxşayım səni,

Həddim o hədd  deyil qoxlayım səni,

Bağbanam borcumdur yoxlayım səni,

Xoş gördük, GÜN AYDIN, ay Ağ  çiçəyim!!!

06 may 2010

Zaur Ustac “GÜNAYDIN” (“Ağçiçəyim”) kitabından.

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2019. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac

Zaur Ustacın başlatdığı “Mübariz-31” tədbirləri uğurla davam edir.

Zaur Ustacın başlatdığı “Mübariz-31” Milli qəhrəman Mübariz İbrahimovun anım-tanıtım tədbirləri uğurla davam edir.  Beləki, cari fevral ayının ilk günlərindən Ağdam rayon Quzanlı – 1 tam orta məktəbindən başlamış tədbirlər son olaraq Arif Hüseynzadə adına Bakı şəhəri, Yasamal rayonu 20 nömrəli tam orta məktəb-liseydə keçirilmiş tədbirlə davam etmişdir. Tədbirlərin xronologiyasın diqqətinizə çatdırırıq:

IMG_20190207_163753_312

Ağdam rayonu Quzanlı – 1 qəsəbə tam orta məktəbində

4 fevral 2019-cu il tarixində Ağdam rayonu Quzanlı – 1 qəsəbə tam orta məktəbində Şükürova Zəminə müəllimənin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş “MÜBARİZ-31” ( #Mubariz31 ) anım-tanıtım tədbirləri çərçivəsində Mübarizin qəhrəmanlığı haqqında şagirdlərə məlumat verilmiş, işğal altında olan torpaqlarımızdan söhbət açılmışdır. Tədbirdə fərqlənən şagirdlərə və məktəbin kitabxanasına layihədə nəzərdə tutulduğu kimi Zaur Ustacın Milli Qəhrəman Mübariz İbrahimovun son döyüşündən bəhs edən “Oriyentir Ulduzu”, eyni zamanda görkəmli memar Əliş bəy Kərəmlinin 700 illiyi münasibəti ilə yenicə işıq üzü görmüş “Əliş və Anna” kitabları hədiyyə olunmuşdur.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

 

IMG_20190207_170417_104

Bakı şəhəri, Nizami rayonu 201 nömrəli tam orta məktəbdə

Son dövrlərdə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun qəhrəmanlığına kölgə salmaq istəyənlərin anlaşılmaz hərəkətləri fonunda olduqca vacib və zamanlaması uğurlu hesab edilən, Zaur Ustacın başlatdığı “Mübariz – 31” layihəsi çərçivəsində anım-tanıtım tədbirləri uğurla davam edir.

Belə ki, Ağdam rayonu Quzanlı – 1 qəsəbə tam orta məktəbində keçirilmiş tədbirlərin ardınca bu dəfə də Bakı şəhəri, Nizami rayonu 201 nömrəli tam orta məktəbdə anım-tanıtım tədbirləri müvəffəqiyyətlə həyata keçirilib. “Ustac.az” Yaradıcılıq və İnkişaf Portalının təşəbbüsü və Azərbaycan Respublikasının Əməkdar müəllimi Afət Xəlilovanın təşkilatçılığı ilə baş tutan tədbirdə Milli Qəhrəman Mübariz İbrahimovun həyatından, döyüş yolundan geniş söhbət açılmış, şagirdlər bu barədə məlumatlandırılmışdır. Fəal diskussiya şəraitində keçən tədbirdə fərqlənən şagirdlərə Milli Qəhrəman Mübariz İbrahimovun son döyüşündən bəhs edən, istər hərbi, istəsə də bədii baxımdan olduqca böyük ustalıqla qələmə alınmış, məktəblilər üçün sinifdənxaric oxu vəsaiti kimi nəzərdə tutulan Zaur Ustacın “Oriyentir ulduzu” kitabı hədiyyə olunmuşdur.

20190205_095527

Bundan əlavə, tədbirlər proqramına uyğun olaraq, Zaur Ustacın “Oriyentir ulduzu” və yeni nəşr olunmuş “Əliş və Anna” kitablarından müəyyən edilmiş sayda nüsxələr məktəbin kitabxanasına bağışlanıb. Onu da qeyd etmək istəyirəm ki, 201 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri, eyni zamanda, Əməkdar müəllim Afət Xəlilovanın rəhbərliyi ilə “Kərəmli – 700” yubiley tədbirləri çərçivəsində məktəblilər arasında keçirilən “Zaur Ustacın “Əliş və Anna” poemasında tarixi həqiqətlər” mövzusunda inşa nüsabiqəsinin iştirakçılarıdır. Adıçəkilən müsabiqənin görkəmli memar Əliş bəy Sübhan oğlu Kərəmlinin aprel ayında doğum günü ərəfəsində yekunlaşdırılacağı gözlənilir. Əvvəlcədən xəbər verildiyi kimi, müvafiq olaraq, növbəti tədbirlərin Şamaxı şəhər, M. Hadi adına 9 nömrəli tam orta məktəbdə və daha sonra respublikanın tanınmış məktəblərindən olan Bakı şəhəri, A. Hüseynzadə adına 20 saylı məktəb-liseydə təşkil olunacağı nəzərdə tutulur. Bu qəbildən olan tədbirlərin keçirilməsini yalnız və yalnız bir məqsədi var – Vətən elə onun mərd oğulları, ziyalıları deməkdir. Vətənin təəssübünü çəkən Vətən oğullarını unutmamaq elə Vətəni sevmək deməkdir. Azərbaycan yeniyetməsi, gənci Vətənini tanımalı və sevməlidir.

Qələndər Xaçınçaylı

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

 

IMG_20190208_093144_609

M. Hadi adına Şamaxı şəhər 9 nömrəli tam orta məktəbində

7 fevral 2019-cu il tarixində – Mübarizin doğum günündə – M. Hadi adına Şamaxı şəhər 9 nömrəli tam orta məktəbində Şirəliyeva Sevda müəllimənin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş “MÜBARİZ-31” ( #Mubariz31 ) anım-tanıtım tədbirləri çərçivəsində Mübarizin qəhrəmanlığı haqqında şagirdlərə məlumat verilmiş, işğal altında olan torpaqlarımızdan söhbət açılmışdır. Məktəblilər Zaur Ustacın “Oriyentir Ulduzu” kitabı ilə tanış olmuş, kitabın çalışmalar bölümündəki tövsiyələrə uyğun olaraq, “Mən də mübariz kimi qəhrəman olacam”, “Azərbaycanı sevirəm”, “Biz o torpaqlara qayıdacağıq” mövzularında qısa inşalar yazmışlar. Tədbirdə fərqlənən şagirdlərə və məktəbin kitabxanasına layihədə nəzərdə tutulduğu kimi Zaur Ustacın Milli Qəhrəman Mübariz İbrahimovun son döyüşündən bəhs edən “Oriyentir Ulduzu”, eyni zamanda müəllifin yenicə işıq üzü görmüş “Əliş və Anna” kitabları hədiyyə olunmuşdur.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

 

azq

Bakı şəhəri Arif Hüseynzadə adına 20 nömrəli məktəb – liseydə

19 fevral 2019-cu il tarixində Bakı şəhəri Arif Hüseynzadə adına 20 nömrəli məktəb – liseydə Quliyeva Gözəl müəllimənin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş “MÜBARİZ-31” ( #Mubariz31 ) anım-tanıtım tədbirləri çərçivəsində Zaur Ustacın “Oriyentir Ulduzu” kitabının müzakirəsi təşkil olunmuş, məktəblilər kitabın çalışmalar bölümündə tövsiyə olunan inşa adlarına uyğun olaraq, “Vətəni sevmək imandandır”, “Xocalı”, “Mənim sevimli qəhrəmanım” mövzularında qısa inşalar yazmışlar. Fərqlənən şagirdlərə və məktəbin kitabxanasına tədbir çərçivəsində nəzərdə tutulduğu kimi Zaur Ustacın Milli Qəhrəman Mübariz İbrahimovun son döyüşündən bəhs edən “Oriyentir Ulduzu” kitabı hədiyyə olunmuşdur.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Zaur Ustac “Aşuqqa” – bir sözün işığında

zaurustac

(ON SƏKKİZİNCİ YAZI)
Salam olsun, çox dəyərli oxucum. Bütün düya xalqlarının dillərindəki, kəlmələrin sayı qədər uca Yaradana şükürlər olsun ki, yeni bir görüş qismətimiz oldu. Bu gün Ana dili günüdür. Söhbətə başlamazdan əvvəl bütün səmimiyyətimlə etiraf etmək istəyirəm ki, bu coğrafiyada doğulduğuma, belə şirin, axıcı, elastik, olduqca zəngin və qədim bir dilin təbii daşıyicısı olduğuma görə qürur duyur və hər dəfə dilimizdəki səslərə uyğun işarələr (hərflər), kəlmələr barədə düşünəndə (ON BİRİNCİ YAZI “SÖZLƏR VƏ HƏRFLƏR” daha ətraflı burada: SÖZLƏR VƏ HƏRFLƏR – Zaur Ustac ) ulu əcdadlarımızla fəxr edir, hər bir işarə (hərf), söz (kəlmə) üçün ilk öncə onlara təşəkkür, sonra isə uca Yaradana şükürü-səna göndərirəm. Doğma ana dilimi təşkil edən hər bir söz mənim üçün çox dəyərli və olduqca qiymətlidir. Dilimdəki hər kəlmə evimin divarındakı bir daş kimidir mənim üçün… Xüsusi ilə köhnəlmiş sayılan, indi elə də yayğın şəkildə işlənməyən sözləri özümə daha doğma bilir, ya onların mənə ehtiyacı olduğunu, ya da mənim onlara möhtac olduğumu həmişə özlüyümdə hiss edirəm… Adətən belə sözləri qeyri-iradi işlədir sonra haqqında araşdırma aparıram. Belə sözlərdən biri də “AŞUQQA” sözüdür. Bu sözü mən bir dəfə “BİLSİN” şeirində “aşuqqalar düzü bilsin” şəklində işlətmişəm və o şeirin yer aldığı kitabda bu kəlmə barədə qısa məlumat vermişəm. Lakin, müxtəlif yaş təbəqələrindən olan, olduqca müxtəlif peşə sahiblərinin bu söz barədə o qədər sualları olmuşdur ki, bir daha bu barədə belə bir gündə daha geniş və anlaşılan şəkildə yazmağı özümə borc bildim… Bəli dilimizdəki hər bir kəlmə evimizin divarındakı öz yeri və funksiyası olan vacib bir daş kimidir, sözsüz ki, bu daşların bir-bir düşməsinə heç kim razı olmaz… Beləliklə bir daha qeyd etmək istəyirəm ki, “AŞUQQA” sözü çox qədim, bizim ana dilimizə məxsus sözdür. Mən bu sözü ilk dəfə lap kiçik yaşlarımda (yazıb-oxumağı bacarmadığım vaxtlarda) Qrabağda; Ağdam rayonu, Yusifcanlı kəndində eşitmişəm. Bu sözü xüsusi ilə yaşlı qadınlar, “səhv düşmüş”, “çaşmış”, bəzən də “naxələf”, “anlamaz” mənasına gələn vəziyyətlərdə işlədirdilər. Belə yaşlı qadınların bu sözü Rus dilindəki “ошибка” sözünün təhrif olumuş forması kimi işlədirlərmiş fikri heç bir əsasla qəbul edilə bilməz. Ancaq, əlbətdə tamamilə əksini fərziyə etmək mümkündür. Bu arada onu da qeyd etməyi özümə borc bilirəm ki, (tam aydınlıq hasil olması üçün) mən təbii daşıyıcısı olduğum dili öyrəndiyim insanlar – əcdadlarım Şam, Ərdəbil, Göyçə, Sivas aralığı qədər ərazilərdə, xanlıqlar vaxtı təxminən Qaradağ, Qarabağ, İrəvan xanlıqları sərhədlərində yaşamışlar. Haqqında söhbət açdığımız “AŞUQQA” sözü bizim ana dilimizə məxsus qədim sözdür. İşlənmə arealı Şərqi Türküstandan fakt Qarabağa qədər olduqca geniş bir ərazidir. Demək olar ki, bütün Türk xalqlarının danışığında rast gəlmək mümkündür. Rus dilinə də çox güman ki, Orta Asiyada yaşayan Türk xalqlarının dilindən keçib. Yəqin ki, dəfələrlə qonşularına qarşı anlaşılmaz hərəkətlər, naxələflik etdiklərinə, tez-tez çaşıb, yollarını azdıqlarına görə çox eşitmiş və hal-hazırda dillərində işlətdikləri “ошибка” formasında və ya başqa, bizim indi bilmədiyimiz bu sözə keçid ola biləcək hər hansı bir təhrif olunmuş ilkin formada dillərinə qəbul etmişlər. “AŞUQQA” sözünün bu gün, bizim yaşadığımız dövrdə ifadə etdiyi anlam, “səhv”, “səhv düşmüş”, “çaşmış”, “anlamaz”, “naxələf”, “namərd”, “yolunu azmış” və digər buna oxşar hal və vəziyyətlərdən ibarətdir. Əlbətdə, “AŞUQQA” sözü təmsili, misal olaraq seçilmiş bir sözdür. Dəyərini bilməli olduğumuz olduqca qədim və zəngin dilimizdə o qədər belə sözlər, kəlmələr vardır ki, … Gəlin ana dilimizi öyrənək, qoruyaq və heç olmasa bizə gəlib çatmış şəkildə gələcək nəsillərə ötürməyə çalışaq, bunu nə qədər bacaracağıq onu zaman göstərəcək… Sona qədər həmsöhbət olduğunuza görə təşəkkür edir, yeni-yeni görüşlər üçün uca Yaradandan möhlət istəyirəm. Sağ olun. Var olun.

21.02.2019. Bakı.

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2019. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ