ƏBÜLFƏT MƏDƏTOĞLU – SÖZ

Ebulfat_Memedoglu_yazar

ƏBÜLFƏT MƏDƏTOĞLUNUN SÖZ DÜNYASINA SƏYAHƏT

SƏN HƏMİŞƏ MƏNİMLƏSƏN…

Elə anım yoxdu ki,

O anda olmayasan…

İşıq kimi, nur kimi –

Ruhuma dolmayasan!..

Ürək axşam və səhər

Gözləyir hər gün xəbər…

Bəlkə ömrə bərabər –

Bir ümid yollayasan?!

Unut özgə fitnəsin

Vaxt ortada itməsin…

Mənim ömrüm bitməsin –

Sən isə solmayasan!..

***

Mən ömür içində ömür əridib

Mən günün içində gün kiridirəm…

Sevginin əlindən tutub, yeridib –

Ölməyə qoymayıb qəm dirildirəm…

Siz də yaxınlaşın təsəlli üçün

Məni hər çəkdiyim gün “ah”a bükün…

Sevməkdi günahım, vallah, büsbütün-

Siz məni elə bu günaha bükün…

Həyat zərbələri qılıncdan da sərt

Urəyin tüstüsü ərşə ucalır…

Deyəsən tamamdı kəsilən o şərt –

Qocalır Əbülfət, yaman qocalır…

***

Ay Məcnun, ay Kərəm, ay insafsızlar,

Mənə bu qapını siz göstərdiniz…

Məni açıq-aşkar oda salanlar –

İndi də “döz!” deyib gözlədirsiniz…

Yuxum göyə uçub, xəyalım ərşə,

Cismimi tərk edən ruhum da köçüb…

Durmadan tələsdim hər gün görüşə –

Hər gün də vaxt məndən arxaya keçib…

Özümü nə qədər kökləsəm belə

Damarı düşmədi dərdin əlimə…

Görünür sevgidə naşıyam hələ –

Təzədən cəlb edir məni təlimə!

Ay Məcnun, ay Kərəm, a bəxətəvərlər,

Sizi sevən də var, siz sevən də var!

Sevgini bir az da bəxtdə görənlər –

Dərddən başqa kimsə olmur mənə yar!..

***

Dərdimi yuata götür,

Məni mərasim evinə…

Bəlkə də şəklimə baxıb –

Ruhum bir az da sevinə…

Özün sifariş etmişdin

Yataq odana qoymağa…

Məqam tapmıram, demişdin –

Gözünə baxıb doymağa!..

İndi əlçatan bir yerdən

Asmısan, hamı da baxır…

Şəkli ortaya çıxardın –

Dillən, adımı da çağır!..

***

Gör necə axır bulud

Dağdan dərəyə tərəf!

Elə bil çəhlim açır –

Sürür dərəyə tərəf…

Zaman qovur, ələyir

Ruhumu “ah” bələyir!

Bir gilə şeh çiləyir –

Tale hərəyə tərəf!..

Dərd ürəkdə zəlimi?!

Zəli sevən dəlimi?!

Uzadıram əlimi –

Təzə tərəyə tərəf!..

***

İçimdə həyat donub

Solmuş ümidlər kimi…

Qonçəsi göz yaşıyla –

Dolmuş ümidlər kimi…

Kimdi solmuş gül dərən

Dərib, gülü güldürən?!

Sonra da pərən-pərən –

Olmuş ümidlər kimi…

Gözlədiyim gəldi bəd

Özün doğrultmadı vəd…

Uzaqda bir qırıq xətt –

Yolmuş, ümidlər kimi…

***

Gecəni gözlətdim qapı dalında

Sönmədi işığım səhərə qədər…

Ömür vərəqlədim mən xəyalımda –

O kənddən gəldiyim şəhərə qədər!..

Nidalar daha çox, nöqtələr də var

Qəddim də bükülüb bəzən vergül tək…

Alnıma sıxılan səssiz suallar –

Səni dəlib keçib ay qoca ürək!..

Xərclənən ömürdə qazancım kədər

Kölgəm iynə boyda, səsimsə pəstə…

Kimsə ucaltmayıb məni sən qədər –

Sən qədər kimsə də durmayıb qəsdə!..

Qapı arxasında qalan gecəmi

Özünü yetirən səhər kiridər…

Gedim salamlayım sizin küçəni –

Bəlkə məni orda kədər kiridər!..

***

Bir az gecikdim mən bu etirafda

Amma gec olsa da, pıçıldayacam…

Mənə yer olmadı, heç bu ətrafda –

Torpağın altında puçurlayacam…

Sevgim artıq oldu aşdı ölçünü

O da ləçək-ləçək saraldı, qopdu…

Saxlaya bilmədim xəyal köçünü –

Onun da ruhuna “əlvida” hopdu.

Atdığım addım da, dediyim söz də

Döndü göz yaşına, döndü tənəyə…

Mənim içimdəki dözüm də, döz də –

Adımtək yük oldu dilə, çənəyə…

Gerçək olanları susub dinləmək

Nə qədər çətindi çəkənlər bilir…

Nədir öz içini didib inləmək?

Bunu da içindən çökənlər bilir…

Bir az geçikdim mən bu etirafda

Batan gəmi kimi izim yuyulur…

Durub su axtarma heç bu ətrafda –

Kirpiyimdən damır – üzüm yuyulur…

***

İlahi, yaşatdığın

Ömrün gizli baxtıdı…

Yorulmuş ürəyimi –

Dincə qoymaq vaxtıdı!..

Oxlanandan kürəyim

Əyilib söz dirəyim…

Nəsimidi ürəyim –

Diri soymaq vaxtıdı!..

Qarşımdadı, bax, kağız

Bir qələm, bir ağ kağız…

Məni ağla bir ağız –

Məndən doymaq vaxtıdı!..

***

Heç kim ola bilmədim

Sənin üçün, bağışla…

Öz içimdə lilləndim –

Ürək sıxan naxışla –

Bağışla!..

Sevgi yolu gələndim

Hey xəyala bələndim…

Nə dolu tək ələndim

Nə də yağdım yağışla –

Bağışla!..

Ruhun ipin yığacam

Ovcumda bərk sıxacam…

Tay qarşına çıxacam

Kölgəli bir baxışla –

Bağışla!..

***

Yenə qaçıb gəlmişəm

Xatirələr bağına…

Şehli bir sükut çöküb –

Çiçəklərin tağına…

Hər ləçəkdə göz yeri

Pıçıltılı söz yeri…

Ürəyimdə köz yeri –

Toxunmuram dağıla…

Dərvişəm mən həyatda…

Dərd üstdədi mən altda!

Aman Allah, mən adda –

Qar yağıbdı dağına…

Demirəm sən də dön, gəl,

Nə yol dəyiş, nə döndər…

İki qərənfil göndər –

Ömrümün bu çağına…

***

Düşünürdüm şəklini

Sözlə çəkməyim daha…

Çəkdiyim hər şəkillə –

Batdığımçün günaha!..

Ruhumu oda salıb

Ağlımı başdan alıb…

Göz qırpımı yol qalıb –

Gülüm, artıq sabaha!..

Yumruq tək sıxılıram

İçimdən yıxılıram…

Bir sənə sığınıram –

İnan, bir də Allaha!..

***

Hər bir ada yazılıb

Əl boyda – para kağız…

O da həm son məktubdu –

Həm də ki, Qara kağız!..

Orda vida notları,

Orda ayrılıq yatır…

Qəribədir, son məktub –

Qara kağız tez çatır?!

Təlaşlanma, deyəsən

Qapı döyür poçtalyon…

İstəmirəm döyəsən –

Dizlərinə… bu da son…

***

Tumurcuğu çırtlamış

Təzə dərdim, tər dərdim…

Mən səni şehli-şehli –

Təzə dərdim, tər dərdim!..

Sarıldın sən də mənə

Eşq vardı səndə mənə…

Titrəmə, səndələmə –

Sən də məni dər, dərdim!..

Qarışaq sirdaş olaq

Bir divar, bir daş olaq!..

Dərdlərə bir qaş olaq –

Sən üstündə zər, dərdim!..

***

Bir təklifim var, ömrüm,

Gəl səssizcə dayanaq…

Ruhumuz nəfəs alsın –

Biz nəfəsə boyanaq…

Gözlərimiz dincəlsin

Kirpiklərimiz dinsin…

Bu qəribə söhbətdən –

Ürəyimiz isinsin…

Bir də bizdən xəbərsiz

Toxunsun bir-birinə…

Əlimiz ülfət qatsın –

Söhbətin bu yerinə…

Təklif könlüncədisə,

Kirpikləri öpüşdür…

Ürəyində nə varsa –

Ürəyimlə bölüşdür…

İLKİN MƏNBƏ: Şeirlər – Əbülfət Mədətoğlu | Edebiyyatqazeti.az

YAZARLAR.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-500-63-36     E-mail: yazarlaraz@yandex.ru

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma