Eldar İSMAYIL – ƏLƏSGƏR DƏDƏ…

21764846_2026926327535581_7616121782188317566_n

 

ƏLƏSGƏR DƏDƏ

Hakimsən şeirimin şah budağında,
Hər kəs at oynatmaz söz oylağında.
Sənətin əlçatmaz ucalığında
Qalasan, səngərsən, Ələsgər dədə.

Ana laylasının beşiyindəsən,
Bu dərdin içində, eşiyindəsən.
Yenə də Göyçənin keşiyindəsən,
Əlçatmaz hünərsən, Ələsgər dədə.

Ruhuna söylərəm hekayətimi,
Namərdlər tapdayıb səadətimi.
Tanrı dərgahına şikayətimi
Bay ollam göndərsən, Ələsgər dədə.

Sonsuz bir istəklə bağlısan elə,
Bu zarınc ellərə bir dua elə.
Alovsuz, tüstüsüz yanırsan elə,
Sən ki, səməndərsən, Ələsgər dədə.

İşıqlı aləmin şah vüqarısan,
Eşqin, məhəbbətin ilk baharısan.
Yenə söz mülkünün bayraqdarısan,
Günəşli səhərsən, Ələsgər dədə.

Misralar ballanır bu dildə belə,
Fərhad Şirin deməz hər dildə belə.
Tarixlər dolansa min il də belə
Dillərdə əzbərsən, Ələsgər dədə.

Sənsən haqq aşiqi, şöhrətli, adlı,
Mehraca yön tutan qartal qanadlı.
Nizami ilhamlı, Füzuli odlu,
Dədə Ələsgərsən, Ələsgər dədə.

Hikmətli kəlamın alayı səndə,
Qüdrətin pozulmaz halayı səndə.
Cilalı sözlərin qalayı səndə,
Sən zərsən, gövhərsən, Ələsgər dədə.

Min aləm yaşatdın bir öz dünyanda,
Kürəsən, atəşsən od-köz dünyanda…
Öz sənət dünyanda, sən öz dünyanda
Dünyalar qədərsən, Ələsgər dədə.

Mənasan, heyrətsən, ay dahi ustad,
Qoşmanın, təcnisin pənahı ustad.
Bu ulu sənətin Allahı ustad…
Əbədi öndərsən, Ələsgər dədə.

 

Müəllif:  Eldar Ismayil

Advertisements

ƏYNİMƏ SARI…

11241617_676012729197109_2760167283180963671_n

ƏYNİMƏ SARI

Fikirlər durna tək səfin bağlayıb,
Uçur ürəyimdən beynimə sarı.
Orda ümman olub, daşıb, çağlayıb,
Sel olub sellənib, neynimə sarı!

Gündüz sakitləşmir, gecə yatmayır,
Arzuya, istəyə gedib çatmayır,
Suallar cavabsız, cavab tapmayır,
Qayıdır əhvala, eynimə sarı!

Yoxsa sualıma cavab verənim,
Baxmırsa üzümə məni sevənim,
Daha kimə qaçım, kimə güvənim,
Götür ağ kəfəni əynimə sarı!

22.09.2017

Müəllif:  Təvəkkül Goruslu Məmmədov

SALAM, QARDAŞIM

ad

 

 

 

SALAM, QARDAŞIM

Gəl görüşüb dərdləşək,
Salam, qardaşım, salam !
Ehtiyacdan susmuşam, 
Lalam, qardaşım, lalam !

Dərdimə bax, o tərdi,
Əgər əksəm bitərdi.
Özümdən də betərdi,
Balam, qardaşım, balam !

Qaxma, başıma qaxma,
Qəsrim, evim bu daxma.
Çıx get, dadıma baxma,
Kalam, qardaşım, kalam !

İkidən birə çəkir,
Cızığa, zirə çəkir.
Qəm məndən şirə çəkir,
Balam, qardaşım, balam !

Yurdu, yuvası itən,
Ürəyini ah didən,
Mən slnıb əyri bitən,
Qolam, qardaşım, qolam !

 

Müəllif:  Adil Cefakes

Könlüm…

 

17308915_199160790571201_2893971810304151458_n

 

Könlüm

Əriyir çəkdikcə, hucran dağını,
Xumar baxışlara, əsirdi, könlüm.
Görmədin xöş günü, tale ağını,
Yenə havalısan, nə sirdi, könlüm?

Kükrəyən, dalğalı dəniz kimidi,
Ümmanda yolunu azmış gəmidi.
Nə gözəl mənzərə, nə eşq dəmidi,
Zülmətə qərq olmuş bir yerdi, könlüm.

Leylaya tay olub, gəzir xəyalım,
Eşqinə sahib çıx, getmə ay zalım.
Mən düşüm yatağa, xəstəmi qalım?
Sızlaya-sızlaya çox kürdü, könlüm.

Dəyərin almayıb, eşq sərrafından,
Gəl toxun əlinlə, yoxla yaxından.
Sirli xəzinədi, yanır ahından,
Sərvətlər içində bir dürdü, könlüm.

Nə yerdə rahatdı, nə də səmada,
Olub tənhalıqdan bir yaşıl ada.
Məhəbbət dastanı, əsil mənada,
Köksümdə birinə yer verdi, könlüm.

Lilparı gəzdirir çala-çuxurda,
Gah qoyur zirvəyə, hərdən yıxırda.
Xəlvəti gözüylə durub baxırda,
Bilinmir istəyi, nə dərdi, könlüm.

Müəllif:  Lilpar Cəmşid Qızı

GÖZLƏRİM GÖZ DEYİL Kİ

ad

 

 

GÖZLƏRİM GÖZ DEYİL Kİ

Gözlərim göz deyil ki,
Sudu, ay anam sudu.
Üzümdən təbəssümü, 
Yudu, ay anam yudu.

Dolutək yağır dərdim,
Qurub çal – çağır dərdim.
Budu ən ağır dərdim,
Budu, ay anam budu.

Arzum sərt dikdən düşüb,
Yumaqtək yükdən düşüb.
Könlümün kökdən düşüb,
Udu, ay anam udu.

Ağı olub dilində,
Hey oxundum zilində.
Oldum dərdin əlində,
Qodu, ay anam qodu.

Müəllif:  Adil Cefakes

ADİL CƏFAKEŞ – SƏN GEDƏN YOLLARDAN ÇƏKİLMİR GÖZÜM ! ! !

ad

SƏN GEDƏN YOLLARDAN ÇƏKİLMİR GÖZÜM ! ! !

 

Sən gedən yollardan çəkilmir gözüm, 
Gözlərim getdiyin yola yol salıb.
Baxıram, baxıram görmürəm səni,
Sən gedəli baxışlarım dul qalıb.

Sən gedən yollardan çəkilmir gözüm,
Hey sən adlı məhəbbəti gözləyir.
Sənsiz həyat mənə heçdi əzizim,
Bəxtim sənli səadəti gözləyir.

Sən gedən yollardan çəkilmir gözüm,
Mən səndə getmişəm, özümü gətir.
Sənsiz lap kəsərdən düşübdü sözüm,
Gəl, mənim kəsərli sözümü gətir.

Sən gedən yollardan çəkilmir gözüm,
Bir gələn görəndə şad oluram mən.
Səni görməyəndə tükənir dözüm,
Özüm lap özümə yad oluram mən.

Sən gedən yollardan çəkilmir gözüm,
Tez qayıt, tez qayıt başına dönüm.
Hərarət ver alovlansın qoy közüm,
Dizimə taqət ver, gözümə işıq.

Səni səsləyirəm olsan da harda,
Sənə çatmasa da, çatsa ünüm.
Qoyma Cəfakeşi gözü yollarda,
Tez qayıt, tez qayıt başına dönüm.

Müəllif:  Adil Cefakes

ƏBÜLFƏZ ÜLIVİ – DOSTUN DA DOSTU VAR..

14671221_1657388607924751_3465088171600080406_n-1

 

DOSTUN DA DOSTU VAR…

Dedim, göndərmədin əksini mənə,
Amma mən əksini yuxuda gördüm.
Düzü elə yatdım sənin xətrinə,
Əməlli, başlıca yuxu da gördüm.

Tarixi gün oldu bu günkü gecə,
Yuxunu yuxuma qataram vallah.
Səni görmək üçün bir an gizlicə,
Əbədi yat desən, yataram vallah.

Bir gün də ömrümdən keçdi beləcə,
Sanıram ən yüksək post qazanmışam.
Mən sənə təşəkkür etməyim necə?
Mən sənin sayəndə dost qazanmışam.

Əl ver, düşmən gözə qara ağ salaq,
Düşmən də anlasın, düşmən olmasın.
Bu dostluq adına elə bağ salaq,
O bağda bir budaq, yarpaq solmasın.

Görmüşük lütf ilə dost, dosta yana,
El dosta yanmayan dosta, ar demiş.
Bəs niyə sirrini vermə dostuna,
Atalar, dostun da dostu var demiş?
29.08.2017.

Müəllif:  Ebulfez Eliev

ƏBÜLFƏZ ÜLVİ – DÜNYANIN…

14671221_1657388607924751_3465088171600080406_n-1

 

 

 

DÜNYANIN

Elə büküb, bürüyübdür dərd, kədər,
Bilinməyir qışı, yazı dünyanın.
Namərd əldə alət olub o qədər,
Özün örtmür, öz palazı dünyanın.

Mərdə məzar, namərdliyə aynadır,
Qanı tökür, qan içində qaynadır,
Əllərində kəndir kimi oynadır,
Kəndiri yox, kəndirbazı dünyanın.

Haqq yolunu, nahaq “qağa” tərs keçir,
Ağıl keçməz yerdən, yoğun səs keçir,
Dərs bilməyən, dərslilərə dərs keçir,
Taraz olub, natarazı dünyanın.

Aqilliyə rişxənd edir, əqli kəm,
Həm gözlərə ağrı çökür, həm də nəm,
Harasına pərçum olub bilmirəm,
Neyləyirsən, çıxmır pazı dünyanın.

28.08.2017.

Müəllif:  Ebulfez Eliev

Abdulla Məmməd – BAŞ DAŞINDA YAŞI DUYAN GÖZ GƏRƏK.

20046386_1788126598100620_8229521621901855814_n

 

BAŞ DAŞINDA YAŞI DUYAN GÖZ GƏRƏK.

 

Bu dünyada daş da olmaq çətindir,
Daşda qəlbən daşı duyan göz gərək.
Sağlığında ürəyi daş kəslərin,
Baş daşında yaşı duyan göz gərək.

Üzüyünün qaşı düşən daş arar,
Atılan daş topuqlarda baş arar.
Dil susduqca ürək gözdə yaş arar,
Daşlaşmasın daşa uyan göz gərək.

Gör kimlərin başdan çıxar çörəyi,
Halal kəsin daşdan çıxar çörəyi.
Haramdısa başdan çıxar çörəyi,
Ruzu üçün daşı oyan göz gərək.

Sel əlindən çəkdiyini daş bilər,
Gül əlindən çəkdiyini baş bilər…
Yaxasını ələ versə baş bilən
Kiprik üstə qaşı duyan göz gərək.

Xəyalında daş üstə daş qoyanın,
Qürbət eldə dəsmalı yaş qoyanın,
Yurda dönüb torpağa baş qoyanın,
Qədərincə daşa həyan göz gərək.

Ağır daş tək başa düşün, boşa mən,
İstəmirəm başa düşüm-başa mən.
Dərdi gözəl qədərimlə daşan mən…
Sevən qəlbdə dərd daşıyan göz gərək.

Rəbbim, sənə yalvarıram diz üstə,
Günahımla dərd daşıyam köz üstə.
Abdullayam, dərd daşıyan söz üstə,
Səbrimdə söz yaşı duyan göz gərək.

Abdulla Məmməd.

Azərbaycan.Quba.

27.08. 2017.

Müəllif:  Abdulla Memmed 

Adil CƏFAKEŞ – VAR…

ad

VAR

İnsan oğlu bilməlidi öz yerin,
Hər məclisin ayağı var, başı var.
Tarazlığı pozulardı həyatın, 
Pərsəngi var, mizanı var, daşı var.

Gözü nəmdi, bu gərdişdən halının,
Hər kəs yolçusudu öz amalının.
Enişli, yoxuşlu ömür yolunun,
Hehası var, dəhdəhi var, toşu var.

Zaman dayanmadan vurur öz dəfin,
Saya gəlməz zərəri var bir nəfin,
Cəfakeşəm, xatirələr kələfin,
Sarımağa xəyal adlı teşi var.

Müəllifi:  Adil Cefakes