Zaur USTAC: “LAZIM” GƏLSİN şeiri.

lazim

“LAZIM”  GƏLSİN…

Ya ağ olub, ya da qara,

İstəyirəm, bozum gəlsin…

Dar quranlar, salıb tora,

İstəyirəm, çözüm gəlsin…

*        *        *

Cümlə-cahan batıb qara,

Təbiət də çəkib dara,

İnsan oğlu möhtac qora,

İstəyirəm, Yazım gəlsin…

*        *        *

Bixəbər, nanəcib gəlib,

Soylu gəlib, nəcib gəlib,

Haram gəlib, vacib gəlib,

İstəyirəm, “Lazım” gəlsin…

*        *        *

Gəl, daşı tök, ətəyindən,

Möhkəm yapış xötəyindən,

Can əta et, pətəyindən,

Şahə qalxan, sazım gəlsin…

*        *        *

Ustac Haqqdan görüb, deyər,

“Gündə bircə xurma yeyər”,

Sazı öyər, sözü öyər,

Doğru görən, gözüm gəlsin…

16.01.2018. (13:00 – 10’)  Bakı.

 

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac

Advertisements

YAZARLAR.AZ TƏQDİM EDİR: – ELNUR QƏRARİ, GÖRDÜM ŞEİRİ.

25994586_1408267662615717_591867089574761058_n

 

GÖRDÜM

Yuxuda getmişdim doğma vətənə,
O gözəl yurdumu virana gördüm!
Gördüm ki, çiçəklər saralıb solub,
Çəmənlər düşübdür borana, gördüm!

ALLAH, bu nə gündü bu necə güzar?
Bülbüllər canından olubdur bezar,
Orda nə cənnət var, nə də laləzar,
Durnalar köçübdür arana, gördüm!

Bağçalar quruyub, solubdu güllər,
Nə vaxtdır qəm çəkir sonalı göllər,
Qızılgül həsrəti çəkən bülbüllər,
Möhdac qalıb danaqırana, gördüm!

Bir şəhid məzarı gördüm o yerdə,
Sanki keşik çəkir hələ də yurda,
Geyinib qəm donu, bürünüb dərdə,
Övladın oxşayan bir ana gördüm!

Arzusu gözündə qalmış ananın,
Ümidi alışmış, sönmüş ananın,
Bir oğul dərdinə yanmış ananın,
Naləsi yayılmış hər yana, gördüm!

Nə qədər solsa da orda çiçəklər,
Dolanıb dönsə də fitnə kələklər,
Hələ ölməyibdir arzu diləklər,
Vətən gəl-gəl deyir insana, gördüm!

Müəllif:  Elnur Qərari

Adil CƏFAKEŞ: – ŞEİR YAZIRAM…

ad

GÖZLƏRİN

Sən o Allah mənə elə baxma sən,
Məni bihuş edir xumar gözlərin.
Başımdan ayağa məni süzəndə,
Çəkir bədənimə tumar gözlərin.

Bircə zərrə qədər günah yox səndə,
O gözlər bilir ki, vurğunam mən də.
Ay əzizim, gözlərini görəndə,
Dünya gözəlləri yumar gözlərin.

Tamaşa eyləyim doyunca gəl, gəl,
Söylə sənə qoşma yazım, ya qəzəl ?
Xumar baxmaq ilə bilirəm, gözəl,
Adildən bir tərif umar gözlərin.


 

İnsan sağikən ölüm, qalım bərabər,
Ölümdü hər gecə səhərə kimi.
Dünyaya gəldisə dadacaq hər kəs,
Şərbətindən tutmuş zəhərə kimi.

Qismət qayalarda çapıqdan çıxır,
Ayağın dərisi topuqdan çıxır.
Bağ salan ilantək qabıqdan çıxır,
İlk gündən ta bara, bəhərə kimi.

Bir tərəf uçrumdu, bir tərəf koldu,
Bir tərəf kasaddı, bir tərəf boldu,
Cəfakeş, igidə bir ömür yoldu,
Qalxmaq üzəngidən yəhərə kimi.


ŞEİR YAZIRAM

Tərənnüm şairi deyiləm qağa,
Mən qəmə, qəhərə şeir yazıram.
Bir əlimdə qələm, bir əlimdə saz,
Bu gündən səhərə şeir yazıram.

Qılıncı əlində köçüb dünyadan,
Yurd sözü dildində köçüb dünyadan,
Babam at belində köçüb dünyadan,
Mən həmin yəhərə şeir yazıram.

Vətəniylə, xalqı ilə öyünüb,
Səngərlərdə dəmir libas geyinib,
Qəlbi yurd eşqiylə daim döyünüb,
Hayqıran əsgərə şeir yazıram.

Gecə də, gündüz də fikrimdəı Vətən,
Dərdimi biləmməz hər yoldan ötən.
Adiləm,ağrıyan ürəyimdə mən,
Çəkdiyim kədərə şeir yazıram.

Müəllif:  Adil Cefakes

Zaur USTAC: – BƏNÖVŞƏ şeiri.

24993637_1549296738499459_1987073738013257772_n

BƏNÖVŞƏ

Kimi öyər, bənövşəni,
Kimi qara, qara yaxar…
Bənövşənin od həsrəti,
Qarı da yandırıb, yaxar…
* * *
Bulaq başı buz, sırsıra,
Əlin düşə, köz ısıra,
Rəbbim yol verməz qüsura,
İçindən can qalxıb, baxar…
* * *
Ustacam, xeyməm laməkan,
Rusqat verə, qıla imkan,
Tər bənövşəm olar kankan,
Qar içindən çıxıb, qoxar…
12.12.2017. Bakı. (12:25) 12’

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2017. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac

Adil CƏFAKEŞ – HƏR KƏS İLƏ ÖZ DİLİNDƏ DANIŞDIM…

ad

Adil CƏFAKEŞ  – ƏSRİMİZİN  VİDADİSİNDƏN BİR NEÇƏ YARPAQ….

 

HƏR KƏS İLƏ ÖZ DİLİNDƏ DANIŞDIM

Danışdırdım hər kəsi öz dilində,
Hər bir kəslə öz dilində danışdım.
Çoban ilə etdim çoban söhbəti, 
Şair ilə söz dilində danışdım.

Şaxta dilim, kəskin qırov dilim var,
Həm ağıllı, həm dəlisov dilim var.
Ocaq dilim, mənim alov dilim var,
Üşüyənlə köz dilində danışdım.

Şirindiləm, incitmirəm heç kimi
Mən “du” – “biri” anladıram “şeş” kimi.
Cəfakeşəm, cananıma eşqimi,
Baxmaq ilə göz dilində danışdım.


BİR QURBANLIQ ŞEİRİM VAR! ! !

Mən bir sevda küləyiyəm, 
İcazə ver əsim sənə.
Qoy lap zildən oxuyum mən
Xoş gəlmirsə pəsim sənə.

Misri, cəngi verə bilməz,
Gecik, ləngi, verə bilməz.
Bu ahəngi verə bilməz,
Nə bir pərdə, nə sim sənə.

Sevgi adlı günahım ol,
Son fəryadım, son ahım ol.
Bir qəribəm, pənahım ol,
Deyim doğma kəsim sənə.

Açılmayan bir sirrim var,
Zərərim var, xeyirim var.
Bir qurbanlıq şeirim var,
Gəl, başını kəsim sənə.


BİŞMİŞİK

Taleyimiz bir – birinə bənzəyir,
Elə bil ki, bir qazanda bişmişik.
Öz şerimiz özümüzü yandırıb, 
Həm yazanda, həm pozanda bişmişik.

Nəymiş biznən axı görən qərəzi,
Bəxt istədik, bizə verdi mərəzi.
Satıb bizi zaman adlı tərəzi,
Gah pərsəngdə, gah mizanda bişmişik.

Bu taleyə boylanıram bayaqdan,
Rənglənibdi o qapqara boyaqdan.
İçimizdə buzlamışıq soyuqdan,
Qovrulmuşuq, gün qızanda bişmişik.

Cəfakeşəm, çox ustayıq, usta biz,
Tez uyuruq təriflə biz, tosta biz.
Dinsiz sanıb özümüzü Rusda biz,
Ərəbdəsə, biz əzanda bişmişik.


MƏKTUB

Üzünü görmürəm illərdi sənin,
Ay SALAMƏLEYKÜM, elli necəsən ?
Ta mən də sən görən cavan deyiləm, 
Artıq yaş olubdu əlli, necəsən ?

Kim bağladı o eşq adlı kitabı ?
Kimə günah yazaq, kimə savabı ?
Nə tapıldı bu sualın cavabı,
Nə də bu misalın həlli, necəsən ?

Gecə – gündüz yalvarıram Allaha,
Ki, son qoysun bu naləyə, bu aha.
Qorxuram biz görüşməyəcək bir daha,
Ömür yaman gedir yelli, necəsən ?

Gah boşaldım bulud kimi, gah doldum,
Haldan saldı hicran məni, yoruldum.
O vaxt Adil idim, Cəfakeş oldum,
Olmuşam ölkədə bəlli, necəsən ?
Ay elli necəsən, elli necəsən ?

Müəllif:  Adil Cefakes

9 NOYABR – “Çox dilək diləmişdim, Bayraq olsun kəfənim….”

ana-torpaq

“Çox dilək diləmişdim, Bayraq olsun kəfənim….”

QUCAĞINI GENIŞ AÇ…
( Gizir Pəncəli Teymurova həsr olunur.)

Qucağını geniş aç, gəlirəm Ana Torpaq,
Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq,
Hər gəlirəm deyəndə, əlimdə vardı bayraq,
O qutsal əmanətin, ünvanına yetibdi…. ….
Sancmışam Sancağımı, rahat gəlirəm indi….

* * *
Səhər-axşam deyərdim, bu canım sənə fəda,
Nə olur mənə olsun, təki sən görmə qada,
“Komandir yaxşı olsa, ordunu verməz bada”,
Komutanım öndədir, gül-çiçək düz yoluna….
Sıra ilə gəlirik, yer ver girək qoynuna….
* * *
Çox dilək diləmişdim, Bayraq olsun kəfənim,
Xəyalım gerçək olub, sevinməsin düşmənim,
Dualarım qəbuldu, ağlamasın sevənim,
Ana, sən də gözünün qorasını sıxma ha…
Oğulun adı üstə, qurban gedər torpağa!!!
12.04.2016. Bakı.

Müəlif: Zaur Ustac
© Zaur USTAC,2017. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ
#zaurustac #9noyabr

9 NOYABR – Şəhidimiz Tural Əhmədovun oğlu Turalın dilindən…

24-yac59flc4b1-c59fc999hidimiz-tural-c999hmc999dovun-adc4b1nc4b1-dac59fc4b1yan-oc49flu-tural

Tur alacam
(Şəhidimiz Tural Əhmədovun oğlu Turalın dilindən)
Dədəm Qorqud səhv ad verməz,
Doğulmuşuq tur almağa!!!!
Od ərənlər öc saxlamaz,
Doğulmuşuq öc almağa!!!!
* * *
Gözlərimin içinə bax,
Gözünüzü oyacağam!!!!
Hünərin var, tur düzənlə,
Tüm turları alacağam!!!!
* * *
Sanma, qanı qalar yerdə,
Törəmizdir, alacağam!!!!
Tək atamın qanın deyil,
Haqqımızı alacağam!!!!
* * *
Yağmurlu günü sal yada,
Yenə taxtu-tac alacam!!!!
Tarixdə yüz il, bir gündü,
Geci- tezi bac alacam!!!!
28.04.2016 Bakı.
Müəlif: Zaur Ustac
© Zaur USTAC,2017. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ
#zaurustac #9noyabr

9 NOYABR – Doğacaq nə zaman Hilalın, dağlar?! – Zaur USTAC.

meadnflag-11

DAĞLAR

Ruhuna min rəhmət dədə Ələsgər…
Nədəndi, ürəyim döyünür yenə,
Gördükcə hüsnündə məlalı, dağlar?!
Yağı cövlan edir, dağıdır yenə,
Qoynunda büsatı, cəlalı, dağlar!
* * *
De, çoxmu çəkərik zülüm-zilləti????
Mövcud hal-vəziyyət üzür milləti,
Onsuz da düşmənin puçdu niyyəti,
Ordumun beşiyi, vüsalı, dağlar!
* * *
Dünya belə qalmaz, dəyişər zaman,
Yenə dövran olar, həmənki dövran,
Bulaqlar başında məclislər quran,
Oğullar ərsəyə gələli, dağlar!
* * *
Ustac bulud kimi dolub, ağlamır,
Köksünün yarası qaysaq bağlamır,
Bir bilsən ruhumu nələr çuğlamır,
Doğacaq nə zaman Hilalın, dağlar?!
07.05.1995. Marağa.

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2017. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

#zaurustac     #9noyabr

QOY GEDİM, QAYTARMA  MƏNİ DÜNYAYA – Vidadi AĞDAMLI.

VİDADİ AGDAMLI

QOY GEDİM, QAYTARMA 
MƏNİ DÜNYAYA
Gəlişi dəhşətdi, gedişi yaman,
Qoy gedim, qaytarma məni dünyaya.
Hərəyə bir taleh yazıb yaradan, 
Bulud tənə edir, artıq durnaya,
Qoy gedim, qaytarma məni dünyaya.

Tülkü toyuqlara çobanlıq edir,
Dovşan şir önündə darğalıq edir,
Siçan pişik üçün yorğalıq edir.
Qarğa rişxənd edir,göldə sonaya,
Qoy gedim, qaytarma məni dünyaya.

Ayı nərə çəkmir, aslanlar susub,
Pələng qarşısında çaqqallar durub,
Sərçələr oxuyur,bülbüllər susub.
Açılmır ürəyim baxsam haraya,
Qoy gedim, qaytarma məni dünyaya.

Cənnət guşəmizdə dığalar gəzir,
Şairi bu dərdlər tapdayır,əzir
Toyuq qarşısında xoruzlar əsir.
Həsrətli qalmışıq cənnət-qalaya,
Qoy gedim, qaytarma məni dünyaya.

Sazan lal qalıbdı kilki önündə,
Bir məna qalmayıb qeyrət sözündə,
Alçaqlar tük gəzir mərdin gözündə.
Siçan yaman dolub, bizim tarlaya,
Qoy gedim, qaytarma məni dünyaya.

Vidadini yaman sıxdı bu dövran,
Xəcalət çəkirəm, Dubay yolundan,
Keçi xərc istəyir, bu gün qoyundan.
Baş əyir begamont,hərdən tulaya
Qoy gedim, qaytarma məni dünyaya.

 

Ənvər MƏSUD – Bu sağlar, sollar tükəndi. 

 

 

12814016_955923284497847_3130675187220669133_n

 

Ənvər Məsuddan bir neçə şeir:

 

 

Olur

Bəzən şeir yazıram,
Çevrilib şahmat olur.
Bir nadan uduzaraq
Qabağımda mat olur.

Heyrətlə baxır gözlər,
Qəlbi yandırır közlər.
Təkrar yazdığım sözlər
Çoxgedişli at olur.

Bir misramdan, bəndimdən,
Kimisi kəməndimdən,
Gedişimdən, fəndimdən
Çıxa bilmir, pat olur.

Saçda dənim – qiymətim,
Gözdə çənim – qiymətim!
Niyə mənim qiymətim
Qeyri adekvat olur?!
19 oktyabr 2017 Sumqayıt

 

 

 

Qalmadı

Əksim gözündən itəcək,
Bu sevda nakam bitəcək.
Gülüzlüm, sənə yetəcək
Harayım, ünüm qalmadı.

Əl açdım, qollar tükəndi,
Bu sağlar, sollar tükəndi.
Getdiyim yollar tükəndi,
Bir səmtim, yönüm qalmadı.

Xərclədim, yenə xərclədim,
Lap dönə-dönə xərclədim.
Mən ömrü sənə xərclədim,
Özümə günüm qalmadı.
10 fevral 2017 Sumqayıt

 

Müəllif: Ənvər Məsud