ƏJDƏR ƏLİZADƏ: NEYLƏRƏM Q Ə Z Ə L.

əjdər.

NEYLƏRƏM

Gülüm, səndən də gözəl bir özgə yarı neylərəm,
Qəmzəsiynən qəlb yaxan nazlı nigarı neylərəm.

Ey deyən ğeyrə gər ölsəm, əsla vermərəm könül,
Sən qızıl gül, mən də bülbül, söylə, xarı neylərəm.

Vəfalı sevgilinəm, məndən cəfa gördünmü heç,
Ağarmış saçlara naməhrəm tumarı neylərəm.

Şad və qəmgin günlərində həmdəm oldum mən sənə,
Sənə qəmküsarikən başqa qəmxarı neylərəm.

El bilir dərd əhliyəm, qəm oxuyardım hər zaman,
Səsi batmış bir neyəm, gur səsli tarı neylərəm.

Əjdərəm, şaxta vurub can evimi, donmadayam,
Ömrümün qış fəslidir, qar üstdən qarı neylərəm.

16.07.2017 10:57

Müəllif: Əjdər Əlizadə

Advertisements

ƏJDƏR ƏLİZADƏ – QƏZƏLLƏR

əjdər.

ÇAĞDAŞ  AĞDAM  ƏDƏBİ  MÜHİTİNİN  NÜMAYƏNDƏLƏRİ  SİLSİLƏSİNDƏN – ƏJDƏR ƏLİZADƏ  QƏZƏLLƏR:

 

ÖLÜRƏM…

Bir əlac et mənə ey nazlı nigarım, ölürəm,
Qalmayıb zərrə qədər səbri-qərarım, ölürəm.

Hanı bəs bağladığın eşqə səfa, əhdə vəfa,
Tənhayam, gəl görüşək, gül üzlü yarım, ölürəm.

Həsrətin üzdü məni, gör nə bəlalar çəkirəm,
Yetış imdada, sınıb sədəfli tarım, ölürəm.

Donuram mən sazağından, nə edim, fəsli-qışın,
Gözüm yollarda qalıb, güllü baharım, ölürəm.

Gəl dirilt hisslərimi, qoyma, saralıb soluram,
Görəcəksən, sovuşub bağımda barım, ölürəm.

O isti hənirtinə indi ehtiyac duyuram,
Gəlişinlə əriyər, şaxtalı qarım, ölürəm.

Əjdərəm, hifz elə sən dərdü-bəladan, gözəlim,
Bilirsən, əlindədir hər ixtiyarım, ölürəm.

16.06.2017

 

Sevgililər yar kimidir…

Sevdiyim, gəl yaxına, sevgililər yar kimidir,
Təsvir eyləyim səni, olanların var kimidir.

Qaşların yaydı gülüm, kipriklərin ox, sanıram,
Gözlərin dərinləşib, eşqə giriftar kimidir.

Ləblərin sanki, pətək, tərpənəndə bal süzülür,
Həsrətin çəkmədəyəm, günüm ahu-zar kimidir.

Üzün gül parçasıdır, müşk ilə ənbər qoxuyur,
Buxaq ağ, sinən dümağ, Savalanda qar kimidir.

Həyəcan boğur səni, qalxıb-enir şux təpələr,
Qabarıb ənbərçinin, bir cüt mələs nar kimidir.

Doxsan-altmış bədənin çox yaraşır gərdəninə,
Belin çox incə, zira, gümüş kəmər dar kimidir.

Əjdərəm, sevgi-məhəbbət bağının bağbanıyam,
Sənin hər olanların bostanımda bar kimidir.

15.06.2017

 

FƏLƏYİN ÇƏRXİ ÇÖNƏNDƏ…

Fərz edirik olmayan bəzi şeyi var kimi.
Görənlər də dinməyir, bəzi yalaqlar kimi,

Eşşək indi at olub, gör necə də kişnəyir,
At da başın sallayıb, susub ulaqlar kimi.

Əyrilər kef eyləyir, düz döyülür heç nədən,
Hey burulur burunlar eyni qulaqlar kimi.

Təbaşiri satırlar apteklərdə həb deyə,
Gölmə suyu xod gedir, buzlu bulaqlar kimi.

Yağla şorun qiyməti bərabərdir, işə bax,
Hörməti yox insanın, düzdə alaqlar kimi.

Ət yerinə hər əti nuş edirik, dinmirik,
Varmayırıq fərqinə, türkcə salaqlar kimi.

Hibrid etdik kimləri “Yanlar” ilə bir zaman,
Gizlənib içimizdə sanki, calaqlar kimi.

Etibar yox onlara, mən nə bilim neyləyir,
Söykənib day-daylara bəlkə çolaqlar kimi…

09.06.2017

 

QƏZƏL…

Qəlbimi məhv eləyər qüssə-kədər, sübhə qədər.
Ruhu uçmuş bədənim lərzə gedər, sübhə qədər.

Eşqə düşdüm, oda yandım, nə bəladır çəkirəm,
Ömrümün tən yarısı getdi hədər, sübhə qədər.

Gözəlim, kaş biləsən, yatmayıram mən gecələr,
Hicrinə dözməliyəm mən nə qədər, sübhə qədər.

Yanıram, odlanıram, nəydi günahım görəsən,
Zərbə almış ürəyim üsyan edər sübhə qədər.

Yarımın ovqatını təlx eləyərmi görəsən,
Ahu-zar etdiyimi görsə əgər, sübhə qədər.

Əjdərəm, ərz edirəm, bagü-baharım sənsən,
Nə yazıq, ayrılığın qəlbi didər sübhə qədər.

06.06.2017

Müəllif:  Əjdər Əlizadə