Rahim Üçoğlanlı – Danışdıq

rm

“DANIŞDIQ”
(Şair dostum Məmməd Mərziliyə )

Məmməd qağa bizə təşrif gətirdin,
Yanar qəlblə dosta salam yetirdin.
Ürəyimdə bir xoş əhval bitirdin,
Həmdəm olub şərafətdən danışdıq.

Çox uzandı sözlər sözü çəkdi hey,
Vaxt dayandı,zaman döndü oldu key.
Orucluqda bizdən uzaq oldu mey,
Biraz dindən imamətdən danışdıq.

Yada saldıq igid ərən mərdləri,
Bizi çəkdi ana vətən dərdləri..
Seyr elədik o boş qalan yurdları,
Özümüzdə qəbahətdən danışdıq.

Tarixini vərəqlədik yurdların,
Sığal çəkdik başına Boz Qurdların.
Ünvanına çox şərəfsiz adların,
Lənət deyib səfalətdən danışdıq.

Məkan oldu “Balıqçılıq Kəhrizi”,
Burda qalıb hər igidin bir izi..
Sərin suyu məst elədi lap bizi,
İçib,dosta sədaqətdən danışdıq.

Ağdam

Müəllif: RAHİM UCOGLANLİ

YAZARLAR.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-500-63-36     E-mail: yazarlaraz@yandex.ru

Advertisements

ZAUR İLHAMOĞLU – MƏNİM ORDUM…

ORDU26 İYUN SİLAHLI QÜVVƏLƏR GÜNÜNÜZ MÜBARƏK !!!

MƏNİM ORDUM

Vətənimin güvənc yeri,
Vətənimin şah damarı – mənim ordum!
Savaşlarda məğlub olmaz,
Elim Azərbaycanımın
iftixarı – mənim ordum!
Sən Babəkin qəzəbindən törəmisən,
Sən Eldəgiz hünərisən.
Düşmənləri diz çökdürən
Şah İsmayıl zəfərisən.

Yürü, ordüm, yürü, yürü…
Qarabağa, Təbrizimə
yürüş eylə…
Addım səsin qoy titrətsin göyü, yeri,
Agıllara sığışmayan gediş eylə.
Azad elə Füzulini, Zəngilanı…
Xocalını, Kəlbəcəri…
Qoyma yerdə qalsın daha şəhid qanı,
Azad elə, azad elə,
İşğal olmuş hər bir kəndi, hər şəhəri!
Qədim “Şuşa qalası”nda
qoy bayrağım dalğalansın.
Yelləndikcə Qarabağın səmasında
Düşmənimin ürəyində od qalansın!
Geri dönsün Mikayılın,
Əlyarımın rəşadəti,
Qoy düşmənim birdə görsün
Allahverdi şücaəti.
Xocalıda məhv edilmiş
məsumların ruhu gülsün,
Murdar düşmən ayaqları
torpağımızdan üzülsün.
Hər yürüşün ürəklərdən,
çəkib atsın dərd-qübarı,
Zəfərlərin son eyləsin,
neçə illik bu həsrəti, intizarı.
Vur!.. Dağıtsın zərbən, gücün
Qarabağın salındığı dar qəfəsi.
Gün olsun ki, zəfər günün
sərhədləri aşıb-daşsın,
“Qarabağın şıkəstəsi”.

Türk oğlusan,..
Sən bir türksən!
Atillanın qanı axır damarında.
Unutma ki,”hay”lar deyil,
babaların salıb məskən
qədim “Odlar diyarı”nda.
Yürü!.Yürü!..İnamla get!
Yollarını tutsa duman,
Başın üstə çaxsa şimşək,
dayanma, get!
Yer üzünə xəritə çək:
Bir ucu Təbrizim olsun,
Biri Dəmir qapı Dərbənd!
Düşmənin yox, bizim olsun
Şuşam, Cəbrayıl, Xocavənd!
Qoy anlasın bütün bəşər:
Düşmənlərdə qala bilməz yurdum mənim!
Gün gələcək, zəfər günü qeyd edəcək,
Qarabağı azad edib ordum mənim!

zaur ilhamoglu

Müəllif: ZAUR ILHAMOGLU

YAZARLAR.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-500-63-36     E-mail: yazarlaraz@yandex.ru

Evimizə gəlin gəlir…

MİRVARİ DİLBAZİ

Mirvarid Dilbazi

Evimizə gəlin gəlir,
Sığallayıb telin gəlir,
Görüşünə elin gəlir, hey!
Çıraqları gur yandıraq, gur yandıraq!

Aşıqlar çalsın sazları,
Rəqs eləsin el qızları,
Elə sevinc, fərəh gəlir,
Bir işıqlı ürək gəlir, hey!
Çıraqları gur yandıraq, gur yandıraq!

İki qonça cavan gəlir,
Gül yanında reyhan gəlir,
Şümşadboylu oğlan gəlir, hey!
Bu oğlanı şadlandıraq, şadlandıraq!

Bəzəyib şamlar əlini,
Asta gətir bəy gəlini,
Azərbaycan gözəlini
Nurlu çıraq adlandıraq, adlandıraq.

Mənbə: MİRVARİD DİLBAZİ MƏCLİSİ

YAZARLAR.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-500-63-36     E-mail: yazarlaraz@yandex.ru

Bədirə RZA Həsənqızı – “ Yuxarı bağın meşəsində…”

sehid

Bədirə RZA Həsənqızı

“ Yuxarı bağın meşəsində…”

( Hekayə )
(Şəhid Mikayıl Yaqub oğlu Vahabzadənin əziz xatirəsinə)
(25 İyun 1993 -2 Aprel 2016)

Bir bülbülün taleyindən qopan simi dindirirəm…
Dindirirəm, dinmək nədir, naləsini dinləyirəm…vərəq-vərəq, misra-misra izləyirəm, dindirirəm…Yaman küsüb könül sazın… küskünümü izləyirəm…düşünürəm, necə yazım, necə deyim, ötənimdən, dünənimdən bu söhbəti neçə açım, inciməsin, inciməsin könül simin, ey nakamım, ey bülbülüm, ruhu nəğmə, əli qələm, könlü Vətən, yolu sevgi…niyə bitdi, belə erkən?…
Yox, bitməyib, bitməyəcək, belə könül sahibinin ömür yolu, gül nəfəsi, xoş ətiri, təranəsi, nəğmə-nəğmə dolanacaq, yad edilib oxunacaq, anılacaq. Anılacaq onun yolu, o yol adi bir yol deyil, o yol yurdun xilas yolu!
Yazmaq istər könül onu…hər anını, həyatını yazım deyə, anlatım mən bu ellərə, bu cahana… necə də, bir igid oğul, verib ana bu torpağa! Necə deyim, necə öyüm könül sazın…? Sən nəğməkar bülbül idin, sənsiz nəğmə neçə çalım???
Sankı, qopub sazın simi, inləyir o, çalmaq olmur, hey çalışdım, sirrin bilim, o dinmədi…
Sənsiz ötən bu illəri çox sordum mən, sirr vermədi… dönüb baxdım Girdimana… axan sular haray dedi… harayında duydum səsin… ey nəğməkar oğul, sənin, könül səsin…
Ruhuna olsun ərməğan, bu yazımı ithaf etdim…

…Axşamdan yağan qar hələ də dayanmamışdı. Bir qədər azalsa da, yağmaqda davam edirdi. Kəndin az qədər çınqılla örtülmüş maşın yolu tamam bağlanmışdı, çox çətinliklə cığır açaraq məktəbə gedən uşaqları yola salan valideynlər əllərində bel yolu müəyyən qədər təmizləməyə çalışırdılar.
Kənddə yaşamaq əsl fədəkarlıq tələb edir. Çünki burada zəhmət çəkmədən nəfəs almaq mümkün deyil. Hər aldığın nəfəsin zəhmətini çəkməlisən. Həqiqi mənada təbiətlə müqavilə bağlayıb, həyatını sığortalamalısan.
Yay aylarında nə qədər səfası, gözəlliyi göz oxşayırdısa, qış aylarında bu yolların cəfası çox olurdu. Dağlar əhatəsində yerləşən bu qədim yurd yeri, bəylər kəndi olan, öz adət-ənənəsi ilə, tarixən mədəniyyət beşiyi olması ilə fərqlənən Maçaxı idi. Tırxa dağının ətəyində, Girdiman çayı sahilində yerləşən bu gözəl məkanda təxminən 50-60 ailə yaşayırdı.
Kənddə əhalinin az olması da bir sıra çətinliklər yaradırdı. Belə ki, burada tam orta məktəb olmadığından uşaqlar ibtidai təhsili bitirdikdən sonra qonşu kəndə getmək, oradakı natamam orta (9-illik) məktəbdə təhsillərini davam etdirməli olurdular.
Macaxı kəndində ibtidai təhsilini başa vuran Mikayıl da, qardaşı ilə birlikdə qonşu Tircan kəndindəki natamam orta məktəbdə təhsil alırdı. Hələ qarşıda nə qədər ümidlər, ümidlərə doğru belə şaxtalı- qarlı günlər vardı… Havanın soyuq olmasına baxmayaraq dərsdən qalmaq olmaz,- deyə, tezdən yola çıxmışdılar, Mikayılla Rüfət. Mikayıl, 1993 –cü ildə, Rüfət isə 1994-cü ildə dünyaya göz açmış, ailənin sevincinə sevinc qataraq ümidli gələcək bəxş etmişdilər…
Mikayıl ata babasının adını daşıyırdı. Ata babası Böyük Vətən müharibəsi illərində döyüşə getmiş və qəhrəmancasına döyüşərək Vətən yolunda canından keçmişdir. Yaşatmaq, ulularımıza ehtiramı qorumaq xalqımızın əzəli və əbədi adətidir. Eləcə də, ulu babanın xatirəsinə ilk nəvəyə Mikayıl adı vermişdi böyüklər. Bəzən adlar talelərə təsir edir deyirlər. Sanki, bu uşaq da qardaşından çox cəhətcə fərqli düşüncəli, fərqli xasiyyətli idi…
– Səncə, mən bu gün neçə qiymət alacam?-qaqa, -deyə, Mikayıl yaşca özündən kiçik olan qardaşından soruşdu. Həm də, bir az yolda həvəslə getsinlər deyə, sanki bir körpü qurmağa çalışırdı.
-Sən çox bacarıqlısan, qardaşım, yəqin ki, yenə hamsından “əla” alacaqsan.
– Hə, yaxşı hazırlaşmışam, inşAllah, qardaşım, sən də eləsən, tək mən yox, yoxsa ki, bu soyuq havada boşuna getmirik ki, bu yolu…
– Deyirəm ki, Mikayıl, biz 2 ildən sonra bu məktəbi də bitirrib, Yeni yol kəndində 10 və 11 –ci sinifləri oxumalıyıq. Bu illər əsl çalışqanlıq dövrü olmalıdır…
– Hə, elədir, Rüfət, ondan da sonra ali məktəb. Kaş qismət olsun, inşAllah.
– Mən hiss edirəm ki, sən mütləq ali məktəb tələbəsi olacaqsan, Mikayıl, müəllimlər səndən çox razılıq edirlər, sinifdə də fəallığın görünməkdədir.
– Bilirsənmi, mən bütün qüüvəmlə çalışram ki, valideynlərimiz sevinsin, onlar oxumağımızı çox istəyirlər. Hələ, Ma … lap çox arzu edir ki, mən müəllim olum. Bilirsənmi, hərdən ibtidai sinifdə oxuduğumuz günlər düşür yadıma. Ağayusif müəllimin tapşırdığı sözləri çox xatırlayıram. O çox yaxşı müəllim idi. Həm də, çox məlumatlı insan idi. Hələ mənə ağacları necə calağ etməyi də öyrətmişdi. Qışın sön həftəsində bağda təcrübə edəcəyəm öyrəndiklərimi…
– Hə, Mikayıl, düz deyirsən, çox məlumat vermişdi bizə, yadımdadır deyirdi ki, hələ XIX əsrdə, dayan-dayan… ili neçə idi, hə… hə… yadıma düşdü, deyirdi ki, 1847-ci ildə bizim kəndimizdən olan maçaxalı Zülfüqr bəy, İngiltərədə yetişdirdiyi çəltik növünə görə Qızıl medal almışdır.
– Elə deyirdi, neçə illər bundan əvvəl insanlar bu qədər öyrənə biliblərsə, deməli, biz daha çoxunu öyrənməliyik.
– Düz deyirsən, tarix müəlliminin sözləri necə? Yadındamı, ermənilərin bizim kəndimizdə necə vəhşiliklər ediblər, məsciddə insanları necə yandırıblar…çox hadisələr olub…eh…
– Heç o tarixləri unutmaq olar? Hamısı yadımdadır…Çatırıq məktəbə, bu gün yol tez keçdi ha…Qar da dayanır deyəsən …

Beləcə qayğılı günlər ötməkdə idi..Yaş üstünə yaş gəldikcə Mikayıl ailənin qayğılarını daha çox düşünür, dərslərini yaxşı oxumaqla yanaşı ev işlərində də valideynlərinə yaxından kömək edir, ailənin ilk övladı kimi məsuliyyəti demək olar ki, tamamilə öz üzərində duyurdu.
Artıq üçüncü məktəb idi ki, təhsilini davam etdirirdi Mikayıl qardaşı ilə birlikdə. Yeni yol kəndində 11- illik təhsili başa çatırdı. Buraxılış imtahanları bitmək üzrə idi. Qəbul imtahanlarına az qalırdı. Neçə illik əziyyətin, üç orta məktəb təhsilinin, hazırlıqların nəticəsi olmalı idi. Mikayıl çox darıxsa da, içində inam hissinə güvənir, öyrəndiklərinin köməyinə çatacağına ümid edirdi.
Mikayılın intizarla gözlədiyi gün – ailənin də, özünün də həyatında ən xoş gün kimi yazıldı ömür salnaməsinə, yaddaşlara hopdu xoş sədası… 2011-ci ilin avqust ayı nəhayət ki, qəbul imtahanlarının nəticələri açıqlandı. Ailədə hər kəsin sevinci yerə-göyə sığmırdı. Mikayıl tələbə adını qazanmışdı. O, Sumqayıt Dovlət Universitetinin Fizika və Elektroenergetika fakultəsinə qəbul edilmişdir.
Kimin çox sevindiyini bilmək çətin olsa da, ananın sevinci bir başqa idi. Sanki, yerə-göyə sığmırdı. Üzündən-gözündən xoşbəxtlik nürü bərq vururdu, o, Mikayılın tələbə adını qazanmasına çox sevinirdi. İnanırdı ki, oğlunun gələcəy xoşbəxt günləri qarşıdadır. Mikayılın bu uğuru atasının da anasının da onun xoş gələcəyinə ümidini, inamını daha da artırmışdır.
“Tələbə həyatı bir başqa aləmdir”- deyə, Mikayıl düşünürdü. Bu şəhər yaşadığı kənddən çox fərqli idi. Amma burada qazandığı dostlar, müəllimlərlə səmimi ünsiyyət sanki az vaxtda onu xeyli irəli aparmışdı, elə bil az zamanda necə deyərlər çox böyümüş, daha da müdrikləşməyə doğru addımlamışdır…
Artıq bir neçə gün idi ki, ilk semestr imtahanlarını uğurla verən Mikayıl evə qayıtmışdı. Bəli, Mikayıl artıq tələbə kimi qayıtmışdı doğma kəndlərinə. Nə qədər fərəhli gün idi. Mikayılın hər işə olan marağı onun az vaxtda ali məktəb müəllimlərinin də gözündə ucaltmışdı. Dərslərini əla qiymətlələ oxuyan Mikayıl atasına kömək olsun deyə, dərsdən sonra da işləyidi. Ana ürəyi nə qədər nigaran qalar ki, balasından …Bir həyat boyu nigaran qalar, yenə yorulmaz övladından. Doymaz nigarançılıqdan, təki sonda xoş xəbəri alsın…
Rumiyyə ana da, hər gün Mikayılla telfonda danışarkən, dərslərindən geri qalma, ha…- deyə, öyüdlərini azaltmazdı. Mkiayıl da onun narahat olmasını istəməzdi:
– Sən heç nigaran olma, Mama, dərslərimi də “əla” hazırlayıram, işimə də gedirəm. Məndən nigaran olmayın,- deyirdi.
Ana nigarançılığı Mikayılın doğum günündə müəllimlərin Mikayıla olan telefon zəngindən təsəlli alır, ona olan təbrik sevinclərini ürək dolusu fəxrlə seyr edər, fərəhlə oğlunun qazanıdığı hörməti izləyərək, atası, qardaşı Rüfətlə birlikdə sevinər, şükür edərdi.
-Nə yaxşı ki, Mikayılım belə hörmət qazana bilib, – deyərdi.

Tələbə həyatının öz şirinliyi, çətinliklə olsa da, öz fərqli dadı var idi. Mikayıl ilk günlərdən dərslərinə qarşı çox diqqətli olaraq, fəallığı ilə müəllimlərinin diqqətini, daha doğrusu rəğbətini qazana bilmişdir. Dərslərini əla qiymətlərlə oxuyan Mikayıl, dərsdən sonra işləməyinə baxmayaraq öz şəxsi duyğularına da zaman ayırar, onları qələmə almağa çalışardı. Onun şair təbiətli olması, səmimiyyəti, ünsiyyətcil olması ətrafında olanların da rəğbətinə səbəb olurdu. İlk şerini hələ məktəb illərində yazsa da, indi daha gözəl yazdığını hiss edirdi, yenə sabahkı dərslərini bitirib şeir dəftərinə baxdı. Misraların sırası artmaqda idi…
Çoşqun duyğuları isə sonsuz dərya …

Qərənfil
Şəhid qanı bulanıbdı üstünə,
Qan içində boğulmusan, qərənfil.
Səpilirsən Şəhidlərin büstünə,
Bəxti qara doğulmusan, qərənfil.

Şəhid qanı müqəddəsdir, qəm yemə,
Bununla fəxr etməlisən, qərənfil.
“Gərək düşməyəydim bu günə”,-demə
Azadlq rəmzisən gözəl qərənfil.

Bəzi güllər dünyanın bəzəyidir,
Mənim üçün gözəl sənsən, qərənfil.
Sənin adın Şəhidliyin özəyidir,
Bizim üçün müqəddəssən, qərənfil,
Azadlığın rəmzi sənsən, qərənfil.

Şeri bitirib gözləri yol çəkdi. Şəhər həyatı onu heç də sevdiklərindən uzaqlaşdıra bilməzdi…
– Atamın ad günü var qarşıda. Gözəl bir hədiyyə düşünməliyəm. Sabah, mütləq…bu barədə… dərs bitən kimi….
Səhəri gün dərsdən sonra ailə şəkillərini qovluqdan alıb “FOTO”- ya getdi. Gözəl bir mənzərə ilə ailə tablosu hazırlanmasını xahiş edəndə, fotoqraf:
-Bəs üzərinə nə yazaq, nə isə yazdırmaq istəyirsən?
-Üzərində?-… Onda belə yazın: “Bir omürlük xoşbəxtlik diləyilə.”
-Gözəl düşündün, dostum,-fotoqraf razılıq etdı. Amma bilmədi ki, Mikayıl hər daim əzizlərini “ Bir ömürlük” xöşbəxt etmək üçün çox düşünür, çox nigaran olur…

…Mikayılın hədiyyəsi əsl sürpriz olmuşdu. Ailənin sevinci yerə-göyə sığmırdı…Əslində onun evə hər gəlişi bax beləcə, xoş əhval, xoş gün idi. Valideyn üçün bundan gözəl nə ola bilərdi ki???
-Nə gözəl hədiyyədir bu, Mikayıl? Ağıllı oğlum, nə gözəl hədiyyə almısan.
-Doğrudan deyirsən, mama, xoşuna gəldimi?
-Əlbəttə, xoşuma gəldi, bu mənim üçün dünyanın ən gözəl hədiyyəsidir, oğlum. Çox sağ ol…
Ailə ən xoş günlərini yaşayırdı. Gələcəyin təlatümün, fırtınasın bilmədən. Mikayıl isə onları sevindirməklə yanaşı, həyət işlərini də unutmurdu. Nə vaxt kəndə dönsəydi bağa keçər, mütləq yorulub əldən düşənə qədər işləyərdi. Sanki, bu işləmək həvəsi ona həyata yenidən gəlmək sevinci kimi xoş ovqat bəxş edirdi…
Universitet həyatı da artıq sona çatırdı. Müəllimlərin rəğbətini qazanan Mikayıl çoxlu iş təklifləri də almışdı.
-Hələ bir hərbi xidmətimi də keçim, İnşAllah, ondan sonra qəti qərar verəcəyəm, hansı iş daha münasibdir. Təhsilimi də davam etdirərəm, magistratura təhsili də vacibdir. Mütləq valideynlərimi də, gərək Rüfəti də gətirəm şəhərə. Yoxsa ki, çox əziyyət çəkirlər – deyə, düşünürdü.
İmtahanlarını uğurla verib kəndə qayıtdı. Bütün ailə şam yeməyində Mikayılın hərbu çağırışı haqqında düşünürdü. Görəsən ki, Mikayıl hara düşəcək xidmət zamanı?
Sükutu Mikayıl pozdu. Gülümsəyərək, gözəl gözləri ilə üzünü atasına tutdu.
-Ata, bilirsiniz bir söz demək istəyirəm. Daha doğrusu Sizdən bir xahişim var.
-Nə xahiş, oğlum?
-Xahşim odur ki, məndən nigaran qalıb, yerimi dəyişməyəsiniz. Mən hərbi xidmətdə hara düşsəm, orda da xidmət etmək niyyətindəyəm. Ümumiyyətə, mən düşnürəm ki, biz, Qarabağın alınmasını, azad olunmasını niyə gələcəyə saxlayırıq ki?…Onu biz almasaq, kim alacaq ki???
Ata oğlunun nə qədər mərd, vətənpərvər olduğunu duyub, qürur etsə də, qəlbində öyünsə də, yenə daxilində olan həyəcanını gizlətmək istədi. Biz də nigaran qalırıq, bala, deyirik ki, salamatlıq olsun…
– Ata, bu torpaqları biz almasaq, kim alacaqdır ki…??? Bu fikir hər zaman qəlbimdə məni narahat edir…
– …………………….
– Bir də ki, əsgərlik, müharibə deyil ki… nigaran olmayın. Əgər qismətmə döyüşmək düşsə, sevinərəm ki, mən də topağımızın azad olunması üçün döyüşürəm…
-Yaxşı, oğlum, sən istəyən kimi olsun. Allah qorusun, harda olsan!

Mikayılı hərbi xidmətə yola salmaq üçün bütün kənd camaatı, dostlar, qohumlar toplaşmışdı. Hər kəs xoş sözlərlə arzularını bildirirdi, onların xeyir-duası ilə hərbi xidmətə yola düşdü Mikayıl, neçə-neçə Vətən övladı kimi, Vətənə xidmət borcünü ödəməyə…
Nigarançılıq dolu günlər yol almışdı evə doğru… And içmə mərasiminə az qalırdı…
Mikayıl hərbi xidmətə gedəndən ailədə sanki bir süküt vardı, hər kəs digərinin duymaması üçün öz fikirlərini ürəyində saxlayır, digərini narahat etməkdən çəkinir, nahaq nigaran etməyim,- deyə fikirlərini ürəyində bölüşür, nigarançılığını gizlətməyə çalışırdı.
2015-ci ilin Avqustun ayının 15 idi. Gəncə şəhərində “N” saylı hərbi hissənin qarşısında böyük bir izdiham vardı. Əsgərlərin andiçmə mərasimi idi. Mikayıl hərbi sırada çox vüqarlı görünürdü. Uzaqdan onu görən ailə üzvləri və qohumlar sevinclə səsləyir, Allah sizi qorusun, balalar,-deyə, şükranlıq edirdilər. Burda yaşanan səs-küy– ailə dəyərlərinin Vətən sevgisi ilə çiçəkənmiş bir mənzərəsi, gözəl bir çələngi idi…
Əsgərlərin hərbi nümayişi bitdikdən sonra ailələri ilə görüş verildi. Hər kəs sevinc içində idi. Mikayıl həyəcanla ailə üzvləri ilə görüşüb, hal-əhval tutur, sevinclə zəng edən dostlar, qohumlarla danışır, razılığını bildirirdi. Əsgər formasında bir qədər də dəyişmiş, qəlbinin yurd istəyinə sanki etibarlılıq, güvənlilik çökmüşdü…Bu forma ona çox yaraşırdı…
Görüş vaxtının bitməyinə az qalırdı. Mikayıl yeni yazdığı şeirləri anasına verib, bunları vaxtın olanda oxuyub, fikrini deyərsən, Ma-deyərək, gülümsədi.
-Əlbəttə, Mikayılım, gözəl oğlum, hamsını oxuyacam, inşallah taplayıb, çap da edərsən…
– Hələ çap olunmasına çox var, mama, hələ ki, fikirləriniz maraqlıdır. Çap…daha sonra…
Rumiyyə ana da, Yaqub ata da, əsgərlərlə mehriban dostluq edən Rufət də vaxtın necə keçdiyini hiss eləmirdilər. Görüş vaxtı bitirdi. Onlar qol-boyun görüşüb, vidalaşdılar.
-Yenə gələcəyik, Mikayıl, sən özünə yaxşı bax. Oldumu, sənə güvənir, etibar edirik. İnanırıq, bir sözlə…
-Narahat olma, ata, yaxşı olacaq hər iş…

Mikayıl əsgər gedəndən nə qədər istəsə də, narahatlıq, həyəcan tərk etmirdi ananı. İndi o Tərtər rayonunda qulluq edirdi. Üç aydan sonra yeri dəyişmiş, Tərtər rayonundakı “N” saylı hərbi hissədə yerləşdirilmişdir. Sentyabr, noyabr aylarında da getmişdilər Mikayılı görməyə. O isə hər dəfə razılıq edir, hər görüşdə də anasına şeir dəftərçəsini verir, şeirlrinin ilk oxucusu kimi telfonda onun rəylərini dinləməyi arzulayır, qələminin sorağını eşitməyə çalışırdı. Mikayılın şeirləri isə, həqiqətən, mükəmməl idi. Bu tək ananın övladına olan sevgisi, dəyəri deyildi, bu sətirlərdə həqiqi
mənada bir gənc şairin duyğulu könlü çağlayırdı…Elə çağlayırdı ki…ləpələri can atdığı sahilin xoşbəxliyini intizarla, həsrətlə gözləyirdi…
Rumiyyə ana, bir az fərəh, bir az sevinc, bir az nigarançılıq dolu baxışlarla oxuyurdu sətirləri…

Dəniz sahili
Yenə dəniz sahili, zülmət qaranlıq,
Sənsizəm, gözlərim görür toranlıq,
Zamanım, saatım, durub bir anlıq,
Əzab çəkir bu qəlb, yenə daxili,
Səni xatırladır dəniz sahili…

Qaranlıq gecədə ay da görünmür,
Gəzdiyin sahilə təzə iz gəlmir,
Dəniz də sakitdir, susubdur, dinmir…
Dinmir bu həsrətə, susub zahiri-
Səni xatırladır dəniz sahili.

Bəlkə də bir həsrət bitəcək bu gün,
Bir nəfəs dadıma yetəcək bu gün,
Ya da ki, bir həyat bitəcək bu gün,
Çünki intihardır şairin meyli,
Bu “SON”a – şahiddir dəniz sahili!

( Mikayıl Vahabzadə-15 sentyabr-2015-ci il, Gəncə,”n”saylı Hərbi hissə, 12- ci bölük, saat: 1220)

Ana oxuduqca ürəyi şiddətlə döyünür, qulaqlarında Mikayılın səsini duyurdu … Şeirlər isə müxtəlif mövzülarda sıralanırdı…

Ana ürəyi
Yenə də əsgərdir, bir oğul bu gün,
Silahdan tutubdur onun biləyi.
Bir ana həsrətlə qalıbdı bu gün,
Oğulçın çırpınır ana ürəyi.

Bilmir oğul necə, ya da hardadır?
Görən ürəyincə əsgər yeməyi?
Bəlkə onun oğlu indi dardadr,
Vurnuxur, döyünür ana ürəyi.

Bəzən də oğulçun ağlayır ana,
Birdən yaşla dolur gözün bəbəyi.
Oğlunun gəldiyi deyilsə ona,
Sanki dağa dönər ana ürəyi.

Artıq üç aydır ki, əsgərdir oğul,
Üç aydır yemir o ana yeməyi.
Gün keçir hərbiyə öyrəşir oğul,
Artıq rahat olsun ana ürəyi…

Ananın gözlərindən iki danla yaş düşür vərəqlərə…Sakitcə köks ötürür…
-Niyə ağlayım ki, Allaha şükür sağ-salamat gələcək, az qalıb…Ağıllı oğlum, Mikayılım…

Əsgər oldum Azərbaycana

Mən də əsgər oldum Azərbaycana,
Haqqını, südünü halal et, ana!
Neçə vaxtdır keşikçiyəm torpağa,
Yolumu gözləyin, gələcəm, ana!

Bu eldə Nəbiyəm, qoç Koroğluyam,
Həm anamın, həm Vətənin oğluyam.
Yalan sözüm yox, həmişə doğruyam,
Yolumu gözləyin, gələcəm, ana!

Əsgərəm, ay ana, ürəyini dağlama,
Bayram günü, bayram payı saxlama…
Şəhid olsam, qəbrim üstə ağlama,
Yolumu gözləyin, gələcəm, ana,
Gəlib göz yaşını siləcəm, ana!

On səkkiz ay nədir, gəlib keçəcək,
Gözləri yollarda qalan sevgilim.
Axır gəlib bu həsrət də bitəcək,
Yolumu gözləyin, gələcəm, ana!

Allah özün qoru, balamı! Amin, Rəbbilaləmin, özün qoru! – deyə, Rumiyyə ana yenə ürəyində min nigrançılıqla şeirləri kitab rəfinə qoyub:
-Ürəyi şeirli, hikmətli balam!- dedi…

….Neçə gün idi ki, hərbi hissədə təlimlər artırılmışdı. Mikayıl bu təlimlərdə fəallığı, bacarığı ilə seçilirdi. Bunun nəticəsi idi ki, dəfələrlə təşəkkürnamə də almışdı rəhbərlik tərəfindən. Günün çox hissəsini təlimlərlə məşğul olan Mikayıl yenicə otağa gəlmişdi ki, qapı döyüldü.
-Əsgər Vahabzadə, sizə məktub var.
-Məktub, nə yaxı, çox sağ olun…
Əlinə aldığı məktub tanış deyildi. Ona qəribə də gəlsə, məktubu tez açıb oxumağa başladı. Məktubu Bakı şəhərindən bir texniki lisey məktəblisi yazmışdı:
“Azərbaycan əsgərinə…
Salam əsgər! Mən də vətənini sevənlərdən biri kimi öz igid əsgərlərimizə ürək sözlərimi söyləməyə imkan tapdığım üçün çox sevinirəm. Düzdü, mən müharibələr zamanı olmamışam. Və qız olduğuma görə hərbi xidmətə gedib, əsgər də ola bilməyəcəyəm. Amma, həmişə yadımda saxlayacağam ki, bu dövrdəki şərait necə və nəçə çətinliklərlə yaranıb. Heç vaxt unuda bilmərəm ki, bəzilərinin ölümü bizim rahat yaşayış səbəbimizdir. Şəhidlər, Milli Qəhrəmanlar bizi unutmadığı kimi, biz də onları unutmamalıyıq. Vətənimizi unutmayanlardan biri isə siz əsgərlərsiniz. Siz bizim ən dəyərli insanlarımızsınız. Bir gün mənim də qardaşım sizin yolunuzu davam etməyə çalışacaq. Biz isə sizinlə fəxr edirik. Həmçinin mənim əmim də Şəhidlərlə birlikdə Vətən üçün canından keçib. Torpağa tapşırılıb. Hər bir Şəhidin ailəsi üzüldüyü kimi, biz də üzüldük. Lakin mən onu heç görməmişəm. Mənim arzularımdan biri də əsgərlərimizin həmişə Vətənimizin yolunda çalışmasıdır. İnşallah, gün gələcək düşmənlər Sizin qarşınızda göz yaşları tökəcəklər…”
Mikayıl məktubu oxuyub dərin fikrə getdi.
-Əsgərlikdə belə məktublar da olurdumu?Bu təsadüfdirmi? Həyatda heç nə təsadüf deyil…Yəqin ki, ola bilcək zərurət öncədən görünməkdədir…

Qış fəsli artıq bitmək üzrə idi. Mikayılın bir illik xidmət müddətinin çoxu kecmiş, necə deyərlər azı qalmışdı. Novruz bayramı da yaxınlaşırdı. Axşam atasının zəngi onu çox sevindirmişdi. Sabah yanına gələcəkdilər. Təlimlər isə ara vermədən davam edirdi. Çox yorulduğu üçün, daha şeir yazmağa da vaxtı olmurdu.
Mart ayının 19-u idi. Mikayıl valideynlərini və qardaşını sevinclə qarşıladı. Çox sevincli bir gün idi. Onların gəlişi ilə bayram əhvalı bir sevgi işığı idi ürəkdə. Sevgi ilə qol –boyun olan ailə, ən gözəl arzuların sehrində idi.
-Mikayıl, sən məzuniyyətə gəlmədin ki… Bəzi əsgərlər gəliblər, sən niyə gəlmədin?
-Mən may ayında gəlmək fikrindəyəm, ata, leytenant dostum var, həm də onun nişanı olacaq. Ona görə istədim ki, may ayında gəlim…
-İnşAllah oğlum, ata fəxrlə oğluna baxdı. İnşAllah, təki hər şey yaxşı olsun.
-Mikayıl, sənin calaq etdiyin alçalar da çiçəkləyib. Bir görsəydin, dedim ki, sevinəsən, cox əziyyətin çəkibsən.
-Hə, çox yaxşı xəbərdi bu, mama. Onun növün(cır) meşədən seçmişəm, Ona quluq edin, yaxşı ağac olacaq.
Mikayıl telfon zənglərinə cavab verməklə, demək olar ki, fasiləsiz danışmaq məcburiyyətində idi. Dostlar hər yerdən hal-əhval soruşur, bayramını təbrik edir, tezliklə görüşməyi diləyirdilər.
Görüş vaxtının bitməsinə az qalırdı. Mikayıl əzizləri ilə görüşüb, vidalaşdı, bayram sövqatlarını alıb, tezliklə evimizdə görüşəcəyik,- deyərək hərbi hissənin həyətinə keçdi.

Ötən hər gün ömürdən, gündən köçürdü…
-Bircə bu bir rneçə ay da gəlib keçsəydi, -deyə Rumiyyə ana, yenə nigaran idi. Mikayılı yaxın zamanda görməsinə baxmayaraq yenə nigaran fikirlər bitmir ki, bitmirdi….
-Yaxşı ki, onun da bayramını öncədən gedib təbrik etdik,-deyə, nə iş görürdüsə qəlbində olan narahatlığı sanki sakitləşdirməyə çalışırdı.
Təmas xəttində isə hər gün atəşkəsin pozulmasından xəbər verirdi diktor. Hər eşidəndə ana qəlbi nigarançılıq alovunda əriyir, yenə də bəd fikirlərdən qaçmaq, uzaqlaşmaq hissilə:
-Hər şey yaxşı olar, İnşAllah – deyirdi…

Aprel ayının ilk günü isə soyuq bir qış havası sanki evi bürümüşdü. Bu nə soyuqdur, baharın gəlişi heç bu soyuqları azaltmadı ki…Mən niyə belə çox hiis edirəm ki bu soyuğu, yəqin hava dəyişəcək yenə… Nə isə çox soyuqdu bu gün…
O həyətdə işlərini bitirib, evə qalxdı. Nigaran günlərinin yaxın zamanda bitəcəyi ümidi ilə düşünərkən qəfil xəbər gözlərini qaraltdı…
Gecə eşitdiyi xəbər bütün dünyasını buz etdi…Dondu qaldı…
Tərtər istiqamətində atəşkəsin pozulması nəticəsində ordumuz hərbi əməliyyata başlamışdı. Aprelin 2-də düşmənin qəfil hücumunun qarşısı alınmış, düşmənin xeyli canlı qüvvəsini və döyüş texnikasını məhv edlmişdir. Müəyyən qədər ərazilərin azad edilməsinə, düşmən qüvvələrin susdurulmasına baxmayaraq, itgimiz də az deyil…
Nə?… Necə… necə? Nə olub? Necə dedi…? İlahi, bu nə xəbərdi? Ahh, balam… Mikayılım…Can balam…anan qurban sənə, balam…

… Mikayılın məzarı yuxarı bağın meşəsində, dağın ən yüksək zirvəsindən baxır sevdiyi Vətən torpaqlarına. Aprel ayının 2-də qəhrəmancasına Şəhid olan Vətən sevdalı oğul, Aprel ayının 9-da Vətən torpağına qovuşmuşdur. Qəhrəman oğul ölümündən sonra dövlət rəhbərliyi tərəfindən “Hərbi xidmətdə fərqlənməyə görə III dərəcəli medal” ilə təltif edilmişdir.
Yuxarı bağın meşəsində çiçəklərin ətrinə, xalqın sevgisinə bürünmüş Mikayılın məzarı– and yeridir. Vətənə sədaqət, yurda sədaqət!
Onu tanıyan hər kəs isə daima –“Mikayıl ölməyib, o Vətən tarixində əbədiyyətdədir”- deyirlər…

Ey Vətən
Üç rəngli bayrağın dalğalanacaq,
Millətin ayağa birdən qalxacaq.
İgid oğulların Şəhid olacaq,
Qorunur torpağın sənin, ey Vətən!
Sənin, ey Vətən, sənin ey Vətən!

Ağdərə, Füzuli tapdaq altında,
Vermərik biz torpağı bir yada.
Ölmək lazım gəlsə öləcəyik biz,
Qorunur torpağın sənin, ey Vətən!
Canım, ey Vətən! Canım, ey Vətən!
(Mikayıl Vahabzadə)

Allah Vətən Şəhidlərin Rəhmət eləsin. Amin.
(son)

Müəllif: BƏDİRƏ NİFTALİYEVA ( Bədirə RZA Həsənqızı )

YAZARLAR.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-500-63-36     E-mail: yazarlaraz@yandex.ru

Bu gözəli kim incidib, ay Allah?

zaurustac

Bu gözəli kim incidib, ay Allah?

Bu gözəli kim incidib, ay Allah?
Gözlərindən bıldır-bıldır yaş gəlir…
Ha səkdirir, ha gizlədir  nəzərin,
Fırlanır yenə də  mənə tuş gəlir…
* * *
İslaq baxışları dopdolu, çim naz,
Hər şeydə fayda var, əgər olsa az,
Bunu da dəftərin bir küncünə yaz,
Hər nəyi boş versən qəlbə xoş gəlir…
* * *
Ustacın sözünü boş verən sənəm,
Çarpış, xırman yerin qoy olsun sinəm,
Ağla, yaxalığım qoy olsun su, nəm,
Hər yeni doğulan gözü yaş  gəlir…
21.06.2019. Bakı. (20:00)

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

HƏRB  MÖVZULU  YAZILAR   və  ya DÜNYANIN  BİR RƏNGİ VAR…

ZUOU

HƏRB  MÖVZULU  YAZILAR

və  ya

DÜNYANIN  BİR  RƏNGİ  VAR…

(On yeddinci yazı)

Salam olsun, çox dəyərli oxucum. Min şükür Uca Yaradana ki, Sizlərlə yeni bir görüş də qismətdə var imiş hələ… Bu dəfəki söhbətimizin mövzusu hərflər, sözlər, kitablar silsiləsindən olan, müasir dövrümüzdə bəlkə də ən vacibi, ən yaralı yerimiz, xüsusi diqqət və qayğıya ehtiyacı olan sahə hərb mövzulu yazılardır. Günümüzdə – yeniyetmə və gənclərimizin bu qədər informasiya bolluğu içində itib-batdığı bir vaxtda bizim bundan vacib mövzumuz ola bilməz deyə düşünməkdəyəm. Məncə, gəncliyin lazımlı-lazımsız, çox vaxt zərərli məlumatlarla istər-istəməz yükləndiyi vaxtda bu məsələyə xüsusi diqqət göstərilməlidir. Bundan əvvəlki yazılarda bir çox tanınmış və hələ bir o qədər də tanınmamış yazarlardan çoxlu misallar gətirərək, nələrin, hansı istiqamətlərin bizə faydalı ola biləcəyi barədə mülahizələr irəli sürmüşdük. Ancaq, indi vəziyyət  tamam fərqlidir. Ümumi yazılardan, standart romançılıqdan fərqli olaraq, hərb mövzulu yazılar yazardan xüsusi dəqiqlik tələb edir ki, yazıçı müəyyən kriteriya və dəyərlərə ciddi əməl etməli, bu işə səthi yanaşmamalıdır. Əgər, ehtiyac yaranarsa mütləq peşəkar hərbçilərdən, mütəxəssislərdən məsləhət və tövsiyələr almalı, bunu özünə eyib saymamalıdır. Əks təqdirdə, yəni öz bildiyi kimi,  bir az hissə qapılıb, bir az da eşitdiyi real vəziyyəti əks etdirməyən şişirdilmiş söhbətlərdən bəhrələnərək qələmə alınan yazılar, povest, roman (indi dəb halını almış sənədli romanlar da daxil olmaqla) deyil, olsa-olsa nağılvari publisistika şəklində, çox gülünc formada təzahür edir. Və əlbəttə, bunu çox az sayda oxucu kütləsi, o kütlə ki, onlar işin əsli ilə maraqlanır, bu yeni kitabı oxumaq üçün büdcələrindən pul ayırır, alır, oxuyur və gülür… Acı-acı gülür… Bilirsiz, daha yaxşı anlaşılan olması üçün belə bir misal çəkim, hərb mövzulu yazılar əslində məsələn, tibbə, coğrafiyaya, idarəetməyə və s. konkret obyekti olan, dəqiq məsələ və terminlərdən istifadə olunan yazılardan heç nə ilə fərqlənmir. Nəsə xırda bir qeyri-dəqiqlik olsa, təxminən hamımızın sevə-sevə dəfələrlə izlədiyi “Bəxtiyar” flimindəki o məşhur səhnəni  (“10 metr – 5 metr ” məsələsi) xatırladan gülünc vəziyyət ortaya çıxır. Hansı ki, xüsusi ilə son dövrlər Birinci  Qarabağ Müharibəsindən bəhs edən yazılmış əsərlər belə səhvlərlə zəngindir. Bu qəbildən olan qeyri-müəyyənliklər əsasən subardinasiya məsələlərində və döyüş səhnələrini təsvir edərkən  məlumatsızlıqdan baş verir. Bu proses bir yandan təbiidir, çünki, məşhur yazarların da belə problemləri olub. Məsələn, dünyaca məşhur Remarkın (Erich  Maria  Remarque) əsərləri bu tip çatışmazlıqlarla doludur və onun fikirləri, təxəyülü bir tərəfli olub, gənc əsgər düşüncələrindən o yana keçə bilmir…  Halbuki, ordu, müharibə təkcə əsgərlərdən ibarət olmayıb, daha mürəkkəb quruluşa malik bir təsisat və hadisədir. Hələlik bizim  Remarkla heç bir işimiz yoxdur. Misalı sadəcə ruh düşkünlüyünə qapılmağa əsas olmadığını göstərmək məqsədi ilə çəkdim. Bir də axı biz hal-hazırda müharibə vəziyyətində yaşayan ölkənin vətəndaşlarıyıq. Hardasa, az qala hamımızın ətrafında döyüş yolu keçmiş qazilərimiz, haliyədə hərbi xidmətini davam etdirən hərbçi dost-tanışlarımız var. Sadəcə bu məsələdə bir balaca diqqətli və məsuliyyətli olmaq tələb olunur. Bütün şübhəli məqamlarda təxəyülün məhsulunu və ya real hadisəni kağız üzərinə köçürüb, tarixin yaddaşına atmazdan əvvəl mütləq “dosta ganaşmaq” lazımdır. Necə deyərlər,  – “məsləhətli don gen olar”. Bir cümləni yazarkən düşünün ki, nə vaxtsa bu sətirləri saatlarla qızmar Günəşin istisində qanlı döyüşün od-alovunu unudan və ya şıdırğı yağışın altında islanıb, çim su mundirdə ayağını qoymağa bir barmaq quru yer axtarışında soyuq güllənin hər an bəxş edə biləcəyi buz kimi ölümü unudaraq, ilan-çayınlı, qarlı-şaxtalı, çovğunlu-boranlı məşəqqətli yollar keçərək sağ qalmış əsgərlə yanaşı, həmin döyüşləri təşkil edən, tək-tək əsgərləri deyil, yüzlərlə, minlərlə  nəfərlərdən ibarət bölmələri şahmat taxtasındakı fiqurlar kimi döyüş sahəsinə düzən və hər nəfərinə görə məsuliyyət daşıyan, döyüşlərə rəhbərlik edən, müharibələri udan, bəzən uduzan – bu qaçılmazdır – generallar da oxuya bilər…  Düşünürəm ki, hərb mövzulu yazının uğurlu alınmasının birinci şərti  yazarın hadisələrə reala yaxın  təfəkkürlə baxmasından, və qəti olaraq hissə qapılmamasından ibarət ola bilər.  Bu yazıdan əvvəlki on beşinci və on altıncı yazılardakı prinsipə sadiq qalaraq, yenə böyük əksəriyyətimizə məlum olan yazarlar və onların əsərləri üzərindən mühakimə yürüdərək bu məsələyə aydınlıq gətirməyə çalışacağam. Bu söhbətə başlamazdan əvvəl kiçik bir haşiyəyə çıxmaq istəyirəm:

HAŞİYƏ

Bəşər övladı əlinə qələm alan gündən  onu əsas iki məsələ; döyüş və eşq düşündürüb. Demək olar ki, lap qədimdən üzübəri yazı nümunələri ya döyüş və ov səhnələri ilə zəngin müharibələrdən, ya da eşqi, sevgini tərənnüm edən məhəbbət dastanlarından ibarət olub. Ən uğurlu nümunələr bu iki mövzunun birlikdə işləndiyi, hadisələrin həmahəng inkişaf etdiyi əsərlərdir. Belə nümunələr lap qədim zamanlardan mövcuddur və günümüzdə də var. Bu hadisə öz-özlüyündə onu göstərir ki, dünya nə qədər rəngarəng, hadisələrlə zəngin görsənsə də əslində onun bircə rəngi var, bizim onu hansı məqamda, hansı rəngdə görməyimizdən asılı olmayaraq, dünya qırmızı rəngdədir. Dünya müharibələrin qırmızı qanı, eşq məclislərinin qırmızı şərabı rəngdədir. İddia edirəm ki, dünyada tək bircə əsl rəng var  o da qırmızıdır, al-qırmızı… Yerdə qalan ağdan qarayadək olan rənglər sadəcə qırmızının ağa doğru solğunlaşmasından,  nəhayətdə “AĞ”dan – XEYİR  (GÜNDÜZ) – və qaraya doğru tündləşməsindən  sonda “QARA” dan – ŞƏR  (GECƏ) – ibarətdir. Al-qırmızı rəng bu spektrin düz mərkəzində dayanır və həyat mənbəyi rolunda çıxış edir. Yəqin ki, bəşər övladının kəşf edib, adlandırdığı ilk rəng də məhz qırmızı, al-qırmızı olmuşdur. Bu proses çox sadə – insanın  özü yaralandıqda və ya ovladığı ovun axan qanı ora-bura bulaşdıqda (yəqin ki, insan əlini ocaq qalamazdan əvvəl yaralayıb) baş verə bilərdi… Çox güman ki, insan oğlu ilk müharibənin başlaması xəbərini də, elə ilk sevgi məktubunu da məhz öz qanı ilə, qırmızı rəngdə yazmışdır…

Yuxarıda, haşiyədə tanış olduğumuz məlumatlar üzərindən belə bir mühakimə yürütmək olar ki, qırmızı elə, mükəmməlliyin rəngidir. Al-qırmızı rəng əslində elə, mükəmməllikdir. Özündə sevgi ilə nifrəti, savaşla barışı, sülh ilə müharibəni birləşdirən vəhdətin, birliyin, tamlığın, bərabərliyin  simvoludur, qırmızı… Bəli, məhz tamlığın, mükəmməlliyin rəmzidir, qırmızı… Yerdə qalan rənglər onun çalarları, sadəcə bu rəngin mövcudluğunu göstərmək, mütləq hakimliyini sübut etmək üçündür.

Mətləbdən uzaqlaşmayaq, əlbəttə,yazılı nümunələrin içərisində misal göstərmək üçün belə bir əsər var. Hansı ki, onu böyük əminliklə qırmızı, mükəmməl adlandırmaq olar. Bu, dahi Lev Tolstoyun “Hərb və sülh” əsəridir. Əslində əsərin adı artıq özü barədə tam məlumat  verir. Ancaq, bu sadəcə təsadüfi belə seçilimiş maraqlı, cəlbedici ad da ola bilərdi. Əsərlə tanış olanlar bilir ki, bu belə deyil.  “Hərb və sülh” yuxarıda sadalanmış və sadalanmamış bütün vacib kriteriyalara, meyarlara tam cavab verən mükəmməl  bir əsərdir. Olduqca geniş spektrli müşahidə qabiliyyətinə, vacib biliklərə, dərin dünyagörüşünə malik olan böyük sənətkar döyüş səhnələrindəki ən xırda detalları, rütbə və statuslardan asılı olmayaraq hərbçilərin hiss və fəaliyyətlərini, mülki həyatda olan münasibətləri, sevgi məsələlərini elə yüksək zərgər dəqiqliyi ilə təqdim etmişdir ki, sadəcə deməyə söz tapmırsan. Bu əsərdən bütün insanlığa tövsiyə ola biləcək bir vacib məsaj da çıxır. Qərarsızlıq, elə yoxluğun özünə bərabərdir. “Etməyib peşman olmaqdansa, et peşman ol…” – deyir mütəfəkkir. Bəli, dahi Lev Tolstoyun, məşhur “Hərb və sülh”- ü mükəmməldir. Ancaq, görək, bu əsər müasir azərbaycan oxucusunun tələblərinə cavab verirmi? Mən deyərdim ki, çox az bir qisim oxucu kütləsi  bu cür iri həcmli əsərlərə maraq göstərib oxuyur. Nə qədər dəyərli və mükkəmməl olsa da  ilk baxışda müasir gənclərin olduqca böyük əksəriyyəti üçün “KİM  OXUYACAQ???” baryeri yaradan belə vacib əsərlər günümüzdə rəflərdə qalmağa məhkumdur. “Hərb və sülh”-ü misal çəkməkdə məqsədim sadəcə böyük əksəriyyətimizə məlum olan, tanıdığımız  belə bir əsərin varlığını xatırlatmaqdan ibarətdir. “Hərb və sülh” ümumi bir əsər olsa da, sırf hərb mövzulu yazılar üzərində işləyən yazarlarımız  bu, məlum və məşhur əsərdən faydalana bilərlər. Sual ola bilər ki, bu əsər təkdirmi? Yəni heç alternativ variant yoxdurmu? Bu suala böyük əminliklə belə cavab verərəm ki, Miladi ilə 19 fevral  2019 – cu il saat 13:31 – ə qədər mənə ikinci belə bir variant məlum deyil. İndi fikrimi əsalandırmaq üçün yenə böyük əksəriyyətimizə məlum, məşhur nümunələrdən istifadə etməklə  qısa açıqlama verəcəyəm.  Başqa –başqa nümunələrə keçməzdən əvvəl ümumi olaraq onu qeyd etmək istəyirəm ki, sovet ədəbiyyatı döyüş yolu keçmiş müxtəlif rütbəli zabit memuarlarından tutmuş, olduqca dəyərli sovet yazıçılarının müharibədən, qələbədən bəhs edən əsərləri ilə zəngin idi. Sovet dönəminin kitabxanaları xidmət etdiyi ideologiyadan asılı olmayaraq hərb mövzulu əsərlərlə yetərincə, tam təmin olunmuşdular. Və biz istər-istəməz bu nümunələrlə tanış olurduq. Sovet yazıçılarından əlavə rus dilinə çoxlu tərcümələr də olurdu. Yəni bizim şəxsiyyət kimi formalaşdığımız dövrdə hərb mövzulu yazıların qıtlığı olmayıb. Ayrı-ayrı  məşhurlara gəldikdə, gənclər arasında yayğın şəkildə mütaliə olunan Remark  tam birtərəfli yazıb.  Onun haqqında dördüncü yazıda ətraflı yazmışam. Remarkın  yazdıqlarının nəinki, bizim gəncliyə faydası var, hətta düzgün başa düşülmədikdə zərəri ola bilər. Sonra, məsələn vaxtında rus dilində belə bir əsərlə tanış olmuşdum (öz dilimizdə rast gəlməmişəm və adı tərcümə edəndə də çox uyğunsuzluq yarandığına görə belə qeyd edirəm – əvvəlcədən üzr istəyirəm) müəllifi  Кирст Ганс  olan  “Фабрика офицеров”. Məşhurdur ancaq yenə birtərəfli, çatışmazlıqlarla dolu olan əsər. Ümumiyyətlə istər qərb, istər sovet – rus ədəbiyyat nümunələrində ya xidmət etdiyi ieologiyadan dolayı, ya sadəcə məlumatsızlıqdan natamam hərb mövzulu əsərlər çoxdur.

Ümumi olaraq keçid üçün bundan əvvəl “Yazarlar və yazılar” adlı on beşinci yazıda da adlarını çəkdiyim Vasiliy Yan və  Tarle, eyni zamanda onların yazdıqları bir neçə əsər haqqında qısa fikir bildirmək istəyirəm.   Vasiliy Yan və onun digər əsərləri ilə yanaşı xüsusi ilə diqqət çəkən, faydalı ola biləcək “Çingiz Xan” ,  “Kurqanlardan gələn işıq” tarixi –müharibələrlə dolu romanları. Tarle (Евге́ний Ви́кторович Та́рле) və onun da müharibə mövzulu digər əsərləri ilə yanaşı “Napoleon” əsəri. Tarle bu əsərində Napoleonun  timsalında çəlimsiz, cılız lakin, olduqca çalışqan  bir uşaqdan ölkələr fəth edən, papanı hüzuruna gətirən, tirana qədər inkişaf etmiş, anında mühüm qərarlar verməyi bacaran, müharibə qərarları alanda qətiyyətli sərkərdə, döyüşdə öndə gedən, cəsur, qələbəyə susamış əsgər, sevgidə aciz və  eyni zamanda odlu – atəşli  aşiq, idarəetmədə incə, adi  detalı da unutmayan, dərin düşüncəli, sonunda baş əymədən təslim olmağı bacaran insan obrazı yaratmağı bacarmışdır. Bu iki yazardan və onların yazdıqlarından bəhrələnmək olar.

Qismən nümunə ola biləcək, yəni müəyyən məqamlarda  faydalanmaq  mümkün olan Ernest  HeminqueySent-Ekzüperi  barədə onu qeyd edə bilərəm ki, bu yazarların təsvirləri, ifadə vasitələri güclüdür.

Belə ümumi baxışdan sonra dünya ədəbiyyatından üç yazar və üç əsər timsalında fikirlərimi daha dəqiq formada Sizə çatdırmağa çalışacağam. Bu əsərlərin birində hərbçinin mülki həyatda hissləri və istəkləri, ikincisində həm mülki, həm də xidmətdə olan hissləri və fəaliyyəti,  üçüncüsündə isə həm mülki, həm xidməti, həm də döyüşdə başına gələnlər, düşdüyü real vəziyyətlər, həyat həqiqətləri oxucunun gözləri önündə canlanır…

Birinci, dünyaca məşhur, kolumbiyalı yazıçı, ədəbiyyat sahəsində Nobel mükafatı laureatı  Qabriel  Qarsiya  Markesin  1956-1957-ci illərdə yazdığı  və ilk dəfə 1961-ci ildə dərc etdirdiyi “Polkovnikə məktub yoxdur” povesti – hamını özünə borclu bilən bir hərbçinin xidmətdən (bütün həyatını nəyinsə və ya kiminsə uğruna xərclədikdən) sonra keçirdiyi hisslər…

İkinci, yenə məşhur, görkəmli İtaliya yazıçısı Dino Bussatinin ilk romanı olan “Tatar çölü”. Bu roman haqqında bir az ətraflı yazmaq  istəyirəm. Romandan və qəhrəmandan söhbət açmazdan  əvvəl bir məsələni nəzərinizə çatdırmaq istəyirəm. İnanın ki, əgər bu romanın adını dəyişib məsəl üçün “Gözlərimiz üfiqdə”, “Səngərlərdən sonra”, “Qarşı duran dağlar” və s. və i…  qoysaq və Covanni Droqonu  Məlikşah adlandırıb, bəzi adları, təbir və terminləri müasirləşdirib, özümüzünküləşdirsək, hadisə və hisslər atəşkəsdən sonra, son iyirmi beş ildə bizim orduya və hərbçilərə elə uyum sağlayır ki, sanki, bu yazı iyirmi il Azərbaycan ordusunda, Haramı düzündə və ya digər bir bölgədə – təmas xəttində xidmət etmiş zabitin qələmindən çıxıb… Bu dərəcədə oxşardır vəziyyətlər…

Dino Bussatinin  “Tatar çölü” əsərinin qəhrəmanı Bastiani qalasında xidmət edən Covanni Droqonun bütün həyatı, gənc zabit kimi seçim qarşısında qalması, ümidlərlə dolu xidməti, mülki həyatla ordu  həyatı arasında çırpıntılar, dünyadan istədikləri, ala bildikləri, nələrin uğrunda nələrdən vaz keçdikləri və son… Hamısı elə ustalıqla təqdim olunub ki, yazarın ustalığına heyran olmamaq mümkün deyil. Və onu qeyd edim ki, heyran olmaq azdır, nümunə götürmək, əxz etmək lazımdır… Və nəhayət üçüncü,  Emmanuil Kazakeviç və onun 1948 – ci ildə qələmə aldığı “Двое в степи” povesti

( Эммануи́л Ге́нрихович Казаке́вич, “Двое в степи”). Təəssüfki, bu povestin dilimizdə olan tərcüməsinə rast gəlməmişəm. Kazakeviçin bu povestdən başqa da hərb mövzulu  bir-birindən maraqlı əsərləri var.  Kazakeviç  İkinci Dünya Müharibəsinin sovetlər birliyində yaşayanlar üçün Böyük Vətən Müharibəsi adlanan əsas və həlledici hissəsinin başlandığı ilk gündən qələbəyədək döyüşən ordunun tərkibndə, olduqca müxtəlif cəbhələrdə şərəfli döyüş yolu keçmiş, tanınmış sovet yazıçısıdır. Görkəmli yazarın həyat və fəaliyyəti ilə tanış olduqda görürsən ki, həqiqətən də o fərqlidir və bütün xüsusiyyətlərinə görə  öz müasirlərindən fərqlənir… Bu fikri onun öz müasirləri səsləndiriblər. Onun haqqında hələ sağlığında belə bir deyim olub: “Kazakeviç başqaları kimi isti kabinetlərdə, orda-burda, küncə-bucağa qısılıb yazmayıb…” Kazakeviçin yaratdığı Oqarkov obrazı dahi Lev Tolstoyun, məşhur Qabriel  Qarsiya  Markesin,   görkəmli Dino Bussatinin  qəhrəmanlarından nümunə  ola biləcək dərəcədə fərqlənir. Əlinə qələm alıb hərb mövzusunda nəsə yazmaq istəyən şəxsin Emmanuil  Kazakeviçin yaradıcılığı ilə, ələxsus bu povesti ilə tanış olması olduqca faydalı ola bilər deyə düşünməkdəyəm. Povestdəki  istər döyüş səhnələri, insan taleləri, qəbul olunan qərarlar istərsə də əsərin qəhrəmanı gənc zabit Oqarkovun başına gələnlər, onun ən müxtəlif;  həm döyüş, həm şəxsi münasibətlər zəminində aldığı doğru qərarlar ibrətamizdir. Əgər fikir verdinizsə, Lev Tolstoyun “Hərb və sülh” əsərindən başqa misal gətirdiyim və əslində ən faydalı ola biləcək əsərlər sırasında adı hallanan nümunələr ikisi povest, biri isə o qədər də böyük həcmli olmayan roman oldu. Bu nümunələr xarici – dünya ədəbiyyatından seçmələr idi. Bəs görək bu qəbildən özümüzün olan, milli, nəyimiz var?

Və əlbəttə, yenə keçid üçün  tarixilik baxımından İsa Hüseynovun (İsa Muğanna), İsmayıl Şıxlının, Bayram Bayramovun adlarını çəkib onların ekranlaşdırılmış əsərlərini misal göstərmək olar. Sırf hərb mövzusunda (şəxsi münasibətlərin inkişafı, döyüş tapşırıqlarının yerinə yetirilməsi səhnələrinin təsviri baxımından) mükəmmələ yaxın, yəni, qırmızımtıl olan yeganə nümunəmiz var.  Bu, ötən əsr, 50-ci illərin əvvəllərində İmran Qasımovla Həsən Seyidbəylinin birgə qələmə alıb, nəşr etdirdikləri  “Uzaq sahillərdə” əsəridir. Kitab az vaxt içərisində geniş oxucu kütləsinin rəğbətini qazanır və əldən-ələ gəzir. Xalqımızın qəhrəman oğlu Mehdi Hüseynzadənin Böyük Vətən müharibəsində (1941-1945) əfsanəvi igidlikləri barədə oxuculara geniş məlumat verən əsərin populyarlığı onun filmə çevrilməsinə səbəb olur. Aradan uzun müddət keçməsinə, cəmiyyətdə və ictimai şüurda müəyyən dəyişikliklər olmasına baxmayaraq, görkəmli rejissor Tofiq Tağızadənin quruluşu, H.Seyidzadə ilə İ.Qasımovun ssenarisi əsasında 1958-ci ildə lentə alınan eyni adlı film  Azərbaycan kinosunun nadir incilərindən biri olaraq qalmaqdadır. Əgər diqqətinizdən qaçmayıbsa, yuxarıda sovet və dünya ədəbiyyatından adı çəkilən nümunələrin də əksəriyyəti ekranlaşdırılıb. Elə əsərlər var ki, dövrün tələbinə görə dəfələrlə təkrar-təkrar müraciət olunub.  Bu faktın özü həmin əsərlərin vacibliyinin  və tərbiyəvi  əhəmiyyətinin  hansı dərəcədə yüksək olmasının bariz nümunəsidir.

Bütün bunlarla bərabər bizim bir sevimli yazarımız da var ki, tarixiliklə müasirliyi yaradıcılığında böyük ustalıqla birləşdirməyi bacarıb. Onun “Batmanqılıncı” nə qədər tarixidirsə, “Dolu” – su da o qədər müasirdir. Bu şəxs doğru olaraq, “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” deyən Aqil Abbasdır. Aqil Abbasın “Dolu” romanı da eyni adlı ekran əsəri olaraq tarixin yaddaş səhnəsində öz yerini almışdır. İstər roman kimi, istərsə də film kimi  “Dolu” yuxarıda sadaladığımız tələblərin çoxuna cavab verən, faydalana biləcəyimiz nümunələr sırasına daxildir. Ancaq, bütün bunlara rəğmən, nə dünya, nə sovet, nə müasir ədəbiyyatımızda elə bir nümunə yoxdur ki, bundan əvvəlki – on beşinci –  “Yazarlar və yazılar” adlı yazıda “Əli və Nino” kimi misal gətirib, nümunə göstərəsən. İndi mükəmməl yazı ortaya qoymaq istəyən yazar, “Hərb və sülh”-dən, “Двое в степи” – dən, “Uzaq sahillərdə”-dən,  “Dolu”-dan eyni dərəcədə bəhrələnib, təxminən 70 – 80 səhifə həcmində iri həcmli povestlər və ya yığcam romanlar ortaya qoymaqla dövrümüzün standartlarını yaratmalıdırlar.

Demək olmaz ki, heç bir iş görülməyib, əksinə çox iş görülüb. Müxtəlif yaş təbəqələrindən olan çoxlu yazarlarımız öz səyləri, vəsaitləri hesabına nələrsə etməyə çalışırlar. Hələ ötən əsrin 90-cı illərindən başlayaraq, müharibə, onun gətirdiyi problemlər, cəmiyyətdə törətdiyi fəsadlar haqqında hekayələr, povestlər, romanlar, publisistik yazılar yazılmağa başlayıb. Son on illikdə (2010-cu ildən), xüsusi ilə Mübarizdən və Aprel hadisələrindən (2016-cı il) sonra silsilə əsərlər ortaya qoyulub ki, əslində bu yazının yaranma səbəblərindən biri, bəlkə də birincisi elə bu yazılar olmuşdur.  Son illər nəşr olunmuş bəzi əsərlərlə tanış olduqda yazarın ən elementar məlumat və biliklərdən xəbərsiz olduğu ortaya çıxır. Yuxarıda buna aid “Bəxtiyar” filmindən  “qazmaçı”

“yoldaş oynayanlar”-in vəziyyətini misal gətirmişdim. İnanın, elə misallar var ki, rəqqaslar onların yanında toya getməlidir. Rast gəlinən ən çox və yolverilməz səhvlərə aşağıdakılardır:

– Subardinasiya məsələlərinin pozulması (buna maksimum  Aqil Abbasın “Dolu”-sundakı “Komandir” xitabı səviyyəsində icazə verilə bilər ki, bu da Birinci Qarabağ Müharibəsi və hal-hazırda bəzi döyüş postlarındakı təcrübədən qaynaqlanır),

-Rütbələrin və vəzifələrin qarışdırılması (X – XI sinif səviyyəsindəki hərbi bilikdir),
-Bölmə (bölük, tabor və s.) adlarının səhv salınması, -Döyüş səhnələrinin təsvirində adı keçən silah-sursatın texniki göstəricilərinin bilməməzlik ucbatından nəzərə alınmaması (çox gülünc mənzərlər ortaya çıxır ki, əgər qiyaslasaq,  heç nağıllarımızda belə söhbətlər  olmayıb)  və s. bu qəbildən olan digər məsələlər.

Unutmayaq  ki, həkimlik, rəssamlıq, memarlıq, coğrafiyaşünaslıq, mühəndislik, hesabdarlıq  kimi,  hərb işi də spesfik  bir sənətdir. Və sadaladıqlarımın hamısından çətin, məsuliyyətli, dəqiq olduğu qədər də yaradıcılıq tələb edən bir işdir. Yuxarıda nümunə göstərdiyimiz əsərlərin müəlliflərinin həyatına bir də qısa nəzər salaq:

-Həm Lev Tolstoy, həm də  Emmanuil Kazakeviç müharibədə iştirak etmiş, real qanlı döyüş səhnələrinin və bütün digər proseslərin canlı şahidi olmuş peşəkar zabit  idi.

-Həsən Seyidbəyli və İmran Qasımovun  ömürlərinin yeniyetməlik-gənclik çağları, təhsil illəri, demək olar ki, şəxsiyyət kimi formalaşdıqları vaxtlar müharibənin ən amansız, qızğın dövrlərinə təsadüf edir. Məncə, bu nəsil yaradıcı insanlar üçün  “onlar müharibənin şinelindən çıxmışdılar” ifadəsi vəziyyəti tam izah edir. Üstəgəl bu şəxslər daim yazdıqlarını ilk öncə bir-birlərinə oxuyur, cavabdeh qurumların qarşısına çıxmazdan əvvəl dost-tanışdan məsləhət  alırdılar.

-Müasirimiz  Aqil Abbas – Qarabağ həsrəti-dərdi ilə qovrulan həsas, şair ürəkli qələm adamı və eyni zamanda Birinci Qarabağ Müharibəsinin  başlandığı ilk gündən istər-istəməz daim baş verən hadisələrin tən ortasında qalmış, bütün baş verənlərdən az-çox xəbəri olan ictimai-siyasi xadim.

Məncə, müəlliflərin keçdiyi həyat yolu və onların yaratdıları əsərlərlə tanış olduqdan sonra  bu məsələdə qaranlıq heç nə qalmır.

Son söz: – müharibə, hərb mövzusunda yazdıqda, xüsusi ilə əgər orda döyüş səhnələri varsa, mütləq bu işdən anlayışı olan bir nəfərlə məsləhətləşin, verin ilk oxucunuz dəyərli qazilərimiz olsun, şübhəli məqamları peşəkarlarla dəqiqləşdirin, yox əgər bunların heç birini etmək istəmirsizsə,  “Google” dostumuzun xidmətindən yararlanın (internetdə istənilən məlumatı tapıb dəqiqləşdirmək olar). Əvvəlki yazılarda da mütəmadi olaraq bu barədə qeydlər edirəm. Ümumiyyətlə, onu unutmayaq ki,  indi nə yazırıqsa, sabahkı gənclik bizim bu günümüzdən xəbərdar olmaq üçün böyük acgözlüklə o yazıları tapıb oxuyacaqlar. Gəlin elə yazaq ki, onları aldatmayaq… Baxmayaraq ki, biz çox aldanmışıq… Qoy onlar aldanmasınlar…

Sona qədər həmsöhbət olduğunuza görə təşəkkürlərimi bildirir, fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm. Uğurlarınız bol olsun. Bu yazının ilk sözündən sonuna qədər bir məqsədi olub – faydalı olmaq, uğura xidmət etmək…

19.02.2019. Bakı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ