“MƏN KİMƏM” RUBRİKASININ İLK MÜSAHİBİ HAMIMIZIN SEVİMLİSİ, FƏXRİMİZ HACI ƏLİYEVDİR.

nacı ali

“Yarışlarda çempion olduqda yaşadığımız o hiss və yaxud himn oxunur və sən zala daxil olanda 10-20 min insanın ayağa qalxıb səni qarşılaması, sənin zəfərini öz zəfərləri kimi görməsi, səninlə qürur duyması sənin üçün əvzolunmaz bir vüqardır, qürurdur.”

Haci Aliyev

“MƏN KİMƏM” RUBRİKASININ İLK MÜSAHİBİ HAMIMIZIN SEVİMLİSİ, FƏXRİMİZ HACI ƏLİYEVDİR. QƏHRƏMANIMIZI TANIYAQ:

-” Mən Hacı Əliyev Azər oğlu (Haci Aliyev) 21 aprel 1991-ci ildə Naxçıvan şəhərində anadan olmuşam. 8-9 yaşımdan idmanla məşğul oluram. Atam əvvəllər sərbəst güləş üzrə məşqci olub. Orta təhsilimi Naxçıvan şəhərində başa vurduqdan sonra ilk bakalavr təhsilimi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında almışam. Hal-hazırda isə Bakı Dövlət Universitetində Hüquq fakültəsinin 2-ci kurs tələbəsiyəm. Bundan əlavə, Sərhəd Qoşunlarında zabit vəzifəsini icra edirəm. 2014-ci ildə ailə həyatı qurmuşam və 3 yaşlı bir qızım var. Məncə, gənc idmançılarımız nə qədər tez ailə həyatı qursalar bu onlar üçün bir o qədər faydalıdır. Onlar yarışlara hazırlaşdıqları zamanlarda da ailələri onların yanında olur və onları dəstəkləyirlər. Ailən olduğu zaman ilk növbədə məsuliyyətli olursan. Uşaqlıq illərim Naxçıvanda keçib, 2000-ci ildə isə Bakıya köçdük və o vaxtdan Bakıda yaşayırıq. 2013-cü ilədək kirayədə qalmışıq və maddi durumumuz elə də yaxşı olmayıb. 2001-2002 ci illərdə artıq yarışlar başlayırdı və yarışlara çıxmağa belə imkan edə bilmirdim. Hətta atam yarışda iştirak etməyim üçün Naxçıvan şəhərindəki evimizi satdı. Artıq yarışlara çıxdıqdan sonra nailiyyətlərim də artmağa başladı. Düzdür, əvvəllər çox çətinliklər yaşayırdıq. Ən əsası da yarışlarda məğlub olmaqdan qorxurduq. Qorxurduq ki, valideynlərimizin və məşqçimizin reaksiyası pis ola bilər. Buna görə də, hər məşqdə daha çox çalışırdım. Hər zaman məşqlərə həvəslə gəlirdim. Məğlubiyyət nə qədər üzücü olsa da, əsəbləşsəm də, lakin mənə motivasiya verirdi, üzərimdə daha çox işləməli olduğumu anlayırdım. Bütün bu zəhmətimin qarşılığında 2014-ci ildə mən Avropa çempionu oldum və prezident mənə ev hədiyyə etdi. Bundan sonra nailiyyətlərim artmağa başladı. Dəfələrlə qalib oldum. Uşaqlıqdan dünya çempionu olmaq arzum idi, amma heç bir zaman düşünməzdim ki, nə vaxtsa arzum gerçəkləşəcək, düşünməzdim ki, Azərbaycanda Sərbəst güləş üzrə ilk dünya çempionu adını mən qazanacam. Prezident tərəfindən dəfələrə mükafatlandırılmışam: 2015-ci ildə Tərəqqi medalı, 2016-cı ildə fəxri diplom, 2017-ci ildə Azərbaycan Respublikasının fərdi təqaüdü və 3 ay sona isə Olimpiya təqaüdünə layiq görüldüm. 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları demək olar ki, bu günə kimi mənim iştirak etdiyim yarışların ən çətini və məsuliyyəti daha çox olan bir yarış idi. Bu yarışda ilk görüşdə erməni güləşcisi ilə qarşılaşdım. Təsəvvür edin ki, mən bunu eşitdikdən sonra çox düşündüm. Bu yarışda məğlub ola bilməzdim, çünki mən bu yarışa dünya çempionu olaraq qatılırdım. Bu yarışda məni ən çox sevindirən o oldu ki, mən 7:0 hesabı ilə erməni güləşcisini məğlub etdim. Ən böyük hədəflərimdən biri Olimpiya çempionu olmaqdır. Mən Olimpiya oyunlarında bürünc medal əldə etsəmdə mənim ən böyük məqsədim, hədəfim qızıl medal qazanmaqdır. Hal-hazırda əsas hədəfim Tokyo Olimpiadasına lisenziya qazanmaqdır. Bunu əldə etmək üçün isə ilk altılığa düşməyim gərəkdir. Karyeramı 30 yaşımda sonlandırmağı düşünürəm niyə desəniz, çünki hal-hazırda 18-20 yaşlarında gənc idmançılar ortaya çıxır onlar bizlərə nisbətən daha enerjili və həvəsli olurlar. Mənim fikrimcə, 30 yaşdan sonra qalan və yarışlara davam edən idmançılar nələrisə əldə etmək üçün davam edir və mübarizə aparırlar. Karyeramı bitirdikdən sonra Milli Komandanın baş məşqçisi olaraq çalışmaq istəyərəm. Öz adıma sərbəst güləş məktəbi açmaq planlarımda var. Digər ölkələrin çempionlarının öz adlarına güləş məktəbləri mövcuddur. Məqsədim isə ora gənc idmançıları cəlb etmək və gələcəyin Avropa, Olimpiya, Dünya çempionlarını formalaşdırmaqdır. Düşünürəm ki, indiki gənclərin bir çoxu mənasız işlər, əməllərlə məşğul olur və öz gələcəklərinin məhvini formalaşdırırlar. Bunun əksi olaraq, hal-hazırda bir çox gənclərimiz istər idman, istərsə də digər sahələrdə işləyir, təcrübələr əldə edir və öz gələcəklərinin çırağını yandırırlar. Gənclərə məsləhətim odur ki, onlar vaxtlarını əyləncəyə deyil, gələcəkləri üçün müsbət təsir edəcək vərdişlərə yönləndirsinlər. Bizim bayrağımız dünyanın ən gözəl bayraqlarından biridir. Yarışlarda çempion olduqda yaşadığımız o hiss və yaxud himn oxunur və sən zala daxil olanda 10-20 min insanın ayağa qalxıb səni qarşılaması, sənin zəfərini öz zəfərləri kimi görməsi, səninlə qürur duyması sənin üçün əvəzolunmaz bir vüqardır, qürurdur. Yarışlardan sonra ölkəyə qayıtdığın zaman səni qarşılamağa gələn insanların sevinci insana həqiqətən də ifadə edilməsi çətin olan duyğular yaşadır.”

UĞURLARIN BOL OLSUN, HACI!!! BÜTÜN XƏYALLARIN GERÇƏK OLSUN!!! O BAYRAQ BAŞIMIZIN ÜSTÜNDƏN ƏSKİK OLMASIN…

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

 

Advertisements

AKİF ŞAHVERDİYEV- ANIM GÜNÜ

akif s

Akif Şahverdiyev – anım günü

 

Vəsiyyət:

“Başdaşıma yaşadığım illəri qoyub, doğulub-öldüyüm illəri yazmayın. Bilirəm, deyəcəksiniz: Yazıq, gəldi, yaşamadı, getdi.” (Akif Şahverdiyev)

 

 

“Hərənin qəlbində bir nisgil var. Hərənin könlündə kiminsə yeri görünən boşluğu var. Ayrılığına dözə bilmədiyimiz adamlar yadımıza düşdükcə ürəyimizdən kövrək bir istək keçir – onunla görüşmək istəyi. Lakin bu mümkünsüzlüyü bildiyimizdən həsrətini çəkdiyimiz kəsin surətini xəyalımızda canlandırıb onun özünə yanıqlı-yanıqlı bir şikayət edirik: Sənsiz yaman darıxmışam…” (Akif Şahverdiyev. 8 may 1997-ci il)

 

Bəli, doğrudanda belədir. İnsan, ona əziz və doğma olan bir kimsəni həmişə xatırlayır, yoxluğuna dözə bilmir. Onunla keçirdiyi xoş günlər, saatlar bir-bir gəlib göz önündən keçir. Yaxşı insan isə heç vaxt unudulmur. Əbədi ürəklərə köçür.

Bu gün – iyun ayının 13-ü peşəkar jurnalist, pedaqoq, yazıçı, eyni zamanda gözəl insan, böyük ürək sahibi ustad Akif Şahverdiyevin vəfatından bir il ötür. Yoxluğu, ailəsi, dostları, həmkarları və tələbələrini sarsıdır. Onun yeri elm ocaqlarının auiditoriyalarında, Nəşriyyat binasının redaksiyalarında, qohum-qonşu içində ən əsası ziyalı bir ailəsinin yanında görünür.

Akif Şahverdiyev uzun illər Azərbaycan Milli Mətbuatında müxtəlif vəzifələrdə çalışmış, ömrünün demək olar ki, çox hissəsini bu sahəyə həsr etmişdir. Belə ki, Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin “Xəzərin keşiyində” qəzetində (13 sentyabr 1994) baş redaktor, Müdafiə Nazirliyinin əmri ilə “Azərbaycan Ordusu” qəzetində (4 yanvar 1996) baş redaktor müavini, “Azdövyerqurlayihə” İnsitutunun “Yer” qəzetində (20 may 1997) korrektor, “Ana Vətən” qəzetində (may-iyun 1998) müxbir, “Press Əks-Səda” qəzetində (iyun 1998) redaktor, “And” qəzetində (10 mart 1999) redaktor, “Ədəbiyyat” qəzetində (yanvar-may 2000) müxbir, “Nyu-Media” qəzetində (noyabr- dekabr 2000) redaktor, “Sabah” qəzetində (4 yanvar 2001) redaktor vəzifələrində çalışıb. Müxtəlif mətbuat orqanlarında 159-dan çox publisist məqaləsi, 110-a yaxın hərbi vətənpərvərlik və vətənpərvərlik mövzusunda məqaləsi, kitablar haqqında 32 rəy və resenziyası, jurnalistikaya aid 25-dən artıq məqaləsi çap edilib. Haqqında 110 məqalə işıq üzü görüb. Bədii yaradıcılığı 17 mətbuat orqanında işıqlandırılıb. 7 qəzetdə hazırlanmış xüsusi buraxılışın redaktoru olub.

Pedoqoji fəaliyyətinə gəlincə, bir neçə universitetdə – Naxçıvan Universitetində (1 oktyabr 1999-30 iyul 2001, fakultə jurnalistika), Cənubi Rusiya Humanitar İnstitutunda (5 oktyabr 1999, baş müəllim, fakultə hüquq, iqtisadiyyat və tərcümə (linqvistika)), Bakı Ali Pedaqoji Qızlar Seminariyasında (2 sentyabr 2002, fakultə jurnalistika), Odlar Yurdu Universitetində (1 sentyabr 2003, fakultə hüquq və beynəlxalq münasibətlər (jurnalistika ixtisası üzrə)), Bakı Avrasiya Universitetində (15 sentyabr 2006, fakultə jurnalistika), Qərb Universitetində (1 sentyabr 2001-17 avqust 2015, fakultə jurnalistika) dərs deyib.

1991-ci ilin fevralında 63 saylı seçki dairəsi üzrə XIX çağırış Sumqayıt şəhər Xalq Deputatları Sovetinə deputatlığa namizəd kimi qeydə alınıb.

Sentyabr 1992-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub.

1994-cü ildə Jurnalistlərin ümumrespublika yaradıcılıq müsabiqəsinin qalibi olub.

31 may 1999-cu ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitunda  “1990-2000-ci İllərdə Azərbaycanda Ali Təhsilin İnkişaf Yollarının Pedaqoji Mətbuatda Əksi ” mövzusunda dissertasiya müdafiə edib.

Qarabağ Müharibəsi Veteranıdır. (4 may 1999-cu il. Nəsimi Rayon Hərbi Komissarlığı)

18 sentyabr 1993-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin 353/RM saylı əmri ilə ona “baş leytenant” hərbi rütbəsi verilib.

Mart 2003-cü il Mətbuat Şurasının təsis qurultayının, 24 aprel 2004-cü il Mətbuat Şurasının II Qurultayının, 21 may 2005-ci ildə isə Azərbaycan jurnalistlərinin (Mətbuat Şurasının) III Qurultayının iştirakçısı olub.

25 mart 2005-ci ildə Rusiya Federasiyasının Cənubi Rusiya Humanitar İnstitunun sosial-humanitar intizam kaferdasının dosenti elmi adına layıq görülüb.

1 noyabr 2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyində mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin maddi-mənəvi irs bölməsinin müdiri vəzifəsinə təyin edilib.

 

2006-cı ildə”Odlar Yurdu” universitetinin Elmi Şurasının qərarı ilə (Elmi Şuranın sədri professor Əhməd Vəliyev) “Azərbaycan Mətbuat Tarixi” kitabının tərtibi bu universitetin jurnalistika, dil və ədəbiyyat kafedrasının müəllimi AkiF Şahverdiyevə həvalə olunub. Akif Şahverdiyevin böyük zəhməti sayəsində ərsəyə gələn kitab Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30.03.2006 tarixli 181 saylı əmri ilə təsdiq edilib. Kitab 2006-cı ildə “Təhsil” nəşriyyatında çap olunub. Giriş ön söz və beş fəsil hissədən ibarət olan kitab jurnalistika fakültəsində təhsil alan tələbələr, bu sahədə çalışan jurnalistlər və Azərbaycan mətbuat tarixi ilə maraqlananlar üçün faydalı mənbədir. Kitabın elmi məsləhətçisi Əhməd Vəliyev, rəyçilər Nizami Cəfərov və Əjdər Ağayevdir.

Eyni zamanda A. Şahverdiyev 2009-2010 və 2011-ci illərdə Bakı Avrasiya Universiteti tələbələrinin bakalavr hazırlığı üçün müxtəlif fənlər üzrə dərs proqramları – “Hərbi Mətbuat Tarixi”, “İxtisaslaşma-Radio və Televiziya”, “Jurnalist sənətkarlığı və tələbələrin praktik yaradıcılığı”, “Azərbaycan Mətbuat Tarixi”, “Jurnalistikaya giriş”, “Radio və Televiziyada ədəbi iş”, “Ədəbi redaktə”, “Kütləvi informasiya vasitələrinin dili və üslubu”, “Nəşriyyat işinin əsasları”, “Azərbaycanda müasir KİV sistemləri”, “Tələbələrin tədris təcrübəsi”, “İnformasiyalı cəmiyyət”, “Qlobal İnformasiya Cəmiyyəti və Milli Təhlükəsizlik”, “Tələbənin istehsalat və diplomqabağı təcrübəsi” və s. hazırlayıb.

Akif Şahverdiyev jurnalist və pedoqoji fəaliyyətilə paralel olaraq bədii yaradıcılıqla da məşğul olmuş, həm nəsr, həm də nəzmdə qələmini sinaqdan keçirmişdir. Onun ilk müəllifi olduğu kitab “Ömrə sığmayan həyat” adlı sənədli-bədii povestdir. Ön söz, yeddi fəsil və son söz əvəzi hissədən ibarət olan əsər metodist müəllim, jurnalist, tərcüməçi Natiq Yusif oğlu Səfiyevin həyat və yaradıcılığına həsr olunub. Kitabin elmi məsləhətçisi Vaqif Arzumanlı, elmi redaktoru Əjdər Ağayev, redaktoru Təranə Yaşarqızıdır. 170 səhifədən ibarət kitab 1988-ci ildə “Əbilov, Zeynalov və oğulları” mətbəsində çap olunub.

Müəllifi olduğu “Ruhun harayı” kitabı Qazax rayonunda “Balaxanım ocağı” deyilən müqəddəs bir ailənin üzvü – Novruzova İmamirə Qədim qızına həsr olunub. 96 səhifədən ibarət olan bu kitab 2000-ci ildə “Təbib” nəşriyyatında çap olunub.

2004-cü ildə “Təhsil” nəşriyyatında çap olunan, 154 səhifəlik “Vüsala doğru” (povest, hekayə və şeirlər) kitabında müəllif adət-ənənə və mənəviyyatla bağlı bir sıra problemlərə toxunmuşdur. Kitabın redaktoru yazıçı-ilahiyyatçı Oqtay Salamzadədir.

Eyni zamanda Akif Şahverdiyev deyimlər və aforizmlərlə zəngin olan “Söz qalası” (“Təknur” nəşriyyatı, 2013. 122 səh. Redaktor Şahlar Göytürk (Məmmmədli)) və “Güzgü” (“Təknur” nəşriyyatı, 2016. 140 səh. Redaktor İsmayıl Kazımov. Bədii redaktor Gülər Eldarqızı) kitablarının müəllifidir. Sosial şəbəkələrdə paylaşdığı deyimlər toplanan hər iki kitabda müəllif dilimizin zənginliyini qorumaqla milli-mənəvi sərvətlərimizi qiymətləndirməyə çalışmış, gənclərə əxlaqi dəyərləri təlqin etməyə cəhd etmişdir. Kövrək hisslərlə onu da qeyd edim ki, “Güzgü” kitabı ədibin yaradıcılığının son məhsuludur.

 

2018-ci ilin qış aylarında Azərbaycan cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar olaraq tədqiqat işi aparan Akif Şahverdiyev Azərbaycan Cümhuriyyətinin qurucuları, eləcə də həmin ərəfədə(1918) orduda qulluq edən 21 general haqqqında Facebook səhifəsində ardıcıllıqla oxucuları məlumatlandırıb. Təəssüf ki, Bakının Türk ordusu tərəfindən işğaldan azad edilməsinin 100 illiyi münasibətilə şəhərdə keçirilən möhtəşəm bayram tədbirlərini və hərbi paradı görmək ona qismət olmadı. O, öz Facebook səhifəsində, eləcə də müxtəlif sahələri əhatə edən yaradıcılığında tariximizi, ədəbiyyatımızı yaşadan materiallar ərməğan etdi, miras qoydu.

  1. Şahverdiyevin ədəbi-bədii, publisist yaradıcılığını, eləcə də pedaqoji fəaliyyətindəki nəaliyyətlərini onun şəxsiyyətindən kənarda təsəvvür etmək olmaz. O, özünün intellektual səviyyəsi ilə həmişə sayılıb, seçilənlərdən olub. Qürur, vətəndaşlıq, humanizm, müdriklik və insanilik onun şəxsiyyətini səciyələndirən əsas amillərdir. Tərifdən, şan-şöhrətən daim uzaq qaçan təvazökar, təmənnasız bir insan idi Akif Şahverdiyev.

“Deyiln söz ömürdən qısadırsa –cahilliyin, ömür qədərsə– adilliyin, sahibindən sonra yaşayacaqsa – aqilliyin nişanəsidir” deyən ədib bu gün “aqil insan” adına layıq görülür. Bəli, onun qələmindən çıxan hər bir söz indi, öz sahibindən sonra yaşayır, aqilliyin dərəcəsinə çatır. İllər ötsə də onun adı  xələflərinin, eləcə də hər bir vətənpərvər insanın qəlbində yaşayacaq. Akif Şahverdiyevin müəllifi olduğu məqalələrdə, bədii əsərlərdə vətənə misilsiz sevgisi, ləyaqəti, əzimliyi duyulur. İnsan qəlbinin ən kövrək, incə notlarına toxunur. Şeirlərindən və sosial şəbəkədə paylaşdığı yazılarından onun dərdlə dost, yoldaş olduğu, öz şəxsi həyatındakı çətinliklərlə yanaşı doğulduğu, yaşadığı vətən torpağının da iztirabı var. O, ictimai haqsızlıqlarla, ədalətsizliklə barışa bilməyən bir ruh sahibi idi. Həyatı ilə yaradıcılığı arasında düz mütənasiblik olan müdrik ustadın silahı ancaq və ancaq mübariz qələmi idi.

 

Çilikləndi ürəyim,

Əl görmədi kürəyim,

Daşdan çıxdı çörəyim,

Yaşadım…

 

Yolum dirəndi daşa,

Dərdimlə doldum yaşa,

Ümidlə qaldım qoşa,

Yaşadım…

 

Əyri yola getmədim,

Arzu etdim, yetmədim,

Nəsə, ölüb-itmədim,

Yaşadım…

(Akif Şahverdiyev)

 

“Daşdan çıxdı çörəyim, yaşadım” – deməklə əziyyətli, dərdli-kədərli bir həyat yolu keçsə də ümidi isə heç vaxt itmir, “Ümidlə qaldım qoşa, yaşadım…”söyləyir. “İnam itər, ümid itməz” düşünərək, inamını itirsə də ümidini heç vaxt itirmir.

“İnsan ilk dəfə gözüyumulu doğulur, gözü sonra açılır. İkinci dəfə sevəndə doğulur – açıq gözü bağlanır.

İnsan ilk dəfə sevdiyini itirəndə ölür və gözü açılır. Gözü açıq və bağlı, fərqi yoxdur, ümidini itirəndə isə, birdəfəlik ölür.” (Akif Şahverdiyev)

 

Ölümündən sonra müxtəlif mətbu orqanlarda və saytlarda Akif Şahverdiyevin əziz xatirəsini uca tutan, haqqında yazılmış neçə-neçə məqalələr çap olunmuşdur. AMEA Dilçilik İnstitunun elmi işçisi Şahlar Göytürk “Ölümün çiçək açsın” məqaləsində ustadla bağlı xatirələrindən belə yazır:

“İnsanlar yuxudadır, öldükləri zaman ayılacaqlar.” Bəlkə elə buna görə bu əbədi ayrılıq mənə yuxu kimi gəlir, axirət dostum Akif müəllim! Ruhun şad olsun!

Səninlə bir yerdə işləməyi çox arzulayırdım, çünki vaxtilə BAAU-da iş yoldaşı olmuşduq. Sənin necə dəyərli bir ziyalı, səmimi və ləyəqətli şəxsiyyət olduğunu yaxşı bilirdim. Sonra Monitorinq şöbəsi təzə-təzə yarananda iki ay təmənnasız şöbəmizə yardımçı oldun…

İki il idi ki, işsiz idin. Direktora işlə bağlı xahiş etdim. O da razılaşdı, işə götürəcəyinə söz verdi. Sevincimiz yerə-göyə sığmırdı… Dedin ki, eşidən, bilən bütün qohum-əqrabam Dilçilik İnstitutunda işə düzəlməyim münasibətilə zəng edib məni təbrik edir. Ailəmizdə toy-bayramdır.

İşlə bağlı əmrin veriləcəyi gün gözləmədiyimiz bir cavab aldıq: “İxtisasınız uyğun deyil. Sənədləriniz burada qalsın, əlaqə saxlayarıq”.

Ayrılanda mənə xeyirxahlıq üçün dönə-dönə təşəkkür elədin. “Bu mənim son şansım idi” – dedin…

Direktor iki gün bundan qabaq “dostunu işə götürəcəyəm” deyəndə sevinmədim. Artıq gec idi.

Ayrılıq xəbərin məni bərk sarsıtdı. Haqq dərgahında məqamın uca olsun, Akif müəllim!

Ölümü xatırlayan insan Tanrının sevimli bəndəsidir…

Bu Sənin sonuncu şeirin idi…

 

Elegiya

 

Daxma qışımdan çıxıb
Üzü yaza gedirəm…
Tək-tənhaca bürünüb
Bir palaza, gedirəm…

Bir yurd var ürəyimdə
Di gəl yolu uzaqdı.
Çölüm bahar ətirli,
İçim qardı, sazaqdı.

Heybəm-dolu kədərdi,
Tutub yolu gedirəm.
Ölümə tunel qazıb
Üzüsulu gedirəm.

Öz uca ölümümü
Öyə-öyə gedirəm.
Məndən qaçan əcəli
Söyə-söyə gedirəm.

Gedirəm ki, dünyanın
Qoy yeri geniş olsun.
Burda mənə iş qəhət,
Bəlkə orda iş olsun.

“Ölümün çiçək açsın”
Deməyir bircə bəndə.
Ruh da qalmaq istəmir
Bu lazımsız bədəndə.

 

 

“Ədalət və Həqiqət” qəzetinin 2018-ci il 19 iyul-5 avqust sayında “Özü getdi, xoş xatirələri, qiymətli əsərləri qaldı. Yaradıcı insan taleyinin qanunu budur” adlı xatirəsində Daşdəmir Əjdəroğlu yazır:

 

“Akif müəllimi uzun illərdir ki, tanıyırdım. Tanıyırdım dedikdə, bu böyük qəlbli peşəkar və eyni zamanda, fədakar insanın imzası ilə tanışlığımı nəzərdə tuturam.”

“Vaxtilə çalışdığı müxtəlif mətbuat orqanlarında axtarışlarının, iti müşahidələrinin və yorulmaq bilmədən apardığı araşdırmaların nəticəsində ortaya çıxan məqalələrini maraqla

oxuyurdum. O, həmişə ölkənin iqtisadi, qaynar istehsalat həyatından bəhs edən məqalələr, oçerklər, reportajlar qələmə almışdı.”

“İstər mətbuat sahəsində, istərsə də ali məktəb auditoiyalarında özünə dost tapdığı insanlar Akif müəllimin yaradıcılığını həmişə yüksək qiymətləndirib, onu digərlərinə nümunə göstəriblər. Həqiqətən də nümunəvi jurnalist, nümunəvi insan, vicdanlı pedaqoq, saf, təmiz müəllim olmaq onun həyatının bir parçasına çevrilmişdi.

“Hər dəfə Akif Şahverdiyevlə həmsöhbət olanda Mövlananın bir məşhur düsturunu xatılayırdım. “Comərdlikdə “axar su”, əsəbdə “ölü”, təvazökarlıqda “torpaq”, ünsiyyətdə “dəniz” kimi ol və nəhayət, “ya olduğun kimi görün, ya da göründüyün kimi ol”. Akif müəllim də “olduğu kimi görünən, göründüyü kimi olan adam” idi…

‘‘Olduqca təmkinli, az danışıb çox iş görən və öz işini görən A.Şahverdiyev təmənnasız, iddiasız, halal, sadə, zəhmətkeş bir jurnalist ömrü yaşayıb, çətin bir dövrün ağır sahələrindən olan pedaqogikanın cəfakeşlərindən olub.”

“2018-ci il iyunun 14-dən Xırdalan qəbiristanlığında bir insan uyuyur… Bu, uzun illərin dostu olmuş, ömrünün aqillik dövrünə qədəm qoymağa hazırlaşmış, ziyalı ömrünü yaşamış, hər gününü axtarışlara, yaradıcılığa həsr etmiş zəngin insan olan Akif Bəşir oğlu Şahverdiyevin məzarıdır.”

“Akif müəllim Tanrının məsləhətinə əməl elədi, taleyin son əmrini yerinə yetirdi. Özü getdi, xoş xatiələri, qiymətli əsərləri qaldı. Yaradıcı insan taleyinin qanunu budur. Lakin bir həqiqət də var ki, Akif Şahvedriyevin insan kimi ömrü və ömrünü əks etdirən yaradıcılığı taleyindən çox-çox ucadır!”

(Daşdəmir Əjdəroğlu. “Ədalət və Həqiqət” qəzeti. 19 iyul- 5 avqust 2018-ci il. Səh-13)

 

 

Hərbi-jurnalistikanın yaranması və formalaşmasında Akif Şahverdiyevin əməyi böyükdür. O, Azərbaycan ordusu sıralarında xidmətdə olduğu dövrlərdə dəfələrlə cəbhə bölgələrində olmuş, saysız-hesabsız məqalə, reportaj, oçerklər yazmışdır. “Asiman” qəzetinin 2005-ci il 24 fevral sayında dərc olunan “Siz kimsiniz” sərlövhəli müsahibədə Bakı Ali Pedaqoji Qızlar Seminariyasının magistrı Asimə Rasimqızı ilə Akif Şahverdiyev arasında maraqlı bir polemika yaranır. Vətənpərvərlik mövzusu ilə bağlı yazdığı məqalələrindən söhbət açan A. Şahverdiyevin fikirləri maraqlı olub: “1992-ci ilin Xocalı soyqırımından bir neçə ay sonra, yəni iyun ayında 3 körpə uşağımı analarına tapşırıb Respublika Müdafiə Nazirliyinə gəldim. Cəbhəyə getmək üçün ərizə yazdım. O vaxt general-mayor Nurəddin Sadıxov bir neçə gənc zabitlə birlikdə mənim də döyüş bölgəsinə – Laçına göndərilməyim üçün əmri imzalasa da, bir neçə saat sonra yanına çağırdırıb soruşdu: -Tank sürə bilirsən? -Yox. -Topdan atmısan? -Yox. -Xəritələrdən, döyüş xəritələrindən başın çıxır? -Yox. -Oğlum, onda sənin Laçında nə işin var? Yaxşısı budur, qələmini silaha çevir. O, əmri dəyişərək məni əsası 11 fevral 1992-ci ildə qoyulmuş “Xalq ordusu” qəzetinin informasiya şöbəsinin rəisi təyin etdi…” (“Asiman” qəzeti, 24 fevral, 2005-ci il. Asimə Rasimqızı)

 

 

 

“ATRİBUT” qəzetinin redaktoru Mahir Nemətoğlu Akif Şahverdiyevin əziz xatirəsinə həsr etdiyi “Yaxşılardan biri də getdi” adlı xatirəsində ustadla bağlı təəssüratlarından söhbət açır:

“Akiflə bir vaxtlar “And” qəzetində tanış olmuşduq. Heç kimə bənzəməyən bir xarakteri vardı. Yəni, sanki bu dünyanın adamı deyildi. Həddən artıq sadə, inanılmaz dərəcədə iddiasız, qərəz bilməyən, dedi-qodudan uzaq bir insan idi. Ətrafdakılara ancaq müsbət enerji paylamaqla məşğul olardu. Çoxları ona ürəyini açar, dərdini deyərdi. Heç 10-15 dəqiqə çəkməzdi ki, Akifin həmsöhbəti xoş ovqatla ayrılardı. Özünün də üzündən təbəssüm əskik olmazdı. Onu incidərdilər, di gəl özü kimsənin xətrinə dəyməzdi. Çox nikbin idi. Hətta canı ağrıyanda, xəstə olanda belə zarafatlarından, yumoristik söhbətlərindən qalmazdı.

Çoxlarına yol göstərməyi, məsləhət verməyi bacarırdı. Pislik onluq deyildi, daim yaxşılığa can atardı. Ara-sıra badalaq vuranlar, nankorluq edənlər də tapılırdı. Heç ürəyinə salmazdı, “canı sağ olsun” deyib köks ötürməklə kifayətlənərdi.”

“Akif müəllim həyatda çox məşəqqətlər gördü, amma heç kimin qabağında sınmadı, heç kimə əyilmədi. Vüqarlı bir ömür yaşadı. Onun ən böyük var-dövləti ailəsi, övladları idi. Bütün varlığıyla onlara bağlı idi.”

(Mahir Nemətoğlu. “ATRİBUT” qəzeti. 07-13 iyul 2018. Səh-3)

 

 

 

Atasının qəfil ölümündən sarsılan Qorqud Şahverdiyev sosial şəbəkədə (Facebook) paylaşdığı “Mən jurnalistin qazandığı halal çörəklə böyümüşəm” adlı məqaləsində ustadla bağlı xatirələrdən və onun keçdiyi vüqarlı həyat yolundan yazır:

Mənim həyatımda mətbuat, jurnalistika, publisistika, nəşriyyat, məqalələr, informasiyalar xüsusi rol oynayıb. Çünki mən qəzetlərin, jurnalların, kitabların arasında böyümüşəm. Bizim evdə, köhnə masamızın ətrafında tez-tez ziyalı insanlar yığışar, elmi, ədəbi müzakirələr aparardılar. Atam məni uşaqlıqdan öz yanında Azərbaycan Dövlət Nəşriyyatının dar kolidorlarında gəzdirib. Mətnin yığımı zamanı yazı makinası ilə sürətli yazmağı, orfoqrafik səhvlər etməməyi, korrektə edərkən üslubiyyətin diqqətlə analizini, qəzet və kitabın dizayn edilmə qaydalarını, mətbəələrin səs-küylü iş prossesini atam həvəslə öyrədib mənə. “Kütləvi informasiya vasitələri” haqqında, “İnformasiya əldə etmək” haqqında, “Müəlliflik hüququ və əlaqəli hüquqlar” haqqında Azərbaycan Respublikasının qanununlarını orta məktəb şagirdi olanda bir neçə dəfə oxumuşdum. İndi mən ixtisasca hüquqşünas olsam da jurnalistikanı həmişə özüm üçün doğma saymışam. Mən jurnalistin qazandığı halal çörəklə böyümüşəm.”

“O, öz həyatını milli mətbuatımızın inkişafına həsr etmiş, həqiqət carçısı olmuşdur. Xalqımızın maariflənməsində, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və bəşəri dəyərlərin təbliğində mühüm işlər görmüşdür. Vətən sevgisi ilə yaşamış, milli şüurun oyanışında, milli ruhun formalaşmasında əvəzsiz xidmətlər göstərmişdi.”
“Qayğıkeş, ailəcanlı, qonaqpərvər, dəqiq, sözündə bütöv və bir çox başqa müsbət keyfiyyətlərə malik idi. Milli olduğu qədər bəşəri olan, güldürməyi bacardığı kimi düşündürə bilən atam dünyadakı yenilikləri duyan, soy tarixinə bağlı bir ustad olmuşdur.
Öz ömrünü elmə, təhsilə, mədəniyyətə həsr etdi. Onun Azərbaycanın müasir mətbuatında əvəzedilməz xidmətləri olub, tariximizi bütün qəlbi ilə sevirdi, ömrünün son illərində pedaqoji fəaliyyətlə məşğul olub.
Ziyalı, dərin düşüncə sahibi olan, böyüklə-böyük, uşaqla-uşaq kimi rəftar edən atam el ağsaqqalı, and yerimiz idi. Müdrikliyi, sadəlövhlüyü, sədaqətliyi ilə hamının sevgisini qazanmışdı.
Mərd yaşadı, həmişə sözün düzünü dedi, ləyaqətini uca saxladı.

O, öz imzası və üslubu ilə çox fərqlənirdi. Yazıb-yaratmaqdan usanmırdı. Onun lirik şeirləri, satirik yazıları, deyimləri hələ uzun illər dillərdə yaşayacaq, kitabları əl-əl gəzəcək.
Qələmi kəskin idi. Mənə qələm tutmağı da, qərar qəbul etməyi də, ağı qaradan ayırmağı da atam öyrədib. Tez-tez siyasətlə, peşə fəaliyyətimizlə, dinlə bağlı uzun-uzadı söhbətlər edərdik. Gecə yarsına qədər çəkərdi bu diskusiyalar. Xatirələrini dilə gətirməklə tərbiyələndirərdi biz övladlarını. İndi sağlığında toxunulmaz saxladığı əlyazmalarını vərəqlədikcə öz xatirələrini kağız üzərində əbədiləşdirdiyinə şahid oluram. Bu gün o xatirələri oxuduqca sanki atamla danışıram. Sağlığında yorulmadan öyrətdiyi kimi vəfatından sonra da yazılı xatirələri bu əməlini davam etdirir. O qədər uzaqgörən olub ki, hətta ölümündən sonranı da fikirləşib.”

“Bu fikirləri yazarkən gözlərim önündə mənalı və şərəfli həyat yolu keçmiş, yüksək mənəviyyat sahibi, ömrü boyu haqqın, düzgünlüyün, mənəvi idealların carçısı olmuş atamın işıqlı siması canlanır. Nahaq yerə demirlər ki, xalqın gözü tərəzidir. Adamlar onunla görüşməyə daim mənəvi ehtiyac hiss edirdilər. Onunla həmsöhbət olmaq adi məişət hadisəsi deyildi, hər şeydən əvvəl saf, duyğulu mənəvi aləmlə əhatə olunmaq demək idi. Şəxsiyyətinin yaratdığı aura o qədər ülvi idi ki, onun yanında insan problemlərdən, çətinliklərdən uzaqlaşaraq özünü qeyri-adi məkanda hiss edir, potensial imkanlarına, güc və qüdrətinə, həyata, insanlara inamı daha da artırdı.
Çətinliyə düşən, problemi olan, mübahisəli məsələsi meydana çıxan adamlar böyük əminliklə Akif Şahverdiyevə üz tutardılar. Həmişə ölçülü, məntiqli və tutarlı deyimləri, müddəaları ilə xeyirli məsləhətlər verər, ona inam bəsləyənləri heç vaxt naümid qoymazdı.
Atam ömrünün 59-cu ilində dünyasını dəyişdi, Haqq dərgahına qovuşdu. O, heç kimə əziyyət vermədən köçdü bu dünyadan. Vəfatı məni və onu sevənləri dərindən sarsıtsa da əminəm ki, onun əbədiyyətə qovuşmuş pak ruhu daim ailəsinin üzərində, onu tanıyanların arasındadır.
Ruhu şad olsun! Sağlığında həmişə haqqın, düzgünlüyün, ədalətin carçısı oldu. Bu gün də başımız üstündə dolaşan ruhu günah işləri, nahaq əməlləri, mənəviyyatsızlığı lənətləməklə xeyirxahlıq adlanan insanlıq yoluna işıq saçmaqdadır.

İndi mən qələminə və sətir-sətir yazdıqlarına and içərək bəyan edirəm ki, övladı olaraq onun adını daim uca tutacaq, müqəddəs hesab etdiyi haqq yolunda addımlayacaq, vətənpərvərlik, sosial ədalət və milli-mənəvi dəyərlərin qorunması ilə bağlı gördüyü işləri layiqincə davam etdirəcəyəm.”

(Qorqud Şahverdiyev)

 

“Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun. Elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin” (Ə. H. Bəhmənyar). Bəli, Akiş Şahverdiyevlə söhbət bir kitaba, müəllifi olduğu kitabların mütaliəsi isə filosofla söhbətə bərabərdir. Bu gün ömrünün 59-cu ilində bizləri qəfil tərk edən ustadın anım günündə, vüqarla yada salır, Ulu Tanrıdan rəhmət diləyirik. Ruhun şad olsun, ustad! Xatirən əbədi olaraq könüllərdə yaşayacaq!

 

Müəllif: Gülər Eldarqızı

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Zaur Ustac – Kimə nağıl kimi, kimə həqiqət…

zaurustac

Kimə nağıl kimi, kimə həqiqət…

(Min şükür Uca Yaradana…)

Əlimdə olanım yalnızca sevgi,

Kimə sığal kimi, kimə bir sillə.

Bütün əngəlləri aşdım onunla,

Kimə noğul kimi, kimə bir güllə.

* * *

“Sim-sim”- lə açılıb bağlı qapılar,

Kimə nağıl kimi, kimə həqiqət.

“Lənət”-lə yıxılıb cağlı yapılar,

Kimə çuğul kimi, kimə fəlakət.

* * *

Ustacam, tacımı verib Yaradan,

Kimə ağıl kimi, kimə məharət.

Bəxtimi şükürlə almışam ondan,

Kimə nağıl kimi, kimə həqiqət…

09.06.2019. (09:36 – 19’)

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

EL YERİDİ, YALQIZ QALDIN SƏHRADA…(Dədə Ələsgərin ruhuyla söhbət)

MEHERREM QASİMLİ

Gəlimli-gedimli, ölümlü-itimli bu gidi dünyaya göz açmağından yüz yetmiş il keçir, Dədə Ələsgər!
Yüz yetmiş il əvvəl göz açdığın ulu Göyçə torpağı oğuz ərənlərinin yurduydu…
Yüz yetmiş il əvvəl piran olub ağır-ağır dolandığın axar-baxarlı yaylaqlar bizim bədöy atların ayaq səslərinə bel bağlayıb yaşıllana-yaşıllana süsənə-sünbülə bürünürdü…
Yeddi il əvvəl nurlu məzarına sərin mehiylə layla çalan göyçək gəlin bəzəkli Göyçə gölün ayna suları ruhumuzun dərmanıydı…
Dədə Ələsgər, necə ki beləydi, sənin telli saz bağrında yuvalandırdığın:

Bahar fəsli, yaz ayları gələndə
Süsənli, sünbüllü, laləli dağlar…

Misralarınla dağlarımızın könül telləndirən tamaşasına dururduq. Bax onda, aydan arı, sudan duru könlümüzü sənin yaylağımız-torpağımız qədər şirin sözlərinə kökləyirdik:

Gözəllər seyrəngahısan,
Görüm səni var ol, yaylaq
Açılsın gülün, nərgizin,
Təzə murğuzar ol, yaylaq!

Daha bu alyanaq sözlər dilimizə gələndə hərəmiz dolub-doluxsunmuş bir buluda dönürük. Dönüb da gözümüz-könlümüz boyu Göyçə həsrətli isti yağışlar yağdırırıq.
…Neçə qərinədi ki, dünyanı dəyişibsən. Amma bizim bu ötəri, sərsəm dünyada bircə istəyin olub: ömrün qürubundan köç təbilini çalıb ana torpağına qovuşmaq! Hər birimizin beşikdən, bələkdən üzü bəri bağrımız başında gizlin-gizlin xəlvətcə əzizləyə-əzizləyə gəzdirdiyimiz bu müqəddəs umacağı sən ilahi bir qüdrətlə pıçıldamısan, Dədə Ələsgər:

Öldür Aşıq Ələsgəri
Özün günahkar ol, yaylaq.

Bu gülqanad sözlərinin sirri-hikməti neçə yüz il pərvazlana-pərvazlana yol gələndən sonra hələ indi-indi bizlərə əyan olur: yəni ki, a başına döndüyüm yaylaq, məni qərib-qürbətlərə düşməyə qoyma; öldür, sənə – vətənimə, ana torpağıma qarışım. Vətəndə ölmək səadətini ucalardan ucalara qaldıran bu mələk misralar niyə dilinə gəlib, ustad?! El-ulusunun başına gələcək sitəmli-zillətli qəhri-qəzanımı duymuşdun? Kim bilir…
Duyuq düşməsəydin telli sazı qarabağır eləyib yanıqlı-yanıqlı sözləri pərişan durna qatarı nisbətində könlündən pərvazlandırmazdın ki…

Köçər ellər, düşər səndən aralı, 
Firqətindən gül nərgizin saralı.
Ələsgər Məcnuntək yardan yaralı
Gəzər səndə dərdli, nanəli dağlar!

Eldən-yardan aralı dayanıb duruş gətirməyə tabın-tavanan hardanıydı, Dədə Ələsgər?! Havalanıb məcnun-misal güzəran keçirmək də ovutmayacaqdı səni. O səbəbdən də ayrılıq xiffətinə dözməyəcəyini görüncə dəli könlün bir başqa hökmün fərmanını da verib:

Arsız aşıq elsiz niyə yaşadı?
Ölsün Ələsgərtək qulların, dağlar!

Eh, heç nə demə, sən bu fani dünyadan köçünü çəkib gedəndən sonra bizim başımıza gələn olacaqlardan xəbərdar imişsən. Murdar Qara Keşiş törəmələrinin ulu Göyçənin el-camaatını yurd-yuvadan perikdirəcəyi ürəyinə dammışdı. O vaxtlar üzünü Murovun, Murğuzun, dəli Qoşqarın qarlı-qubarlı gədiklərinə tutub xəyalında dolanan qara qayğıları söz-söz, misra-misra çözələyirdin. Onda niyə eşitmirdik sənin səsini? Telli sazı bağrına basıb göyüm-göyüm, göynəyə-göynəyə torpaqlarımızın qaymağı olan Göyçədən göz olmağı vəsiyyət eləyəndə sənin könlündən çox uzaqdaymışıq, ustad. O qədər uzaqdaymışıq ki, qara niyyətini saxta təbəssümündə gizlədən qarı düşməni dost bilirikmiş. Nə sənin bağrıqan misralarının harayını eşidirdik, nə də namərd Qara Keşiş törəmələrinin üzümüzə gülə-gülə, çörəyimizi yeyə-yeyə ayağımızın altını qazdığından xəbər tuturduq.
Bu neçə müddətdə bizi aldanan görüb gorunda rahat yata bilməyibsən. İncik, nisgilli ruhun qubarlı sözlərə sığınıb. O sözlər indi-indi gəlib bizlərə yetişir. Göyçəlilər Göyçəsiz qalandan sonra… Daha ulu Göyçədə bizim ellərdən bir nişana yoxdur. Yaylaqlarımız yad yağıların it-qurd səsindən bezib-usanır; nərgiz-bənövşələrin açıldığıynan solduğu bir olur. Durnagözlü bulaqların gəlin güzgüsü çoxdan sınıb. Könülsüz-könülsüz ləpələnən Göyçə gölün ayna suları nə müddətdi ki, saz səsinə, aşıq çal-çağırına tamarzı qalıb. Bu yoxluğun, yiyəsizliyin göynərtisi sənin onsuzda pərişan ruhunu bir də tel-tel eləyib. Dörd bir yanına boylanıb eldən-ulusdan hənir gəlmədiyini görüncə bağrından qara qanlar ələnən yaralı ruhunun sorğusuna kim cavab versin?

Hanı bu yaylaqda yaylayan ellər?
Görəndə gözümdən car olur sellər.
Seyr etmir köksündə türfə gözəllər,
Sancılmır buxağa güllərin, dağlar!

40281893_1392583767541425_9115219456056885248_n

Güləndamlarını, tellilərini, güllülərini, müşkünazlarını öyüb tərifə tutduğun gül-gülzar yaylaqlarda daha özgə ellər yaylayır, Dədə Ələsgər! Dağlar o dağlar, yollar o yollar, sular o sulardı, amma ellə o ellər deyil. Çarx dönüb, qurğumuz pozulub. Göyçənin beçə balı, üzlü qoyun pendiri, qaymağı könül sızldadan nisgilə çevrilib. Güneylilərin damağa dad gətirən kəklikotusu, quzeylərin loğmanmisal yarpızı, talaların qantəpəri, sarıçiçəyi də eləcə…
Çal-çağırlı binələrimiz, oğuz bədöylərinin kişnərtisindən lərzə gələn ormanlarımız, qonaq-qaralı ocaqlarımız xəyal avazıdan əlçatmaz bir keçmişdir daha. Sənin pərişan ruhun da o xətirli-mehirli keçmişin dərvişə dönmüş soraqçısıdır:

Hanı mən gördüyüm qurğu-busatlar?
Dərdiməndlər görsə tez bağrı çatlar.
Mələşmir sürülər, kişnəmir atlar,
Onçun pərişandır halların, dağlar!

İndi sənin qəm-qubara bürünmüş əhvalın dağlarındakından da pərişandır, Dədə Ələsgər…

Dövranın acı rüzgarları yurd-yuvanı viran, el-obanı sərgərdan qoyandan bəri haqqı nahaqın pərsənginə keçirən müxənnət zamananın mizanı pozulmuş tərəzisindən də üzün dönüb:

Müxənnət zamana, böymürvət fələk,
Şamı sübhə, sübhü şama çəkirsən…
…Seyiddən, molladan dostdan xəcalət
Bu nə dağdı sən sinəmə çəkirsən?!
…Əzizliknən saxladığın aşığı
Zəlilliknən imtahana çəkirsən…

Belədə Göyçə oğullarını axtarıb əli boşda qalan yaralı ruhun yuvasından perikmiş kimsəsiz bir quşa dönməsin, neyləsin?!
Hanı mərd igidlər, boş qalıb yurdu?..
Niyə dikəlir ruhundan bu göynərtili sual? Köməyəmi çağırırsan mərd igidləri? Olmaya… Olmaya qəbrini…görürsənmi, dilim də gəlmir, ustad. Axı, sənin nurlu qəbrin sazın-sözün müqəddəs haqq ocağıdı. Ocağa əl qaldıranın Allahdan-Tanrıdan qorxusu yoxdumu? Tanrı üzünə ağ olanların bəlasını qadir Allah özü verər, inşallah. Amma bir məsələdə sazın-sözün qeyrətini çəkənlərin də günahı çoxdu. Gərək vaxtında duyuq düşüb ruhunun evini Bakıya köçürəydik.

Ulu Göyçə yiyəsizlikdən, arxasızlıqdan dağıldı, Dədə Ələsgər, elə sənin məzarın da… Bakıdan, Azərbaycandan haray gəlmədi, yaxın durub, əl tutan olmadı. Yağı da baxdı ki, asanca təkləmək olar Azərbaycanın yiyə durmadığı Göyçəni. Təklədi, dağıtdı da! Qarabağ ermənilərinə Ermənistan əzəlindən qahmar durdu. Min cür işləyə, fitnə-fırıldağa əl atıb Moskvanı da özlərinə tərəf çəkdilər. Bizim yelbeyin başbilənlərsə Göyçə, Ağbaba, Zəngəzur, Dərələyəz adı çəkən qeyrətli Azərbaycan oğullarını rus dəyənəkləri ilə yaxşıca əzişdirirdilər. Yadlar-yamanlar bizi bir döyəndə özümüzünkülər beş döydülər. Beş döydülər ki, düşmən baxıb ləzzət aparsın. Onda sənin incik ruhun da özünü döyülmüş bildi. Bilib də yana-yana haray qopartdı:

Təbib yoxdu, dərman etsin yaraya
Sızıldaşır yaram, a yana, yana!

Təbib yoxdu… Nə yaman düz tapmısan, ustad! Dərdlərimiz, yaralarımız indi həmişəkindən yüzqat artığıynan təbibə, məlhəmə möhtacdı. Təbibsə yoxdu… Necə ki, təbib yoxdu, zaman-zaman torpağımızın başı min cür bəlalar çəkəcək, göyçəlilər göyçə üzünə həsrət qalacaq, sənin müqəddəs qəbrini ziyarətə gedə bilməyəcəyik…

Yəqin xəbərin oldu, Dədə Ələsgər; göyçəlilər arxasız qalıb Göyçədən çıxanda birbaşa Qarabağa üz tutdular. O vaxtlar Azərbaycanın üzdəniraq başda duranları Qarabağ ermənilərini öz ərköyün balaları kimi püfhapüflə əzizləyirdilər. Döyə-döyə başıbəlalı binəva göyçəliləri Qarabağdan da çıxartdılar. Özü də sapı özümüzdən olan baltalar döyüb çıxartdılar. Oğuz eli nə zamandı ki, arada sərgərdandı. Belədən-beləyə, elədən-eləyə yollanan bu müsibətli camaatın başına gələn olub-olmuşlardan xəbər tutan pərişan ruhun dönüb-dönüb yaralanır:

Köhnə yaram qövr eylədi təzədən…

Eldən ayrı düşən gündən üzü bu yana pərişan ruhunun ən çox pıçıldadığı bu kövrək misra Tanrı dərgahına yüksələn bir dilim yanar ad nisbətindədi. Onun qəm yükünə tən duran bir ayrı nisgilli misran da sənin mübarək ruhundan nigaran olanların dilində əzbərdi:

El yeridi, yalqız qaldın səhrada…

Məhərrəm Qasımlı
“Vətən” qəzeti 1991-ci il,   Goyce.az,  ustac.az

ETİBAR VƏLİYEV MÜKAFATA LAYİQ GÖRÜLÜB

fpb

20.05.2019 -ci il tarixində Yazıçılar Birliyinin “Natəvan” klubunda dəyərli Qələm sahiblərinə növbəti Beynəlxalq “RƏSUL RZA” Mükafatının təqdim edilməsi mərasimi baş tutub. Tanınmış şair, hamımızın sevimlisi Etibar Vəliyev də mükafat alanlar sırasında olub.

fpa

Etibar Vəliyevi və digər bütün Laureatları ürəkdən təbrik edirik!!!

Fotoqraf: – Fərrux Səfəroğlu – FS Press

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“Cahana sığmazam” adlı ədəbi almanaxın təqdimat mərasimi keçirilib.

nesımı-almanaxı

Bu gün – 20 may 2019 – cu il tarixində Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda ədəbi ictimaiyyət və poeziyasevərlərin iştirakı ilə “Nəsimi ili” çərçivəsində böyük Azərbaycan şairi, filosof-alim, mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə çap olunmuş “Cahana sığmazam” adlı ədəbi almanaxın təqdimat mərasimi keçirilib. “Elm və təhsil” nəşriyyatında Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qocanın məsləhətçiliyi və AYB-nin üzvü, Beynəlxalq Rəsul Rza ədəbi mükafatı laureatı, Prezident mükafatçısı, şair Balayar Sadiqın redaktəsi, eyni zamanda AYB-nin üzvü, Beynəlxalq Rəsul Rza ədəbi mükafatı laureatı, şair Tahirə Məğrurla birlikdə tərtibatçılığında ərsəyə gəlmiş kitab böyük maraqla qarşılanmışdır. Bu poeziya almanaxında klassiklərdən Nəsimi, Rəsul Rza, Əli Kərimlə yanaşı, müasirlərimiz olan tanınmış söz adamları Fikrət Qoca, Firuzə Məmmədli, Oqtay Rza, Əbülfəz Ülvi, Damət Salmanoğlu, Sabir Zamanlı, Zaur Ustac və başqa müxtəlif ədəbi nəsillərin və çoxçeşidli ədəbi-bədii düşüncəyə malik qələm sahiblərinin şeirləri toplanıb. Bu gözəl mədəniyyət hadisəsi münasibəti ilə bütün ədəbiyyatsevərləri təbrik edir və qələm sahiblərinə yeni-yeni yaradıcılıq uğurları arzu edirik.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – OLSUN

zaurustac

OLSUN

(B: 01:14)

Bir ümid işığı yandı bu axşam,

Cırtdan tərəfindən görülən olsun…

Gecənin bağrında zərrə bəsimdi,

Yetər ki, sonadək sürülən  olsun…

* * *
Bu əllər uzanıb haçandıır sənə,

Bir iriz, bir cığır, yol  göstər  mənə,

Gələrəm, baxmaram; uzuna, enə,

Lap elə, Musaya verilən olsun…

* * *

Qoy keçsin səhradan, ya da meşədən,

Yarağım, əsləhəm; qələm, tişədən,

Ruhuma qida ver, görklü rişədən,

Qoy daşdan, qayadan sorulan  olsun…

* * *

Qoy, dahi Nəsimi olsun yoldaşım,

Xətai qoy olsun, mənim qəmdaşım,

Nadiri, Qacarı eylə sirdaşım,

Dostum dost yolunda dirilən olsun…

* * *

Ustacam, dilimdə şükür bitibdi,

Bütün dualarım Sənə yetibdi,

Bu xətb qulunun səmti itibdi,

Nişan ver, bir yana  varılan olsun….

 

(Q: 01: 36)

20.05.2019. Bakı. (01:36 – 22’)

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

ZAUR USTAC – DAĞLARIN…

40281893_1392583767541425_9115219456056885248_n

DAĞLARIN

                                            “Şuşanın dağları abı dumanlı,

                                             Qırmızı koftalı, yaşıl tumanlı…”

Əsrin dördə birin vermişik yelə,

Çulu çoxdan düşüb, çaya dağların…

Təmiz adı vardı, “quzey qarı” tək,

Bağrına xal düşüb, saya  dağların…

* * *

Başında çalma tək, ta durmur duman,

Əynində qalmayıb, nə kofta, tuman,

Lütlənib haçandır, qalıb  lüt-üryan,

Qarına qan düşüb, maya dağların…

 

* * *

“Göznən görən”  olduq, ta yox yalanı,

Bəh-bəhlə şəlləndik, zərli palanı,

Daranıb,  talındı, olan-qalanı,

Ah-naləsi düşüb, Aya dağların….

* * *

İgidə “Tur dağ”-ı deyib, görənlər,

Dağa oxşadıbdı,  özün ərənlər,

Hanı o ayama, ya ad verənlər?

Kalı çoxdan düşüb, haya dağların…

* * *

Ustacam, öcümü ala bilmirəm,

“Dədəm” dediklərin* deyə bilmirəm,

O döndü, mən indi dönə bilmirəm,

Səyi  məndə düşüb, zaya dağların…

30.04.2019. (14:00 – 19’) Bakı.

 

*Arsız aşıq elsiz necə yaşadı???

                                              Ölsün Ələsgər tək qulların, dağlar…

 

DAGLARIN ZAUR USTAC

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

“ORİYENTİR ULDUZU” – MÜBARİZƏ LAYİQ POVEST

ZUOU
(Zaur Ustacın ”Oriyentir ulduzu” povesti haqqına)

Şair Zaur Ustacı nə müddətdir ki, şair kimi tanıyir və yaradıcılığını izləyirəm.Lakin son vaxtlar onun ”Oriyentir ulduzu” adlı povestinə gec də olsa rast gəldim (Povest 2011-ci ildə yazılıb) və onu həm də nasir kimi tanıdım.
Əsərin həcmi kiçik olsa da, (cəmi 30-35 səhifə) hadisələrin drammatik gərginliyi, konkret situasiyalar, baş qəhrəmanın keçirdiyi psixoloji hallar, ön cəbhədəki vəziyyət, əsgərlərimizin həyatı və s… oxucuya həcmli əsər təsiri bağışlayır.
Povestin qəhrəmanı hamımızın yaxşı tanıdığı və sevdiyi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdur. Əlbəttə, yazıçı igidimizi yalnız cəbhənin ön xəttində təsvir edir. Lkin yazıçı hərdən fürsət tapıb Mübarizin öz dili ilə bizi onun keçmişi ilə tanış etməyi bacarır.Aydın olur ki, hərbi xidməti başa vurmuş bu 22 yaşlı gənc Vətənin tikə-parça vəziyyəti ilə barışa bilmir, vətənpərvərlik duyğusu onu yenidən ön cəbhəyə-əsgərlik həyatına çağırır. Müəllif Mübarizin dili ilə deyir; ”Nə bilim e, vallah, bir şeyi başa düşə bilmirəm ki, bu şərəfsizlərin oyunbazlıqlarına nə qədər dözəcəyik? Qrajdanskidə dözmək olmur, deyirsən, gedim orduya. Orduda dözmək olmur. Deyirsən, ön cəbhəyə. Burda heç dayanmaq olmur. Şərəfsizlər hər gün gözünün qabağında min hoqqadan çıxırlar.Lap dəli oluram. Ya Allah, sən özün səbr ver !”.
Zaur Ustaclı bu gənc oğlanın blindajdakı bir günlük həyatını, eləcə də, əsgərlərimizin həyatını, döyüş xəttini, 1-ci, 2-ci, 3-ü oriyyentirləri, səngərləri, düşmən tərəfin mövqeyini və s… olduqca inandırıcı təsvir edir. Düşmən tapdağında olan kəndlərimizin, çaylarımızın, dağlarımızın dəqiqliklə verilən adları oxucuda döyüş mıvqeyi haqqıda geniş təəssürat yaradır. Gizir Mübarizin hərbi qaydalara necə diqqətlə əməl etdiyini, özündən rütbəcə aşağı olan əsgər yoldaşları ilə isti münasibətləri, təbii ki, oxucunun gözlərində qəhrəmanımızın unudulmaz portretini yaradır.
Mübariz qarşısına məqqsəd qoymuşdur; Düşmənlə təkbətək üz-üzə durmaq, əsrlərlə bizə qənim kəsilən, torpaqlarımızda at oynadan, Xocalı kimi dəhşətli qırğınlar törədən erməni faşizminə dərs vermək, onlardan xalqımızın intiqamını almaq.
Əsərdə təsvir olunan sonrakı hadisələr Mübarizin silahlanaraq təkbaşına düşmən tərəfə adlaması ilə davam edir. Gücü və ləyaqətinə arxalanan Mübariz ata-anasına məktub qoyur. O bu məktubda bir seyid kimi Allaha sığındığını, ermənidən qisas alaraq şəhid olmaq arzusunu ifadə edir. Axı Mübariz üçün tarixi örnəklər var. Axı Çanaqqala savaşında Seyid Çavuş 200 kiloluq mərmini topa yeritməklə döyüşdə ciddi dönüş yaratmışdı.
Ədib düşmənlə təkbaşına döyüşən qəhrəmanın keçirdiyi hissləri, düşmənə nifrətini, onlarla amansız döyüşünü, saysız-hesabsız erməni faşistlərini məhv etdiyini elə dolğun təsvir edir ki, oxucu qəhrəmanı ilə qürurlanır, onun apardığı döyüşü həyəcanla izləyir. Yazıçı Mübarizin dili ilə deyir; ”Həmişə bu yolla düşmən mövqeyinə ya əsgər gələr, ya da yoxlama. Həmişə onların tərkibində çoxlu generallar, polkovniklər olan komissiyalar yoxlayıb ”5” verərdilər. İndi bu yolla onları ”yoxlamağa” Azərbaycan ordusunun peşəkar giziri gəlirdi. Özü də bu yoxlama qəfil yoxlama idi. Görən, bu şərəfsizlərin döyüş hazırlığı nə yerdədir, neçə alacaqlar bu imtahandan?

Yoxlamaya bizim Mübariz gedirdi, ”Mübariz”

(Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr edirəm)

Zirvədə yurd salan qartallar kimi
Səngərdə düşməni izləyirdi o.
Qəlbinə yığmışdı qəzəbi, kini.
Vulkan püskürməsi gözləyirdi o.

Hələ iyirmi iki yaşı var idi,
Hələ iyirmi iki bahar görmüşdü.
Hələ qəlbində eşq körpə bar idi,
Həm də bu yaşda o, nələr görmüşdü.

Onun qan yaddaşı haray salaraq
Bütöv bir tarixi deyirdi ona.
Yurda ”qonaq” gələn erməni alçaq
İndi sahib çıxıb Qarabağıma.

Qəzəbi sıyrılıb çıxdı qınından,.
Düşmən sədlərini yardı Mübarız.
Xətai imanı axdı qanında,
Önünə çıxanı qırdı Mübariz.

Bir can minə qarşı -budur möcüzə
Qaya fırtınayla çarpşdı o gün.
Dünya heyran qaldı bu eşqə, gücə.
Rembolar ekrandan yığışdı o gün.

Şəhid zirvəsində haqqa sığınıb,
Vətəni qürurla süzdü Mübariz.
Bütövlük hayqıran bayrağa dönüb,
El-el, oba-oba gəzdi Mübariz.

Ey Milli Qəhrəman, alqış bu ada
Adına yaraşır bu fəxri adın.
Mübariz adını atan qoysa da,
Qəhrəman adını özün qazandın.

Yurdun bütövlüyü dinin imanın
Gec-gec yox olacaq bu duman bu çən.
İndidən görürəm, ey qəhrəmanım
Şuşada ucalan heykəlini mən.
Mübariz ”məğlubedilməz erməni ordusu” mifinə son qoydu. Öz ölümü ilə belə düşməni lərzəyə saldı.
Povest qəhrəmanın həlakı ilə başa çatsa da, yazıçı onun əbədiyaşar insan olduğunu oxucuya təlqin etməyi bacarır.
Ancaq bir oxucu kimi məni qane etməyən bəzi məqamları da yazıçının diqqətinə çatdırmaq istəyirəm. Düşmən kazarmasına girən Mübarizdə hərdən mərhəmət hissi də baş qaldırır, hətta bəzi düşmən əsgərini öldürməkdən vaz keçir. Məncə, bu, inandırıcı deyil. Xocalı dəhşətini oxuyub öyrənən, televiziya vasitəsi ilə bu faciəni izləyən Mübariz amansız olmaya bilməzdi.
Bir də istərdim kİ, Mübarizin düşmənlə qarşılaşdığı zaman konkret erməni obrazı olsaydı, yaxşı olardı. Məsələn; erməni komandiri, erməni zabiti və s…
Povest yüksək ideya daşıyıcısı kimi dəyərə malikdir.Yeniyetmə və gənclərimizin Mübariz kimi qəhrəmanlarımızı öyrənməyə böyük ehtiyacı var. Axı qarşıda Böyük Qarabağ Savaşı durur.
24.04.2019. Naxçıvan.

tofiq qebul

Müəllif: TOFİQ QƏBUL

YAZARLAR.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru