ƏBÜLFƏT MƏDƏTOĞLU – SÖZ

Ebulfat_Memedoglu_yazar

ƏBÜLFƏT MƏDƏTOĞLUNUN SÖZ DÜNYASINA SƏYAHƏT

SƏN HƏMİŞƏ MƏNİMLƏSƏN…

Elə anım yoxdu ki,

O anda olmayasan…

İşıq kimi, nur kimi –

Ruhuma dolmayasan!..

Ürək axşam və səhər

Gözləyir hər gün xəbər…

Bəlkə ömrə bərabər –

Bir ümid yollayasan?!

Unut özgə fitnəsin

Vaxt ortada itməsin…

Mənim ömrüm bitməsin –

Sən isə solmayasan!..

***

Mən ömür içində ömür əridib

Mən günün içində gün kiridirəm…

Sevginin əlindən tutub, yeridib –

Ölməyə qoymayıb qəm dirildirəm…

Siz də yaxınlaşın təsəlli üçün

Məni hər çəkdiyim gün “ah”a bükün…

Sevməkdi günahım, vallah, büsbütün-

Siz məni elə bu günaha bükün…

Həyat zərbələri qılıncdan da sərt

Urəyin tüstüsü ərşə ucalır…

Deyəsən tamamdı kəsilən o şərt –

Qocalır Əbülfət, yaman qocalır…

***

Ay Məcnun, ay Kərəm, ay insafsızlar,

Mənə bu qapını siz göstərdiniz…

Məni açıq-aşkar oda salanlar –

İndi də “döz!” deyib gözlədirsiniz…

Yuxum göyə uçub, xəyalım ərşə,

Cismimi tərk edən ruhum da köçüb…

Durmadan tələsdim hər gün görüşə –

Hər gün də vaxt məndən arxaya keçib…

Özümü nə qədər kökləsəm belə

Damarı düşmədi dərdin əlimə…

Görünür sevgidə naşıyam hələ –

Təzədən cəlb edir məni təlimə!

Ay Məcnun, ay Kərəm, a bəxətəvərlər,

Sizi sevən də var, siz sevən də var!

Sevgini bir az da bəxtdə görənlər –

Dərddən başqa kimsə olmur mənə yar!..

***

Dərdimi yuata götür,

Məni mərasim evinə…

Bəlkə də şəklimə baxıb –

Ruhum bir az da sevinə…

Özün sifariş etmişdin

Yataq odana qoymağa…

Məqam tapmıram, demişdin –

Gözünə baxıb doymağa!..

İndi əlçatan bir yerdən

Asmısan, hamı da baxır…

Şəkli ortaya çıxardın –

Dillən, adımı da çağır!..

***

Gör necə axır bulud

Dağdan dərəyə tərəf!

Elə bil çəhlim açır –

Sürür dərəyə tərəf…

Zaman qovur, ələyir

Ruhumu “ah” bələyir!

Bir gilə şeh çiləyir –

Tale hərəyə tərəf!..

Dərd ürəkdə zəlimi?!

Zəli sevən dəlimi?!

Uzadıram əlimi –

Təzə tərəyə tərəf!..

***

İçimdə həyat donub

Solmuş ümidlər kimi…

Qonçəsi göz yaşıyla –

Dolmuş ümidlər kimi…

Kimdi solmuş gül dərən

Dərib, gülü güldürən?!

Sonra da pərən-pərən –

Olmuş ümidlər kimi…

Gözlədiyim gəldi bəd

Özün doğrultmadı vəd…

Uzaqda bir qırıq xətt –

Yolmuş, ümidlər kimi…

***

Gecəni gözlətdim qapı dalında

Sönmədi işığım səhərə qədər…

Ömür vərəqlədim mən xəyalımda –

O kənddən gəldiyim şəhərə qədər!..

Nidalar daha çox, nöqtələr də var

Qəddim də bükülüb bəzən vergül tək…

Alnıma sıxılan səssiz suallar –

Səni dəlib keçib ay qoca ürək!..

Xərclənən ömürdə qazancım kədər

Kölgəm iynə boyda, səsimsə pəstə…

Kimsə ucaltmayıb məni sən qədər –

Sən qədər kimsə də durmayıb qəsdə!..

Qapı arxasında qalan gecəmi

Özünü yetirən səhər kiridər…

Gedim salamlayım sizin küçəni –

Bəlkə məni orda kədər kiridər!..

***

Bir az gecikdim mən bu etirafda

Amma gec olsa da, pıçıldayacam…

Mənə yer olmadı, heç bu ətrafda –

Torpağın altında puçurlayacam…

Sevgim artıq oldu aşdı ölçünü

O da ləçək-ləçək saraldı, qopdu…

Saxlaya bilmədim xəyal köçünü –

Onun da ruhuna “əlvida” hopdu.

Atdığım addım da, dediyim söz də

Döndü göz yaşına, döndü tənəyə…

Mənim içimdəki dözüm də, döz də –

Adımtək yük oldu dilə, çənəyə…

Gerçək olanları susub dinləmək

Nə qədər çətindi çəkənlər bilir…

Nədir öz içini didib inləmək?

Bunu da içindən çökənlər bilir…

Bir az geçikdim mən bu etirafda

Batan gəmi kimi izim yuyulur…

Durub su axtarma heç bu ətrafda –

Kirpiyimdən damır – üzüm yuyulur…

***

İlahi, yaşatdığın

Ömrün gizli baxtıdı…

Yorulmuş ürəyimi –

Dincə qoymaq vaxtıdı!..

Oxlanandan kürəyim

Əyilib söz dirəyim…

Nəsimidi ürəyim –

Diri soymaq vaxtıdı!..

Qarşımdadı, bax, kağız

Bir qələm, bir ağ kağız…

Məni ağla bir ağız –

Məndən doymaq vaxtıdı!..

***

Heç kim ola bilmədim

Sənin üçün, bağışla…

Öz içimdə lilləndim –

Ürək sıxan naxışla –

Bağışla!..

Sevgi yolu gələndim

Hey xəyala bələndim…

Nə dolu tək ələndim

Nə də yağdım yağışla –

Bağışla!..

Ruhun ipin yığacam

Ovcumda bərk sıxacam…

Tay qarşına çıxacam

Kölgəli bir baxışla –

Bağışla!..

***

Yenə qaçıb gəlmişəm

Xatirələr bağına…

Şehli bir sükut çöküb –

Çiçəklərin tağına…

Hər ləçəkdə göz yeri

Pıçıltılı söz yeri…

Ürəyimdə köz yeri –

Toxunmuram dağıla…

Dərvişəm mən həyatda…

Dərd üstdədi mən altda!

Aman Allah, mən adda –

Qar yağıbdı dağına…

Demirəm sən də dön, gəl,

Nə yol dəyiş, nə döndər…

İki qərənfil göndər –

Ömrümün bu çağına…

***

Düşünürdüm şəklini

Sözlə çəkməyim daha…

Çəkdiyim hər şəkillə –

Batdığımçün günaha!..

Ruhumu oda salıb

Ağlımı başdan alıb…

Göz qırpımı yol qalıb –

Gülüm, artıq sabaha!..

Yumruq tək sıxılıram

İçimdən yıxılıram…

Bir sənə sığınıram –

İnan, bir də Allaha!..

***

Hər bir ada yazılıb

Əl boyda – para kağız…

O da həm son məktubdu –

Həm də ki, Qara kağız!..

Orda vida notları,

Orda ayrılıq yatır…

Qəribədir, son məktub –

Qara kağız tez çatır?!

Təlaşlanma, deyəsən

Qapı döyür poçtalyon…

İstəmirəm döyəsən –

Dizlərinə… bu da son…

***

Tumurcuğu çırtlamış

Təzə dərdim, tər dərdim…

Mən səni şehli-şehli –

Təzə dərdim, tər dərdim!..

Sarıldın sən də mənə

Eşq vardı səndə mənə…

Titrəmə, səndələmə –

Sən də məni dər, dərdim!..

Qarışaq sirdaş olaq

Bir divar, bir daş olaq!..

Dərdlərə bir qaş olaq –

Sən üstündə zər, dərdim!..

***

Bir təklifim var, ömrüm,

Gəl səssizcə dayanaq…

Ruhumuz nəfəs alsın –

Biz nəfəsə boyanaq…

Gözlərimiz dincəlsin

Kirpiklərimiz dinsin…

Bu qəribə söhbətdən –

Ürəyimiz isinsin…

Bir də bizdən xəbərsiz

Toxunsun bir-birinə…

Əlimiz ülfət qatsın –

Söhbətin bu yerinə…

Təklif könlüncədisə,

Kirpikləri öpüşdür…

Ürəyində nə varsa –

Ürəyimlə bölüşdür…

İLKİN MƏNBƏ: Şeirlər – Əbülfət Mədətoğlu | Edebiyyatqazeti.az

YAZARLAR.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-500-63-36     E-mail: yazarlaraz@yandex.ru

Advertisements

Mədinə Gülgün – Sən gəlməz oldun…

medine

DURNALAR QAYITDI

Deyirdin baharda görüşərik biz,
Bahar gəldi, getdi, sən gəlməz oldun.
Daşlaramı dəydi sındı əhdimiz,
Aylar gəldi, getdi sən gəlməz oldun.

Dedin, durnalarla gələrəm mən də,
Durnalar qayıtdı sən gəlməz oldun.
Saraldı yarpaqlar çöldə, çəməndə,
Payız fəsli çatdı sən gəlməz oldun.

Deyirdin qapına qonaram quş tək,
Quşlar cəh-cəh vurdu,sən gəlməz oldun,
Yaşamaq eşqiylə vəcdə gələrək
Quşlar yuva qurdu sən gəlməz oldun.

Dedin nəğmələrlə dönərəm geri,
Min nəğmə ucaldı, sən gəlməz oldun.
Tükəndi ömrümün bahar günləri,
Könlüm sənsiz qaldı sən gəlməz oldun.

Sənsiz dönə-dönə yollara baxdım;
Gözlərim qaraldı,sən gəlməz oldun.
Ay mənim taleyim,ay mənim baxtım,
Söylə,bu nə haldı sən gəlməz oldun.

Dərdimi ahəstə çaldım, sevgilim,
Susdular çaylar da sən gəlməz oldun.
Axı necə deyim, heç gəlmir dilim,
De bəs qaldın harda sən gəlməz oldun?

Sən dönük deyildin,dönük deyilsən,
Yəqin…eh nə deyim, sən gəlməz oldun.
Dözümlü olsam da, darıxır hərdən,
Ovunmur ürəyim-sən gəlməz oldun.

Fəqət inanıram, bir gün olacaq
Mən deməyəcəm sən gəlməz oldun,
Qəmim o həsrətli gündə qalacaq.
Kim deyir sən xəyal, ya bir səs oldun.
Gün gələr demərəm sən gəlməz oldun…

Müəllif: Mədinə Gülgün

YAZARLAR.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-500-63-36     E-mail: yazarlaraz@yandex.ru

Eldar Elli – Göylərdən enmişəm…

eldar elli

Göylərdən enmişəm…

Göylərdən enmişəm ana torpağa,
Bir damla payızam, bir ovuc qışam.
Hələ bitməmişəm daşların üstə,
Bir payız gününə vurulmamışam…

Bəlkə, bir bulağam, qaysaq bağlayan
Təşnə könüllərin sərin payıyam.
Özgə planetdən çıxıb gəlmişəm,
Səmanın, ulduzun, yerin payıyam.

Sənin xəbərin yox, mənim xəbərim,
Bu dünya saxlayıb gözünün üstə.
Bəlkə, səhralara yağan yağışam,
Yağmışam həsrətin közünün üstə.

Öldür, birdəfəlik canım qurtarsın,
Məni yalanlarla yaşadan gözəl.
Tanrı qarğışına keçmişik, bəlkə,
Yaşımın üstünə yaş atan gözəl…

Göylərdən enmişəm ana torpağa,
Bir damla payızam, bir ovuc qışam.
Hələ bitməmişəm daşların üstə,
Bir payız gülünə vurulmamışam…

============================================

Burax əllərimi…

Burax əllərimi, a qaragözlüm,
Sənin olmadığın yerlərə gedim.
Gəlmişdim qapına dərman bulmağa…
Eşqin məzarına, pirlərə gedim.

Öldürüb diriltdin gündə yüz kərə,
Çəkildin kölgədə sərinliklərə.
Atılım körpüdən dərinliklərə,
Gedim arazlara, kürlərə gedim.

Doğulum gün kimi Sina dağınnan,
Eybi yox, qovsunlar cənnət bağınnan.
Çıxım əzabların burulğanınnan,
Xeyirlərə gedim, şərlərə gedim.

Sığınım qoynuna bu göyün,yerin,
Boyanım rənginə al şəfəqlərin.
Gəzim arxasınca xatirələrin,
O sənli ilahi sirlərə gedim.

Könlümü küsdürüb alan kimsəyə,
Buludtək boşalıb dolan kimsəyə,
Gözləri yollarda qalan kimsəyə,
O bəxti, taleyi kürlərə gedim.

============================================

Ömrünü odlara qalıyan kişi…

Ömrünü odlara qalıyan kişi,
Ayları illərə calıyan kişi.
Bal tutub barmağın yaıyan kişi,
Nə şanda, barmaqda, balda dad da yox…

Qaşlara qar yağıb, telə qar yağıb,
Baxışa qar yağıb, ələ qar yağıb.
Güvəncim dağlara elə qar yağıb,
Neyləyim, tək bircə qalam od da yox…

Yandırır özünü köz sahibləri,
Sındırır başında qoz sahibləri.
Nə sözün üstündə söz sahibləri,
Nə köhnə kişilər, nə də at da yox…

Zülmətin içində nöqtə var…işıq,
Sevgilər ömürə, günə yaraşıq.
Yaxşılar yamana elə qarışıb,
Bir təmiz ünvanda təmiz ad da yox…

Ümidlər çatılıb qan ocağına,
Ruhumuz çəkilib can çanağına.
Tanrılar yığışıb Qan çanağına,
Mən olan məkanda, nə də qatda yox…

Müəllif: ELDAR ELLİ

YAZARLAR.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-500-63-36     E-mail: yazarlaraz@yandex.ru

MÖVLUD AĞAMMƏDDƏN “ÜÇ YARPAQ”

movlud ag

MÖVLUD AĞAMMƏDDƏN “ÜÇ YARPAQ”

“Tapılmaz…”
Yoxsulluğu dərd eyləmə ki, parə tapılmaz,
Dərd eylə ki, yoxsulluğa bir çarə tapılmaz.
***
Dövlət ilə bil, xəstə könüllər şəfa tapmaz,
Ol can düşəcək min cürə əfkarə, tapılmaz.
***
Dərddən də ağır dərddi də, çəkməklə tükənmir,
Aşiqləri məlhəm olacaq yarə tapılmaz.
***
Yazdım bu qədər dərdləri izhar eləməkçün,
Heyhat ,bunu dərk etməyə bir qarə* tapılmaz.
***
Əhdində vəfa olsa da, aşiq qəmə məhkum,
Vəslətdə ikən dil, düşəcək darə, tapılmaz
***
Rəhm eyləmədikcə dili-viranə sitəmkar,
Aludə olan şamü-şəhər zarə tapılmaz.
***
Çəkdikcə sitəm halını gizlətmədi Mövlud,
Zənn etdi, əlac dərdinə aşkarə tapılmaz.

*oxuyan
26.06.2019. Zərdabi.

===================================================

“Qalandı…”

Düzü əyridən də əyri,
Düz elə düzdə qalandı.
Düzü əyməyə dəyərmi?
Düz elə düz də qalandı.
***
Sözü söyləmə yalandan,
Söz elə sözdə qalandı.
Sözü soruş söz salandan
Söz elə söz də qalandı.
***
Gözü görməyə alışsa,
Göz elə gözdə qalandı.
Gözü nəfsilə barışsa,
Göz elə göz də qalandı.
***
Bizi bizdən də gizlədi,
Biz elə bizdə qalandı.
Bizi biz ilə bizlədi,
Biz elə biz də qalandı.
****
Közü köz ilə alışdır,
Köz elə közdə qalandır.
közü kül ilə qarışdır,
Köz elə köz də qalandır.

17.04.2014. Zərdabi.

===================================================

“Çatmış qisasın vaxtı…”

Çatmış qisasın vaxtı bu gün, qaç, köpəyoğlu,
Murdar qanınız axdı bu gün, qaç, köpəyoğlu.
****
Ər oğlu ərənlərdi gələn üstünə şirtək,
Şimşək kimi od çaxdı bu gün, qaç, köpəyoğlu.
***
“Türkün tökülən qanları bihudə”deyil,bil,
Can verməyə can çoxdu bu gün, qaç, köpəyoğlu.
***
Torpaq sənə pay olmayacaq, həddini bil sən,
Leş üstünə leş çıxdı bu gün, qaç, köpəyoğlu.
***
Yurdumda atın oynadamaz tülkü Xorenlər,
Türkəm, nəfəsim oxdu bu gün, qaç, köpəyoğlu.
****
Candan keçərəm Zəngilanım, Kəlbəcərimçün,
Canın nə qədər sağdı bu gün, qaç, köpəyoğlu.
***
Mövlud Şuşa, Xankəndi, Laçın – tüm Qarabağda
Al bayrağı çün taxdı bu gü, qaç, köpəyoğlu.

7.04.2016. Zərdabi.

Müəllif: Mövlud Ağamməd

YAZARLAR.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-500-63-36     E-mail: yazarlaraz@yandex.ru

ELDAR İSMAYIL BÖYÜKTÜRK

eldar i b t

KİPRİYİMLƏ QOR DAŞIYAN OLMUŞAM

Halal zəhmət tanrı payım əzəldən,
Mən alnımda tər daşıyan olmuşam!
Şər qüvvəni qaranlığa qısdayıb,
Zor ayaqda zor daşıyan olmuşam!

Min qəlb hördüm, dönüb bir daş sökmədim,
Ətəyimə haram tikə bükmədim.
Al qumaşı yamaqlayıb tökmədim,
Zərgər kimi zər daşıyan olmuşam!

Öyməmişəm çeynek olan hər sözü,
Aramışam, axtarmışam tər sözü.
Məndə donub sirdaşların sir sözü,
Həyat boyu sir daşıyan olmuşam!

Kərəm oldum bir kərəmli lələyə,
Şükürlüyəm zalım olan fələyə…
Boran əsən, buz bağlayan ürəyə
Od daşıyan, nur daşıyan olmuşam!

Sanma, Eldar, tor qurmuşam qayada,
Ömür yolum gah atlı, gah piyada…
Bu bəxtəvər, bu getgəlli dünyada
Kıpriyimlə qor daşıyan olmuşam!

Müəllif: ELDAR ISMAYİL BÖYÜKTÜRK

YAZARLAR.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-500-63-36     E-mail: yazarlaraz@yandex.ru

“DÜNYA BİR PƏNCƏRƏDİR…”

 

“DÜNYA BİR PƏNCƏRƏDİR…”

(Fərid Əhmədovun əziz xatirəsinə ithaf olunur…)

“Dünya bir pəncərədir”, pəncərən olsa, qardaş…

De, heç vaxtın oldumu, pəncərədən baxmağa,

Bir-iki, tələm-seyrək, boylanmağı saymasaq…

Yuxunu görmək üçün vaxt lazımdı yatmağa,

O da, Sən də yox idi, işin-gücün çox idi…

Çoxunun gözü ackən, Sənin gözün tox idi…

* * *

Yuxusuz gözündəki bu hüzn nədi, qardaş???

Yeddi ürək gərəkdi, baxışına baxmağa,

Qəlb adlı əzamızı, qan vurmağı saymasaq…

Bizdə ürək nə gəzir, gözümüz yox baxmağa,

O ürək Səndə idi, baxışların ox idi…

Çoxunun haqqı yoxkən, Sənin haqqın çox idi…

* * *

“Nə yatdın ki, nə yuxu”, görəsən, əziz qardaş….

Yaradan yaratmışdı, Səni oyaq qalmağa,

Ayaqüstü, sırada, göz qırpmağı saymasaq…

Yaranmışdın süzməyə, yaranmışdın dalmağa,

Düşüncə, dərin ümman, zehin, iti ox idi…

Çoxunda beş-beş olan, Səndə biri yox idi….

* * *

Damarda coşdu qanın, ürək dözmədi, qardaş…

Dizindəki təpərin bəs eylədi qalxmağa,

Dostlarının toyunda oynamağı saymasaq,

Toy-düyün də görmədin, oturmağa-qalxmağa,

Ərgənlənmiş ər idin, bəy otağın yox idi…

Çoxu sayın bilmirdi, Sənin biri yox idi…

* * *

İgid oğlu, ər idin, bilənlər bilir, qardaş…

Sənin etdiklərini ehtiyac yox saymağa,

Arada qəmli-qəmli bu baxmağı samasaq,

Eyibin də yox idi, barmaq ilə saymağa,

Yan-yörədə bildiyin, nacis, naqis çox idi…

Bilən bilir qardaşım, Sənin mislin yox idi….

Müəllif: Zaur Ustac

 

YAZARLAR.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-500-63-36     E-mail: yazarlaraz@yandex.ru

Rahim Üçoğlanlı – Danışdıq

rm

“DANIŞDIQ”
(Şair dostum Məmməd Mərziliyə )

Məmməd qağa bizə təşrif gətirdin,
Yanar qəlblə dosta salam yetirdin.
Ürəyimdə bir xoş əhval bitirdin,
Həmdəm olub şərafətdən danışdıq.

Çox uzandı sözlər sözü çəkdi hey,
Vaxt dayandı,zaman döndü oldu key.
Orucluqda bizdən uzaq oldu mey,
Biraz dindən imamətdən danışdıq.

Yada saldıq igid ərən mərdləri,
Bizi çəkdi ana vətən dərdləri..
Seyr elədik o boş qalan yurdları,
Özümüzdə qəbahətdən danışdıq.

Tarixini vərəqlədik yurdların,
Sığal çəkdik başına Boz Qurdların.
Ünvanına çox şərəfsiz adların,
Lənət deyib səfalətdən danışdıq.

Məkan oldu “Balıqçılıq Kəhrizi”,
Burda qalıb hər igidin bir izi..
Sərin suyu məst elədi lap bizi,
İçib,dosta sədaqətdən danışdıq.

Ağdam

Müəllif: RAHİM UCOGLANLİ

YAZARLAR.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-500-63-36     E-mail: yazarlaraz@yandex.ru