Zaur Ustac – Kimə nağıl kimi, kimə həqiqət…

zaurustac

Kimə nağıl kimi, kimə həqiqət…

(Min şükür Uca Yaradana…)

Əlimdə olanım yalnızca sevgi,

Kimə sığal kimi, kimə bir sillə.

Bütün əngəlləri aşdım onunla,

Kimə noğul kimi, kimə bir güllə.

* * *

“Sim-sim”- lə açılıb bağlı qapılar,

Kimə nağıl kimi, kimə həqiqət.

“Lənət”-lə yıxılıb cağlı yapılar,

Kimə çuğul kimi, kimə fəlakət.

* * *

Ustacam, tacımı verib Yaradan,

Kimə ağıl kimi, kimə məharət.

Bəxtimi şükürlə almışam ondan,

Kimə nağıl kimi, kimə həqiqət…

09.06.2019. (09:36 – 19’)

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

Advertisements

ZAUR USTAC – EY BƏNİ-ADƏM

“MAKLER – VİP” N- 004 (0004) 08.06.2019 – BAKI.

EY BƏNİ – ADƏM…

(Güllələnən küçə itlərinin dilindən)

Ey bəni – adəm, nə çabuq unutdun?

Sultani Nəzmi Seyidin öyüdün*.

Düz deyiblər: – “barı olmaz söyüdün…”

Ay başıküllü özünə yaxşı bax,

Sonra gəlib, başımıza güllə çax…

* * *
Qudurmuşam? – quduz sənin atandı…

Sən kimisin əkib, doğub atandı…

Sizin kimi bir-birinə atandı…

Ay başıküllü özünə yaxşı bax,

Sonra gəlib, başımıza güllə çax…

* * *
Hürüşməkdə dərsi  sizdən  almışıq,

Didişməkdə sizdən geri qalmışıq,

Ad bizimdi, həp sizə əl çalmışıq….

Ay başıküllü özünə yaxşı bax,

Sonra gəlib, başımıza güllə çax…

* * *

Balasını zibilliyə atan sən,

Anasını üç qəpiyə satan sən,

Ley-pey olub kol dibində yatan sən…

Ay başıküllü özünə yaxşı bax,

Sonra gəlib, başımıza güllə çax…

* * *

Yalmanmaqda sizə çata bilmərik,

Ar-namusu heçə sata bilmərik,

Sizin qədər pisə bata bilmərik…

Ay başıküllü özünə yaxşı bax,

Sonra gəlib, başımıza güllə çax…

* * *

Harda gəldi yalaq tutdun özünə,

Qarın üçün bəzək vurdun sözünə,

Səni görüm, kor şiş batsın gözünə…

Ay başıküllü özünə yaxşı bax,

Sonra gəlib, başımıza güllə çax…

* “ İt demə, ol dəxi bizim birimiz,
Belə ölmüşlərə fəda dirimiz.” S.Ə.Ş.

08.06.2019  (09:03) Bakı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

ZAUR USTAC – DÜŞÜB

16105751_983999908399815_2868203737011042891_n — копия

DÜŞÜB

Sayı itib ayın, günün, saatın,

Ürəyimə atəş düşüb, od düşüb…

Haçan gəlim ağ əlini  öpməyə?

Ürəyimə nabat  düşüb, qənd düşüb…

*        *        *

Əl öpənin çox olmasın, tək olum,

Məcnun kimdi, Kərəm kimdi yek olum,

Qoy həmişə nübar olum, ilk olum,

Ürəyimə gilas düşüb, tut düşüb…

*        *        *

Ustacın qibləsi çöhri-qəməri,

O da istər desin zikri-qəməri,

Niqabın gizlədib fitri-qəməri,

Bir zeh göstər, ürəyimə mət düşüb…

16.06.2018. Bakı. (08:18)

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

“Cahana sığmazam” adlı ədəbi almanaxın təqdimat mərasimi keçirilib.

nesımı-almanaxı

Bu gün – 20 may 2019 – cu il tarixində Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda ədəbi ictimaiyyət və poeziyasevərlərin iştirakı ilə “Nəsimi ili” çərçivəsində böyük Azərbaycan şairi, filosof-alim, mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə çap olunmuş “Cahana sığmazam” adlı ədəbi almanaxın təqdimat mərasimi keçirilib. “Elm və təhsil” nəşriyyatında Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qocanın məsləhətçiliyi və AYB-nin üzvü, Beynəlxalq Rəsul Rza ədəbi mükafatı laureatı, Prezident mükafatçısı, şair Balayar Sadiqın redaktəsi, eyni zamanda AYB-nin üzvü, Beynəlxalq Rəsul Rza ədəbi mükafatı laureatı, şair Tahirə Məğrurla birlikdə tərtibatçılığında ərsəyə gəlmiş kitab böyük maraqla qarşılanmışdır. Bu poeziya almanaxında klassiklərdən Nəsimi, Rəsul Rza, Əli Kərimlə yanaşı, müasirlərimiz olan tanınmış söz adamları Fikrət Qoca, Firuzə Məmmədli, Oqtay Rza, Əbülfəz Ülvi, Damət Salmanoğlu, Sabir Zamanlı, Zaur Ustac və başqa müxtəlif ədəbi nəsillərin və çoxçeşidli ədəbi-bədii düşüncəyə malik qələm sahiblərinin şeirləri toplanıb. Bu gözəl mədəniyyət hadisəsi münasibəti ilə bütün ədəbiyyatsevərləri təbrik edir və qələm sahiblərinə yeni-yeni yaradıcılıq uğurları arzu edirik.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – OLSUN

zaurustac

OLSUN

(B: 01:14)

Bir ümid işığı yandı bu axşam,

Cırtdan tərəfindən görülən olsun…

Gecənin bağrında zərrə bəsimdi,

Yetər ki, sonadək sürülən  olsun…

* * *
Bu əllər uzanıb haçandıır sənə,

Bir iriz, bir cığır, yol  göstər  mənə,

Gələrəm, baxmaram; uzuna, enə,

Lap elə, Musaya verilən olsun…

* * *

Qoy keçsin səhradan, ya da meşədən,

Yarağım, əsləhəm; qələm, tişədən,

Ruhuma qida ver, görklü rişədən,

Qoy daşdan, qayadan sorulan  olsun…

* * *

Qoy, dahi Nəsimi olsun yoldaşım,

Xətai qoy olsun, mənim qəmdaşım,

Nadiri, Qacarı eylə sirdaşım,

Dostum dost yolunda dirilən olsun…

* * *

Ustacam, dilimdə şükür bitibdi,

Bütün dualarım Sənə yetibdi,

Bu xətb qulunun səmti itibdi,

Nişan ver, bir yana  varılan olsun….

 

(Q: 01: 36)

20.05.2019. Bakı. (01:36 – 22’)

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

ZAUR USTAC – DAĞLARIN…

40281893_1392583767541425_9115219456056885248_n

DAĞLARIN

                                            “Şuşanın dağları abı dumanlı,

                                             Qırmızı koftalı, yaşıl tumanlı…”

Əsrin dördə birin vermişik yelə,

Çulu çoxdan düşüb, çaya dağların…

Təmiz adı vardı, “quzey qarı” tək,

Bağrına xal düşüb, saya  dağların…

* * *

Başında çalma tək, ta durmur duman,

Əynində qalmayıb, nə kofta, tuman,

Lütlənib haçandır, qalıb  lüt-üryan,

Qarına qan düşüb, maya dağların…

 

* * *

“Göznən görən”  olduq, ta yox yalanı,

Bəh-bəhlə şəlləndik, zərli palanı,

Daranıb,  talındı, olan-qalanı,

Ah-naləsi düşüb, Aya dağların….

* * *

İgidə “Tur dağ”-ı deyib, görənlər,

Dağa oxşadıbdı,  özün ərənlər,

Hanı o ayama, ya ad verənlər?

Kalı çoxdan düşüb, haya dağların…

* * *

Ustacam, öcümü ala bilmirəm,

“Dədəm” dediklərin* deyə bilmirəm,

O döndü, mən indi dönə bilmirəm,

Səyi  məndə düşüb, zaya dağların…

30.04.2019. (14:00 – 19’) Bakı.

 

*Arsız aşıq elsiz necə yaşadı???

                                              Ölsün Ələsgər tək qulların, dağlar…

 

DAGLARIN ZAUR USTAC

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

ZAUR USTAC – ƏDALƏT VAR

zaurustac

ƏDALƏT VAR

Hər kəlmənin mayası var, qoru var,

Haqq-hesabda ayaq olar, baş olar…

Şəkərçinin dili baldan şirindi,

Kisəçinin üstü-başı yaş olar…

* * *

Elə söz var, dəyərldir kitabdan,

Baxış var ki, uyarlıdır xitabdan,

Bəni-adəm ayarlıdır turabdan,

Donu yelsə, yolu qaya, daş olar…

* * *

Ustac desin, yazın daşa, qayaya,

Nədən kimsə düşsün boşa, ay-aya?

Nə vaxt haram düşsə döşə, mayaya,

Döl qüsurlu, gözü-qaşı çaş olar…

18.04.2019. (19:39) Bakı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

ZAUR USTAC – EHKAM

zaurustac

 

EHKAM
(“Qırxında öyrənən görunda çalar”)
“Susuz quyu su tökməklə sulanmaz,”
Gic doğulan, gic böyüyər, gic ölər…
Ər oğuldan, ər törəyər, mərd olar,
Soysuz doğsa, bic yetirər, bic bələr…
* * *
Heyvanın cinsi var, bitkinin kökü,
Qarışmaz, tək durar, hər kəsin tükü,
Kimsəyə yüklənməz, kimsənin yükü,
Kimi tez anlayar, kimi gec bilər…
* * *

Ustac, iki doqquz, edər on səkkiz,
Arif bu sinindən səhv etməz hərgiz,
Qanmazsa, qovalar, teylər dörd doqquz,
Qırxda qurşaq tutar, boşa güc eylər…
14.04.2019. (18:38) Bakı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

ZAUR USTAC – DİLARƏ

DİLARE SQ

 

DİLARƏ

(…SQ-nın pilotu D. Babayevaya ithaf olunur…)

Bizdə atalardan bir məsəl qalıb:

“Aslanın erkəyi, dişisi olmaz”…

Bu yurdun neçə mərd oğlu, qızı var,

Adı anılmalı, anmasaq  olmaz…

*     *     *

Yaradan bəxş edib, bu namı bizə,

Ellərin sultanı, xan Azərbaycan…

Var olsun bu torpaq, yaşasın Vətən,

Anam Azərbaycan, can Azərbaycan…

*     *     *

Dünya yaranandan mayamız belə,

İplikdən əjdaha doğub hanamız…

Lalənin al rəngin yazıb tarixə,

Analar anası, Tomris anamız…

*     *     *

Ruhu, düşüncəsi zəkidən zəki,

Əhsən deyib ellər, qalıb tamaşa…

Necə Nüşabəsi olub bu elin

İsgəndər mat qalıb, edib tamaşa…

*     *     *

Neçə Sarası var, dünya tanıyır,

Əlində qələmi  qılıncdan iti …

Zaman hökmün verib, geriyə dönməz,

İllər axıb gedir itidən iti…

*     *     *

Zaman dəyişsə də dəyişmədik biz,

Xanım-xatın qızlar birər qəhrəman…

Anadan, atadan gördüklərimiz

Tarixdə qalmayıb, yaşayır hər an…

*     *     *

İllər axıb gedir, biz yaşayırıq,

Ruhumuz o ruhdur, qanımız o qan…

Əzəldən dünyanın gərdişi belə,

Sözümün canı var, can Azərbaycan…

*     *     *

İndi “İmarət”-də qonaq  Xan qızı,

-Natəvan pəjmürdə, ruhu pərişan…

Əldən ələ düşüb eli, obası,

İltifat edən yox, yox hal soruşan…

*     *     *

Tarix nələr görüb, nələr öyrədib,

Halı haldan anlar, ariflər bilər…

Aramla süzülür bu çeşmədən nur,

Fitrətdə, mayada qor olan bilər…

*     *     *

Onun yaddaşında neçə Nigar var,

Ley kimi qayadan süzüb düzlərə…

Unutmaq olarmı söylə Həcəri???

Nəbiyə qoşulub, düşüb düzlərə…

*     *     *

Ucadan ucadır şanlı tarixim,

Ruhumun qidası şərəfdi, şandı…

Zamanın fövqündə dayananların,

Anası bircədi,  – Azərbaycandı!!!

*     *     *

Uçmaq arzusuna düşdü, Dilarə…

Ruhu göy göylərin qonağı idi…

Ulduzlar göylərdən gəl-gəl edirdi,

Sonsuz ənginliklər  oylağı idi…

*     *     *

Tanıdı Leylanı, ününü duydu,

Andı Züleyxanı fəxrlə hər an…

Cəhd etdi, çalışdı əzmlə hər gün,

Məqsədi fikrindən çıxmadı bir an…

*     *     *

Uçdu arzusunun qanadlarında,

Sevindi  ilk  uçuş  müjdəsi  ilə…

Taledən, qismətdən razı idi,

Anardı Tanrını “min şükür” ilə…

*     *     *

Fəqət, yarı yolda qaldı arzular,

Axı, quş qanadı çox kövrək olur…

Məni dəstəkləyər  qulaq dostları,

Məncə, tər çiçəklər çox tez də solur…

02. 05. 2018. Bakı.  (08:50)

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ