ZAUR USTAC – ƏDALƏT VAR

zaurustac

ƏDALƏT VAR

Hər kəlmənin mayası var, qoru var,

Haqq-hesabda ayaq olar, baş olar…

Şəkərçinin dili baldan şirindi,

Kisəçinin üstü-başı yaş olar…

* * *

Elə söz var, dəyərldir kitabdan,

Baxış var ki, uyarlıdır xitabdan,

Bəni-adəm ayarlıdır turabdan,

Donu yelsə, yolu qaya, daş olar…

* * *

Ustac desin, yazın daşa, qayaya,

Nədən kimsə düşsün boşa, ay-aya?

Nə vaxt haram düşsə döşə, mayaya,

Döl qüsurlu, gözü-qaşı çaş olar…

18.04.2019. (19:39) Bakı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

Advertisements

“DAĞLAR” SEVDASI  və ya BİZ HƏLƏ YAŞAMALIYIQ – ZAUR USTAC

zaurustac

 

 

 

 

          “DAĞLAR” SEVDASI   və ya  BİZ HƏLƏ YAŞAMALIYIQ

                                      (İYİRMİNCİ  YAZI)

 

Salam olsun, çox dəyərli oxucum. Dədə Ələsgərin anadan olmasının 200 illik yubiley tədbirləri çərçivəsində nəşr olunacaq “DAĞLAR” adlı poeziya antologiyası şəklində nəzərdə tutulmuş almanaxın giriş məqalələrindən biri kimi, baş redaktor sözü olaraq qələmə aldığım bu yazı eyni zamanda “Yaradanla baş-başa” adlı kitabıma daxil olan iyirminci yazıdır. Bir daha hamınızı salamlayır  və dağların cəzbində yaranmış sirli-sehrli  söz dünyasına səyahətə dəvət edirəm.

Mənim böyüyüb, boya – başa çatdığım coğrafi ərazi olduqca mülayim iqlimə malik, dağətəyi (Ağdam rayonu, Yusifcanlı kəndi) bölgə olub. Dünyaya gözümü açandan  Günəşin düzənlikdən (Qarqar çayının aşağı axınında, yulğunluqlara qarışıb, qamışlıqlarda itdiyi yerdə,  Ağ göl ərazisində)  al-qırmızı doğub, haramı çöllərinin üzərindən qövs çızaraq keçməklə ilin fəsillərinə görə gah Kirsin, gah Qırxqızın, gah da Murovun arxasında yenə al-qırmızı rəngə boyanıb, batmasını seyr etməklə keçib… Hava çox təmiz və açıq olanda Murovdan sonra daim başı qarlı şiş zirvə görsənirdi.  Bu dağa Ağrı dağı deyirdilər… Kənd ağsaqqallarının dilində Ağrı dağı ilə bağlı belə bir deyim var idi: – “qar Ağrıya düşdüsə, üçcə günə burdadı…” Lap körpəlikdən dağları Günəşin, Ayın evi bilmişəm… Dünyaya sahiblik – ağalıq edən qüdrətli Günəşin, o, olmayanda onu əvəz edən  sirli Ayın evi… İndi Siz dağların əzəmətini təsəvvür edin, bir uşaq düşüncəsində… Dağlar Gecənin gizləndiyi, Gündüzün dincəldiyi müqəddəs bir məkan olub mənim üçün… Dağların yaddaşımda belə dərin iz qoymasının ilk əsas səbəblərindən biri, bəlkə də birincisi – kənd uşaqları bunu yaxşı bilər – qoyun-quzunu axşamüstü örüşdən gətirmək üçün hər axşam  Günəşin batmasını gözlədiyimdən gözlərimin sürəkli dağlarda olmasının və mütəmadi olaraq hər gün eyni mənzərənin təkrar olunmasının da rolu az olmayıb. Əlbətdə, o vaxtlar uzaqda olan dağlar sirli bir qala kimi görsənirdi və uşaqlarla həmişə mübahisə edərdik ora neçə günə gedib çıxmaq olar… Sonra tale elə gətirdi ki, bu sirli –sehrli dağlara sirdaş oldum… Hərbi xidmətimin çox hissəsini 2500 metrdən yüksək olan dağlarda  keçirdim və anladım ki, dağlara uzaqdan, aşağıdan yuxarı baxmaq nə qədər sirli görünürdüsə, indi bu əzəmətli qalaların qoynunda olub, düzlərə yuxarıdan aşağı baxmaq o qədər, bəlkə də ondan min qat dah artıq, zövqverici, eyni zamanda ibrətamizdir… Xüsusi ilə hərdən olur ki, sən zirvədə olanda düzlərlə, yəni aşağıdakılarla sənin arana dümağ lopa-lopa buludlar girir və sən qalırsan buludların üzərində… Aşağıdakılar buludlara aşağıdan yuxarı baxıb orda Göyün – dünyanın  bitiyini sandıqları halda sən o buludların üzərində olub, kaş dünya elə bu buludlarda bitəydi, hal-hazırda onun məndən gizlədiyi, buludların altında qalan bütün günü boş-boş şeylər üstündə didişən, söyüşən, bir-birinin ətini yeyib, qanını içən insanların varlığından  heç xəbərim olmayaydı… Dünya elə bu buludlardan yuxarıdakılardan ibarət olaydı – deyə düşünürsən… Olduğum ən hündür zirvə Qapıcıqdır. Bundan əlavə Murovun, Baba dağın ətəklərində, Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxının və digər adını qeyd etmədiyim bölgələrin istər boz, istər yaşıl dağlarında yayda da, qışda da çox olmuşam… Batabatda, Cıdırdüzündə olmuşam… Onu qeyd edim ki, sakit havalı (çovğunsuz) qarlı dağlar heç də yazdakı güllü-çiçəkli dağlardan az cəlbedici olmur, şəxsən mənim üçün daha gözəldir… Bunu söz xatirinə deyil, bir neçə mövsüm ard-arda Batabat yaylağında yaz-yay, payız-qış keşirmiş təcrübəli səyyah kimi qeyd edirəm. Tək Batabat deyil, Salvartısı, Dağdağanı, Əyriqarı, Sisqatarı, Küküdağı (Qogi), Ciciyurdu, Qanlı gölü, Göy gölü və digərləri hamısı bir-birindən səfalı olur, yayda da, qışda da… Mətləbdən uzaqlaşmayaq, bunlar hələ çox sonralar olacaq hadisələr idi və əlbətdəki mən də bunlardan xəbərsiz… 1987-ci ilin yayında yenə ailəvi olaraq Qalaya- Şuşaya getmişdik. İsabulağında, Cıdırdüzündə olduq… Bu bizim Cıdırdüzü ilə son görüşümüz oldu və bir daha dərədə gurhagurla, şırhaşırla,  qıjhaqıjla axan Qarqara yuxarıdan aşağı, amiranə, könül fərahlığı ilə baxa bilmədik…  (Deyirəm, tək Cıdırdüzü deyil, sonralar bunu digər dağlarda da hiss etmişəm. Təmiz dağ havasını sinəyə çəkdikdə qəlbi qəribə fərahlıq hissi, ruhu coşğunluq çuğlayır… Bu hissi dağ olmayan yalnız bircə ərazidə hiss etmişəm Azərbaycanın Rusiya ilə sərhəddində Xaçmazın sonuncu kəndi var, Xanoba – Zümrüxaç. Bir tərəfi meşə, bir tərəfi dəniz çox gözəl havası var, lap dağ havası kimi…) Olsa – olsa bir neçə dəfə körpüdən baxıb, sonra da çevrilib çiynimiz üstündən gözdən itənə qədər arxamızca boylanıb baxa bildik vəssalam… (…və bir də indi təzə-təzə peykdən baxıb, köks ötürmək öyrənmişik…) Bu səfərdən sonra sentyabrda dərs açılanda “Dağlar” –a aid şeir axtarmağa başladım. Əlbətdə, o vaxtlar  indiki kimi hər şeyə maraqlı şagirdlərin sevimli dostu olan, nə lazım olsa bir anın içində tapıb ovcunun içinə qoyan (uşaq və gənclər bu nemətin dəyərini anlamalı və bacardıqca çox faydalanmalıdırlar…) “Google” kimi dostumuz olmadığına görə bu proses bir qədər çəkdi və nəhayət doqquzuncu siniflərin birindən onların gündəlik işlətmədikləri bir kitab – “ IX sinif  Ədəbiyyat Müntəxəbatı ” kitabı tapdım. Bu kitabın Aşıq Ələsgərə aid bölümündə ayrı-ayrı parçalar şəklində müxtəlif nümunələr var idi:

 

Bahar fəsli yaz ayları gələndə
Süsənli sünbüllü lalalı dağlar
Yoxsulu ərbabı şahı gədanı
Tutmaz bir-birindən “aralı” dağlar

*    *     *
Həsənnənə, Həsənbaba qoşadı,
“Xaç” bulaq yaylağı xoş tamaşadı.
Arsız aşıq elsiz niyə yaşadı,
Ölsün Ələsgərtək qulların, dağlar!

Bu iki bəndi elə ilk oxunuşda əzbərlədim desəm, yalan olmaz. Sonralar Ədəbiyyat müəllim Həsən müəllimdən (Allah rəhmət eləsin) bu “aralı”-nın əslində alalı – fərqli , “Xaç” bulaq – ın isə Xoş bulaq olduğunu öyrəndim… Və o gündən bu günə sanki, namaz sözləri kimi gün ərzində – hər gün özümdən asılı olmayaraq dəfələrlə təkrar edirəm… Əgər, bu sətirləri nə vaxtsa məni yaxından tanıyan, yol yoldaşı, otaq yoldaşı olmuş şəxslrdən kimsə oxusa bunu əminliklə təsdiq edəcəklər. Bununla bağlı kiçik bir haşiyəyə çıxmaq istəyirəm:

HAŞİYƏ

Hərbi xidmətdə olanların  “kazarma” – əsgər yataqxanası -haqqında yəqin ki, təsəvvürləri var. Olmayanlar üçün qeyd edim ki, 100- 200 nəfərin birlikdə yaşadığı, hərənin öz çarpayısı (ehtiyac olduqda iki mərtəbəli də olur), dolabı, kətili olan, ayrı-ayrı hissələrdən ibarət, hər iki başında tualet (ayaqyolu və yuyunmaq üçün yer) və digər yardımçı otaqlar nəzərdə tutulmuş böyük bir ev. Ev və sözün əsl mənasında ev. Öz evlərində doğmaca ailə üzvləri ilə yola getməyənlər bu evdə elə yaxşı yola gedirlər ki… İndi deyəcəksiz bütün bunların məsələyə nə dəxli… Əlbətdə, dəxli var. Bu hal digər xidmət yerlərində də olub. Ancaq, BABKM –da oxuduğum vaxt uzun müddət olduğu üçün bu “kazarma”-nı misal çəkmək istədim. Deməli, düz dörd il boyunca sərasər hər gün səhər idmanından sonra (yay, qış fərq etmir) “kazarma”-nın o başından yuyunub, qurulana-qurulana öz çarpayımın yanına gələnədək – o başdan, bu başa –

“Bahar fəsli yaz ayları gələndə
Süsənli sünbüllü lalalı dağlar
Yoxsulu ərbabı şahı gədanı
Tutmaz bir-birindən “aralı” dağlar”

bu bəndi o qədər  demişdim ki, artıq mən :

“Bahar fəsli yaz ayları gələndə…” – deyən kimi, bir-iki nəfər, –  “…şair yenə başladı…”- deyənləri çıxmaq şərti ilə “kazarma”-da olub öz işləri ilə məşğul olan (üzün qırxan, yaxalıq tikən, daranan)  uşaqların böyük əksəriyyəti  bir ağızdan:  “Süsənli sünbüllü lalalı dağlar” – deyə səsimə səs verirdilər…

Bu vərdişim günü bu gün də dəyişməyib, elə bil əlimə su dəyəndə, dağlar, buz bulaqlar yadıma düşür və sövq-təbii Dədə Ələsgəri, “Dağlar” – ı xatırlayıram və qeyri-ixtiyarı “Bahar fəsli yaz ayları gələndə…” qopur dilimdən… Onu qeyd edim ki, Tuncay bu layihədə fəal iştirak etsə də, “…şair yenə başladı…”- deyənlərdəndir…  Baxmayaraq ki, o da “İbtidada Əlif  Allah”- ı tam əzbər bilir və tez-tez deməyi xoşlayır. Uşaqlıqdan sadəcə Günəşin, Ayın, Gecənin, Gündüzün evi bildiyim Dağların böyüdükcə daha geniş anlam kəsb etdiyini anlamağa başladım. Azərbaycanı qarış-qarış gəzdikcə, dünya haqqında məlumatım artdıqca ölkəmizdə də, dünyanın digər yerlərində də insanların olduqca müxtəlif səbəblərdən, müxtəlif dağları müqəddəs bilib, ziyarətə getdiklərini, qurbanlar kəsdiklərini öyrəndim… Bir vaxtlar qeyri-ixtiyarı, sadəcə nəyə görəsə xoşuma gəldiyi, bir doğmalıq, istilik hiss etdiyim üçün, bəlkə də başqa bir səbəbdən əzbərlədiyim misralar, sonralar oxuduğum və bu gün də yenilərini oxumaqda davam etdiyim dağlar haqqında nümunələr,  daim fikrimi məşğul edir.  Almanaxla tanış olduqca burada toplanmış  fərqli zamanlarda, müxtəlif  statuslu, müxtəlif  yaş qruplarına aid, müxtəlif  nəsillərin nümayəndələri tərəfindən dağlara xitabən qələmə alınmış nümunələri oxuduqca Siz də  bu barədə düşünə bilərsiz… “Dağlar” bizi bir məfhum kimi cəlb edir, yoxsa əksəriyyərin şüuraltı bilincində Tanrının Göydə olması anlayışı yer tutduğundan, dağların da Göyə, Tanrıya daha yaxın olması səbəbi ilə onu qutlaşdırır, Yer üzərində Tanrının təcəllisi səviyyəsinə qədər yüksəldib, tapınağa çevirirk. Yaxud da, gözəgörünməzlik, zatda varolma anlayışlarını qəbul edib, etməməsindən  asılı olmayaraq, insan yardım istəmək, şikayət etmək, tərifləmək istədiyi  yaradanı, güc-qüdrət sahibini görmək istəyir və Yer üzündə görüb, tanıdıqlarından yalnız dağı, dağları bu mərtəbəyə layib bilib onunla eyniləşdirir. Öz yaradanının daim gözünün  önündə- məchul deyi, əlçatan olmasını arzu edir və bu istəyin gücü ilə Tanrını dağların timsalında bir məbud kimi görərək onun varlığın “Dağlar” obrazında reallaşdırır. Bu xüsusda yenə Dədə Ələsgərdən bir misal gətirmək istəyirəm:

“Yoxsulu ərbabı şahı gədanı
Tutmaz bir-birindən alalı dağlar”

Misaldan  göründüyü kimi, bəşər övladına bu günə qədər məlum olan bütün məlumat qaynaqlarının hamısı nəzərə alınmaqla, yalnız və yalnız  Böyük Allaha məxsus olan, onun “Adil” adının hökmlərindən irəli gələn, “ədalətlilik” ,“bərabərlik” prinsiplərini, yəni qarşısındakıları, yaratdıqlarını, bütün mövcudatı bərabər görmək, onları bir-birindən fərqləndirməmək sifətini əsl Haqq Aşığı, xalqımızın mütəfəkkir  oğlu “Dağlar”  obrazının üzərinə proyeksiya edir. Məhz bu xüsusiyyətinə görə Dədə Ələsgərin yaratdığı “Dağlar” obrazı yeganədir və özündən əvvəlkilərdən və sonrakılardan seçilir. Dahi söz ustadının yaratdığı “Dağlar” Adil Allah kimi heç kimi, heç bir xüsusiyyətinə görə bir-birindən fərqləndimir, ayrıseçkilik etmir… Bu minvalla almanaxda da yer almış, bizə məlum olan Miskin Abdala məxsus “Dağlar” adlı ilk nümunədən üzü bəri bu gün də yazılan nümunələrdə  kefimiz kök olanda dağları vəsf edir, şəninə təriflər yağdırır, ələmə qurşananda isə,  özümüz özümüzdən dağlara şikayət edir, dərd-sərimizə onlardan mədət umuruq… Bunu da qeyd etməsəm olmaz… Son vaxtlar nədənsə, dilimdən daha çox:

Həsənnənə, Həsənbaba qoşadı,
“Xaç” bulaq yaylağı xoş tamaşadı.
Arsız aşıq elsiz niyə yaşadı,
Ölsün Ələsgərtək qulların, dağlar!

bu bənd qopur və Dədə Ələsgərin dilindən, özüm üçün dəfələrlə,  dönə-dönə, təkrar edirəm:

“Arsız aşıq elsiz niyə yaşadı,
Ölsün Ələsgərtək qulların, dağlar!”

Otuz ildən artıq bir müddətə yuxarıda qeyd etdiyim kimi, gün ərzində dəfələrlə səbəbini bilmədən, qeyri-ixtiyari təkrarladığım misraları indi, Dədə Ələsgərin nələr hiss etdiyini, nələr çəkdiyini bir köynək daha yaxından anlayaraq, xüsusi ilə təklikdə qalanda dönə-dönə, düşünə-düşünə təkrar edirəm:

“Arsız aşıq elsiz niyə yaşadı,
Ölsün Ələsgərtək qulların, dağlar!”

Ancaq, neyləmək olar… Ölmək də olmur… Bu dünyanı yaşamaq, çözmək məcburiyyətindəyik… Bu fikir məni o qədər məşğul edir ki,  yenə dağlar qoynunda – Şamıxıda –  olduğum vaxtlarda ölüm haqqında belə kiçik, ancaq, ölümün tam tərifi kimi alınmış bir şeir yazmışam:

ÖLÜM  NƏDİR?

 

Ölüm, ən şirin nemət,

Ən sonuncu diləkdir….

Ölüm, sonuncu fürsət,

Ümidsizə ümiddir….

07.01.2014.   Şamaxı.

Çalışın ölümdən uzaq olun, həyatdan zövq almağa çalışın… Nə olur, olsun yaşamaq gözəldir… Heç bir səbəb onu bilərəkdən sonlandırmağa əsas ola bilməz. Sənin çıxılmaz zənn etdiyin bütün vəziyyətlərin  çıxış qapısı var ki, əslində bu yer həyatını yaxşıya döğru dəyişəcəkb bir dönüş nöqtəsidir…

Odur ki, mən də şalışıram tək qalmayım:

“Arsız aşıq elsiz niyə yaşadı,
Ölsün Ələsgərtək qulların, dağlar!”

deməyim.

Tuncay mənə  nə qədər  “…şair yenə başladı…”- desə də, mən elə: “Bahar fəsli yaz ayları gələndə…”- deməyə davam edim… Allah sənə qəni-qəni rəhmət eləsin, Dədə Ələsgər… Ruhun şad olsun…

Qeyd:

Hal-hazırda mən bu sətirləri yazarkən xəbər yayıldı ki, Dədə Ələsgərin nəvəsi – Ələsgər Ələsgərov vəfat edib. Bu münasibətlə mərhumun yaxınlarına dərin hüzünlə baş sağlığı verir, uca Yaradandan səbr diləyirik. Allah rəhmət eləsin. Ruhu şad olsun…

 

Müəllif: Zaur Ustac.

17.04.2019. Bakı.

 

 

 

 

 

 

ZAUR USTAC – EHKAM

zaurustac

 

EHKAM
(“Qırxında öyrənən görunda çalar”)
“Susuz quyu su tökməklə sulanmaz,”
Gic doğulan, gic böyüyər, gic ölər…
Ər oğuldan, ər törəyər, mərd olar,
Soysuz doğsa, bic yetirər, bic bələr…
* * *
Heyvanın cinsi var, bitkinin kökü,
Qarışmaz, tək durar, hər kəsin tükü,
Kimsəyə yüklənməz, kimsənin yükü,
Kimi tez anlayar, kimi gec bilər…
* * *

Ustac, iki doqquz, edər on səkkiz,
Arif bu sinindən səhv etməz hərgiz,
Qanmazsa, qovalar, teylər dörd doqquz,
Qırxda qurşaq tutar, boşa güc eylər…
14.04.2019. (18:38) Bakı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

YAZARLAR VƏ YAZILAR və ya MÜASİR ROMANÇILIQ NECƏ OLMALIDIR???

kok

 

YAZARLAR VƏ YAZILAR və ya MÜASİR ROMANÇILIQ NECƏ OLMALIDIR???

(On  beşinci yazı)

Salam olsun sənə ey dəyərli oxucum. Dünya kitabxanalarındakı kitabların, yazıların, o yazılardakı sözlərin, sözlərdəki hərflərin sayının min misli qədər uca Yaradana şükürlər olsun ki, daha bir bəhanə ilə görüşmək qismət olub bizlərə… Xoş gördük sizləri…

Bu dəfə ki, söhbətimizin mövzusu mən diyərdim ki, bəlkə də iki kitabda cəmlənmiş bu iyirmi üç yazıdan ən vacib olanıdır. Beləki, sayı ilə on beşinci adlandırdığım bu yazıda iki əsas məsələni müzakirə edəcəyik. Birinci məsələdə  bizə qədər olanlara nəzər salıb fikir (əlbətdə, subyektiv) bildirəcək, ikincidə isə giley-güzarla dolu zəmanəmizdə müasir romançılıq necə olmalıdır? –  sualına cavab tapmağa çalışacağıq. Bu iki ciddi məsələyə toxunmağa nə dərəcədə haqqım çatır, arqumentlərim nə qədər tutarlı ola bilər, ümumiyyətlə bu yazını qəbul etmək olarmı, əgər olarsa, bu hansı səviyyədə mümkündür? Oxucuda yarana biləcək bu qəbildən olan digər suallara öncədən cavab vermək üçün qısa bir haşiyəyə çıxmaq istəyirəm:

 

HAŞİYƏ

Bütün digər yaradılmışlar kimi insan da özü anlayandan sonra ətraf aləmi anlamağa çalışır. Bu çabalar içində demək olar ki, bir körpə başqa bir canlının balasından elə də çox fərqlənmir. Ətraf aləmi hissə-hissə, çox kiçik parçalarla, fraqmentlərlə dişimizlə, dırnağımızla, gözümüzlə, hiss edib, dadıb, görüb tanıyır, yadda saxlayırıq. Dünyadan – ətraf aləmdən yadımda qalan ilk fraqment  atla bağlıdır; bu ilk olaraq özümün çəhrayı rəngli oyuncaq atım – üstünə minilə biləcək möhkəm plastmasdan olan təkərli at, qonşu oğlanın həmişə balkonlarında olan yaşıl şar atı (Bakıda) və ən dəqiq, net mənzərə bir axşamçağı (Ağdam rayonu, Yusifcanlı kəndində) mal-qaranı örüşdən gətirən babamın qabağına – qarşılamağa – çıxdıqda məni öz tünd qəhvəyi rəngə çalan qızlı “yava” Qarabağ cinsindən olan atının tərkinə alıb doqqazdan evin qarşısına – həyətə qədər  60 – 70 addımlıq yolu (bu bir neçə dəfə təkrar olunub) gətirməsidir. At anladığım, yadımda qalan oyuncaq olsa da minə bilmədiyim, çünki, ondan tutub duranda mən boyda idi… Əsl at da həmçinin qardaşlardan ən balacası olan Hafiz əmimin məni qaldırıb Müseyib  babam minən atının tərkinə oturdanda (o  balaca oğul, mənsə böyük  nəvə  idim – təbii estafet məsələsi) arxadan babamın belindən necə bərk-bərk yapışdığım hələ də yadımdadır… Beləliklə sanki, at əl dəysə də əlçatmaz bir varlıq olaraq qaldı mənim üçün… Ancaq yadda qalan ilklərdən həyatım boyu həmişə birinci olan ikinci bir varlıq da var. Bu kitabdır, kitab… Ətrafdakı canlı və cansızları tanımağa başlayanda dişimə vurub yoxladığım varlıqlardan biri də yadımda qalan birincisi orta qalınlıqlı,tünd göy rəngli kitabdır – “Mikrobiologiya” kitabı… Yəqin ki, ağ yerlərini yazdığım, nəyəsə əsəbləşib ağlayanda vərəqlərini dartıb qopardığım kitab da elə bu göy kitab olub… Səhv etmirəmsə bu sualları bir müsahibədə cavablandırmışam, odur ki, təkrar olsa bağışlamanızı rica edirəm. Kənd uşaqlarının çoxu kimi əlifbadakı gözəl buzov rəsminin altında iri böyük hərflərlə yazılmış “DANA” sözünü hərfləyib “BUZOY” deyə-deyə əlifbanı öyrəndikdən sonra ilk oxuduğum kitab “Qızıl şamdan” uşaq nağıl kitabı olub –bu təxminən 1981 –ci ilin okyabr ayı idi.  Oxuduğum ilk iri həcimli kitab göy rəngli, qalın, üstündə qalxan şəkli olan “Koroğlu dastanı”, xarici ədəbiyyat nümunəsi  “Kapitan Qrantın uşaqları”, çox cildli  isə  “Min bir gecə” dastanları olub. 80-ci illərdən  etibarən üç dildə ana dilimizdə (hal-hazırda Türk dili  adlandırdığımız dili mən xaric dil hesab etmirəm), rus dilində, ingilis dilində və üç əsas qrafikada; kiril, latın, ərəb əlifbaları ilə sərbəst mütaliə vərdişlərim var. Təxminən 1987-ci ilin yayından etibarən ətrafda nələrin baş verməsindən asılı olmayaraq saatlarla sadəcə oturduğum taxta stulu yellədə – yelədə qalxmadan bəzən gündüz axşama kimi, bəzən gecə səhərə kimi kitbdan ayrılmadan oxumaq kimi bir bacarığa yiyələnmişdim… Təəssüfki, indi belə vaxt yoxdur. İndi maraqlı kitab olanda ya uzaq yol gedəndə çatana qədər maşında, ya da qonaq və istirahətdə olduqda belə uzun müddətli – ayrılmadan – mütaliə etmək imkanı olur. Bu minvalla o zamanın əksər gəncliyi kimi mən də əvvəl məktəb kitabxanasının, ardınca kənd kitabxanasının axırına çıxdıqdan sonra rast gəldiyim, adını eşitdiyim kitabları alıb oxumağa başladım. Bütün bunlar bu yazını oxuyanların əksəriyyəti kimi mənim də sovetlər birliyində yaşadığımız nisbətən məhdud bir dövrə aid olan məlumatlar idi. 90-cı illərdən sonra əvvəllər bizim üçün əlçatmaz olan bütün kitablar da, müəlliflər də əlçatan oldu. Yeni əsrdə internet deyilən məhdudiyyətsiz bir aləm açıldı gözümüz önündə və bununla da inandırım sizi ki, dünyada limit deyilən anlayış öz qüvvəsini itirdi…

Bütün təfsilatı ilə belə bir girş verməyə ehtiyac var idimi? – Haqlı sual çıxa bilər ortaya. Əvvəlcədən deyim ki, bəli var idi. Çünki, yazının buradan sonra oxuyacağınız hissələrində elə məqamlar ola bilər ki, “bunun heç filankəsin filan romanından xəbəri yoxdur, və ya bəs niyə heç filankəsin adını qeyd etməyib və s.” Qarşıda belə problemlərlə üzləşməməkdən ötrü nəzərinizə bir daha çatdırıram ki, yuxarıda qeyd olunan tarixdən üzübəri Respublikamızda əlçatan olan və günümüzdə internetdən oxuya biləcəyimiz sizə məlum olan nümunələr və müəlliflər mənə də məlumdur. Sadəcə bu yazının öz məqsədi var. Mən bu məqsədə uyğun davranacaq və ancaq, faydalı bildiyim məqamlara toxunacam. Yəni, kimin və ya hansı əsərin adının çəkilməməsi onun olmaması anlamına gəlmir. Onlar da var. Sadəcə mənim subyektiv fikrimə görə hal-hazırda bizə, bizim gəncliyə bu yazıda adı hallanan müəlliflər, qeyd olunan əsərlər haqqında olan məlumat və biliklər daha faydalı ola bilər. Yəni, yazının məqsədi bu müəllif və nümunələri bilənlərə xatırlatmaq, bilməyənlərə isə tanıtmaqdan ibarətdir.

XATIRLATMA

İndi işlədəcəyim “MƏNCƏ” ifadəsi bundan sonra sıralanacaq bütün fikirlərə aiddir. Və beləliklə, məncə, bəşər tarixi yarandığı gündən müasir dövrümüzədək – insan oğlu əlinə qələm alıb yazmağa başlayandan bəri ən dəyərli yazılar ortaya qoymuş yazar çoxumuzun uşaqlıqdan tanıdığı  Lev Nikolayeviç Tolstoydur. Bəs, tanıdığımız digər yazrlardan onu belə kəskin dərəcədə fərqləndirəm nədir. Və bunu real, həyati səbəbləri nə olub. Onu nəyə, hansı səbəblərə nümunə götürüləcək birinci şəxs hesab edirik və ya etməliyik? Axı onun qədər tanıdığımız digər  Dostoyevski, Ernest  Heminquey, Viktor Hüqo, Cek London, Sent-Ekzüperi, Vasiliy Yan, Tarle kimi məşhur yazarlar da olub. Sözsüzki, indi kimsə bu sətirləri oxuyub tam fərqli adını qeyd etmədiyimiz bir müəllifi xatırlaya və onu  öz kriteriyalarına – meyarlarına görə Tolstoydan üstün hesab edə bilər. Bu onun təbii haqqıdır. Ancaq , burda bir məsələni mütləq qeyd etməliyəm, Tolstoy yaradıcılığının əsasında hansı səbəb və məqamlar durmasından asılı olmayaraq mən yuxarıda misal üçün adını çəkdiyim və bu an sizin fikrinizdə olan digər müəllifdən seçilir. Yuxarıda nisbət üçün  elə yazarları seçmişəm ki, bu yazını oxuyan şəxslər mütləq onları da oxuyublar və yaradıcılıqları ilə tanış olduqlarına əminəm.  Dostoyevski, Ernest  Heminquey, Viktor Hüqo, Cek London, Sent-Ekzüperi,  kimi yazrlar nə qədər cəlbedici  yazsalar da bütün yaratdıqları nümünələrdə çatışmamazlıq, natamamlıq hiss olunur. Bu məsələ bəlkə də inam məsələsi ilə bağlıdır. Beləki, bu müəlliflər nə qədr maraqlı süjet xətti üzərində işləsələr də, hadisələr nə qədər qızışıb, səngisə də sonda bir nəticəyə gəlib çıxa bilmirlər. Bu özü-özlüyündə müəlliflərin bütün problemləri hansı dil, üslub, bənzətmə vasitələrindən istifadə etmələrinə baxmayaraq insanın üzərinə yükləməsindən və insan oğlunun isə nə qədər faili-muxtar olmasına baxmayaraq bir Yaradan tərəfindən yaradılmış omasını ya qəbul etməmələrindən, ya da unutduqlarından qaynaqlanır deyə düşünməkdəyəm. (fikir dəyişə bilər, hərəkət varsa, dəyişiklik labüddür). Bəs, belə natamamlıq Tolstoyda yoxdurmu, əlbətdə , var məsələn, “Hacı Murad”-da. Ümumiyyətlə mən özümüçün Tolstoy nümunələrini  nümunə götürülə biləcək baxımdan belə sıralayıram:  I – “ETİRAF”,  II – “SERGEY ATA”  və  “İVAN İLİÇİN ÖLÜMÜ”, III – “HƏRB VƏ SÜLH”…..  sonuncu “HACI MURAD”. Vasiliy Yan, Tarle barədə ayrıca onu qeyd etmək istəyirəm ki, bu müəlliflər haqqında On yeddinci yazı – “Hərb mövzulu yazılar” – da nisbətən ətraflı söhbət açacam.  Nəticə olaraq nə qeyd etmək istəyirəm Tolstoy istər özündən əvvəlki, istərsə də günümüzə qədər – sonrakı yazrlardan fərqləndirən məqam və keyfiyyət onun şəxsiyyətinin və nümunələrinin tamlığı, mükəmməlliyi və ya mükkəməl kimi qəbul etdiyimiz əlbətdə, nisbi olan anlayışa daha yaxın olması ilə seçilir. Bunu kökündə uca Yaradana inancın, onun uzun, keşməkeşli ömrünün, sağlam ruhunun  – həyat yolu – fəaliyyətinin, özünəməxsus yaşam tərzi və təlatümlü ailə həyatının dayandığını hesab edirəm. Bu məqamda yenidən kiçik bir haşiyəyə çıxmaq istəyirəm.

 

HAŞİYƏ

Yəqin bu deyimi eşitmisiz?  Əgər, eşitməmisizsə onda indi xəbəriniz olsun ki, belə bir deyim var: – “Batmaqda olan gəmidə bir nəfər də olsun allahsız tapa bilməzsən” Əfsuslar olsun ki, məsləyindən asılı olmayaraq çoxumuz əslində böyük bir, hər an batmaq təhlükəsi ilə üzləşə biləcək, müdhiş dalğalar qoynunda atıla-düşə üzən gəminin sakinləri – sərnişinləri olduğumuzu unudur, bunu ancaq gəmimiz ləngər verəndə hiss edirik. Bu baxımdan Xalid Hüseyninin “Çərpələng Uçuran” romanında iki maraqlı məqam var. Bu arada onu qeyd etmək istəyirəm ki, Xalid Hüseyni və əsərləri nümunə ola biləcək  müasirlərimizdir.  Əgər hələ tanış olmamısızsa, bu andan sonra boşa gedən vaxt əsl igi kimi hesab oluna bilər. Məsələn, bu tanışlıq elə “Çərpələng Uçuran” – la başlaya bilər. Çox maraqlı və yuxarıda nümunə kimi qeyd etdiyimiz meyarlara tam uyğun gələn bir əsərdir. Tamdır. Əlavə edim ki, “Çərpələng Uçuran”-ı həm ingilis dilində orijinalda, həm də Xədicə İsmayılın tərcüməsində doğma, şipşirin ana dilimizdə oxumuşam. Tərcümə indiki tərcümələrin əksəriyyətindən fərqli olaraq çox gözəl alınıb. Hadisələrin bir qisminin bizim mədəniyyətə yaxın Şərq mühitində baş verməsi də onun ana dilimizə rahat uyum sağlamasına, daha asan qavranmasına yardımçı olur. Bu tərcümə ana dilimizdə bizim üçün orijinal hesab oluna bilər. Tərcümədə heç nə itməmişdir. Əksinə daha da zənginləşmiş,  romanın cod dili bir az yumşalmış, daha rahat anlaşılan olmuşdur. Mətləbdən uzaqlaşmayaq, deməli, romanın qəhrəmanı Əmir heç də inanclı biri sayıla bilməz. Ancaq, onun şüuraltı bilincində belə bir qüvvənin varlığı barədə məlumat olduğundan əsər boyu iki dəfə ən kritik məqmda bu özünü büruzə verir. Birinci dəfə atası xəstə olanda, ikinci dəfə isə doğmaca qardaşının balası və eyni zamanda artıq, onların – Babanın nəslinin yeganə davamçısı Zöhrab xəstəxanada can çəkişəndə…

Məncə, ordan-burdan nala-mıxa vurmaq bu qədər kifayətdir. İndi gələk, ümumilikdə əsas məsələyə bəs bizim özümüzün nümunə ola biləcək kimlərimiz, nələrimiz var. Əlbətdə, bu misallar elə seçilməlidr ki, ən azından bu yazını oxuyan şəxs onları da tanımış olsun. Bu məqamda şübhəsiz ki, yenə hansısa keçid mövqeyndə dayanan nümunələr olmalıdır. Belə şəxslərə Vintsas Kreveni, Mirzə Fətəli Axundovu, Əhməd bəy Ağaoğlunu, Həsən bəy Zərdabini, Əli bəy Hüseynzadəni və onların düşüncələrini, yazıb-yaratdıqlarını misal göstərə bilərik. Bu keçid şəxslərdən sonra Abbasqulu ağa Bakıxanov, Üzeyir Hacıbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, İsmayıl Şıxlı, İsa Muğanna, Xudu Məmmədov, Bəxtiyar Vahabzadə, Anar, Elçin, Kamal Abdulla, Çingiz Abdullayev, Hamlet İsaxanlı, Akif Əli, İlqar Fəhmi, Əsəd Cahangir,  Orxan Fikrətoğlu, Rövşən Abdullaoğlu kimi  şəxsiyyətindən, həyat yolundan, fikirlərindən, yazıb-yaratdıqlarından, müasirlərimiz olanların söhbətlərindən faydalana biləcəyimiz kiçik, çox da zəngin olmayan bir syahı tərtib etmək olar. Ancaq, biz daha konkret olub və heç olmasa üç gedişə ortaya konkret nəticə qoymalı olsaq, mən bunu belə edərdim. Vintsas Kreve “Azəristan ölkəsi”,  Makulu “Səttarxan”, Müəllifi mübahisəli olsa da əsl milli nümunə “Əli və Nino”.

Əgər, hələ də Vintsas Kreve ilə tanış deyilsizsə, mütləq tanış olun. Tanışlığa “ATV kitab seriyasından olan”  doğma, şipşirin ana dilimizdə nəşr olunmuş – sağ olsun Səlim Babullaoğlu – Vintsas Kreve “ Azəristan ölkəsi” kitabından başlaya bilərsiz. “Səttarxan ” və  “Əli və Nino”,  biz müasir mili romançılığın standartı, (müasir roman necə olmalıdır ki, oxunaqlı, faydalı və gəlirli – satıla bilən – olsun) üzərində düşünürüksə, bu iki əsərə diqqətlə baxıb, özümüz üçün yığcam araşdırma aparıb müəyyən nəticəyə gələ bilərik. İlk öncə müəlliflərə baxaq, Makulu o qədər də məşhur imza olmasa da, “Səttarxan” iri həcimli çox ətraflı, zəngin məlumat mənbəyi olan, faydalı romandır.  Müəllifi dəqiq bilinməyən – imza yoxdur –  “Əli və Nino” əsl nümunədir. Məncə, “Əli və Nino” bütün parametrlərdə standarta daha yaxındır. Bu iki əsər əlavə heç bir təsir dairəsinə düşmədən hər ikisi nümunə ola biləcək səviyyədədir. Ancaq, “Əli və Nino”  “Səttarxanı”  həcm məsələsində qabaqlayır və üstünlük əldə edir.  “Əli və Nino” hadisələrin zənginliyi, məlumatlılıq və həcm baxımından müasir Azərbaycan oxucusu üçün əsl nümunə – çağdaş romançılığın standartı sayıla biləcək bir əsərdir. Ümumiyyətlə yeni yaranacaq romanlar 80 – 100 səhifə həcmində olsa daha cəlbedici və faydalı olar deyə düşünməkdəyəm…

Uca Yaradanın  insan oğluna bəxş etdiyi ən dəyərli nemət olan vaxtınızı bu sətirləri oxumağa həsr etdiyiniz üçün qarşınızda baş əyir, sonsuz sayğılarımı bildirirəm. Hörmətlə: Zaur Ustac.

QEYD

Yazarlar ancaq, (əyləncə və ya mənfəət xatirinə yazanlar xaric) yazarlar. Şübhəsiz ki, söz Uca Yaradana məxsusdur. Biz sadəcə qələm tutan qullarıq… Yox əgər, kimsə bunu inkar edib, ancaq yenə oturub saatlarla kiminsə pıçıltılarını qələmə alırsa, onda bağışlayın məni, belə çıxır ki, onun yazdıqları şeytan vəsvəsəsindən başqa bir şey deyildir…

Müəllif: Zaur Ustac

24.05.2018. Bakı.

 

 

 

 

 

ZAUR USTAC – DİLARƏ

DİLARE SQ

 

DİLARƏ

(…SQ-nın pilotu D. Babayevaya ithaf olunur…)

Bizdə atalardan bir məsəl qalıb:

“Aslanın erkəyi, dişisi olmaz”…

Bu yurdun neçə mərd oğlu, qızı var,

Adı anılmalı, anmasaq  olmaz…

*     *     *

Yaradan bəxş edib, bu namı bizə,

Ellərin sultanı, xan Azərbaycan…

Var olsun bu torpaq, yaşasın Vətən,

Anam Azərbaycan, can Azərbaycan…

*     *     *

Dünya yaranandan mayamız belə,

İplikdən əjdaha doğub hanamız…

Lalənin al rəngin yazıb tarixə,

Analar anası, Tomris anamız…

*     *     *

Ruhu, düşüncəsi zəkidən zəki,

Əhsən deyib ellər, qalıb tamaşa…

Necə Nüşabəsi olub bu elin

İsgəndər mat qalıb, edib tamaşa…

*     *     *

Neçə Sarası var, dünya tanıyır,

Əlində qələmi  qılıncdan iti …

Zaman hökmün verib, geriyə dönməz,

İllər axıb gedir itidən iti…

*     *     *

Zaman dəyişsə də dəyişmədik biz,

Xanım-xatın qızlar birər qəhrəman…

Anadan, atadan gördüklərimiz

Tarixdə qalmayıb, yaşayır hər an…

*     *     *

İllər axıb gedir, biz yaşayırıq,

Ruhumuz o ruhdur, qanımız o qan…

Əzəldən dünyanın gərdişi belə,

Sözümün canı var, can Azərbaycan…

*     *     *

İndi “İmarət”-də qonaq  Xan qızı,

-Natəvan pəjmürdə, ruhu pərişan…

Əldən ələ düşüb eli, obası,

İltifat edən yox, yox hal soruşan…

*     *     *

Tarix nələr görüb, nələr öyrədib,

Halı haldan anlar, ariflər bilər…

Aramla süzülür bu çeşmədən nur,

Fitrətdə, mayada qor olan bilər…

*     *     *

Onun yaddaşında neçə Nigar var,

Ley kimi qayadan süzüb düzlərə…

Unutmaq olarmı söylə Həcəri???

Nəbiyə qoşulub, düşüb düzlərə…

*     *     *

Ucadan ucadır şanlı tarixim,

Ruhumun qidası şərəfdi, şandı…

Zamanın fövqündə dayananların,

Anası bircədi,  – Azərbaycandı!!!

*     *     *

Uçmaq arzusuna düşdü, Dilarə…

Ruhu göy göylərin qonağı idi…

Ulduzlar göylərdən gəl-gəl edirdi,

Sonsuz ənginliklər  oylağı idi…

*     *     *

Tanıdı Leylanı, ününü duydu,

Andı Züleyxanı fəxrlə hər an…

Cəhd etdi, çalışdı əzmlə hər gün,

Məqsədi fikrindən çıxmadı bir an…

*     *     *

Uçdu arzusunun qanadlarında,

Sevindi  ilk  uçuş  müjdəsi  ilə…

Taledən, qismətdən razı idi,

Anardı Tanrını “min şükür” ilə…

*     *     *

Fəqət, yarı yolda qaldı arzular,

Axı, quş qanadı çox kövrək olur…

Məni dəstəkləyər  qulaq dostları,

Məncə, tər çiçəklər çox tez də solur…

02. 05. 2018. Bakı.  (08:50)

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

ZAUR USTAC – NƏZMİ ŞAH VƏ YA KƏMALƏDDİN QƏDİM

1394145_274833009366232_2413214000078266013_n

 

NƏZMİ ŞAH VƏ YA KƏMALƏDDİN QƏDİM

(On doqquzuncu yazı)

 

Salam olsun, ey dəyərli insan, əziz və çox hörmətli oxucum. Dünyadakı kəlmələrin sayı qədər uca Yaradana şükürlər olsun ki, yeni bir söhbəti bizə ərmağan etdi. Sizlərlə yeni bir görüş şansı verdi, bizlərə… Bu dəfə işığına yığışıb, hənirtisinə isinəcəyimiz sözün-söhbətin sahibi, səbəbkarı tanınmış söz adamı, sevimli şairimiz sözü də özü kimi qədimi-qayim olan Kəmaləddin Qədimdir. And olsun uca Yaradana ki, mən bu kişini min illərdir tanıyıram (…bəziləri birisi haqqında söhbətə başlayanda deyir ha, mən bu adamı 5-6 ildir filan yerdən tanıyıram, məhz onlar üçün…), ruhum ruhunu, sözüm sözünü, fikrim fikrini tanıyır… Eyni coğrafiyada yaşayıb, eyni havanı uduruq, eyni suyu içirik, eyni dərdi çəkirik…  Yuxarıda əbəs yerə qeyd etmədim ki, sözü də özü kimi qədim. Sözün bu yerində qısa bir haşiyəyə çıxmaq istəyirəm. Ümumiyyətlə hansısa bir məclisdə söz düşəndə, və ya kimsə şəxsən müraciət edib məsləhət istəyəndə  mən həmişə adların insanın həyatında (hətta cansız əşyaların da məsələn kitabın, hər hansı ixtira olunmuş cihazın və s.) mühüm rol oynadığını qeyd edir və xüsusi ilə gənclərə öz övladlarına ad verəndə diqqətli olmağı tövsiyə edirəm. İndi qayıdaq söhbətimizə. Bəli Kəmalədin Qədimin  sözü-söhbəti çox qədim, zəngin və rəngarəng, eyni zamanda zamansız, ümumbəşəri və aktualdır. Bu qədimlik və  kamillik heç də təsadüfi deyil. Bütün mövcudatın bir səbəb və məqsədi olduğu kimi bu göz önündə olan “Qoca palıd”-ın torpağın altında qalan kökləri də var əlbət. Qəhrəmanımızın, böyüyüb boya başa çatdığı coğrafiyaya, mühitə, aldığı təlim-tərbiyəyə, təhsilə, yiyələndiyi  ixtisasa baxaq… Daşıdığı ada, özünə götürdüyi əslindən, nəslindən əsrlərdən bəri süzülüb gələn təxəllüsə baxaq (…bir daha vurğulamaq istəyirəm ya adlar bizi axtarıb tapır, ya biz adlara görə inkişaf edirik-uyğunlaşırıq…) Kəmaləddin Qədimin dünyaya göz açdığı məkan, qədəm basıb yeridiyi torpaq Adəmin keçdiyi, Nuhun endiyi, “Mağara əhlin” uçduğu, Arazın min illərdir bütün bunları sakitcə seyr etdiyi (… suyun lal axanı…), Günəşin yandırıb yaxdığı, amansız şaxtaların dondurduğu bəşəriyyətin və dünya alimlərinin qədim bilib, müqəddəs hesab etdikləri bir yerdir. Mən istənilən şəxsin  xüsusi ilə uşqalıq ilərini – təxminən 6-7 yaşa – məktəbə gedənə qədər hansı mühitdə, necə keçirməyinin, ətrafdakı  yaşlı insanlardan nələr əxz etdiklərinin onun bütün gələcək həyatının tam yarısını formalaşdırdığına əminəm. Əsldən-nəsldən gələnləri bura əlavə etsək, üstəgəl dünyanın mədəniyyətlərin birləşib qovuşduğu, bəlkə də yaranıb paylaşıldığı, Qərbin Şərq üçün qapı hesab etdiyi, Şərqin Qərbə pəncərə bildiyi nöqtəsində yaradıcı şəxsiyyət kimi formalaşdığını göz önünə gətirib, yuxarıda qeyd olunan fikirləri  bir daha həqiqət çırağında şüurun süzgəcindən keçirib əminliklə söhbətimizə davam etmək istəyirəm.

20190306_151045

Sözü-söhbəti qədim söz adamının yazdıqlarına gəlincə, hal-hazırda mənim iki dəfə tam sıfırlanıb  (dağılmış-tam paylanmış), dəfələrlə seyrəldilmiş (ən azı üçdə ikisi paylanmış) kitabxanmda Kəmaləddin Qədimin “Burdan ayrılıq keçib”, “Günahı yazan mələk”, “Yolu ürəyimin üstdə gedirəm” adlı kitabları var. Bunu qeyd etməkdə qəsdim, yəni min illərdir bir-birimizi tanısaq da yazdıqları ilə də kifayət qədər tanışam. Bugünkü söhbətimizi uca Yaradanın izni və yardımı ilə bu yaxınlarda işıq üzü görmüş, yeni olan “Yolu ürəyimin üstdə gedirəm”  adlı kitabının daha doğrusu bu kitaba daxil edilmiş şeirlərinin üzərində qurmağa çalışacam. Söz-söhbət yenə özünü çəkir ad məsələsinin üstünə. Əslində kitabın adı artıq içindəkilər barədə oxucuya kifayət qədər informasiya ötürür (necə deyərlər, “arifə bir işarə bəs eylər”). Sözsüz ki, bu müəllifin ən başlıca uğurudur. Kitaba daxil edilmiş ilk şerin hər bənddə təkrarlanan bir sətrin həmin şeirə başlıq seçilməsi, sonra kitabın üzünə çıxarılması, ad seçilməsi heç də təsadüfi deyil və bu şeirdəki, bu misradakı fikir, qayə demək olar ki, heç yolundan  sapmadan kitabın sonuna qədər davam edir (onu qeyd edim ki, başqa-başqa şeirlərdən ibarət olub, ayrı-ayrı zaman və məkanlarda qələmə alınmış nəzm əsərlərindən ibarət bir kitabda bunu gözləmək elə də asan məsələ olmayıb, hər müəllifə də nəsib olmur ), kitabın sonundakı adsız şeirdə “…yenə səni düşünürəm…” deyən şair, yolun davam etdiyini, axtarışda olduğunu bildirir. Məncə bu arayış haqq aşiqinin ömrü boyu davam edir və hətta belə insanların özləri cismani olaraq həyatda olmadıqları zamanlarda belə, cismən var olan başqaları onların sözlərində haqqı aramağı davam edirlər. Bizim bəxtimiz onda gətirib ki, şairin sağlığında onun sözü haqqında söz demək qismətimiz olub. Hansı məsələ onu qane etmirsə və ya hansı fikirlə razı deyilsə iradları qəbul etməyə və dinləməyə hazırıq. Ümumiyyətlə, düşünürəm ki, bu qəbildən olan yazılarda biz nə qədər çalışsaq da söz sahibinin nə demək istədiyini yüzdəyüz aça bilmirik məhz bu səbəbdəndir ki, kimsə nə vaxtsa üç bəndlik bir şeir yazır, əsrlər boyu digərləri onu anlamağa, anlatmağa çalışır. Rübailəri, bayatıları çözələməyə çalışırıq. Xalı-xalçalarımızdakı naxışları öyrənirik… Yer üzündə müqəddəs amalına doğru addımlayan haqq aşiqi  bu yolda ayağını qoymağa yer tapmır. Onun bu yolu “Bu dərd-Vətəndi”, “Çəkilər Tanrının verdiyi cəza”,”Axirətin bayram olsun”,”Məddah”,”Mənə də Vətən verin”,”İllər yorğunu qadın”,”Gedirəm, dur yola sal”, “Ölürsəm…,” misrası ilə başlayan adsız şeirlərində ümidləndiyi enişli,ümidsizliyə qapıldığı  yoxuşlu dağlardan, qəfil haqlamış yaz yağışnda islanıb yuyunduğu, ruhu arındırıb, qəlbi fərahlandıran yamaclardan, buz bulaqlarından içib rahatlıq tapdığı yaylaqlardan, pis fikirləri dondurub yox edən qarlı-şaxtalı düzlərdən keçir. Alatoranda sanki, göyüzündən asılmış kimi görsənən sağda, solda sıralanmış leylək yuvalarının arasından keçən bu yol sonda öz xeyməsinə çatır. Cism məkanı qəbul edib rahatlıq tapsa da,  ruh dincəlmir,  zamana – məkana sığımır. Aramaqda, düşünməkdə davam edir. Məhz bu arayış yaşadır insanı, söz adamını. Aramaqda davam edin. Ata sözlərinin əhəmiyyəti böyükdür: “Axtaran tapar”

20190306_151318

“Yolu ürəyimin üstdə gedirəm”  kitabındakı şeirləri oxuduqca, yuxarıda qeyd etdiyim kimi, şeirlər müxtəlif adlarla adlandırılmasına və adsız olaraq sıralanmasına baxmayaraq, ilk misradan sonadək sözün əsl mənasında ayağımız yerə dəymədən şairin fikir dünyasının yaratdığı çəkisizlik şəraitinə düşür, necə deyərlər əlimiz-ayağımız yerdən-göydən üzülür, sanki, ruh kimi söz dünyasının ənginliklərində süzürük… Bu boyda (…əlbətdə nisbi olaraq…) dünyada nəinki ayağını qoymağa bir qarış yer tapmayan , hətta baş barmağının  ucunda  belə gəzməyə hazır  olsa da, fəqət Yer üzündə belə bir nöqtə olmadığından yox olan varları yüklənib, varmış kimi görsənən əslində yox olan yoxluqda bizi öz ardınca səyahətə aparır. Şairin ayaq izlərinə basaraq addımladığımız bu yolda nələri görmürük, İlahi??? Film kimi seyr etdiyimiz səhnələrdə yayın istisində, qışın soyuğunda azyaşlı pinəçi uşağın gün ərzində qazandığı qəpik-quruşla, polisi, dilənçini, dönərçini, aptekçini, sonda qoca gülsatanı və nəhayət məhəllə dükançısını sevindirdikdən sonra üzündəki xüsusi nəşə ilə qaça-qaça evlərinə girib anasını da necə sevindirdiyini görürük. Ancaq, yolun o biri tərəfində müştərisindən indicə bir milyon ödəniş alıb, onu gözləyən borclu olduğu iş ortaqlarına yüz min, iki yüz min, beş yüz min elə ordaca paylayıb, çatmayan ortağına utana-utana, and-aman edə-edə iki yüzü uzadıb sən Allah bir az səbr et indi gətirəcəklər onda verərəm deyib, on dəqiqə ərzində üç başqa-başqa yeniyetmə  varlı dayı ovçusundan gələn zənglərə hə canım, hə balam, deyə-deyə cavablarla razı salıb, fırladan  yaşı altmışı çoxdan keçmiş, artıq nəfdən yaşayan  adı milyonçu iş adamı, digər tərəfdə bu iş adamının pullu xala ovuna çıxmış yeniyetmə ilə mazaqlaşan  halalca zövcəsinin səsi deyib gülsə də üzündəki, gözündəki kədər… Bu yolla getdikcə sanki, gah doxsanıncı illərdən əvvəlki dünyanın insanları, gah da müasirlərimizlə rastlaşırıq… Heç nəyi olmayıb, kasadlıq içində xoşbəxt olan insanlar və hər şeyi olub, boluq içində  bədbəxt, kədərli görünən insanlar keçir gözümüz önündən… Kəmaləddin Qədim sözünün qüdrəti ondadır ki, bu görüşlər lokal, məhəlli xarakter daşımır. Bu fikirlər necə ki, Suriya, Livan, və s. Şərq ölkələrinə aiddir, Böyük  Britaniya, Fransa və başqa irəlidə olduğu söylənlən bu kimi Qərb ölkələrinə də şamil etmək olar. Yəni insan dünyanın harasında olursa olsun, insandır və şairin qaldırdığı problemlər hər yanda mövcuddur. Sanki, dünya insanının dünyadan əli üzülüb, sadəcə oturub sonun çatmasını, cənabi Əzrailin zühurunu gözləyirlər… Belə götürəndə yəni insan vətəndə vətənsiz, dünyada dünyasız qalıb və bunun yeganə günahkarı da məhz insan özüdür. Şairin bütün kitab boyu demək istədiyini qısa şəkildə  şəxsən mən özüm üçün belə ümumiləşdirirəm.

Kəmaləddin Qədim sözünün gücü yuxarıda qeyd etdiyimiz mənbələrdən əlavə, sözsüz ki, onun yaşadığı zamanın iki əsrin ən keşməkeşli kəsmlərindən keçməsi ilə əlaqəli ola bilər. Hər halda bu qeyd etdiklərimiz bizim mülahizələr və tamamilə subyektiv fikirdir. Ancaq, bütün bunlarla belə bizim və sizin nə düşünməyimizdən asılı olmayaraq, Nizami sözü nə qədər nizamlı, Dədə  sözü nə qədər ürfanidirsə, Vurğun sözü nə qədər Azərbaycana vurğunluqdan qaynaqlanırsa, Kəmaləddin Qədim sözü də o qədər qədim və düşündürücüdür. Xüsusi ilə indi yazan yoxdur deyib, nümunə gəzən  gənclərə tövsiyəm odur ki, Kəmaləddin Qədimi oxuyanların hamısı ondan razıdır. Baxmayaraq ki, ondan razı olanlar bir-birlərindən narazıdırlar.

Sona qədər həmsöhbət olduğunuz üçün dərin təşəkkürlərimi bildirir, uca Yaradanın dünyanın bəzəyi olan insana bəxş etdiyi ən dəyərli nemət olan zamanınız bu sətirləri oxumağa həsr etdiyinizə görə minnətdar olduğumu nəzərinizə çatdırır, qarşınızda baş əyirəm. Var olasız. Yeni-yeni görüşlər ümidi ilə. Hələlik.

08.03.2019-cu il . Bakı.

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2019. Bakı.

 

 

Kəmaləddin Qədimin “Yolu ürəyimin üstdə gedirəm” adlı yeni kitabının təqdimat mərasimi baş tutmuşdur.

Bu gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” zalında tanınmış tənqidçi Əsəd Cahangirin moderatorluğunda öz sözü, öz üslubu ilə seçilən sevimli şairimiz Kəmaləddin Qədimin “Yolu ürəyimin üstdə gedirəm” adlı yeni kitabının təqdimat mərasimi baş tutmuşdur. Tanınmış söz adamlarından Qəşəm Nəcəfzadə, İlqar Türkoğlu, Mehman Göytəpəli, Balayar Sadiq, Dayandur sevgin, Abdulla Qurbani, İltimas Səmimi və başqaları tədbirdə iştirak etmişlər. Yazarlar adından Zaur Ustac “Ziyadar” mükafatını Kəmaləddin Qədimə təqdim etmişdir.

Tədbirdən fotolar:

53723701_1241394776017064_461229047494475776_n

54279229_10216312403796859_6242426878141923328_n

53211737_2248333595378354_7864085299364626432_n

53407620_10216312394876636_4749568813819756544_n

53063661_2248333475378366_3760748401751228416_n

20190306_140238

53376293_1294352037382109_110064979410944000_n

20190306_151045

YAZARLAR.AZ

 

ZAUR USTAC – “MƏN”-Ə  GƏL

zaurustac

“MƏN”-Ə  GƏL

Bölük-bölük yüz bölünmüş, torpağadır minnətim,

Diri-diri tən üzülmüş, Sultanadır  biətim,

Əyri-üyrü min burulmuş, düz yoladır niyyətim,

Haqq axtaran, haqq “mən”-dədir, “mən” özündə, “mən”-ə gəl,

Mən kim soran naşı səyyah, özün  axtar, “mən”-ə gəl…

*        *        *

Təkər dönər, mil  tutanı, döndərəni dən-dənə,

Sabah üçün, bu gün üçün, hər vaxt borclu dün, dünə,

“Biz” olmaqçün lap binədən, özü möhtac “mən”, “mən”-ə,

“Mən”  axtaran, “mən” “mən”-dədir, “mən” özündə, “mən”-ə gəl,

Mən kim soran naşı səyyah, özün  axtar, “mən”-ə gəl…

*        *        *

Ustac tutub söz mayasaın, Tanrı verən payından,

Taylı gərək, əzəl gündən, yarımalı tayından,

“Toydan sonra nağara” tək, fayda görməz hayından,

Yön axtaran,  yön “mən”-dədir, “mən” özündə, “mən”-ə gəl,

Mən kim soran naşı səyyah, özün  axtar, “mən”-ə gəl…

24.08.2018. Bakı. (20:44 – 20’)

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2019. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

Kəmaləddin Qədim “ZİYADAR” mükafatına layıq görülüb.

20190306_140238

Tanınmış şair, hamımızın sevimlisi Kəmaləddin Qədim “Yolu ürəyimin üstdə gedirəm” kitabının işıq üzü görməsi münasibəti ilə “ZİYADAR” mükafatına layıq görülüb. Yazarlar.az olaraq müəllifi bu münasibətlə təbrik edir yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Uğurlarınız bol olsun, Kəmalədin müəllim. Sözünüz uca və qaim-qədim olsun…

YAZARLAR.AZ